Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşündə Ermənistan işğalçı dövlət kimi tanındı

Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşündə Ermənistan işğalçı dövlət kimi tanındı

29.10.2019 [09:39]

Azərbaycan 120 dövlətin təmsil olunduğu Zirvə Görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa olunmasına nail oldu
Azərbaycan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə uğurla ev sahibliyi etdi. Zirvə Görüşü öz növbəsində bir sıra mühüm məqamlarla yadda qaldı. Xüsusilə də, Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşündə Ermənistan işğalçı dövlət kimi tanındı. Ermənistanın işğalçı, terrorçu siyasətinin mahiyyəti və nəticələri, eləcə də Azərbaycan həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Eyni zamanda, Bakı Zirvə Görüşündə qəbul edilmiş yekun sənəddə Azərbaycanın ərazi bütövlüyünə birmənalı şəkildə dəstək ifadə olundu. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə etdiyi çıxışda Ermənistanın əzəli Azərbaycan ərazilərini işğal etməsi və həyata keçirdiyi etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqqında dünya ictimaiyyətini bir daha məlumatlandırdı. Yekunda qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olundu: “Biz Dövlət və Hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.
Beləliklə, Ermənistan və onun havadarlarının dəridən-qabıqdan çıxmasına baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atdı, 120 dövlətin təmsil olunduğu Zirvə Görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa olunmasına nail oldu.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib ki, BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatın toplantısının - Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi və Azərbaycan Respublikasının 2019-2022-ci illərdə Hərəkata sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir. Deputat qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü ölkədir: “Regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir. Bu uğurlar Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uzaqgörən və praqmatik xarici siyasət strategiyası sayəsində qazanılıb. Azərbaycan uğurla inkişaf edir, ölkəmizin dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə nəhəng bir təşkilatın çox mühüm beynəlxalq tədbirinə ev sahibliyi etməsi Azərbaycanın müstəqillik tarixində ən böyük siyasi hadisələrdən biridir. Həmçinin 2019-2022-ci illərdə təşkilata sədrlik etmək kimi statusa malik olması da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividendlər gətirəcək”.
“Qoşulmama Hərəkatının üzvləri bloklara qoşulmayan, öz ərazisində xarici hərbi baza yerləşdirməyən, beynəlxalq münasibətlər sistemində mövcud olan münaqişələrin sülh yolu ilə həll olunmasına dair mövqe ortaya qoyan ölkələrdir. Hərəkat üzv dövlətlərin milli müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması çərçivəsində imperializm, müstəmləkəçilik və post-müstəmləkəçilik, irqçilik və hər hansı xarici müdaxilə, zorakı kənar təsir və təzyiq, eləcə də böyük güclərin münaqişə zəminində yaratdıqları çoxüzvlü hərbi və siyasi bloklara qarşı formalaşıb”, - deyə millət vəkili əlavə edib.
P.Kərimzadənin sözlərinə görə, ərazi bütövlüyümüzün dəstəklənməsi üçün ölkəmizin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə və onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət edən Hərəkatda iştirakı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyimizin üzv dövlətlərin diqqətinə çatdırılması baxımından da çox əhəmiyyətlidir: “Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada keçirilən Sammitində qəbul edilmiş yekun sənəddə iştirakçı dövlətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi ilə həll edilməsinin zəruriliyini bildirib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsinə çağırışlar ediblər. Bu ilin iyul ayında Hərəkat üzvləri tərəfindən Venesuela Respublikasının Karakas şəhərində keçirilən Nazirlər Şurasının yekun sənədində də oxşar mövqe ortaya qoyulub”.
Millət vəkili bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Nazirlər Konfransı zamanı söylədiyi nitqində Qoşulmama Hərəkatının beynəlxalq hüququn prinsiplərinə sadiqliyinə toxunaraq “Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir”, - deyə bildirib. Ümumiyyətlə, Qoşulmama Hərəkatına üzvlük Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə daha çox dəstəyin əldə edilməsinə töhfə verib”.
“XVIII Zirvə Görüşündə Prezident İlham Əliyev yenidən Dağlıq Qarabağ münaqişəsinə diqqəti yönəldərək qətiyyətli mövqeyini ortaya qoydu: “Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. Bir sözlə, hesab edirəm ki, Zirvə Görüşünün Bakıda keçirilməsi regional və beynəlxalq təhlükəsizlik, əməkdaşlıq baxımından əhəmiyyətli olduğu kimi, Azərbaycanın haqq səsinin dünyada eşidilməsinə yeni bir təkan olacaq”, - deyə P.Kərimzadə vurğulayıb.
Milli Məclisin deputatı Tahir Rzayev isə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə səsləndirdiyi “sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir” ifadələri Azərbaycan xalqının fikrini əks etdirməklə təcavüzkarlığa qəti etiraz, dünya dövlətlərinə, beynəlxalq təşkilatlara ədaləti bərpa etmək üçün bir çağırışdır. Onun sözlərinə görə, Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmizə göstərilən böyük etimaddır: “İnsan hüquqlarına, dövlətlərin müstəqilliyinə, ölkələrin inkişafına, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına, beynəlxalq hüquq normalarının qorunmasına xidmət edən Qoşulmama Hərəkatı bu dəfə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədi, təcavüzkarlığa, separatizmə, terrora qarşı konkret qərarlar qəbul etdi. Yekunda qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olunması olduqca mühüm əhəmiyyətə malikdir”.
“BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi və qarşıdan gələn üç il ərzində təşkilata sədrliyin Azərbaycana keçməsi çox əhəmiyyətlidir. Bu, ölkəmizin dünyada artan nüfuzunun göstəricisi, həm də inkişafımıza, siyasətimizə, təşkilatçılığımıza verilən qiymətdir. Prezident İlham Əliyev də bütün sahələrdə uğurlarımızı səsləndirməklə Azərbaycanın bəşəri ideyalara sadiqliyini öz çıxışı ilə ifadə etdi”, - deyə millət vəkili əlavə edib.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 409 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31