Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qərbin İrəvan “planları”...

Qərbin İrəvan “planları”...

21.06.2024 [10:12]

Ermənistan plasdarma çevrilir

Fransa silah verir, ABŞ baza yaradır

Cənubi Qafqazda sülh mesajları intensivləşdikcə bəzi dairələrin və ölkələrin narahatlıqları artmaqdadır. Xüsusilə, Azərbaycanın bölgədəki siyasi-iqtisadi, hərbi üstünlüyünün açıq şəkildə ifadə olunması, Türkiyə ilə birgə strateji müttəfiqliyinin region üçün təhlükəsizlik qarantına çevrilməsi faktının etiraf edilməsi Qərbin yuxusuna əməlli-başlı haram qatıb - bunun nəticəsidir ki, Ermənistandakı daxili araqarışdırmaların ardından yenidən silahlandırma fazasına qədəm qoyuldu. Başqa sözlə, uğursuzluqla müşayiət edilən birinci mərhələ slahlandırma prosesi, yenidən aktivlşədirilib. 

Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisə səfəri çərçivəsində imzalanan müqaviləyə görə, Fransa İrəvana yeni model silah verəcək. KİV-in yazdığına görə, “Ermənistanla müdafiə sahəsində əlaqələrin gücləndirilməsinin davamı” kimi izah edilən bu müqaviləyə əsasən İrəvana “Caesar” haubitsaları veriləcək. Xatırladaq ki, Fransanın Ermənistana göndərdiyi əvvəlki zirehli texnika aşağı keyfiyyətli idi - “Caesar” haubitsalarının göstəricisi isə bir az fərqlidir: bu silah 54 kilometr uzaqlıqdakı hədəfləri vurmağa imkan verir. “Caesar” zirehli yük avtomobilinə bərkidilmiş artilleriya sistemidir. Bu səbəbdən artilleriya sisteminin yerini dəyişdirməsi asandır. Özüyeriyən “Caesar” artilleriya qurğusu 1994-cü ildə “Nexter” şirkəti tərəfindən hazırlanıb, kütləvi istehsalına 2002-ci ildə başlanılıb, Fransa ordusuna isə 2008-ci ildə təhvil verilib. Özüyeriyən artilleriya qurğusunun ekipajı 5 nəfərdən ibarətdir, 155 mm-lik topa malikdir. Düzdür, yayılan xəbərlərdə yeni “silahlandırma müqavilə”sinin dəyəri haqqında məlumat verilməsə də, bəzi mənbələrdə “Caesar” artilleriya qurğusunun birinin 7 milyon dollar qiymətində dəyərləndirilməsinə rast gəlmək olar. 

Məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq...

Aprel ayından başlayaraq müsbət dinamika ilə irəliləyən sülh prosesinə ağır zərbə kimi qiymətləndirilən bu addım Ermənistanın hələ də xəyanətkar planlardan əl çəkmədiyini, yeni müharibələr axtarışında olduğunu deməyə əsas verir. Fransanın bu təxribatçı təhrikləri isə bölgədə sülh arxitekturasının formalaşdırılmasına ən böyük maneələrdəndir. Qərbin həm də Gürcüstanın timsalında Cənubi Qafqaza “münasibətinin” dəyişməsi Ermənistandan istifadə imkanlarının yenidən aktivləşdiyinin göstəricisi sayıla bilər. Beləliklə, Fransa Ermənistanı yalnız Azərbaycan üçün deyil, həm də bütövlükdə region üçün yeni təhlükə formatına salır. 

Nəzərə alsaq ki, Azərbaycan ilə Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb, bu silahlandırma prosesi münasibətlərin normallaşdırılmasından daha çox, kəskinləşdirilməsinə yol aça bilər. Təsadüfi deyil ki, Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında Azərbaycan Müdafiə Nazirliyinin yayılan məlumatlara münasibətində də bu məqamlar vurğulanır. Bildirilir ki, Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur. MN qeyd edib ki, Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür:

“Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına mane olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.

Eyni zamanda, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur”.

Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq. 

Bəraət tapılmır...

Ermənistan isə özünün məkrindən əl çəkmir - dünənə qədər silahlanmanı “müdafiə məqsədi” pərdəsi ilə örtməyə çalışan İrəvan budəfəki öldürücü kütləvi silah əldə edilməsi faktını da fərqli istiqamətlərə yozur. Cənubi Qafqazda sülhə ən böyük təhdidə çevrilmiş Ermənistan özünə “bəraət qazandırmaq” üçün əsassız iddialar irəli sürür - arqument axtarışına çıxır. Ermənistan XİN-in məsələ ilə bağlı açıqlamasında bildirilir ki, hər bir ölkənin “...müasir hərbi texnika ilə təchiz edilmiş döyüşə hazır orduya sahib olmaq suveren hüququ var”.

Axı, Ermənistanın 30 ilə söykənən bir işğalçılıq “təcrübəsi” mövcuddur. İrəvan özünün xarici siyasət idarəsinin yaydığı bəyanatda göstərdiyi kimi, “bütün qonşularının ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır” prinsipinə əməl etsəydi, Cənubi Qafqazda bu qədər kataklizm yaşanardımı? Və ya Ermənistan əlindəki öldürücü silahlardan insanlıq əleyhinə cinayətlərdə istifadə etməsəydi, onlarla soyqırımı, qətl hadisələri, günahsız uşaqların və qocaların, dinc sakinlərin öldürülməsi faktına rast gəlinərdimi? Bu faktlar və arqumentlər Ermənistanın sözünə güvənməyin mümkünsüzlüyünü ortaya qoyur. Beləliklə, bu silahlandırmanın Cənubi Qafqazda yeni müharibələrə və işğal niyyətinə, hətta kütləvi qırğınlara hədəfləndiyi bariz şəkildə ortadadır...

Sülh üçün əsas şərt...

Məsələ ilə bağlı Azərbaycanın mövqeyi açıq və qətidir - Azərbaycan XİN-in bununla bağlı açıqlamasında vurğulanır ki, 30 il ərzində məhz beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüz törədən, qonşularına qarşı ərazi iddialarını davam etdirən, öz təcavüzkar əməllərini məhz Azərbaycan tərəfindən atılmış addımlar nəticəsində dayandıran Ermənistanın sülhpərvər ölkə imici yaratması siyasi manipulyasiyadır. “1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə istinad edən Ermənistan tərəfinin son 30 ildən artıq müddətdə nəyə görə bu razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi daha yaxşı olardı.

Heç bir sərhəd tanımayan Ermənistanın Azərbaycan hərbçilərinin 30 ildən sonra yerləşdiyi mövqeləri delimitasiya olmadan öz kəndlərinin əraziləri kimi təqdim etməsi və Azərbaycanı işğalda təqsirləndirməsi absurddur.

Guya sülhü dəstəkləyən və Ermənistanın məhz müdafiə qabiliyyətini artırmağa yönəlmiş bəyanatlarına zidd olaraq, Ermənistanın ölümcül hücum silahları ilə təchiz edilməsində yarışan Fransa kimi ölkələrin Ermənistanın yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə xidmət etdiyi bəllidir. Bu siyasətin Ermənistanın növbəti mümkün təcavüzünə töhfə verdiyini nəzərə alaraq, nə qədər ki gec deyil, bu addımlardan çəkinilməsi əhəmiyyət kəsb edir.

Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır”, - şərhdə vurğulanıb.

XİN-in sözcüsü A.Hacızadə bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyinin bu problemin gözardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir: “Qeyd edilənləri nəzərə alaraq, bu ölkənin Azərbaycan tərəfinin sülh prosesində səmimiliyini şübhə altına almağa heç bir mənəvi əsası yoxdur. Ermənistanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik. Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir”.

Göründüyü kimi, Azərbaycan bölgədə sülhün və sabitliyin axtarışındadır - atılan addımlar, əldə olunan razılıqlar bu faktı təsdiqləyir. Ermənistan isə sözdə sülh prosesinə sədaqətli olduğunu iddia etsə də, nə silahlanmadan kənarlaşmır, nə də sülh üçün ən böyük maneəyə çevrilmiş Konstitusiya dəyşikliyini reallaşdırmır. Bu isə onu deməyə əsas verir ki, Ermənistan özünün məkrli iddialarından əl çəkmək niyyətində deyil...

Strateji dialoq”un “nəticəsi” - bölgə təhdid altındadır...

Vurğulandığı kimi, Parisin “silahlandırma siyasəti”nin hədəfi tək Azərbaycan deyil - Ermənistanı bütövlükdə bölgə üçün açıq təhdid halına gətirməyə çalışan Qərb bu niyyətini gizlətmir. Fransanın silahlandırması ilə paralel olaraq ABŞ-ın Ermənistanda hərbi baza yaratmaq barədə niyyətini ortaya qoyması, hətta bu istiqamətdə müəyyən danışıqların aparılması ilə bağlı xəbərlərin yayılması birmənalı qarşılana bilməz. Qərbin strateji planları arasında Ermənistanı hazırda təmsil olunduğu KTMT-dən uzaqlaşdırma, eyni zamanda həm qonşu, həm də müttəfiq ölkələrə qarşı istifadəetmə kimi nüanslar açıq şəkildə hiss olunmaqdadır. Xüsusilə, 5 aprel “razılaşmasının” icrası kimi izah edilən və İrəvanda baş tutan “Strateji Dialoq” bu məsələdə “aktivliyi” daha da artırıb. Qərb açıq şəkildə Ermənistanın əli ilə bölgəni təhdid, şantaj edir. Sadəcə olaraq, ilkin mərhələ kimi Fransanın silahlandırma prosesi icra olunur - onsuz da, Aİ-nin qeyri-rəsmi “silahlı kontingenti” missiya adı altında Ermənistandadır. Bu prosesin həm də “leqallaşdırılmasına” çalışan Qərb bu yolla öz niyyətinə çatmağı planlaşdırır. 

Bölgə dövlətləri isə gedən prosesə etinasız yanaşmamalıdır. Xüsusilə indiki həssas məqamda, sülhün və gələcək iqtisadi layihələrin müzakirəsinin edildiyi dövrdə belə addımların atılması bütövlükdə coğrafiyamızın həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən ziyanınadır. Təsadüfi deyil ki, Rusiyanın baş verənlərə münasibətində bu amil xüsusi yer alır - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Fransanın Ermənistanı “Caesar” özüyeriyen haubitsaları ilə təchiz etməsini şərh edərkən bildirib ki, Paris Cənubi Qafqazı silahlı qarşıdurmanın növbəti mərhələsinə təhrik edir. Onun sözlərinə görə, Paris bunu müxtəlif üsullarla edir: “Bu da daha bir addımdır. Biz bu barədə demişdik. Siz bunun bir daha təsdiqini görürsüz. Fransa rəhbərliyi nə Ermənistanın maraqlarını, nə də hansısa bir xalqın maraqlarını rəhbər tutur. Paris ölkə daxilində və ya ölkələr arasında mövcud fikir ayrılıqlarından, ziddiyyətdən istifadə edərək öz konyuktur məqsədlərinə nail olmaq üçün alət kimi istifadə edir. Öz konyuktur məqsədləri deyəndə, mən təkcə Yelisey sarayının şəxsi maraqlarını deyil, həm də Fransanın NATO ideologiyasının daşıyıcısı kimi nəzərdə tuturam. Məhz buna bu cür yanaşmaq lazımdır”, deyə Rusiya XİN sözçüsü qeyd edib.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin isə Ermənistanın Fransadan “Caesar” haubitsaları almaq planlarını şərh edərkən bildirib ki, Qərb silahlarının tədarükünün vəziyyəti yaxşılaşdıracağı region tanımır. 

Qəbulolunmaz təxribatlar...

Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması da bəyanat yayıb. Bəyanatda bildirilir ki, Fransa Cənubi Qafqaz regionuna soxulmaq üçün orada vəziyyəti gərginləşdirən addımlar atır. Silah satışı ilə eyni gündə bir qrup fransız siyasətçisi Fransa prezidentinə müraciət edərək Ermənistana qoşun göndərməyə dair çağırış etməsinin isə təşkil olunmuş kampaniya olması heç kimdə şübhə doğurmur: “Açıq-aydın görünür ki, Fransa regionda təxribat törətməyə və yaranacaq vəziyyətdən sui-istifadə edərək oraya qoşun göndərməyə çalışır. Qərbi Azərbaycan İcması Fransanın təhlükəli oyunlarını və qəbulolunmaz təxribatlarını ən sərt şəkildə qınayır.

Ermənistan rəhbərliyinin bir tərəfdən sülhdən danışıb, digər tərəfdən hücum silahları alması ziddiyyətlidir. Bununla əlaqədar olaraq, İcma Ermənistandan Fransanın təxribatlarına uymamağı, həyata keçirməkdə olduğu irimiqyaslı silahlanma proqramına son verməyi və Azərbaycanla sülh yolunu tutmağı tələb edir”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 572 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30