Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistanın real dövlət olması üçün…

Ermənistanın real dövlət olması üçün…

25.05.2024 [14:27]

Paşinyan öz xalqına müraciət etdi

"Bu, müstəqilliyə və suverenliyə doğru gedən bir hərəkatdır və onu tamamlamalıyıq"

2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri Cənubi Qafqazda yeni siyasi reallıqlar foromalaşdırdı. Bu reallıqlar daha çox Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmini olaraq diqqətdən keçirilsə də, ortada mühüm bir həqiqət vardı – II Qarabağ müharibəsinin nəticələri daha çox Ermənistanın hüquqi dövlət statusu qazanmasına şərait yaradacaqdı. Bu reallıq əvvələr Ermənistanın siyasi rəhbərliyi və ictimaiyyəti tərəfindən etiraf edilməsə də, zaman keçdikcə, Azərbaycanın önə sürdüyü məsələlərin İrəvan üçün nə qədər böyük əhəmiyyət daşıdığı ortaya çıxır. Azərbaycanın hələ 2022-ci ilin martında irəli sürdüyü məsələlər bu və ya digər şəkildə bu gün Ermənistanın siyasi rəhbərliyi tərəfindən təsdiqlənir. Belə ki, Azərbaycanın təqdim etdiyi sülh şərtləri beynəlxalq hüquqa söykənməklə, mövcud həqiqətləri əks etdirməklə yanaşı, Ermənistanın özünü real dövlət orlaraq təsdiqləməsi üçün yeni zəmin yaradırdı – burada yer alan müddəalar Ermənistanın qlobal arenada suveren dövlət kimi yer tapması üçün şərait demək idi.  Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması məsələsi daha çox Ermənistan üçün vacib şərt kimi önə çıxırdı – çünki bütün dünya, aparıcı beynəlxalq təşkilatlar, BMT və digər təsisatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən sənədlər qəbul edib, onu təsdiqləyiblər. Ermənistanın Azərbaycan ilə sərhədlərini müəyyənləşdirməsi isə rəsmi İrəvanın dövlət kimi sərhədlərinin tanınması üçün ilkin şərt rolunu oynayacaq. Sülh şərtlərində digər əsas məsələlər kimi önə çıxan dövlət sərhədinin delimitasiyası və demarkasiyası artıq reallığa çevrilir. Bu isə özlüyündə digər şərtin - diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasını aktuallaşdırır. Yəni, Ermənistan üçün hər şeyin başlanğıcı məhz bu delimitasiya və demarkasiya prosesi idi. 

Paşinyandan etiraf: Əsrlər boyu dövlətimiz olmayıb…

Bu ilin aprelindən etibarən Ermənistan ilə Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı atılan ilk addımlar məntiqi nəticə verdi – artıq müvafiq sərhəd xətti üzrə tərəflərin sərhədin mühafizəsinə cavabdeh qurumlarının bölmələri yerləşdiriliblər. Azərbaycan qalib ölkə olaraq beynəlxalq hüququn və ədalətin bərpası üçün səy göstərir – Ermənistan isə artıq özünün əsassız xülyalarından əl çəkərək reallığa köklənməlidir. Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 24-də xalqa müraciətinin əsasında da bu faktor dayanır. Erməni baş nazir bildirib ki, mövcud proseslərin cərəyan etdiyi əsas amil Ermənistan hökumətinin öz işində izlədiyi strategiyadır: "Bu, real Ermənistanın strategiyasıdır. Bizim milli bədbəxtliyimizdir ki, əsrlər boyu milli kimliyimizin ən mühüm tərkib hissəsi olan dövlətçiliyi bərpa etmək xülyasını öz şüurumuzda və şüuraltımızda dəstəkləməli olan dövlətimiz olmayıb. Ancaq dövlət arzusundayıq, biz keçmişdə yaşadığımız "dövlət ənənələrindən qaynaqlanan xatirələrə" arxalanırdıq: Ervandid Ermənistanı, Artaşesid Ermənistanı, Arşaki Ermənistanı, Baqratiya Ermənistanı, Kilikiya Ermənistanı. Həmin ermənilər ərazi baxımından, bəzən də coğrafi mövqelərinə görə bir-biri ilə eyni və müqayisə oluna bilən deyildilər ki, bu da Ermənistan haqqında təsəvvürlərimizin konkretləşdirilməsinə və obyektivləşməsinə maneəyə çevrildi. Bu, əhəmiyyətsiz görünə bilər, amma təsəvvür edin ki, siz ev tikmək istəyirsiniz, lakin hansı ərazidə, hansı yerdə və hansı ölçüdə ev tikmək istədiyinizə əmin deyilsiniz. Bu məsələlərlə bağlı fikirləriniz konkretləşməyincə, siz bu evi tikə bilməyəcəksiniz və onun tikilməsi üçün göstərdiyiniz səylər heç vaxt nəticə verməyəcək. Uğur qazanacağınız maksimum şey xaotik hərəkətlərdir, çünki hələ də hansı ərazidə, hansı yerdə, hansı ölçüdə bir ev tikmək istədiyinizi bilmirsiniz".

Bəli, bir müddət öncə Ermənəistanı "kupçasız dövlət" adlandıran Paşinyan öz xalqına izah edir ki, yalanlar və nağıllar əsasında formalaşan "Ermənistan dövləti və ya dövlətçiliyi" yoxdur. Bu kimi əsassız iddialar və nağıllar isə Ermənistanı reallıqlardan aralı salır, dövlət qurmaq perspektivni sıfıra endirir. Nə qədər ki, erməni xalqı uydurma "tarixdə" özünə uydurma dövlətlər quracaq, o qədər də hazırki reallıqlardan aralı düşəcək. 

"Kənarda vətən axtarışı" formulu…

Paşinyan müraciətində Sovet İttifaqı dövründə erməni xalqının ideologiyasının "kənarda vətən axtarışı" amili ilə "zəginləşdirildiyi", bunun nəticəsində isə Ermənistanın indiyə qədər dövlət ola bilməməsi vurğulanıb. Əslində Paşinyan bununla erməni mifalogiyasında yer tutan və uzun müddətdir ki, təbliğatı aparılan yalanların üstündən xətt çəkir – erməni baş nazir bununla həm də ermənilərin Azərbaycanın tarixi torpaqlarına, Türkiyə torpaqlarına iddialarının yalan olduğunu etiraf edir: "Vətəndən kənarda vətən və dövlət axtarmaq düşüncəsi isə nəticədə üçüncü Ermənistan Respublikasını formalaşdırdı – hansı ki, bu respublika öz vətəndaşlarının azadlığını, təhlükəsizliyini və rifahını təmin etmək mövqeyinə deyil, sadəcə sovet ermənisinin vətən axtarışı düsturuna əsaslanırdı. Üçüncü Respublikanın dərin problemlərinin böyük bir hissəsi məhz bununla bağlıdır". 

Ermənistanın mövcud siyasi hakimiyyətinin rəhbəri tərəfindən bəyan edilən bu fikir nəinki son 36 ildə, eləcə də ondan öncəki dövrdə xəstə təxəyyülə əsaslanan ideoloji təbliğatın yalan olduğunu ortaya çıxarır. 

"Vətən" haqqında təsəvvürlər ölkənin beynəlxalq qanuni sərhədləri ilə üst-üstə düşmədikcə…

Paşinyan sülhün Ermənistan üçün yeganə çıxış yolu olduğunu etiraf edir – düzdür, bu etiraf nə qədər geçikmiş sayılsa da, Azərbaycanın sülh şərtlərini irəli sürməsindən ötən dövr itirilmiş zaman sayılsa da, yeni dövr üçün müəyyən perspektivlər də yaradır. Erməni baş nazir xalqına müraciətində bildirib ki, əgər bizim strateji baxışımız real Ermənistan deyilsə, onda onsuz da çətin olan sülh mümkün olmayacaq - çünki mühitimiz bizi strateji təhlükə hesab edəcək və ona görə də dövlətçiliyimizi ya fiziki cəhətdən məhv etmək, ya da onun inkişafının qarşısını almaq üçün hər şeyi edəcək: "İkincisi, biz məhdud resurslarımızı və enerjimizi real Ermənistanın strateji ehtiyaclarına sərf etməyəndə əldə edə biləcəyimiz nəticəni almırıq və övladlarımızın gələcəyi olan Ermənistanın inkişafı ikiqat çətinləşir. Ermənistan Respublikasının çox ehtiyac duyduğu sülh isə getdikcə daha əlçatmaz olur. Bu şəraitdə ölkəmizin suverenliyi əhəmiyyətli dərəcədə zərər görür. Sizin vətəniniz haqqında təsəvvürləriniz ölkənizin beynəlxalq qanuni sərhədləri ilə tam üst-üstə düşmədikcə, siz başqalarının qeyri-mütənasib təsirlərinə yol açmağa məcbur olursunuz, çünki siz hesab edirsiniz ki, bununla siz qanuni sərhədlərinizlə üst-üstə düşməyən gündəmləri təşviq etmək üçün güc və dəstək alırsınız".

Paşinyan bu fikirləri ilə illərdir ki, Ermənistanı himayə edən xarici qüvvələrin əsl niyyətini də ifşa edir – məsələn, Fransanın silah yardımının heç də "güclü Ermənistan" ideyasına dəstək deyil, tam əksinə Ermənistanın beynəlxalq arenada suveren subyekt kimi tanınmasına maneə kimi qiymətləndirir. 

Sülh Ermənistan üçün yeganə çıxış yoludur…

Erməni baş nazir bildirib ki, rəhbərlik etdiyi siyasi komanda Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış qanuni ərazisini və bu ərazini əhatə edən sərhədləri təmin edəcək düsturu masaya qoyub: "Bu mesajın əsas məqsədi ölkəmizdə, ölkəmizlə bağlı baş verənləri və bunun niyə baş verdiyini izah etmək, şərh etməkdir. Real Ermənistanın formalaşması həyatımızda və şüurumuzda baş verir. Bu, müstəqilliyə və suverenliyə doğru gedən bir hərəkatdır və onu tamamlamalıyıq. Mən və siyasi komandam bunu öz missiyamız hesab edirik. Bizim missiyamız dövləti, müstəqilliyi, suverenliyi vətəndaşa xidmət edən vasitəyə çevirməkdir".

Beləliklə, Nikol Paşinyan bir daha bəyan edir ki, sülh prosesi Ermənistan üçün yeganə xilas yoludur. Əgər rəsmi İrəvan yeni dövrdə beynəlxalq münasibətlər sisteminin müstəqil, sosial rifahı təmin edilmiş subyekti kimi çıxış etmək istəyirsə, Azərbaycan ilə sülh müqaviləsi bağlamalı və bölgənin təhlükəsizlik, əməkdaşlıq seqmentinə öz töhfəsini verməlidir. 

Pərivz SADAYOĞLU

Paylaş:
Baxılıb: 613 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30