Prezident İlham Əliyev: Biz müasir nəqliyyat və logistika infrastrukturu yaratmışıq
28.11.2019 [10:03]
Azərbaycanın dövlət başçısının imzaladığı müvafiq Sərəncam əsasında Ələt qəsəbəsində yaradılan azad iqtisadi zona bölgədə iqtisadi aktivliyin daha da artmasına müsbət təsir göstərəcək, o cümlədən yerli istehsalın təşviqində, “Made in Azerbaijan” brendinin dünyada tanınmasında mühüm rol oynayacaq
Azərbaycan son 16 ildə Avropa ilə Asiya arasındakı əlverişli coğrafi mövqeyindən maksimum dərəcədə bəhrələnməklə özünün tranzit-logistik imkanlarını genişləndirib. Bəhs olunan dövrdə respublikamız Prezident İlham Əliyevin siyasi iradəsi əsasında bütün ölkə boyunca yol-nəqliyyat infrastrukturunun yüksək standartlar səviyyəsində yenidən qurulmasına, bir sıra transmilli layihələrin uğurla reallaşdırılmasına nail olub. O cümlədən Azərbaycan ölkəmizin ərazisindən keçən həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutlarının funksionallığının artırılması, təhlükəsizliyin təmin olunması, tərəfdaşlarla optimal taarif siyasətinin əlaqələndirilməsi və digər bu kimi istiqamətlərdə daim yeni təşəbbüslərlə çıxış edir. Bu gün Azərbaycanın çox böyük həcmlərdə investisiya qoyuluşu hesabına qurduğu müasir infrastruktur təkcə daşımalar, tranzit xidmətləri baxımından əhəmiyyət kəsb etmir, eyni zamanda, həm respublikamızda, həm də bütövlükdə regionda yeni iqtisadi-ticarət əlaqələrinin yaranmasına, müxtəlif sahələrə investisiya qoyuluşunun yüksəlməsinə geniş imkanlar açır. Prezident İlham Əliyev Azərbaycan-Polşa biznes forumunda söylədiyi nitqində bu kimi məqamlara xüsusi diqqət çəkib. “Azərbaycanda yaradılmış müasir nəqliyyat infrastrukturu həm ölkə daxilində, həm də regional çərçivədə əhəmiyyətlidir. Son illər ərzində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində atılmış addımlar artıq öz səmərəsini verir. Biz müasir nəqliyyat və logistika infrastrukturu yaratmışıq. Əlbəttə ki, bunun biznes dairələri üçün çox böyük əhəmiyyəti, çox böyük faydası var. Çünki nəqliyyat infrastrukturu olmadan biznesin inkişafından söhbət gedə bilməz”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ələt qəsəbəsində azad iqtisadi zonanın yaradılması ölkəmizə yeni dividendlər qazandıracaq
Son illərdə yaradılan müasir infrastruktur, qanunvericilik bazasının ardıcıl şəkildə təkmilləşdirilməsi açıq dənizə çıxışı olmayan Azərbaycanın regionda mühüm tranzit ölkəyə çevrilməsini təmin edib. Bu gün ayrı-ayrı ölkələr və şirkətlər Azərbaycanın moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolundan və respublikamızda qeyd olunan marşrutlar üzrə yaradılan yüksək səviyyəli infrastrukturdan bəhrələnərək öz yüklərinin Avropadan Asiyaya, eləcə də əks istiqamətə məhz respublikamızın üzərindən daşınmasına üstünlük verirlər. Deyə bilərik ki, ölkəmiz reallaşdırdığı layihələr sayəsində Avrasiya coğrafiyasının nəqliyyat xəritəsini dəyişib. Azərbaycandan keçən nəqliyyat marşrutları ilk növbədə səmərəliliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən diqqəti cəlb edir. Prezident İlham Əliyev 2019-cu il 13 noyabr tarixində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən Azərbaycanın həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinin yaradılmasında fəal iştirak etməsinin ölkəmizə böyük siyasi və iqtisadi dividendlər gətirdiyini nəzərə çatdıraraq vurğulayıb: “Eyni zamanda, biz Şimal-Cənub nəqliyyat dəhlizinə də çox böyük diqqət yetirmişik. Azərbaycan ərazisində bütün işlər yekunlaşıb, o cümlədən İran sərhədinə qədər uzanan dəmir yolunun tikintisi də artıq 2 ildir ki, tamamlanıb. O cümlədən dəmir yolu körpüsü tikilib və hazırda Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. 2018-ci ildə bu dəhlizlə daşınan yüklərin həcmi 8 dəfə, bu ilin 9 ayında daha 70 faiz artmışdır. Yəni, böyük potensial var və eyni zamanda, Şimal-Qərb nəqliyyat dəhlizi işləyir. Rusiyadan, həmçinin İrandan gələn yüklər Qərb istiqamətinə Azərbaycan ərazisindən daşınır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir və hər iki layihənin reallaşmasına öz dəyərli töhfəsini vermişdir. Bu, bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək, artıq gətirir”.
Eyni zamanda, Ələt qəsəbəsində azad iqtisadi zonanın (AİZ) yaradılması ölkəmizə həm investisiya cəlbediciliyinin artması, həm də əməkdaşlıq əlaqələrinin dərinləşməsi, daha geniş aspektləri əhatə etməsi baxımından yeni üstünlüklər qazandıracaq. Qeyd edək ki, Ələt qəsəbəsində azad iqtisadi zonanın yaradılmasına hələ bir neçə il bundan əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə start verilib. Dövlət başçısı 17 mart 2016-cı il tarixində “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sonrakı mərhələdə bəhs olunan azad iqtisadi zonanın yaradılmasının hüquqi əsaslarını təmin etmək üçün daha bir neçə önəmli sənəd qüvvəyə minib, həmçinin Milli Məclisdə “Ələt Azad İqtisadi Zonası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bəhs olunan Sərəncamın icrasının təmin olunması məqsədilə İqtisadiyyat Nazirliyi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Birləşmiş Ərəb Əmirliklərinin “DP World Group”un azad zonalar, logistika və sənaye parkları üzrə operator kimi fəaliyyət göstərən “Economic Zones World FZE” şirkəti arasında konsaltinq müqaviləsi imzalanıb. “Economic Zones World FZE” şirkəti yüksək peşəkarlıq səviyyəsinə və azad iqtisadi zonaların yaradılması sahəsində böyük təcrübəyə malik olan tanınmış şirkətdir. Prezident İlham Əliyevin 25 noyabr 2019-cu il tarixində imzaladığı müvafiq Fərmanla isə Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumu yaradılıb. Sənəddə qeyd olunduğu kimi, Azad Zonanın müvəqqəti idarəetmə qurumu “Ələt Azad İqtisadi Zonası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azad Zonanın fəaliyyətinə məsul olan, Azad Zonada tənzimləməni və nəzarəti həyata keçirən inzibati qurumdur. Dövlət başçısının eyni tarixdə imzaladığı müvafiq Sərəncamla Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib.
Deyilənlərdən də göründüyü kimi, Azərbaycan dövləti Ələt qəsəbəsində azad iqtisadi zonanın yaradılmasına güclü siyasi iradə göstərir. Mütəxəssislərin yekdil qənaəti belədir ki, Ələtdə yaradılan iqtisadi zona bölgədə iqtisadi aktivliyin artmasına müsbət təsir göstərəcək, o cümlədən yerli istehsalın təşviqində, “Made in Azerbaijan” brendinin dünya üzrə tanınmasında da mühüm rol oynayacaq.
AİZ Yeni Bakı Limanının da daxil olduğu ilkin mərhələdə 400 ha, daha sonra isə 1000 ha ərazidə yerləşəcək. Burada əlavə dəyər formalaşdıran istehsal və xidmətlərin yaradılması nəzərdə tutulub. Məsələn, AİZ-də neft-kimya, əczaçılıq, kənd təsərrüfatı, mebel istehsalı və digər istiqamətlər üzrə istehsalat sahələrinin qurulması planlaşdırılıb. Bütövlükdə, AİZ-in regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu və 130 milyon insanın yaşadığı bir bazara xidmət göstərəcəyi gözlənilir.
Azad iqtisadi zona üçün yer seçilərkən həm regional inkişaf amili, həm də investorların rahatlığı nəzərə alınıb
Məlumdur ki, indiyədək dünyada minlərlə azad iqtisadi zona yaradılıb. Ancaq müxtəlif amillər üzündən həmin azad iqtisadi zonaların funksionallığını təmin etmək mümkün olmayıb. Burada, əlbəttə ki, coğrafi yerləşmə, infrastruktur təminatı, ölkənin iqtisadi potensialı, kommunikasiyalar, əmək resursları kimi amillər mühüm rol oynayır.
Azərbaycan Ələt qəsəbəsində azad iqtisadi zonanın yaradılmasında dünyanın ayrı-ayrı ölkələrindəki oxşar qurumların müsbət təcrübəsindən bəhrələnməklə yeni yanaşma nümayiş etdirir. Belə ki, burada həm ölkəmizin regional inkişaf amili, həm də investorların rahatlığının təmin edilməsi maksimum dərəcədə nəzərə alınıb. Məlumdur ki, Azərbaycanda bölgələrin tarazlı inkişafına ciddi diqqət göstərilir. Məqsəd ona yönəlib ki, iri istehsal və xidmət müəssisələri yalnız paytaxtda və yaxud iri şəhərlərdə təmərküzləşməsin, eyni zamanda regionlar da iqtisadi güc amili qismində çıxış etsinlər. Bu baxımdan, azad iqtisadi zonanın Ələt qəsəbəsində yaradılması çox uğurlu seçimdir. İqtisadi zonada yaradılacaq istehsal və paylama şəbəkəsində yerli əhalinin məşğulluğunun təmin olunması üçün yeni imkanlar yaranacaq. Paralel şəkildə, xidmət şəbəkəsi genişlənəcək, bir sıra əlaqəli sahələr də inkişaf edəcək, quruculuq-abadlıq işlərinə diqqət artacaq. Prezident İlham Əliyev 14 may 2018-ci il tarixində paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışından sonra limanın əməkdaşları və inşaat şirkətlərinin nümayəndələri ilə görüşdəki çıxışında limanın tikintisi və azad iqtisadi zonanın yaradılması üçün Ələt qəsəbəsinin seçilməsinin təsadüfi olmadığını nəzərə çatdıraraq bildirib: “Ələtin seçilməsi də təsadüfi deyildi. Çünki mövcud Bakı Dəniz Limanı bizim tələbatımıza artıq uyğun deyil, şəhərin mərkəzində yerləşir və artan yükləri qəbul etmək imkanları çox məhduddur. Ələt isə coğrafi baxımdan çox əlverişli bir yerdir və həm Qərb, həm Cənub istiqamətinə buradan açılan yollar, o cümlədən avtomobil, dəmir yolları əlbəttə ki, bu yerin seçilməsində əsas rol oynamışdır. Əlbəttə ki, Ələt qəsəbəsinin də inkişafı böyük dərəcədə burada yaradılan logistika və nəqliyyat infrastrukturu ilə bağlı olacaq. Əlavə etsək ki, biz yaxın gələcəkdə Ələt Azad İqtisadi Zonasının yaradılmasına başlayacağıq, deməyə tam əsas var ki, Bakı şəhərinin bu ərazisi gələcəkdə çox sürətlə inkişaf edəcək, çoxsaylı iş yerləri yaradılacaq. Beləliklə, Ələt ölkəmizin iqtisadi nəqliyyat potensialının inkişafında əlbəttə ki, önəmli yer tutacaqdır”.
İnvestorların rahatlığının təmin olunması da azad iqtisadi zonaların uğurlu fəaliyyətini şərtləndirən çox mühüm amildir. Ələt Azad İqtisadi Zonası bu baxımdan da bütün şərtləri yüksək səviyyədə təmin edəcək. Azad iqtisadi zonaya yatırım edəcək investorlar, eyni zamanda, mükəmməl infrastruktura malik iki transmilli nəqliyyat marşrutuna çıxış imkanı qazanacaqlar. Bu, istehsalçı və paylama şirkətlərinin maraqlarının yüksək səviyyədə təmin olunması deməkdir. Ələt qəsəbəsində yaradılan azad iqtisadi zonada fəaliyyət göstərəcək şirkətlər həm avtomobil, həm də dəmir yolu nəqliyyatından istifadə edə biləcəklər. Nəzərə almaq lazımdır ki, azad iqtisadi zona Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılır. Bu isə o deməkdir ki, investorlar həm də Xəzər dənizində ən böyük ticarət limanının xidmətlərindən bəhrələnəcəklər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

