Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda təhsilin inkişafına böyük diqqət göstərilir

Azərbaycanda təhsilin inkişafına böyük diqqət göstərilir

30.11.2018 [10:28]

Prezident İlham Əliyev: Sosial siyasətimizin əsas prioritetlərindən biri ölkəmizdə zamanın çağırışlarına cavab verən və beynəlxalq standartlara uyğun milli təhsil sisteminin qurulmasıdır
Çox haqlı olaraq təhsil bütün dövrlərdə hər bir dövlətin və xalqın ümumi inkişaf səviyyəsinin əsas göstəricilərindən biri kimi səciyyələndirilib. Dünya tarixinə nəzər saldıqda görürük ki, ayrı-ayrı ölkələr məhz keyfiyyətli təhsilə verdikləri önəm sayəsində yüksək inkişaf səviyyəsinə çatmağa nail olublar. Müasir dövrdə isə təhsillə bağlı çağırışların aktuallığı daha da artıb. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) XXI əsri “Təhsil əsri” elan edib.
Deyilənlər baxımından müstəqil Azərbaycanın mənzərəsi nikbinlik üçün ciddi əsaslar yaradır. Noyabrın 28-də Bakı Konqres Mərkəzində keçirilən Azərbaycan müəllimlərinin XV qurultayında da vurğulandığı kimi, respublikamızda təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ölkəmizdə təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün davamlı olaraq həm siyasi, həm də maddi dəstək göstərilir. Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan müəllimlərinin XV qurultayının iştirakçılarına ünvanladığı təbrik məktubunda respublikamızda təhsilin inkişafına hərtərəfli qayğı göstərildiyinə xüsusi diqqət çəkib: “Sosial siyasətimizin əsas prioritetlərindən biri ölkəmizdə zamanın çağırışlarına cavab verən və beynəlxalq standartlara uyğun milli təhsil sisteminin qurulmasıdır”.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu islahatların son 15 ildə davam etdirilməsi təhsildə yüksək nəticələrin əldə olunmasını şərtləndirib
Son 15 ildə dünyada Azərbaycan kimi yüksək sosial-iqtisadi inkişaf göstəriciləri qazanan ölkələrin sayı çox az olub. Bəhs olunan dövrdə respublikamızda Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü və praqmatik siyasət sayəsində milli inkişafın real əsaslarının yaradılması - güclü iqtisadiyyat qurulması üçün bütün şərtlər təmin edilib. Belə ki, qlobal miqyasda meydana çıxan çağırışlara və ölkənin reallıqlarına uyğun şəkildə genişmiqyaslı islahatlar aparılıb, iqtisadiyyatın ayrı-ayrı sektorlarının maliyyə təminatı möhkəmləndirilib. Statistik göstəricilər ölkəmizin Prezident İlham Əliyev tərəfindən innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini təsdiqləyir. Məqsədyönlü yanaşmanın nəticəsidir ki, respublikamızda bazar iqtisadiyyatına transformasiya prosesi uğurla başa çatıb. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan ölkədə qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin edilməsini hədəfləyib. İqtisadi sektorda aparılan islahatlar da ilk növbədə sahibkarlığın inkişafı, qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının artırılması, innovativ əsaslı sənaye quruculuğu, aqrar sektorda yeni yanaşmaların tətbiqi kimi mühüm məsələləri əhatə edir. Qeyri-neft sektorunun inkişafı ilə bağlı reallaşdırılan siyasi və maddi dəstək tədbirləri öz müsbət nəticəsini verir. Ötən 15 ildə respublikamızda qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Hazırda Azərbaycanda makroiqtisadi sabitlik çox yüksək səviyyədədir. Ölkənin xarici borcu ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Eyni zamanda, respublikanın təxminən 45 milyard dollar həcmində olan strateji valyuta ehtiyatları xarici borcdan 4-5 dəfə çoxdur. Bu, o deməkdir ki, respublikamız xarici borcunu bir neçə ay ərzində sıfır səviyyəsinə endirə bilər.
Sadalanan statistik rəqəmlərdən də göründüyü kimi, Azərbaycan həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün iqtisadi müstəqilliyini tam təmin edib. Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı xarici kreditlərdən asılı olmayan, özünü təmin edən, ölkəmizin, xalqımızın ehtiyaclarını yüksək səviyyədə qarşılamağa qadir olan dayanıqlı iqtisadiyyatdır. Respublikamızın hərtərəfli inkişafının, o cümlədən də təhsil sahəsində qazanılan kəmiyyət və keyfiyyət göstəricilərinin təməlində də məhz güclü iqtisadiyyat dayanır. Sözügedən təbrik məktubunda Prezident İlham Əliyev bu məqama da toxunub: “Xalq Cümhuriyyətinin varisi müstəqil Azərbaycan bu gün dinamik inkişaf tempinə malik dövlətlərdəndir. İqtisadiyyatımızın tərəqqisi ölkəmizdə təhsilin inkişafına da öz müsbət təsirini göstərmişdir”.
Məlum olduğu kimi, müstəqil Azərbaycanda təhsilə yüksək səviyyədə dövlət qayğısı siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan müəllimlərinin XV qurultayında Ulu öndərin ölkəmizin təhsil sistemində islahatların əsasını qoyduğu xüsusi vurğulanıb. Eyni zamanda, bildirilib ki, son 15 ildə Prezident İlham Əliyev ölkənin güclü iqtisadi potensialına və geniş maliyyə imkanlarına əsaslanaraq təhsil sektorunun inkişafını hədəfləyən real məzmunlu islahatları davam etdirib. Ölkəmiz təhsil sahəsində ciddi islahatlar həyata keçirərək müasir dövrün hədəflərinə doğru inamla irəliləyir. Həyata keçirilən bu və ya digər tədbirlər sayəsində Azərbaycanda təhsil sahəsində keyfiyyət və kəmiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Qurultayda hesabat məruzəsi ilə çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib.
Əlamətdar haldır ki, respublikamızın təhsil sahəsində qazandığı uğurlar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Məsələn, cari il üçün “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. Ölkəmiz həmçinin təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olub. “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycanın göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən yüksəkdir. Belə ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib. Prezident İlham Əliyev sözügedən təbrik məktubunda Azərbaycanın təhsil sektorunda qazandığı uğurlardan məmnunluğunu bildirib: “Bilik iqtisadiyyatı”na keçid və ölkənin modernləşməsi üçün həlledici amil kimi insan kapitalının inkişafını təmin edəcək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından beş il keçir. Bu müddətdə ölkəmizdə müasir təhsil quruculuğu istiqamətində uğurlu addımlar atılmış və Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası sürətlənmişdir. Ümumi təhsildə yeni proqramların tətbiqi başa çatdırılmış, tədrisdə müasir texnologiya və innovasiyaların istifadəsi genişlənmiş, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə başa çatmış və bu günlərdə yeni “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunmuşdur”.
Güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində uğurların əsasını təşkil edən amillərdən biridir
Sirr deyil ki, güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində uğurların əsasını təşkil edən amillərdən biridir. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir, o cümlədən yeni çoxsaylı təhsil müəssisələri tikilib istifadəyə verilir. Yeni tikilən təhsil ocaqları bir qayda olaraq ən müasir vəsaitlərlə təmin olunur. Son 15 ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir.
Ümumiyyətlə, respublikamızda gənc nəslin yüksək savad alması, vətənpərvərlik ruhunda böyüməsi üçün məqsədyönlü dövlət siyasəti reallaşdırılır və bu vacib işdə bütün cəmiyyət iştirak edir. Məsələn, ölkəmizdə dövlətin məqsədyönlü təhsil siyasətinə Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu böyük dəstək göstərir. Belə ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond indiyədək təhsillə bağlı bir sıra mühüm layihələr reallaşdırıb, o cümlədən də ölkə boyu yeni məktəblərin, uşaq bağçalarının tikintisində və yenidən qurulmasında böyük fəallıq göstərib.
Respublikamızda dövlət xətti və Heydər Əliyev Fondunun dəstəyi ilə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ildən-ilə daha geniş vüsət alır. Təkcə 2017-ci ildə ölkəmizdə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb.
Azərbaycanda təhsil infrastrukturunun yenilənməsi ilə bağlı tədbirlər cari ilin əvvəlindən də intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyev 23 may 2018-ci il tarixində Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.44.1-ci yarımbəndində göstərilmiş məbləğin 40,0 (qırx) milyon manatı Bakı şəhər İcra Hakimiyyətinə ayrılıb.
Bəhs olunan Sərəncamın icrası yüksək səviyyədə təmin edilib. 2018-ci ilin 9 ayında Bakı şəhərində 19 məktəb tikilib və yaxud əsaslı təmir olunub. Demək olar ki, Bakı şəhərinin məktəblərinin əksəriyyəti artıq yaxşı vəziyyətdədir. Cari ildə ölkə üzrə məktəb tikintisinə dair statistika da kifayət qədər zəngindir. Bu il Azərbaycanda 200-dən çox məktəb tikilib və yaxud təmir olunub.
Ölkə boyu 2004-cü ildən bəri yeni təhsil müəssisələrinin tikilməsi və yaxud mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması sayəsində 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb. Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimindəki çıxışında ölkəmizdə təhsilin inkişafı məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirildiyinə diqqət çəkərək vurğulayıb ki, Azərbaycanda təhsilə çox böyük diqqət yetirilir. Dövlət başçısı yeni məktəblərin inşasını təhsil sahəsinə böyük töhfə kimi dəyərləndirərək deyib: “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir”.
Respublikamızda təhsil infrastrukturunun müasirləşdirilməsi proqramı çərçivəsində yeni layihə də uğurla icra edilir. Söhbət regionlarda kontingenti az olan təhsil ocaqları üçün modul tipli məktəb binalarının quraşdırılıb istifadəyə verilməsindən gedir. 2017-ci ildə respublikanın 40 rayonunda təxminən beş min şagirdi əhatə edən yüz modul tipli məktəb inşa edilib. Quraşdırılması asan başa gələn modul tipli məktəblərin inşası 2018-ci ildə də davam etdirilir. Cari ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında 1332 şagird yerlik modul tipli 22 məktəbin, Lənkəran, Lerik və Astara rayonlarında 860 şagird yerlik modul tipli 16 məktəbin, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında 824 şagird yerlik modul tipli 12 məktəbin inşası nəzərdə tutulub. Ümumiyyətlə, ölkə ərazisində qəzalı məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramının gələn il başa çatdırılması hədəflənib. “Ucqar kəndlərdə, kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib. O kəndlərdə ümumiyyətlə məktəblər qəzalı vəziyyətdə idi. Qəzalı məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramı da ümid edirəm ki, gələn il başa çatacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Respublikamızda müəllimlər həm cəmiyyətin, həm də dövlətin inkişafında çox mühüm vəzifəni yerinə yetirirlər
Müəllim əməyini yüksək qiymətləndirən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev deyirdi: “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”. Həqiqətən də, ölkənin inkişafında, gənclərin sağlam ruhda böyümələrində müəllimlərin rolu əvəzsizdir. Yeri gəlmişkən, Azərbaycan müəllimlərinin XV qurultayında çıxış edən Baş nazirin müavini Əli Əhmədov deyib ki, insanın taleyi, gələcəyi, öz ailəsinə, cəmiyyətə, dövlətə xidməti valideynlərin verdiyi tərbiyə ilə yanaşı, məktəbin və müəllimlərin verdiyi bilik və vərdişlərdən də bilavasitə asılıdır. Bu baxımdan, müəllimlər, sözün həqiqi mənasında, həm insanın, həm cəmiyyətin, həm də dövlətin inkişafında çox mühüm vəzifəni yerinə yetirirlər.
Sevindirici haldır ki, respublikamızda təhsilin inkişafına göstərilən diqqət və qayğı sayəsində cəmiyyətdə müəllim peşəsinin nüfuzu artıb. Qurultayda da bildirildiyi kimi, son illərdə müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım qeydə alınıb. Son 5 ildə ölkə miqyasında 18 min 136 müəllim işə qəbul olunub, kənd məktəblərində fəaliyyətə başlamış 11 min 600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib. Gənclərdə müəllimlik peşəsinə marağın artması da diqqətəlayiq haldır. Qurultayda da qeyd edildiyi kimi, qəbul imtahanlarında 500 və daha çox bal toplayan abituriyentlər arasında müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu isə 2014-cü illə müqayisədə 2,3 dəfə artım deməkdir. Ümumi təhsil sistemində çalışan 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Prezident İlham Əliyev yuxarıda bəhs olunan təbrik məktubunda Azərbaycan cəmiyyətində müəllimin nüfuzunun artmasını müsbət dəyərləndirərək deyib: “Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlmiş, istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artmışdır. Qazanılan uğurlar dövlətin təhsil sahəsinin davamlı inkişafına diqqət və qayğısının təzahürü, eyni zamanda, Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir”.
Ölkədə peşə hazırlığı iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşdırılır
Onu da qeyd edək ki, müəllimlərin XV qurultayı çərçivəsində keçirilən panel iclaslarında müasir dövrdə respublikamızda təhsilin aktual məsələləri ətrafında məhsuldar müzakirələr aparılıb və səmərəli təkliflər səsləndirilib. “Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği” mövzusunda keçirilən sessiyada son beş ildə ölkəmizdə peşə təhsili sisteminin inkişafından danışılıb.
Məlum olduğu kimi, Azərbaycanın hərtərəfli inkişafı ciddi konseptual əsaslandırmalara söykənir. Respublikamızda müntəzəm olaraq bu və ya digər prioritet sahənin üstün inkişafını hədəfləyən Dövlət proqramları hazırlanaraq qəbul edilir. Bu isə o deməkdir ki, ölkəmizdə əmək bazarının tələbləri daim dəyişir. Kadr hazırlığı da əmək bazarının dəyişən tələblərinə uyğun qurulmalıdır. Yeri gəlmişkən, Prezident İlham Əliyev Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində ölkəmizdə iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış peşə məktəblərinin yaradılmasına böyük etiyac olduğunu nəzərə çatdıraraq deyib: “Kadr hazırlığı məsələləri böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, növbəti illərdə peşə hazırlığı Azərbaycanda geniş vüsət almalıdır və buna böyük ehtiyac var. Peşə məktəblərinin yaradılması prosesi gedir, daha da sürətlə getməlidir. Bu proses iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır. Biz iqtisadi inkişafımızı planlaşdırırıq. Bizim regional inkişaf proqramlarımız dərc olunur. Yəni, biz öz beşillik fəaliyyət planımızı tərtib edirik və eyni zamanda, sənaye, kənd təsərrüfatı və digər sahələrlə bağlı proqramlar bizə yol göstərir. Ona görə peşə hazırlığı buna uyğun şəkildə aparılmalıdır. Nə qədər və hansı istiqamətdə peşə məktəbləri olmalıdır? Kənd təsərrüfatı, sənaye, turizm sahələrində ixtisaslaşmış peşə məktəblərinin yaradılmasına böyük ehtiyac var, çünki bu sahələr bundan sonra da Azərbaycanda sürətlə inkişaf edəcək”.
Azərbaycan müəllimlərinin XV qurultayında da qeyd edildiyi kimi, son illərdə respublikamızda peşə təhsilinin maddi-texniki bazasının gücləndirilməsi və genişləndirilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılıb. Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda peşə təhsili ilə bağlı xüsusi müddəalar öz əksini tapıb, həmçinin 2016-cı ildə Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Dövlət başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiqlənib. Ciddi təhlillər və qabaqcıl dünya təcrübəsi əsasında hazırlanan sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyən edilib. Burada işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, nəticələrə əsaslanan güclü maliyyələşdirmə sisteminin formalaşdırılması, məqsədli peşə inkişafı proqramlarının hazırlanması, sektorlar üzrə spesifik proqramların yaradılması, peşə təhsili və təlimi üzrə məqsədlərə çatılmasına təkan verəcək vasitələrin tətbiqi kimi strateji hədəflər müəyyənləşdirilib.
Bütövlükdə, ölkəmizdə peşə təhsilinin inkişafına göstərilən davamlı maddi və siyasi dəstək tədbirləri öz müsbət nəticələrini verir. Son illərdə respublika miqyasında peşəyönümlü müəssisələrin, o cümlədən də peşə təhsili mərkəzlərinin coğrafiyası regionlara doğru əhəmiyyətli dərəcədə genişlənib. İndiyədək ölkə üzrə 32 ilk peşə-ixtisas təhsili müəssisəsinin bazasında 13 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Müsbət tendensiyalardan biri də odur ki, getdikcə daha çox sayda gənc peşə-təhsil müəssisələrinə üz tutur.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 555 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31