Aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanın maliyyə imkanları əsaslı şəkildə artıb
22.06.2019 [09:19]
Prezident İlham Əliyev: İqtisadi sahədə aparılan islahatlara bu gün çox böyük diqqət göstərilir və bu islahatlar artıq nəticə gətirir
Qlobal miqyasda müşahidə edilən mənfi tendensiyalar, böhranlar fonunda ayrı-ayrı ölkələr iqtisadi inkişafla bağlı bir sıra çətinliklərlə üzləşirlər. İqtisadiyyatı bu və ya digər dərəcədə neft amili ilə bağlı olan dövlətlər üçün yaranan təhdidlərin miqyası isə daha genişdir. Yaşanan çətinliklərdən biri maliyyə çatışmazlığı ilə bağlıdır. Bir növ zəncirvari proseslər gedir. İqtisadiyyat lazımi templərlə inkişaf etmir, iqtisadi fəallıq aşağı düşür və təbii ki, ölkələrin gəlirləri azalır. Nəticədə həm iqtisadiyyatın özünün investisiya təminatı zəifləyir, həm də sosial sferaya tələb olunan həcmlərdə vəsait yönəltmək imkanları məhdudlaşır. Bu kimi çətinliklərlə üzləşən bəzi dövlətlərdə hətta maaşlar, pensiyalar, sosial müavinətlər belə ciddi şəkildə azaldılıb.
Azərbaycanın vəziyyəti isə tamam fərqli rakursdan diqqəti çəkir. Ölkəmiz son 15 ildə uğurla inkişaf edib və yeni iqtisadi şəraitdə də inkişafın ardıcıllığını təmin etmək əzmi nümayiş etdirir. Əsas məqamlardan biri də ondan ibarətdir ki, respublikamızda maliyyə kasadlığı qətiyyən hiss olunmur. Əksinə, respublikamız fəal investisiya siyasəti həyata keçirir, həm respublikanın daxilində, həm də ölkə hüdudlarından kənarda irimiqyaslı layihələr reallaşdırır, eyni zamanda, əhalinin rifah halının daha yüksək səviyyəyə qaldırılmasına, vətəndaşların gəlir imkanlarının artırılmasına böyük həcmlərdə vəsait yönəldir.
Təbii ki, ölkəmizin yüksək inkişafını şərtləndirən bir sıra amillər sadalamaq mümkündür. Əsas məqam isə ondan ibarətdir ki, Azərbaycan özünün praqmatik və ardıcıl səciyyə daşıyan siyasətində qlobal çağırışları nəzərə alaraq özünün strateji inkişaf paradiqmalarını və qarşıya qoyulan məqsədlərə çatmaq üçün səmərəli fəaliyyət istiqamətlərini müəyyənləşdirir. O cümlədən respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq islahatlar dönməz xarakter alıb.
Ölkəmizdə Aparılan islahatlar bütün sahələrdə özünün müsbət nəticələrini verir
Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmiz Prezident İlham Əliyevin siyasi qətiyyəti və qəbul etdiyi mühüm qərarlar sayəsində yeni iqtisadi modelə keçidi, transformasiya proseslərini uğurla təmin etməyə nail olub. Son illərdə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Qabaqcıl dünya təcrübəsinin, müasir təsərrüfatçılıq metodlarının, yeni təşəbbüslərin tətbiqinə, liberal transformasiyalara uğurlu keçidin təmin olunmasına hesablanan kompleks islahatlar postneft dövründə milli iqtisadiyyatımızın inkişafı üçün münbit zəmin rolunda çıxış edərək onun qarşısında yeni perspektivlər açıb. Əsas məqamlardan biri ondan ibarətdir ki, islahatlar kompleks səciyyə daşıyır və bir-birini tamamlayır. Prezident İlham Əliyev ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunda inklüzivliyin daha da artırılması, sahibkarların vergi yükünün azaldılması yolu ilə vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin sadələşdirilməsi və şəffaflığın təmin olunması, istehsal imkanlarının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin yaradılması və sosial sfera da daxil olmaqla digər sahələri əhatə edən Fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb.
Yeni şəraitdə ölkədə aparılan islahatların böyük bir qismi biznes mühitinin daha da optimallaşdırılmasına istiqamətləndirilib. Belə ki, respublikada Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb.
Yeni şəraitdə respublikamızda aparılan iqtisadi islahatlar çərçivəsində ölkədə ixracın səmərəli təşviqi mexanizmi işə salınıb ki, burada da əsas məqsədlərdən biri xarici bazarlara daha çox mal çıxartmaqla ölkəyə valyuta daxilolmalarını artırmaqdır.
Eyni zamanda, daxili istehsalın dəstəklənməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər böyük aktuallıq daşıyır. Qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının genişləndirilməsi məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan məhsullar üzrə idxala spesifik rüsumlar tətbiq edilir. Milli sahibkarlar ölkədə daxili istehsalın dəstəklənməsinə yönələn tədbirlərdən maksimum dərəcədə bəhrələnməyə çalışırlar. Təsadüfi deyil ki, özəl bölmə təmsilçiləri son vaxtlarda istehsal təyinatlı müəssisələrin yaradılmasına məmnuniyyətlə investisiyalar yönəldirlər.
Aparılan islahatlar indiki şəraitdə Azərbaycanın müqavimət gücünü artıran və ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açan fundamental faktorlar qismində çıxış edir. Ardıcıl şəkildə həyata keçirilən islahatlar Azərbaycanı iqtisadi cəhətdən müstəqil dövlətə çevirib. Qürur doğuran haldır ki, bu gün respublikamız yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyata malikdir və heç bir kənar maliyyə mənbəyindən asılı deyil. Əksinə, özünün iqtisadi və maliyyə müstəqilliyini təmin edən Azərbaycan ölkə xaricində də nəhəng investisiya layihələri həyata keçirir. Bütövlükdə son 15 ildə həyata keçirilən müxtəlif təşviq tədbirləri, islahatlar və maliyyə təminatının gücləndirilməsi sayəsində milli iqtisadiyyatımız 3,3 dəfədən çox genişlənib. O cümlədən cari ilin birinci rübündə ölkə üzrə ümumi daxili məhsul 3 faizdən çox artıb. Qeyd edək ki, bu, son illərin ən yüksək göstəricisidir.
Deyilənlərdən də göründüyü kimi, Azərbaycanın son 15 ildə və 2019-cu ilin birinci rübündə yüksək iqtisadi inkişaf göstəriciləri qazanmasında məqsədyönlü şəkildə həyata keçirilən islahatların kifayət qədər böyük rolu olub. Ölkəmiz bundan sonra da islahatlar yolu ilə gedəcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bildirib ki, islahatların alternativi yoxdur: “Biz ötən il keçirilmiş prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə qədəm qoyduq. Prezident seçkiləri ərəfəsində islahatların anonsu verildi və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılmışdır, hazırlıq işləri aparılmışdır. Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır”.
Maliyyə imkanlarının genişlənməsi ölkənin uğurlu inkişafını şərtləndirən çox mühüm amildir
Ölkədə aparılan iqtisadi islahatların nəticəsi olaraq Azərbaycanın maliyyə imkanları əsaslı şəkildə artıb ki, bu da respublikamızın uğurlu inkişafını şərtləndirən çox mühüm amildir. Məlumdur ki, son 15 ildə bütün respublika üzrə yüksəksəviyyəli infrastruktur quruculuğu həyata keçirilib. Belə ki, bəhs olunan dövrdə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda respublikamız həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb. Hazırda respublikamızda qazlaşdırmanın səviyyəsi 95 faizə çatdırılıb ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Əgər 2004-cü ildə ölkədə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2018-ci ildə bu göstərici 67 faizə çatdırılıb. Perspektivdə isə respublikada əhalinin su təchizatının daha yüksək səviyyəyə çatdırılması hədəflənib. Son 15 ildə respublikamızda 15 min kilometrdən çox yol çəkilib, 443 körpü tikilib. Respublikanın regionlarında hazırda istifadə olunan torpaqların su təminatının yaxşılaşdırılması və yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi üçün uğurla reallaşdırılan layihələrin statistikası da kifayət qədər zəngindir. Son 15 ildə ölkə üzrə 390 min hektar sahədə torpaqların su təminatı və 261 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 146 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib.
Eyni zamanda, Azərbaycan son 15 ildə regionda qlobal əhəmiyyət daşıyan bir sıra nəqliyyat və enerji layihələrinin reallaşdırılmasına böyük həcmlərdə investisiyalar yönəldib. Respublikamızın iştirakı ilə ərsəyə gələn həmin layihələr bu gün regionda yeni müsbət reallıqların yaranmasında, əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır.
Bəhs olunan dövrdə ölkə daxilində və regionda nəhəng infrastruktur layihələrinə böyük həcmlərdə sərmayələr yönəltməsinə baxmayaraq, respublikamız həmçinin özünün valyuta ehtiyatlarını əhəmiyyətli dərəcədə artırmağa nail olub.
Hazırda Azərbaycan təxminən 45 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir ki, bu da kifayət qədər böyük rəqəmdir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizin valyuta ehtiyatlarının artmasından məmnunluğunu bildirərək “Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik. Bu, bizə imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır”, - deyə vurğulayıb.
Azərbaycanın yüksək maliyyə təminatına malik ölkəyə çevrilməsinə respublikamızın investisiya cəlbediciliyinin artırılması da öz müsbət təsirini göstərir. Hazırda milli iqtisadiyyatımız daxili və xarici sərmayələr üçün yüksək cəlbediciliyə malikdir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, son 15 ildə respublikamıza müxtəlif mənbələrdən 250 milyard dollardan çox investisiyalar yönəldilib. Ayrı-ayrı ölkələrin sərmayə cəlbediciliyi baxımından ciddi problemlərlə üzləşdiyi bir vaxtda respublikamıza bəhs olunan həcmdə sərmayələr yönəldilməsi ilk növbədə Azərbaycanın müsbət reallıqları ilə bağlıdır. Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi və əlbəttə ki, möhkəm daxili sabitlik yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir.
Deyilənlərlə yanaşı, onu da qeyd edək ki, yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə 2016-cı il 18 yanvar tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub. Azərbaycanın dövlət başçısı ölkənin investisiya cəlbediciliyini artırmaq məqsədilə daha bir neçə sənəd imzalayıb.
Ölkəmizdə investisiya təşviqi mexanizminin işə salınması öz müsbət nəticəsini verir. Siyasi dəstək tədbirləri, hüquqi bazanın möhkəmləndirilməsi investorlarda iqtisadiyyatın müxtəlif sahələrinə sərmayələr yönəltməyə böyük maraq yaradıb. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, təkcə 2019-cu ilin birinci rübündə müxtəlif mənbələrdən respublikamıza 2,8 milyard dollar investisiya qoyulub ki, bunun da 2 milyardı qeyri-neft iqtisadiyyatına yönəldilib. Bütövlükdə, cari ilin birinci rübündə ölkədə aparılan məqsədyönlü islahatların nəticəsi olaraq ölkəmizin gəlirləri artıb. Cari il mayın 27-də “Buta” sarayında Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində bunu nəzərə çatdıran Prezident İlham Əliyev bildirib: “İqtisadi sahədə aparılan islahatlara bu gün çox böyük diqqət göstərilir və bu islahatlar artıq nəticə gətirir. Nəticə ondan ibarətdir ki, büdcə daxilolmaları artır. Bu ilin əvvəlindən büdcə daxilolmaları böyük dərəcədə - yüz milyonlarla manat həcmində artmışdır. Bu, bizə əlavə imkanlar yaradır ki, ilk növbədə sosial sahədə bu artım özünü göstərsin”.
Beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatlara müsbət qiymət verirlər
Əlamətdar haldır ki, respublikamızın sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurlar, ölkədə aparılan islahatların səmərəliliyi beynəlxalq səviyyədə də etiraf olunur. Son vaxtlarda Davos İqtisadi Forumunun, Avropa Yenidənqurma və İnkişaf Bankının və digər nüfuzlu beynəlxalq qurumların hesabatlarında respublikamızın müsbət reallıqları, uğurla reallaşdırılan yeni nəsil iqtisadi islahatlar və inkişaf perspektivləri ilə bağlı müsbət dəyərləndirmələr öz əksini tapıb. Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində ölkəmizin uğurlarının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsindən məmnunluğunu bildirib: “Bu gün iqtisadi sahədə aparılan islahatlar bütün mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, bizim tərəfdaşlarımız Azərbaycana böyük kreditlər verirlər. Nəyə görə? Ona görə ki, bizə inanırlar. Birinci növbədə görürlər ki, islahatlar səmərə verir, digər tərəfdən Azərbaycanın uğurlu gələcəyinə inanırlar. Əgər belə olmasaydı, milyardlarla dolları Azərbaycana kredit şəklində verərdilərmi? Əlbəttə ki, yox”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, öz növbəsində, “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Hesabata əsasən, respublikamız dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44

