Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Fondu - ICESCO əməkdaşlığı yeni inkişaf mərhələsində

Heydər Əliyev Fondu - ICESCO əməkdaşlığı yeni inkişaf mərhələsində

16.10.2024 [09:34]

Müstəqil Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda geniş coğrafiyanı əhatə edən İslam ölkələri ilə əməkdaşlığın genişləndirilməsi xətti xüsusi yer tutur. Ölkəmiz davamlı olaraq dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfələrini verir.

Əlamətdar haldır ki, bu sahədə dövlət siyasətinə bütövlükdə cəmiyyətdən, ictimai təşkilatlardan da güclü dəstək gəlir. O cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında əməkdaşlıq əlaqələri getdikcə dərinləşir. Elə bu günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ?CESCO-nun Mərakeşin Rabat şəhərində yerləşən qərargahında olub. Oktyabrın 14-də ICESCO -nun baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşdə Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycan- ICESCO əməkdaşlığı, o cümlədən Fond ilə birgə layihələr müzakirə edilib.

ICESCO-nun fəal üzvlərindən biri

Yer üzündə bərabərliyə, qardaşlığa, humanizmə çağırış edən İslam dininin mədəni irsi də kifayət qədər zəngindir. Bu irs əsrlər boyunca bəşəriyyətin tərəqqisində mühüm rol oynayıb və bu gün də özünün müstəsna əhəmiyyətini qoruyub saxlamaqdadır. İslam Təhsil, Elm və Mədəniyyət Təkilatının təsis edilməsi haqqında təşəbbüs  isə İslam Əməkdaşlıq Təşkilatına (o zaman Islam Konfransı Təşkilatı) üzv dövlətlərin xarici işlər nazirlərinin Dakarda (Seneqal) keçirilmiş 9-cu Konfransında (24-28 aprel, 1978-ci il) irəli sürülüb.

İƏT-ə üzv dövlətlərin Məkkədə keçirilmiş 3-cü zirvə görüşündə (25-28 yanvar 1981-ci il) İslam dövlətlərinin təhsil, elm və mədəniyyət məsələləri üzrə birliyi olan ICESCO-nun təsis edilməsi və daimi qərargahının Rabat (Mərakeş) şəhərində yerləşdirilməsi qərara alınıb. ?CESCO-nun təsis Konfransı 3 may 1982-ci ildə Mərakeş Kralı II Həsənin himayəsi ilə Krallığın Fəs şəhərində baş tutuv. 28 dövlətin təmsil olunduğu Konfransda mərakeşli ictimai-siyasi xadim Əbdül Hadi Butalib (1923-2009) ICESCO-nun ilk baş direktoru seçilib. O, 1982-1991-ci illərdə ICESCO-ya rəhbərlik edib.

Azərbaycan 1991-ci ildən bu gün sıralarında 50-dən çox dövləti birləşdirən ICESCO-nun üzvüdür. Əməkdaşlıq əlaqələrinin genişlənməsinə böyük önəm verən respublikamız indiyədək qurumun  bir sıra mühüm tədbirlərinə uğurla ev sahibliyi edib. Bu sırada müxtəlif illərdə Bakıda keçirilmiş “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfransı (1-2 noyabr 2007-ci il), Heydər Əliyev Fondunun təşəbbüsü, “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda forumu (10-11 iyun 2008-ci il), İslam ölkələri Elm və təhsil nazirlərinin VI Konfransını (6-7 oktyabr 2008-ci il), “Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009” Mədəniyyət ilinin açılış mərasimini (18 fevral 2009-cu il), İslam ölkələri Mədəniyyət nazirlərinin VI Konfransını (13-15 oktyabr 2009-cu il), Dünya dini liderlərinin Bakı sammitini (26-27 aprel 2010) və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarını xüsusilə qeyd edə bilərik.

Heydər Əliyev Fondu ilə qurulan sıx münasibətlər

Öz növbəsində ICESCO dünyada İslam həmrəyliyinin güclənməsinə davamlı töhfələr verən Azərbaycana ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda apardığı haqq mübarizəsinə həmişə dəstəyini ifadə edib. Qurum işğal olunmuş ərazilərimizdə Azərbaycanın tarixi mədəni-dini irs abidələrinin ermənilər tərəfindən dağıdılmasını və təhqirlərə məruz qalmasını pisləyən sənədlər qəbul edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2006-cı ildə ?CESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə ölkəmizlə qurum arasında əməkdaşlıq münasibətləri daha da dərinləşib. Azərbaycanın birinci xanımı bu ada təhsilin və sivilizasiyalar arasında dialoqun inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.

Yuxarıda bəhs olunan görüşdə Heydər Əliyev Fondu ilə ICESCO arasında sıx əlaqələr qurulmasından məmnunluq ifadə olunub. Təhsil, mədəniyyət, səhiyyənin inkişafı məsələlərini prioritet kimi qəbul edən Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər və reallaşdırdığı layihələr ICESCO-nun əsas fəaliyyət istiqamətləri ilə uzlaşdığından iki qurum bir çox sahədə əlaqələrini daha da genişləndirir. Cari ilin may ayında Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutan əməkdaşlığa dair imzalanan memorandum da əlaqələrin genişləndirilməsi istiqamətində növbəti addım kimi dəyərləndirilə bilər. Şuşada Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin görüşündə ikitərəfli əməkdaşlıq, ICESCO ilə Fond arasında ötən müddət ərzində mövcud əlaqələr müzakirə edilib. Fondun prezidenti Mehriban Əliyevanın ICESCO-nun xoşməramlı səfiri kimi sivilizasiyaların yaxınlaşması, mədəniyyətlərarası dialoq üzrə fəaliyyəti və xidmətləri vurğulanıb.

Yeri gəlmişkən, Şuşa 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan olunub. Bu əlamətdar hadisə isə 2023-cü il 25 sentyabr tarixində Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında baş verib. Həmin konfransda ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramına Azərbaycanın  mədəniyyət naziri Adil Kərimli Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib. Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan olunub.

Qeyd edək ki, Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” adına namizədliyinin irəli sürülməsi məqsədilə ICESCO-nun müvafiq missiyası burada olub. Şəhərdə aparılan quruculuq işləri missiya tərəfindən yüksək qiymətləndirilib. Bundan əlavə, Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Şuşanın namizədliyinin irəli sürülməsi prosesinə yaxından dəstək göstərməsi səsvermənin ölkəmizin xeyrinə nəticələnməsində xüsusi rol oynayıb. Azərbaycan dövləti və cəmiyyəti İslam dünyasının bəhs olunan qərarını böyük məsuliyyət kimi qəbul edib.  Prezident İlham Əliyev 21 noyabr 2023-cü il tarixində “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Həmin sənədə uyğun olaraq Şuşa ili çərçivəsində bir-birindən maraqlı tədbirlər keçirilib.

COP29 çərçivəsində əməkdaşlıq

Hazırda dünyada iqlim çağırışlarının aktuallığı heç vaxt olmadığı qədər artıb. Bununla bağlı həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə ICESCO -nun baş direktoru Salim bin Məhəmməd əl-Malik arasında baş tutan görüşdə də müzakirələr aparılıb. O cümlədən noyabr ayında ölkəmizdə keçiriləcək COP29 çərçivəsində Fond və ICESCO arasındakı əməkdaşlıq, təşkilatın COP29-da pavilyonla təmsil olunması ilə bağlı məsələlər diqqət mərkəzində olub.

Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən ekoloji layihələr barədə də məlumat verilib. Ətraf mühitin qorunması sahəsində ICESCO ilə Heydər Əliyev Fondunun gələcək əməkdaşlığı nəzərdən keçirilib.

Daha sonra Heydər Əliyev Fondu ilə ICESCO arasında Burkina-Fasoda məcburi köçkün qızlar və internat evləri üçün təhsil və sosial dəstək layihəsi üzrə əməkdaşlıq sazişi imzalanıb. Sənədi Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik imzalayıblar. Layihənin məqsədi qız tələbələri lazımi resurslar, mentorluq və təhlükəsiz, dəstəkləyici mühitlə təmin etməkdir. Bu isə keyfiyyətli təhsilə çıxış, həyat bacarıqları təlimi və emosional dəstək, şəxsi inkişafı və dayanıqlığı təşviq etmək kimi məsələlərin həlli deməkdir. Layihə çərçivəsində seminarların təşkili, məktəblərdə kompüter siniflərinin və kitabxanaların yaradılması da nəzərdə tutulur. 2025-ci ilin oktyabr ayınadək davam edəcək layihə Burkina-Fasonun bir sıra şəhərlərini əhatə edəcək.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30