Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / MSK-nın Təqvim Planına əsasən...

MSK-nın Təqvim Planına əsasən...

03.07.2024 [10:00]

Müvafiq seçki komissiya üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlər təşkil ediləcək  

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən sentyabrın 1-də ölkəmizdə VII çağırış Milli Məclisə seçkilər keçiriləcək. Qeyd edək ki, Konstitusiyaya görə, bu ilin noyabrında baş tutmalı olan parlament seçkilərinin digər bir mühüm tədbir - COP29 ilə üst-üstə düşməməsi üçün YAP-ın təşəbbüsü ilə parlament belə bir qərarla çıxış edib. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu isə 27 iyunda Milli Məclisin bu qərarının ölkə Konstitusiyasına uyğunluğunu yoxlayıb və qərarı təsdiqləyib. 

Artıq seçki prosesi ilə bağlı bir sıra addımlar atılmaqdadır. Belə ki, iyunun 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda seçkilərin keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin müəyyən edilmiş qaydada və müddətdə seçki subyektləri tərəfindən ardıcıl, sistemli və keyfiyyətlə icra olunması, onlara metodiki yardım göstərilməsi və fəaliyyətlərinin səmərəliliyinin artırılması məqsədilə seçki prosesinin bütün başlıca mərhələlərini əhatə edən zəruri məqamların əks olunduğu Təqvim planı təsdiq olunub. 

Treninqlər, maarifləndirici materiallar...

Təqvim planında nəzərdə tutulan hərəkət və tədbirlərin uğurla icra edilməsi isə seçki prosesinin şəffaf, demokratik inkişafanı təmin edəcək. Planda nəzərdə tutulduğu kimi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən MSK, eləcə də Dairə seçki komissiyaları mütəmadi olaraq seçki hüququ üzrə maarifləndirmə tədbirləri həyata keçirəcək. Eyni zamanda, MSK-nın treninq qrupları da dairə və məntəqə seçki komissiyaları üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlər təşkil edəcəklər. Burada həmin komissiya üzvlərinin peşə hazırlığının artırılması ilə bağlı digər proqramların həyata keçirilməsi təmin olunacaq. 

Bundan başqa, MSK-nın mütəmadi olaraq televiziya və radio proqramları, digər yayım qurumları vasitəsilə seçki qanunvericiliyinin izahı haqda maarifləndirici addımlar atması nəzərdə tutulur. Buraya seçicilərin hüquqi biliklərinin artırılmasının təmin olunması (çıxışlar, müsahibələr, dəyirmi masalar), əyani vəsaitlərin (videokliplər, plakatlar, bukletlər və s.) hazırlanması və nümayiş etdirilməsi daxildir. 

Exit-poll” keçirmək üçün...

Təqvim planında məşvərətçi səs hüquqlu seçki komissiya üzvlərinin təsdiqi məsələsi də yer alır. Belə ki, MSK birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar və siyasi partiyalar bloklarının təqdimatının daxil olduğu gündən başlayaraq 3 gün ərzində hər bir seçki komissiyasının tərkibinə təyin edilən məşvərətçi səs hüquqlu üzvlərin təsdiq edilməsi, onlara Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada lövhəciklərin verilməsi işinə məsuliyyət daşıyır. Paralel olaraq qeydə alınmış namizədin ərizəsinin daxil olduğu gündən başlayaraq 3 gün müddətində isə dairə seçki komissiyaları öz ərazisində yerləşən hər bir məntəqə seçki komissiyasına təyin edilən məşvərətçi səs hüquqlu üzvlərin təsdiq edilməsi və onlara Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada lövhəciklərin verilməsi işini həyata keçirməlidir. 

Səsvermə gününə ən azı 20 gün qalanadək, yəni avqustun 12-dək Mərkəzi Seçki Komissiyası “Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsini həyata keçirir - avqustun 22-dək isə “Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul olunur. 

Seçici siyahılarının dəqiqləşdirilməsi...

Təqvim planında seçicilərin səsvermə hüquqları ilə bağlı məsələlər də yer alır. Səsvermə gününə azı 35 gün qalanadək, yəni iyulun 28-dək məntəqə seçki komissiyaları seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirir. Səsvermə gününə 7 gün qalanadək - 2024-cü il avqustun 25-dək isə məntəqə seçki komissiyaları səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanmasını həyata keçirir. 

Bundan başqa, səsvermə gününə azı 45 gün qalanadək, yəni 2024-cü il iyulun 18-dək MSK səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasına və sayına aid tələbləri təsdiq etməlidir. İyulun 18-dək həm də Mərkəzi Seçki Komissiyası səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarına verilməsini təmin etməlidir. DSK-lar isə səsvermə gününə azı 25 gün qalanadək, indiki halda avqustun 7-dək səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrini məntəqə seçki komissiyalarına verməlidirlər. Paralel olaraq iyulun 18-dən avqustun 7-dək dairə və məntəqə seçki komissiyaları seçiciyə müvafiq qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsini təmin etməlidir. 

Təşviqat materiallarının yerləşdirilməsi üçün...

Səsvermə gününə azı 20 gün qalanadək, yəni avqustun 12-dək MSK qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc edilməsini təmin etməlidir. Seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərcindən sonra 20 gündən gec olmayaraq, iyulun 18-dək MSK müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən media subyektlərində seçkiqabağı ödənişsiz təşviqat aparmaq məqsədilə yer ayrılacaq televiziya və radio yayımçılarının və dövri nəşr redaksiyalarının siyahısını dərc etməlidir. Bundan başqa, səsvermə gününə 30 gün qalanadək, yəni avqustun 2-dək dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsini və ayrılmasını təmin edir.

Səsvermə gününə azı 50 gün qalanadək, yəni iyulun 13-dək isə dairə seçki komissiyaları hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması prosesini həyata keçirir. Bu proses seçicilərin olduqları ərazilərdə müvafiq icra hakimiyyəti orqanı - Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və bələdiyyə qurumlarının başçıları ilə birlikdə təmin edilir. 

P.İSMAYILOV 

Paylaş:
Baxılıb: 616 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30