Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qondarma “Milli şura” və AXCP terrorçunu “qəhrəmanlaşdırma” kampaniyasına dəstək verir

Qondarma “Milli şura” və AXCP terrorçunu “qəhrəmanlaşdırma” kampaniyasına dəstək verir

09.07.2019 [10:23]

Əli Kərimli və onun rəhbərlik etdiyi partiya qanunsuz radikal qruplaşmaları qınamaq yerinə, onları müdafiə edən bəyanatlar verir, həmin şəxsləri qondarma “vicdan məhbusu” siyahılarına salır
Yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda bütün sahələrin paralel inkişafı təmin edilir. Ölkəmiz iqtisadi qüdrətini artırmaqla yanaşı, demokratik inkişaf yoluna da hər zaman sədaqət nümayiş etdirib. Ümumiyyətlə, hüquqi dövlət olan Azərbaycanda qanunun aliliyi təmin edilir, demokratik dəyərlərə hörmətlə yanaşılır. İnsan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu və təmin edildiyi ölkəmizdə siyasi sabitlik mövcuddur.
Təəssüfləndirici haldır ki, Azərbaycanın dinamik inkişafından, həyata keçirilən sosial-iqtisadi islahatlardan narahatlıq keçirən, ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq istəyən bir sıra xarici anti-milli qüvvələr zaman-zaman müxtəlif təxribatlara əl atır. Bu mənada din pərdəsi arxasında gizlənən və öz çirkin əməllərini həyata keçirməyə niyyətlənənlərə də rast gəlinir. Qeyd edilməlidir ki, məhz din adı altında terror əməlləri həyata keçirməyə çalışanların hüquqazidd fəaliyyəti, onların məkrli niyyətləri ölkəmizdəki vətəndaş birliyini və sabitliyi hədəfə alıb. “Milli şura” adlanan qondarma qurum və AXCP də məhz belələrini, yəni terrorçunu “qəhrəmanlaşdırma” kampaniyasına dəstək verir, ötən il baş vermiş qanlı Gəncə hadisələrinə görə həbs olunanları “məsum insan” kimi təqdim edir. Bu azmış kimi, Əli Kərimli və onun rəhbərlik etdiyi partiya “Hüseyniyyun”, “Müsəlman Birliyi” kimi radikal dini qruplaşmaları qınamaq yerinə, onları müdafiə edən bəyanatlar verir, həmin şəxsləri qondarma “vicdan məhbusu” siyahılarına salır.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ötən il Gəncədə baş vermiş terror aktlarının ildönümü ilə bağlı KİV-lərə xüsusi açıqlamasında bildirib ki, dini şüarlarla pərdələnən, təxribatçı, niyyəti dövlətlə xalq arasında inamsızlıq, mümkün olarsa, düşmənçilik toxumları səpmək olan bəzi internet resurslarında Gəncədə törədilmiş terror aktının əsas personajı, Rusiya vətəndaşı Yunis Səfərovun Suriyada döyüşlərdə iştirakını təsdiqləyən kadrlar nümayiş etdirilir və onu əsl “qəhrəman” kimi populyarlaşdırmağa cəhdlər olunur, xanımının hadisədən dərhal sonra etdiyi müraciət təkrar-təkrar yayımlanır: “Təəssüf doğuran odur ki, özlərinin demokrat və dünyəvi dövlət tərəfdarı olduqlarını iddia edən bəzi müxalifət liderləri və fəalları da terroru təşviq edən belə bir kampaniyaya dəstək verir, ifrat ekstremizmi özünə ideologiya seçmiş xarici qruplaşmaların istifadə etdiyi şüarları təkrarlayır, bu səpkidə çağırışlar səsləndirir, ölkəmizin çoxəsrlik dini dözümlülük mühitini, tolerant imicini şübhə altına alırlar”.
Prezidentin köməkçisi həm də qeyd edib ki, demokratiya dəyərlərinə sadiq olduğunu iddia edən bu tipli müxalifətin əslində həmin dəyərlərə qənim kəsilənləri, radikalizmi, ifrat dini fundamentalizmi dəstəklədiyi göz önündədir. Ə.Həsənov vurğulayıb ki, demokrat və dünyəvi olduqlarını vurğulayanlar mövqe və demokrat prinsipiallığı nümayiş etdirərək bu tipli anti-Azərbaycan dairələrini və onların ölkəmizdəki uzantılarını qınamaq əvəzinə, terror aktlarına görə həbs olunmuş şəxsləri qəhrəmanlaşdırır, merkantil maraqların təminatı, yeni maliyyə imkanları əldə etmək naminə onları vicdan məhbusu elan edərək xüsusi siyahılara salır, azadlığa buraxılmalarına çalışırlar.
Ümumiyyətlə, radikal müxalifətin, demək olar ki, bütün məsələlərə milli maraqlardan deyil, yalnız şəxsi ambisiyalardan və korporativ mənafedən yanaşması çirkin bir ənənəyə çevrilib. İctimai qınaqdan, cəmiyyətin etirazından çəkinərək guya terrorçuları, radikal dini qrupları dəstəkləmədiklərini iddia etsələr də, onlar öz fəaliyyətləri ilə bunun əksini nümayiş etdirirlər. Məsələn, AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə terrora, separatizmə qarşı olduqlarını, eləcə də silahlı mübarizəni məqsədə çatma vasitəsi kimi qəti şəkildə istisna etdiklərini bildirsə də, yalan danışdığı gün kimi ortadadır. Görəsən, Ə.Kərimli ötənilki Gəncə hadisələrindən sonra xaricdəki emissarları vasitəsilə xalqı itaətsizliyə səsləmələrini nə tez unudub? Və ya keçirdiyi mitinqlərdə radikal dini qruplara istinad etməsini, konkret olaraq qanlı terror cinayəti törədən, günahsız insanların qanını tökən radikal dini qruplaşma rəhbərlərini təbliğ və tərif etməsini niyə yadından çıxarıb?
Əli Kərimlinin sosial şəbəkələrdə paylaşdığı bir başqa yalan isə guya Azərbaycanda insan hüquq və azadlıqlarının, eləcə də sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasıdır. Görəsən, illərdir paytaxtın əsas yerlərində mitinq keçirən Əli Kərimli bunu “sərbəst toplaşma azadlığı” hesab etmirmi? Bu gün istər sosial şəbəkələrdə, istər KİV-də söz azadlığı mövcuddur və bu azadlıqdan hətta sui-istifadə edən Əli Kərimli bunun əksini hansı haqla iddia edir?
Necə deyərlər, görünən dağa bələdçi lazım deyil. Əli Kərimli anlayır ki, cəmiyyət onların açıq şəkildə terroru dəstəklədiklərini, radikal dini qrupların arxasına sığınaraq öz məkrli niyyətlərini həyata keçirməyə çalışdıqlarını görür və onlara layiqli yerini göstərir. Azərbaycanda demokratik dövlətçilik ənənələrinin qorunması, daha da inkişaf etdirilməsi istiqamətində isə xalq-dövlət birliyi öz gücünü ortaya qoyur. Azərbaycan dövləti ölkəmizdə ara qarışdırmaq istəyən, fərqli xarici antimilli qrupların və ya dövlətlərin marağı ilə qanlı hadisələr törətməyə niyyətlənənlərin isə cavabını qanun çərçivəsində və ən layiqli şəkildə verir.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31