Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə Çin arasında dostluq və tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir

Azərbaycan ilə Çin arasında dostluq və tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir

26.09.2019 [09:51]

Prezident İlham Əliyev: Çox şadıq ki, ölkələrimiz arasındakı dostluq münasibətləri uğurla inkişaf edir, getdikcə yeni sahələri əhatə edir və gələcək üçün çox yaxşı perspektivlərə malikdir
Müasir dövrdə beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Yeni geostrateji şəraitdə milli dövlətlərin dünya siyasətində yeri və rolu həyata keçirilən xarici siyasətin səmərəliliyindən asılıdır. Çoxvektorlu və praqmatik strateji kurs milli maraqları təmin etməklə yanaşı, ölkələrin qarşısında yeni perspektivlərin açılmasını da şərtləndirir. Bir sözlə, milli dövlətlərin inkişafını və beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin edən çoxsaylı strateji faktorlardan biri həyata keçirilən daxili və xarici siyasətin müasir çağırışlara, milli maraqlara uyğun olmasıdır. İstər daxili, istərsə də xarici siyasətdə müəyyənləşdirilən strateji kursun fonunda yeni trendlərin nəzərə alınması, milli mənafeyə aid məsələlərdə prinsipial mövqedən çıxış edərək dövlətçilik maraqlarının əsas götürülməsi bu baxımdan xüsusi vurğulanmalıdır.
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
Azərbaycanın müstəqil milli dövlət kimi dinamik inkişaf yolunda inamla və əmin addımlarla irəliləməsini təmin edən strateji faktorlardan biri milli maraqlara əsaslanan, çoxvektorlu və praqmatik xarici siyasətin həyata keçirilməsidir. Bu strateji kurs respublikamızın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edib. Regional güc mərkəzi olan respublikamız həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bütövlükdə, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. O da qeyd edilməlidir ki, Azərbaycan region ölkələri ilə, işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu, bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyətə malikdir. Eyni zamanda, qlobal əhəmiyyətli transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli, üçtərəfli, hətta dördtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və səmərəli fəaliyyət göstərir.
Bütövlükdə, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Ümumiyyətlə, ekspertlər qeyd edirlər ki, ölkəmiz ilə əməkdaşlıq geosiyasi və geoiqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən ölkələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük əhəmiyyət verilir. Bu baxımdan qeyd edə bilərik ki, Azərbaycanla münasibətlərin inkişafı Çin Xalq Respublikası üçün də xüsusi strateji əhəmiyyətə malikdir.
Çin Avrasiya geosiyasi məkanında mühüm təsir imkanlarına malikdir
Azərbaycan-Çin münasibətlərinin inkişaf səviyyəsi və perspektivlərindən bəhs etməmişdən öncə vurğulamaq yerinə düşər ki, XXI əsrin iqtisadi güc mərkəzlərindən birinə çevrilən və özünün iqtisadi, demoqrafik potensialı ilə fərqlənən Çin müstəqil xarici siyasət kursuna malik olan milli dövlətlərin əməkdaşlıq etmək istədiyi mühüm aktorlardandır. 70 il öncə elan olunan Çin Xalq Respublikası Avrasiya geosiyasi məkanında ikitərəfli və çoxtərəfli səciyyə daşıyan qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verir. Belə ki, hazırkı dönəmdə Qafqaz, Xəzər-Qara-Baltik dənizləri coğrafiyası və Mərkəzi Asiyadakı bir sıra regional miqyaslı, qlobal xarakterli layihələrə xüsusi maraq göstərən Çinin diqqətini cəlb edən əsas layihələrdən biri TRACECA projesi çərçivəsində reallaşdırılan “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizidir. Çünki bu dəhliz geostrateji əhəmiyyət daşımaq etibarilə Çin və Mərkəzi Asiya məhsullarının ən qısa marşrut vasitəsilə operativ olaraq Avropaya daşınmasına imkan yaradacaq. Eyni zamanda, Asiyadan Avropaya qədər uzanan geosiyasi məkanda çoxvektorlu qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri formalaşdırmaqda maraqlı olan Çin enerji və nəqliyyat layihələrinin reallaşdırılmasına xüsusi əhəmiyyət verir. Dolayısıyla, XXI əsrin geostrateji reallıqlarının fonunda nəhəng Asiya dövləti bəhs etdiyimiz coğrafi məkanda yeni əməkdaşlıq platformalarının gerçəkləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Bu isə belə bir qənaətə gəlməyə imkan verir ki, dəyişən geostrateji reallıqlar fonunda Avrasiyada Çin gerçəkliyi nəzərə alınır. Nüfuzlu strateji araşdırma mərkəzləri Çinin dünya siyasətindəki mövqeyindən bəhs edərkən bu ölkənin təsir imkanları və perspektivlərini müəyyənləşdirmək üçün əhəmiyyətli amillərə diqqət yetirirlər. Əvvəla, Çin yeni dünya nizamında söz sahibi olan, dünya siyasi və iqtisadi proseslərini regional və qlobal miqyasda istiqamətləndirmək imkanlarına sahib “G-7” dövlətlərindən biridir. İkincisi, bu ölkə son 20 ildə dünyanın ən nəhəng iqtisadi və hərbi güclərindən birinə çevrilib (Çin daş kömür hasilatına, sement, polad, alüminium, pambıq parça istehsalına görə, həmçinin ötən əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq iqtisadiyyatın artım sürətinə görə dünyanın ən böyük dövlətləri arasında aparıcı yerlərdən birini tutur). Nəhayət, bu dövlət Birləşmiş Millətlər Təşkilatında mühüm institusional təsir imkanlarına malikdir.
Çin Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirir
Çin Xalq Respublikasının xarici siyasət konsepsiyasına nəzər saldıqda müşahidə etdiyimiz məqamlardan biri budur ki, bu ölkə müstəqil siyasət həyata keçirən, regional güc mərkəzi kimi çıxış edən dövlətlərlə, o cümlədən Azərbaycanla çoxşaxəli münasibətlərin inkişafına, əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verir. Tərəflər arasındakı əlaqələr çoxşaxəlidir və siyasi, iqtisadi münasibətlər, o cümlədən regional təhlükəsizlik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. İqtisadi əlaqələrdən bəhs edərkən ilk növbədə vurğulamaq gərəkdir ki, iqtisadiyyatın bütün sahələrində uğurlu inkişaf edən əməkdaşlıq münasibətləri ticari əlaqələrin perspektivi üçün mühüm strateji baza formalaşdırır. Ümumilikdə, mövcud olan siyasi-iqtisadi əməkdaşlıq əlaqələri bölgədə inteqrasiyanın sürətləndirilməsində önəmli rola malikdir. Bir sözlə, çoxtərəfli, bərabərsəviyyəli əməkdaşlığa əsaslanan Çin-Azərbaycan münasibətləri hər iki tərəfin milli maraqlarına xidmət etməklə yanaşı, müasir geostrateji reallıqların fonunda Cənubi Qafqaz bölgəsində, daha geniş anlamda Avrasiyada işbirliyi və təhlükəsizliyə fundamental töhfələr verir. Bütövlükdə ekspertlərin qənaəti budur ki, Azərbaycan-Çin əməkdaşlığı parlaq geostrateji perspektiv vəd edir və hər iki ölkənin siyasi, iqtisadi potensialı yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır.
Ümumiyyətlə, Çin ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev ölkəmizlə Çin arasında əlaqələrin dərinləşməsinə böyük önəm verirdi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev istər Azərbaycanda, istərsə də bu ölkədə Çinin yüksəksəviyyəli rəsmiləri ilə çoxsaylı görüşlər keçirib. Öz növbəsində Prezident İlham Əliyev də Çin Xalq Respublikasına dəfələrlə dövlət, rəsmi və işgüzar səfərlər edib. Dövlətimizin başçısının sonuncu səfəri isə bu ilin aprelində keçirilən “Bir kəmər, bir yol” Beynəlxalq forumu çərçivəsində olub. Tədbir çərçivəsində Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cipinlə görüşü keçirilib. Bu görüşdə tərəflər arasında münasibətlər müfəssəl müzakirə olunub, gələcək əməkdaşlıq üçün perspektivlər müəyyənləşdirilib. Prezident İlham Əliyevin Pekində keçirilmiş II “Bir kəmər, bir yol” forumunda iştirakı və Çin Xalq Respublikasının Sədri Si Cipin ilə görüşünün ardınca bu ölkənin Xarici İşlər nazirinin, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbərinin və bu günlərdə isə Çin parlamentinin sədrinin Azərbaycana səfər etməsi çoxşaxəli əlaqələrin dinamik xarakter daşıdığını və hər iki tərəfin münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini göstərir. Bu məqamda vurğulamaq yerinə düşər ki, Pekində keçirilmiş II “Bir kəmər, bir yol” forumuna Cənubi Qafqaz regionundan dövlət başçısı statusunda yalnız Prezident İlham Əliyev dəvət olunmuşdu. Çin parlamentinin sədri isə Cənubi Qafqaz regionu ölkələri sırasında yalnız Azərbaycana səfər edib.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanın Çinin etibarlı tərəfdaşı olduğu və əməkdaşlığımızın bundan sonra da dinamik surətdə inkişaf edəcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artması, nəqliyyat, sənaye, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, elm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb. Ölkələrimizin Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığına toxunulub. Azərbaycanda böyük həcmdə yüklərin ötürülməsinə qadir olan müasir nəqliyyat infrastrukturunun yaradıldığı, Çin mallarının Azərbaycan vasitəsilə dünya bazarlarına daşınması nəqliyyat sahəsində əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirilib. Dövlətimizin başçısı “Çox şadıq ki, ölkələrimiz arasındakı dostluq münasibətləri uğurla inkişaf edir, getdikcə yeni sahələri əhatə edir və gələcək üçün çox yaxşı perspektivlərə malikdir”, - deyə bildirib. Prezident İlham Əliyev deyib ki, siyasi münasibətlərin yüksək səviyyəsi digər sahələrdə də münasibətlərin inkişafına yaxşı zəmin yaradır: “Biz ölkələrimiz arasında əmtəə dövriyyəsinin xeyli artmasına şadıq. Şadıq ki, yeni müqavilələr bağlanır. Sizin ölkənizə sonuncu səfərim zamanı 10 müqavilə bağlanıb. Şadıq ki, Çin şirkətləri Azərbaycanda investisiya layihələrinə maraq göstərir, eləcə də imzalanmış müqavilələr çərçivəsində müxtəlif sahələrdə çalışaraq layihələr həyata keçirirlər. Bizdə artıq energetika, nəqliyyat, humanitar sahələrdə yaxşı nəticələr var. Şadıq ki, Çin Xalq Respublikasından yüklər Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. Həmçinin dediyim kimi, əmtəə dövriyyəsi artır, eləcə də Azərbaycandan sizin ölkənizə, sizdən isə bizə ixrac artır”.
Ölkəmizdə yaradılmış müasir nəqliyyat infrastrukturu və logistika imkanları Çindən Avropaya böyük həcmdə yüklərin daşınması üçün geniş perspektivlər vəd edir
İki ölkə arasında münasibətlərin inkişaf dinamikasından bəhs edərkən nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın əhəmiyyətini də xüsusi vurğulamaq gərəkdir. Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsi çərçivəsində bu ölkə Azərbaycanı mühüm tərəfdaş kimi görür. “Əlbəttə ki, nəqliyyat sahəsində əməkdaşlıqdan danışarkən qeyd etmək istərdim ki, biz Azərbaycanda böyük həcmdə yüklər nəql etməyə qadir olan müasir nəqliyyat infrastrukturu yaratmışıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Xatırlatmaq lazımdır ki, Çin Xalq Respublikasının Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.
Bütövlükdə, ölkəmizdə yaradılmış müasir nəqliyyat infrastrukturu və logistika imkanları Çindən Avropaya böyük həcmdə yüklərin daşınması üçün geniş potensial vəd edir. “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycanın nəqliyyat xidmətlərini inkişaf etdirməsi, müasir infrastruktur yaratması, daşımaların idarə olunması mexanizmini təkmilləşdirməsi və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirməsi bu kontekstdə mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, Azərbaycanın regional miqyasda əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verməsini təmin edən ən mühüm amillərdən biri ölkəmizin tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsidir. Qədim İpək Yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Azərbaycanda yaradılan müasir infrastruktur ölkəmizi Avrasiyada əsas strateji nəqliyyat qovşaqlarından birinə çevirib. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlər Azərbaycanın istər “Şimal-Cənub”, istərsə də “Şərq-Qərb” dəhlizlərində tranzit ölkə kimi mövqeyini daha da gücləndirməyə xidmət edir. Azərbaycan tərəfindən logistika və ticarətin inkişafı istiqamətində görülən işlər, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirilən kompleks tədbirlər, həmçinin qlobal miqyaslı təşəbbüslər Azərbaycanın sosial-iqtisadi inkişafına da mühüm töhfələr verir. Yəni bu reallıqlar Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir. Digər tərəfdən, Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşmasında mühüm rol oynayır. Respublikamız 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədi ilə yaradılan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin önəmli həlqəsinə çevrilib. Azərbaycan həmçinin bu strateji nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində davamlı investisiya yatırmaqla öz üzərinə düşən vəzifələri yerinə yetirir. Son illərdə BTQ dəmir yolunun, Ələtdə Beynəlxalq Limanın istifadəyə verilməsi və azad iqtisadi zonanın yaradılması nəticəsində Azərbaycanın kommunikativ rolu artıb: davam etdirilən işlər ölkəmizin Mərkəzi Asiyanı Qərblə, Cənubi Asiyanı isə Şimalla birləşdirən nəqliyyat qovşağına çevrilməsini şərtləndirir. Bütün bunlar isə Azərbaycana mühüm geoiqtisadi və geosiyasi üstünlüklər gətirir.
Azərbaycan-Çin münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən biri, qeyd etdiyimiz kimi, hər iki ölkənin beynəlxalq müstəvidə fəal əməkdaşlığı və bir-birini qarşılıqlı surətdə dəstəkləməsidir. Bu kontekstdə mühüm bir məqamı da ayrıca diqqətə çatdırmaq gərəkdir. Belə ki, Azərbaycan vahid Çin siyasətini dəstəkləyir. Çin isə öz növbəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini qəti şəkildə dəstəkləyir. Bunlarla yanaşı, parlamentlərarası əlaqələrin də iki ölkə arasında çoxşaxəli münasibətlərin inkişafında mühüm rolunu xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev bəhs olunan görüş zamanı bu məqamlara toxunaraq “Bizim beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığımızı da qeyd etmək istərdim. Bizim ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək bütün istiqamətlər üzrə münasibətlərin inkişafına yaxşı şərait yaradır. Parlament diplomatiyası çərçivəsində münasibətləri xüsusi qeyd etmək istərdim. Ölkələrimizin parlamentlərarası əlaqələri böyük əhəmiyyət kəsb edir və sizin Azərbaycana səfəriniz bunu bir daha vurğulayır”, - deyə bildirib.
Nəticə etibarilə, yüksələn xətt üzrə inkişaf edən Azərbaycan ilə Çin arasında dostluq və tərəfdaşlıq münasibətləri yaxşı perspektivlərə malikdir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 809 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31