Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

06.03.2019 [09:52]

İclasda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin illik məruzəsi təqdim olunub
Martın 5-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın müzakirəsinə 18 məsələ çıxarılıb. İclasda ilk olaraq Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ombudsmanın 2018-ci il üçün illik məruzəsini təqdim edib. E.Süleymanova bildirib ki, illik məruzə qanuna uyğun olaraq Azərbaycan Prezidentinə, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş Prokurorluğa göndərilib. İllik məruzədə müvəkkilin mülki və siyasi, iqtisadi, sosial və mədəni hüquqların, habelə müxtəlif əhali qruplarının hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti, həmçinin insan hüquqları üzrə maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlər, elmi-analitik sahədə fəaliyyəti, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələri, beynəlxalq əməkdaşlıq məsələləri, eyni zamanda, insan hüquqlarının səmərəli təmin edilməsinə, əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələri əksini tapıb.
Məruzədə bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyi 2018-ci il tarixi hadisələrlə zəngin olub. Ölkəmizdə prezident seçkiləri keçirilib. Dövlətimizin başçısı İlham Əliyev seçkilərdə inamlı qələbə qazanaraq növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilib. Seçkilər yüksək fəallıq şəraitində, demokratik, azad, şəffaf, ədalətli, qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilib, ölkəmizin hüquqi, demokratik dövlət quruculuğu və milli dövlətçilik prinsiplərinə sadiqliyini, xalqımızın öz Prezidentinə yüksək etimadını və dəstəyini bir daha təsdiqləyib.
Dərin islahatlar ili olan 2018-ci ildən sosial problemlərin həllinə yönəlmiş Fərman və sərəncamlar, xüsusən bu günlərdə Azərbaycan Prezidentinin iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə verdiyi bir çox tapşırıqlar, o cümlədən problemli kreditlərin həlli əhalinin bütün qruplarını əhatə etməklə dövlətin ali məqsədi olan insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir. “ASAN xidmət”, “ABAD”, “DOST”, “DAİM” mərkəzləri, KOB evləri, Əmlak Xidmətləri Məkanı, habelə Qida Təhlükəsizliyi Agentliyi və digər prioritet məsələlər üzrə yeni qurumlar yaradılıb ki, bunlar da birbaşa və ya dolayısı ilə insan hüquqlarının daha səmərəli təmin edilməsinə yönəlib.
E.Süleymanova qeyd edib ki, 2018-ci ildə pozulmuş hüquqların bərpası və ya pozulmasının qarşısının alınması istiqamətində dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq davam etdirilib. Hüquq mədəniyyətinin yüksəldilməsinə və hüquqi biliklərin yayılmasına xidmət edən, o cümlədən ənənəvi olaraq insan hüquqları üzrə aylıqlar çərçivəsində geniş maarifləndirmə tədbirləri həyata keçirilib. 2018-ci ildə Müvəkkilin ünvanına ümumilikdə 20 min 400 müraciət daxil olub, icraata qəbul edilmiş şikayətlərin 63,5 faizi təmin olunub. Sosial təminat hüququ, o cümlədən pensiyaların yenidən hesablanması, birdəfəlik yardım, müavinət, əlillik dərəcəsinin təyin olunması, sanatoriya-kurort yollayışının verilməsi ilə bağlı bir sıra müraciətlər araşdırılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həllini tapıb. Respublikanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ötən il 626 mənzilin verilməsi bu qəbildən olan insanların sosial rifahının yüksəlməsinə xidmət edib.
Eyni zamanda, vətəndaşların təhsil hüququnun daha səmərəli təmin olunması məqsədilə son illərdə yeni məktəb binaları tikilib, 3200-dən çox məktəb binasında tikinti və əsaslı təmir işləri aparılıb, tədris və dərs vəsaitləri, müasir avadanlıqla təchizat yaxşılaşdırılıb. Ötən il 43 rayonda 140-dan çox modul tipli məktəb quraşdırılıb.
Məlumat verilib ki, ötən il vətəndaşlarda haqlı narazılıq doğuran pozuntulara görə 14 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 4 məhkəmə sədri aşağı işə keçirilib, 6 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfər tutduğu vəzifədən azad edilib, 1 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. 2018-ci ildə aparılmış xidməti yoxlamaların nəticələri əsasında müxtəlif nöqsan və çatışmazlıqlara yol verdiklərinə görə 31 prokurorluq işçisi, daxili işlər orqanlarının 399 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
Sənəddə göstərilir ki, Müvəkkil və onun Milli Preventiv Qrupu ölkə ərazisində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 240-dək müəssisəyə, o cümlədən müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, təhsil, səhiyyə, sosial, miqrasiya və dövlət uşaq müəssisələrinə əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə 343, o cümlədən plan üzrə 220, plandankənar 123 başçəkmə keçirib.
Saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti, qidalanma, tibbi xidmətin vəziyyəti öyrənilib, konfidensiallıq təmin olunmaqla ümumilikdə 3 min 114 saxlanılan şəxslə görüşlər keçirilib, müraciətlər yerində araşdırılıb, müvafiq tədbirlər görülüb, tövsiyələr verilib. Cəza siyasətinin humanistləşməsi və alternativ cəzaların tətbiqi ilə əlaqədar məhkəmələr tərəfindən 6 minə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib, 4200-dən çox şəxs cəzadan azad olunub, yaxud cəza müddətləri azaldılıb, 900-dən çox məhkuma elektron qolbaq tətbiq edilib. İndiyədək ölkəmizdə 11 amnistiya aktının, 64 əfv Fərman və Sərəncamının icrası nəticəsində minlərlə insan cəzadan azad edilərək cəmiyyətə və ailələrinə qovuşub.
Milli Məclisin sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova ombudsmanın illik məruzəsini müsbət qiymətləndirib. O, məruzənin rəhbərlik etdiyi komitədə də geniş müzakirə edildiyini diqqətə çatdırıb. B.Muradova bildirib ki, ölkəmizdə insan hüquqlarının qorunması sahəsində həm qanunverici əsasda, həm də icraatda böyük nailiyyətlər əldə olunub. Azərbaycan Prezidentinin ardıcıl olaraq imzaladığı Fərman və sərəncamlar, ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması insan haqlarının və azadlıqlarının daha yüksək səviyyədə təmin olunmasına imkan yaradır. Belə münbit şəraitdə ombudsman təsisatı da öz işini lazımi səviyyədə qura bilir.
“Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atıldı, bu istiqamətdə mövcud problemlər aradan qaldırıldı. Nə postsovet, nə də Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət edilmir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov müzakirələr zamanı çıxış edərkən deyib. İnsanların hüquqlarının qorunması ilə bağlı Azərbaycanda mühüm işlərin görüldüyünü deyən deputat söyləyib ki, Azərbaycan Prezidentinin hüquqları da qanunla qorunur.
“Lakin bu gün qanuna əməl etməyən, ölkədən kənarda fəaliyyət göstərən bir qrup insan var ki, onlar nə ictimaiyyətin fikirlərinə, nə də qanunlara baxırlar. Həmin şəxslərin fəaliyyətləri silahlı basqına, müxtəlif çağırışlara yönəlib. Ombudsman həmin şəxslərin fəaliyyət göstərdikləri ölkələrin ombudsmanlarına müraciət etməlidir. Cənab Prezidentin hüquqları qanunla qorunduğu üçün ombudsman tərəfindən də bu məsələyə diqqət edilməldir”, - deyə S.Novruzov vurğulayıb.
Müzakirələr zamanı çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, millət vəkilləri Sahib Alıyev, Əflatun Amaşov, Qənirə Paşayeva, İlham Məmmədov və digərləri məruzə haqqında fikirlərini bildiriblər.
Müzakirələrdən sonra illik məruzə səsə qoyularaq nəzərə alınıb.
Daha sonra Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda şərh edib.
Əli Hüseynli, həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişikliyə uyğun olaraq reklam yerləşdirilməsi üçün nəzərdə tutulan ərazi 60 kvadratmetrdən az olduqda tikintiyə icazə sənədinin alınmasına ehtiyac olmayacaq. Bu reklam qurğularının quraşdırılması və sökülməsi qaydası “Reklam haqqında” qanuna təklif edilən dəyişikliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilir. Habelə “Reklam haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, reklama dair icazə özündə texniki şərtlər pasportunu da əks etdirir. Prosedur qaydaların sadələşdirilməsi məqsədilə icazə müqaviləsinin ləğvi təklif edilib. Müvafiq olaraq İnzibati Xətalar Məcəlləsində də dəyişikliklərin edilməsi təklif olunur.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Reklam haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev “Gənclər siyasəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib.
Sonra Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini şərh edən komitə sədri Əli Hüseynli bildirib ki, dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib. Məcəllənin 11-ci maddəsinə edilən dəyişiklik müvafiq qurumlar tərəfindən tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasının və tikinti fəaliyyəti sahəsində göstərdikləri xidmətlərin ödənişli əsaslarla həyata keçirilməsini nəzərdə tutur.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini şərh edib. Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsinə əsasən məcəllənin 56-cı maddəsinə 10-cu bəndin əlavə edilməsi təklif olunur. Qanun layihəsi tikinti məqsədləri üçün torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etmiş şəxsə həmin torpaq sahəsində aparıla biləcək tikinti barədə əvvəlcədən xidmət haqqı ödəməklə rəy verilməsini nəzərdə tutur. Bu rəyin məqsədi torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin yerləşdiyi ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu müəyyən etməkdir. Nəticədə, torpaq sahəsini əldə edən şəxs orada hansı tikilini apara bilməsini proqnozlaşdıra biləcək, öz ehtiyaclarına uyğun torpaq sahəsini əldə etməsi imkanı yaranacaq, habelə gələcəkdə istədiyi tikilini həyata keçirmək problemi ilə qarşılaşması ehtimalı aradan qalxacaq.
Daha sonra parlamentin komitə sədri Ziyad Səmədzadə “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanun layihəsi Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunub. Dövlətimizin başçısının 2016-cı ildə imzaladığı dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı Fərmanından irəli gələn tapşırıqlara əsasən müvafiq qurumlar bu istiqamətdə lazımi addımlar atırlar. Təqdim olunan qanun layihəsi müəssisələrin borclarının silinməsi, onların səmərəli fəaliyyətinin bərpası üçün önəmli rol oynayır. Bu sənəd özəlləşdirilməsi nəzərdə tutulan 137 müəssisəni əhatə edir.
Qanun özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi məqsədi daşıyır. Sənəddə deyilir ki, dövlət əmlakının (müəssisəsinin) satıcısı müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurum ilə birlikdə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət əmlakının (müəssisəsinin) bu qanunun qüvvəyə minmə tarixinə olan əmlak və torpaq vergiləri üzrə borclarını dəqiqləşdirir. Özəlləşdirilən dövlət əmlakının (müəssisəsinin) qiymətləndirilməsi zamanı onun balans öhdəliklərində əks olunmuş debitor və kreditor borcları özəlləşdirmə planında ayrıca göstərilir.
Layihədə bu qanunun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borclarının silinməsi qaydaları əks olunub. Qaydalara görə, dövlət əmlakının özəlləşdirildiyi vaxtdan etibarən bir il ərzində bu borcların 30 faizi ödənildikdə ödənilməmiş borcların 70 faizi, iki il ərzində 50 faizi ödənildikdə ödənilməmiş borcların 50 faizi, üç il ərzində 70 faizi ödənildikdə isə ödənilməmiş borcların 30 faizi silinir.
Milli Məclis sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, qanun layihəsi xüsusi mühafizə olunan təbiət ərazilərinin yeni bir növünü - geoloji parkları müəyyən edir. Geoloji parklar dedikdə xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi ərazilər nəzərdə tutulur.
Deputatlar həmçinin “Pasportlar haqqında” qanuna dəyişikliklər ediblər.
İclasda, eyni zamanda, “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda, inzibati Xətalar Məcəlləsində, Mülki Prosessual Məcəlləsində və “İpoteka haqqında” qanunda, “Sığorta fəaliyyəti haqqında” qanunda, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə layihələr də ikinci oxunuşda qəbul olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 572 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31