Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Makron BMT tribunasından yalan danışdı

Makron BMT tribunasından yalan danışdı

27.09.2024 [09:44]

Fransa prezidenti növbəti dəfə Azərbaycana qarşı öz qərəzini nümayiş etdirib

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri  ciddi narahat edir. Bu baxımdan, xüsusilə Fransa öndə gedir. Görünən odur ki, Fransa ermənilərdən çox ermənilik edir. Bu ölkə əsassız olaraq ölkəmizin imicinə zərbə vurmağa çalışır. Fransa prezidenti Emmanuel Makronun sentyabrın 25-də BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycanın guya Ermənistana “təzyiq” göstərdiyini və “ərazi iddiası” irəli sürdüyünü iddia etməsi də bundan qaynaqlanır.  Makron çıxışında “Azərbaycanın Ermənistana təzyiqləri və ərazi iddiaları şəraitində Fransanın Ermənistanla çiyin-çiyinə dayandığı”nı deyib.

Fransa gerçək üzünü göstərir

Əlbəttə ki, Makronun bu fikirlərinin heç bir əsası yoxdur. Məlumdur ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Fransa ölkəmizə qarşı aqressiv siyasət yürüdür. Bu ölkənin dövlət başçısı, hökuməti və parlamenti davamlı olaraq Azərbaycana qarşı böhtan kampaniyası aparır. Nümunə üçün deyə bilərik ki, Fransa parlamenti 2020-ci ildən etibarən dəfələrlə ölkəmizə qarşı qərəzli qətnamələr qəbul edib. Sonuncu dəfə bu ilin yanvarında Fransa Senatının qəbul etdiyi sənəd də Azərbaycanafob, irqi ayrı-seçkilik açıq-aşkar nümayiş olundu. Özünü “demokratiyanın beşiyi” adlandıran və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa parlamentinin bu qətnaməsi beynəlxalq hüququn açıq-aşkar tapdanması, işğalçılıq siyasəti yürütmüş Ermənistanın və erməni separatçılarının dəstəklənməsi isə hərbi cinayətlərə şərik olmaq demək idi. Həmin sənədin Senatda müzakirə olunması zamanı Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sjurnenin çıxış etməsi, “fəxri qonaq” qismində isə Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan və separatçıların Fransadakı nümayəndəsi Hovhannes Gevorgyanın da iştirak etməsi Fransa tərəfindən Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizliyin nümayişi idi.

XİN: Bu fikirlər ermənipərəst yanaşmanın növbəti nümunəsidir

Tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunun həmsədri olmuş bu ölkənin təcavüzkar Ermənistanı dost və müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi ilk növbədə Fransanın özünə zərbədir. Xatırladaq ki, həmsədr ölkə kimi Fransa heç vaxt ədalətli mövqe tutmayıb. Bütün dünya şahiddir ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında vandalizm törədib. Amma Fransa heç vaxt Ermənistanı işğalçı siyasətə son qoymağa çağırmadı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etmədi. Əksinə, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa açıq-aşkar Ermənistana dəstək verdi. Qarabağda bir günlük antiterror tədbirləri nəticəsində erməni separatizminin kökünün kəsilməsi isə Fransaya rahatlıq vermir. Bütün bunlar, rəsmi Parisin gerçək üzünü ortaya çıxardı.

Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər Nazirliyi  Fransa prezidentin BMT Baş Assambleyasındakı çıxışına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib ki, Makronun həmin  fikirləri Fransanın həm ölkəmizə, həm də ümumilikdə sülh prosesinə göstərdiyi qərəzli ermənipərəst yanaşmanın növbəti nümunəsidir. Onun sözlərinə görə, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın Azərbaycanı təzyiqlərdə təqsirləndirməsi qəbuledilməzdir: “30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş, Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya edilmiş yüz minlərlə azərbaycanlının qayıdış hüququnu heçə sayan Ermənistanın “sülhsevər qurban ölkə” kimi təqdim olunması Fransanın apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir. Dünyanın bir çox yerlərinə münasibətdə xarici siyasəti iflasa uğramış Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoymasını tələb edirik”.

Qərbi Azərbaycan İcması Fransadan regionun işlərinə qarışmamağı tələb edib

Qərbi Azərbaycan İcması (QAİ) bəyanat verərək Emmanuel Makronun tamamilə yanlış və qəbulolunmaz fikirlərini qətiyyətlə rədd edib. Bəyanatda, həmçinin qeyd olunub ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən otuz il ərzində işğalına dəstək vermiş, bir milyon azərbaycanlının Ermənistandan və işğal olunmuş Azərbaycan ərazilərindən qovulmasına göz yummuş, vaxtilə münaqişənin dinc yolla həlli üçün atılan addımlara qarşı çıxmış Fransanın rəhbərinin indi sülhə və beynəlxalq hüquqa istinad etməsi olduqca ikiüzlü yanaşmadır. Xatırladılıb ki, E.Makronun indi ikiüzlülük nümayiş etdirdiyi BMT Baş Assambleyası 2008-ci ildə münaqişənin həlli ilə bağlı müvafiq qətnamənin qəbuluna Fransanın maneə törətmək cəhdlərinə şahidlik edib. “Aydın məsələdir ki, imperialist gündəliyə malik Fransa Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq münaqişəni həll, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən narazıdır. Çünki bu, onun regionun işlərinə müdaxilə etmək imkanlarını məhdudlaşdırır. E.Makron hökuməti bölgədə yenidən münaqişə yaratmaq məqsədilə Ermənistana böyük həcmdə silah göndərir və buna informasiya hazırlığı kimi beynəlxalq platformalarda sanki regionda müəyyən gərginlik olduğu təəssüratı yaratmağa çalışır. Azərbaycana qarşı atdığı böhtanlar da Emmanuel Makronun bu məqsədinə xidmət edir”, -deyə bəyanatda vurğulanıb.

İcma Fransadan tələb edib ki, bu dağıdıcı niyyətindən əl çəksin, Ermənistana silah göndərməyi dərhal dayandırsın, regionun işlərinə qarışmasın və sülhə mane olmasın. Eyni zamanda, Qərbi Azərbaycan İcması rəsmi İrəvanı Fransanın oyununda alət olmamağa, genişmiqyaslı silahlanma proqramını dayandırmağa, diqqətini Azərbaycanla sülhün əldə edilməsinə yönəltməyə və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmalarına şərait yaratmağa çağırıb.

Beləliklə, Fransa gerçək simasını yenə də nümayiş etdirir. İndiki şəraitdə də Fransanın bu mövqeyi Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə ziyan vurur. Eləcə də,  Parisin Ermənistanı silahlandırması iki ölkənin sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist  qüvvələri həvəsləndirir. Özünü demokratiyanın beşiyi kimi təqdim etməyə çalışan Fransanın əslində, tarixən müxtəlif xalqlara qarşı müstəmləkəçilik siyasəti həyata keçirdiyi bütün dünyaya məlumdur. Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən Makron Fransanın bu cinayətlərinə görə cavab versə daha yaxşı olar.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 427 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30