Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / NATO-nun yubiley sammiti...

NATO-nun yubiley sammiti...

12.07.2024 [10:15]

Sammitdə Ukraynaya hərbi dəstəyin artırılması qərara alınıb

ABŞ-da NATO liderlərinin növbəti sammiti keçirilib. Sammit Alyansın yaradılmasının 75 illik yubileyinə həsr olunmuş mərasimlə başlayıb. Tədbir 1949-cu ildə 12 ölkə tərəfindən “Şimali Atlantika Müqaviləsi”nin imzalandığı və NATO-nun yaradıldığı Vaşinqtondakı “Andrew W. Mellon Auditorium”da baş tutub. Mərasimə əvvəlcə liderlərin xanımları daxil olub, daha sonra Ukrayna, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyanın dəvət olunmuş liderləri gəliblər.

NATO-ya üzv 32 ölkənin lideri isə Alyansın Baş katibi Yens Stoltenberqlə birlikdə səhnəyə çıxaraq birgə foto çəkdiriblər. Daha sonra mərasimdə İkinci Dünya Müharibəsi, NATO-nun yaradılması, Bosniya müharibəsi, Krımın ilhaqı və Rusiya-Ukrayna müharibəsi kimi müxtəlif hadisələrin görüntülərini əks etdirən videoçarx nümayiş etdirilib.

Yens Stoltenberq: 75 ildir “çox böyük fırtınalardan” keçmişik

Tədbirdə  açılış nitqi ilə çıxış edən NATO-nun Baş katibi Yens Stoltenberq “Şimali Atlantika Müqaviləsi” sayəsində sülhün qorunduğunu vurğulayıb. Stoltenberq NATO-nun bununla da tarixin ən uğurlu ittifaqı olaraq ön plana çıxdığını ifadə edərək, “75 illik yubileyimizdə NATO-nun təkcə ən uğurlu və ən güclü ittifaq deyil, həm də dünyanın ən uzunömürlü ittifaqı olduğunu rahatlıqla deyə bilərik” söyləyib.

NATO-nun genişlənmə qərarından sonra Avropa tarixinin dəyişdiyinə diqqət çəkən Stoltenberq, “Müttəfiqlər o dövrdə qətiyyət nümayiş etdirdilər. İndi də bunu davam etdirməliyik”, deyib. O qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi nəsillərin ən böyük təhlükəsizlik böhranıdır. NATO müttəfiqlərinin Ukraynaya görünməmiş dəstək verdiyini bildirən Stoltenberq dəstəyin bəzi riskləri və xərcləri olduğunu da diqqətə çatdırıb. Baş katib “Ancaq ən böyük risk Rusiyanın Ukraynada qalib gəlməsi olacaq. Biz buna icazə verə bilmərik. Bu müharibənin nəticəsi onilliklər ərzində qlobal təhlükəsizliyi formalaşdıracaq. İndi demokratiyanı qorumaq vaxtıdır və bunu Ukraynada etməliyik”-deyə vurğulayıb.

Stoltenberq NATO-nun 75 ildir “çox böyük fırtınalardan” keçdiyini, müttəfiqlərin bir-birinə maraqları, tarixi, adət-ənənələri və dəyərləri ilə bağlı olduğunu və bütün üzvlərin alyansın dəyərini bilməsi lazım olduğunu bildirib.

Bayden: Ukrayna qalib gələcək

Sammitə ev sahibliyi edən ABŞ-nın Prezidenti Cozef Bayden iştirakçıları salamlayarkən üzv ölkələrin son 75 ildə NATO-nun “qalxanı altında” inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Rusiya Ukrayna demokratiyasına son qoymaq və onu xəritədən silmək istəyir: “Ancaq Ukrayna müstəqil olaraq qalır. Ukrayna Rusiyanı dayandıra bilər və dayandıracaq. Ukraynaya dəstəyimiz güclü və sarsılmazdır. Mən tam əminliklə deyirəm ki, Rusiya bu müharibədə uğursuzluğa düçar olur. İki il keçdi, 200 mindən çox rus əsgəri öldürüldü və yaralandı, milyonlarla insan bu ölkədə yaşamaq istəmədiyi üçün Rusiyanı tərk etdi. Beş günə təslim olmalı olan Kiyev iki ildir ki yerində qalır. Bu mənasız müharibə başlayanda Ukrayna azad ölkə idi və bu gün də həmin azad ölkə olaraq qalır. Müharibə bitəcək və Ukrayna müstəqil və azad olaraq qalacaq. Rusiya qalib gəlməyəcək. O, istədiyini almayacaq, Ukrayna qalib gələcək”.

Bayden deyib ki, Qərb yaxın aylarda Ukraynaya daha beş strateji hava hücumundan müdafiə sistemi göndərəcək. Belə ki, bununla bağlı ABŞ və müttəfiqləri razılığa gəlib. Məsələ ilə əlaqədar NATO sammiti zamanı   ABŞ, Almaniya, İtaliya, Niderland, Rumıniya və Ukrayna liderləri birgə bəyanat imzalayıblar. Bəyanatda deyilir ki, ABŞ və müttəfiqləri Ukraynaya 5 əlavə hava hücumundan müdafiə sistemləri dəsti tədarük edəcək. Yardım paketinə “Patriot” batareyaları, onları işə salmaq üçün komponentlər və SAMP-T sistemləri daxildir. Bəyanata əsasən, sözügedən hava hücumundan müdafiə sistemləri Ukraynaya şəhərlərini, sakinləri və hərbçiləri hava hücumundan qorumağa imkan verəcək. Həmçinin tərəflər yaxın aylarda Ukraynaya NASAMS, HAWK, IRIS T-SLM, IRIS T-SLS və “Gepard” sistemləri də daxil olmaqla, onlarla taktiki hava hücumundan müdafiə sistemi vermək niyyətindədilər. “Biz, həmçinin NATO-nun Ukraynanın NATO-ya inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemini inkişaf etdirmək işinə dəstəyini alqışlayırıq. Bizim dünyaya mesajımız aydındır: Ukraynaya dəstəyimiz güclü və sarsılmazdır”, - deyə bəyanatda qeyd olunur.

Yeni yaradılacaq NATO komandanlığı Kiyevə necə kömək edəcək?

ABŞ-da keçirilən NATO-nun sammitinin ikinci günü dövlət və hökumət başçılarının iştirakı ilə xüsusi sessiya keçirilib. Sessiyanın açılışında çıxış edən NATO-nun Baş katibi Stoltenberq sammit çərçivəsində üzv ölkələrin müdafiə sənayesi məsələləri ilə bağlı əməkdaşlığın inkişafından bəhs edib. O bildirib ki, alyansın bu həftə imzalanacaq yeni sazişi müttəfiqlərin müdafiə sənayesi bazalarında mövcud istehsalı təkmilləşdirməsinə kömək edəcək. Baş katibin sözlərinə görə, sammitin 3 əsas mövzusu müdafiə və çəkindirmə, Asiya və Sakit okeanı ölkələri ilə əməkdaşlıq və Ukrayna məsələsidir. Yens Stoltenberq deyib ki, bunların içərisində ən əsas məsələ Ukrayna ilə bağlı görüləcək işlər və veriləcək qərarlardır. O, NATO liderlərinin bu həftə Ukraynaya vacib yardım paketini təsdiqləyəcəklərinə ümid etdiyini deyib. Bildirib ki, bu paketə həm də Ukraynaya təlim və təhlükəsizlik yardımının çatdırılmasının asanlaşdırılması üçün Almaniyanın Visbaden şəhərində NATO komandanlığının yaradılması da daxildir: “700 heyətdən ibarət olacaq NATO komandanlığı ABŞ-ın indiyə kimi həyata keçirdiyi təhlükəsizlik yardımı və təlimlərin koordinasiyası ilə bağlı rəhbərlik missiyasını öz üzərinə götürəcək. Komandanlıqla yanaşı NATO-nun şərq bölgələrində logistika qovşaqları olacaq”.

Qeyd edək ki, NATO sammiti çərçivəsində Böyük Britaniyanın yeni Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.  Kir Starmer görüşün çox yaxşı keçdiyini deyib: “Mən görüş zamanı aydın şəkildə bildirdim ki, Böyük Britaniyada hökumət dəyişikliyi bizim Ukraynaya verəcəyimiz dəstəkdə heç bir fərq qoymur. Biz müxalifətdə olanda da bu məsələdə eyni fikirdə idik”.

Lüksemburq isə sammit zamanı Ukrayna ilə təhlükəsizlik təminatı haqqında saziş imzalayıb. Bu barədə Lüksemburqun Baş naziri Lyuk Friden bildirib: “Mən Ukrayna Prezidenti Volodimir Zelenski ilə təhlükəsizliklə bağlı sazişi imzaladım. Bütün dövlətlərin Ukraynanı dəstəkləməli olduğunu düşünürəm, bu, dünya nizamı üçün vacibdir”.

2025-ci ildə Ukraynaya azı 40 milyard avro dəyərində silah-sursat veriləcək

Sammitdə Alyansın Ukraynaya hərtərəfli dəstəyi bir daha ifadə olunub. Belə ki, NATO-nun 9-10 iyul tarixli sammitinin yekun Bəyannaməsində 2025-ci ildə Ukraynaya azı 40 milyard avro dəyərində silah-sursat veriləcəyi ilə bağlı müddəa yer alıb. Sənəddə, həmçinin Ukraynaya hərbi tədarükün koordinasiyası və Ukrayna Silahlı Qüvvələri üçün hərbi təlimlərin təşkili ilə bağlı bütün funksiyaların alyansa verilməsi öhdəliyi var. Əvvəllər NATO-nun Baş katibi Kiyevə ildə 100 milyard dollar dəyərində hərbi tədarükün maliyyələşdirilməsi üçün çoxillik fond yaradılmasını təklif etmişdi, lakin alyans ölkələri bu təşəbbüsü rədd etmişdi.

2026-cı ildə Türkiyə NATO sammitinə ev sahibliyi edəcək

Alyansın növbəti sammitinin hansı ölkədə keçiriləcəyi də Bəyannamədə əksini tapır. Belə ki, NATO-nun növbəti sammiti gələn il Niderlandda baş tutacaq. 2026-cı ildə isə sammitə Türkiyə ev sahibliyi edəcək. “Amerika Birləşmiş Ştatlarının bizə göstərdiyi səxavətli qonaqpərvərliyə görə minnətdarlığımızı bildiririk. Biz 2025-ci ilin iyununda Niderlandın Haaqa şəhərində keçiriləcək növbəti Zirvə Toplantımızda yenidən görüşməyi, ardınca isə Türkiyədə görüşməyi səbirsizliklə gözləyirik”, - deyə sənəddə qeyd olunub.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 670 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30