Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

03.12.2019 [10:00]

İclasda parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar qəbul edilib
Dekabrın 2-də Milli Məclisin növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələ müzakirə edilib.
İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müasir dövrün tələbləri səviyyəsində qurulan daxili və xarici siyasəti ölkəmizin ardıcıl və dinamik inkişafını təmin edir. Ulu Öndər Heydər Əliyevin başladığı işlərin yeni çağırışlar şəraitində yaradıcı şəkildə davam etdirilməsi Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə çevirib.
O.Əsədov deyib ki, cənab Prezident tərəfindən həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanmaqdadır.
“Həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri, digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsini, parlamentin yeniləşməsini zəruri etmişdir. Bildiyiniz kimi, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri Milli Məclisin xüsusi iclasının çağırılması barədə müraciət etmişlər. Yeri gəlmişkən qeyd edim ki, bu müraciətə mən də qoşuluram. Azərbaycan Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti vardır”, - deyə spiker vurğulayıb.
Sonra Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məsələ ilə bağlı deputatlara müraciət edib. S.Novruzov deyib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyi, daxili və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çox böyük uğurla davam edir. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kursu hazırda daha böyük dinamizm qazanmaqdadır: “Azərbaycan Nazirlər Kabinetində, məhkəmə-hüquq sistemində və regional idarəetmə orqanlarında struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Cəmiyyət inanır ki, islahatlar bundan sonra da uğurla davam etdiriləcək”.
S.Novruzov söyləyib ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesindən kənarda qalmamalı, islahatların qanunvericilik sahəsini də əhatə etməsini təmin etmək məqsədilə prinsipial mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir: “Belə ki, indiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, yeniləşməsinə, dərin islahatlar strategiyasına uyğunlaşmasına, dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə büruzə verir”.
Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki məsələni hüquqi cəhətdən təhlil edib. Əli Hüseynli bildirib ki, 2016-cı ildə keçirilən referendum nəticəsində Konstitusiyaya edilən əlavə və dəyişikliklər bu məsələ üçün ciddi bir konstitusion baza rolunu oynayır: “Konstitusiyanın 98-ci maddəsi parlamentin buraxılması məsələsini həll etmiş olur. Xüsusi vurğulamaq istəyirəm ki, 2018-ci ildə prezident seçkiləri keçirildi və ölkə başçısı İlham Əliyev yenidən xalqın mandatını almış oldu. Ölkədə tam müasir və dünya standartlarına cavab verən keyfiyyətcə yeni islahatlar başlandı. Bu islahatlar mərkəzi və icra hakimiyyəti orqanlarını, məhkəmə hakimiyyətini əhatə etmiş oldu”.
Komitə sədri qeyd edib ki, bu illər ərzində parlament də öz fəaliyyətində cənab Prezidentin islahatlarına dəstək verib: “Bununla yanaşı, parlamentin fəaliyyətinin də təkmilləşdirilməsi, daha da mükəmməlləşdirilməsi ilə bağlı cəmiyyətin də düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir. Bu, eyni zamanda, YAP-ın siyasi mədəniyyətini göstərir”.
Ə.Hüseynli söyləyib ki, bir sıra ekspertlərin və opponentlərin Milli Məclisin buraxılmasının Konstitusiyanın 89-cu maddəsinin 5-ci bəndində qeyd olunmuş deputatın öz mandatından imtina etməsi ilə bağlı səlahiyyətlərinə xitam verilməsi məsələsi ilə eyniləşdirilməsi çox yanlış yanaşmadır: “Çünki bu məsələ Konstitusiyanın 98-ci maddəsində qeyd olunub. Parlamentin buraxılması ilə bağlı müraciət göz qabağındadır. Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin qeyd etdiyimiz müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması məqsədi ilə bu addım atılmış olur. Bu yanaşma bizim Konstitusiyamıza və hüquq sisteminə uyğundur”.
Sonra müvafiq qərar layihəsinin hazırlanması ilə əlaqədar redaksiya heyəti yaradılıb.
Daha sonra millət vəkilləri məsələni müzakirə ediblər. Çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, bu gün Azərbaycanın ən yeni siyasi və parlamentarizm tarixində mühüm hadisə baş verir. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar ölkəmizin inkişafının daha da dərinləşdirilməsi üçün yeni şəraitlər formalaşdırır. Bu şərtlər içərisində Azərbaycan cəmiyyətinin bütün sahələrində islahatlar davam edir, bu islahatlar ali qanunverici orqanı da əhatə etməlidir.
Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi sisteminin sütunu olduğunu deyən deputat ölkə başçısının BDU-nun 100 illik yubileyindəki çıxışını xatırladıb. O deyib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, partiyamız yaranana qədər Azərbaycanda tam mənada siyasi sistem yox idi: “Siyasi sistemə daxil olduğu gündən YAP Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət, siyasi əxlaq və siyasi davranış təqdim etməyi bacarıb”.
Hikmət Babaoğlu vurğulayıb ki, bu gün öz tarixi ənənələrinə sadiq olaraq YAP yeni bir siyasi mədəniyyət nümunəsi təqdim edir: “Partiyamızın Siyasi Şurası çoxluğu təmsil edən parlament nümayəndələrinə tövsiyə edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə daha dərindən dəstək vermək üçün parlamentin yenilənməsi ilə bağlı müraciət qəbul etsin. Hesab edirəm ki, bu da tarixi hadisədir. Ona görə ki, inkişafımızın indiki mərhələsində qlobal və regional, milli inkişaf çağırışları ilə uzlaşan qərarlar qəbul edə bilməsək, bundan sonrakı inkişafımızı təmin edə bilmərik”.
Deputat qeyd edib ki, Davos İqtisadi Forumunun hesabatlarına görə, Azərbaycan islahatlara və rəhbərə inam əmsalına görə dünyada ilk onluqda yerləşir. Millət vəkili əmin olduğunu bildirib ki, partiyanın Siyasi Şurasının tövsiyəsi ilə yenidən xalqa doğru qayıdaraq, yenidən onun inamını əldə edərək, yenidən seçicilərin səsini alaraq növbəti tarixi mərhələdə Milli Məclis yeni keyfiyyət mərhələsinə qədəm qoymağı bacaracaq.
Hikmət Babaoğlu söyləyib ki, ötən illər ərzində YAP ümumxalq partiyasına çevrilib: “Partiyanın 1999-cu ildə keçirilən I Qurultayında cənab İlham Əliyevin YAP Sədrinin müavini seçilməsi partiyamızın və ölkəmizin siyasi həyatında yeni keyfiyyət mərhələsi yaratdı. 2013-cü ildə keçirilən V qurultayda isə Mehriban xanım Əliyevanın YAP Sədrinin müavini seçilməsi yeni çağırışlar kontekstində partiyamızda yeni keyfiyyət dəyişiklikləri yaratdı və onun sonrakı inkişafını təmin etmək üçün ciddi addım kimi partiyamızın tarixinə düşdü. Düşünürəm ki, bütün bunlar YAP-ın Azərbaycan cəmiyyətində yerini, rolunu təyin etməklə bərabər, həm də ölkəmizin siyasi sisteminə onun daha çox töhfələr verməsini təmin etmiş oldu. Ona görə də hesab edirəm ki, YAP Siyasi Şurasının tövsiyəsi bugünkü milli inkişaf çağırışları və islahatların fəlsəfəsi ilə uzlaşır. Və bundan sonrakı inkişafımızı təmin etmək üçün mühüm tarixi qərardır”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu gün Azərbaycan xalqını bütün dünyada ən yüksək səviyyədə təqdim və müdafiə edən, milli dəyər səviyyəsinə yüksələn cənab Prezident milli maraqlarımızı hər zaman qoruyur. O deyib ki, uzun illər ərzində aparılan quruculuq siyasəti yeni Azərbaycan formalaşdırıb: “Bununla yanaşı, xalq müasirləşib, tələbləri artıb, onun düşüncə tərzi, təhliletmə qabiliyyəti yüksəlib. Bir sözlə, Azərbaycanda milli və müasir şüur formalaşıb və bu şəraitdə biz Milli Məclisin xalqın qarşısında təmsilçiliyini mütləq yenidən təsdiq etməliyik. İslahatların məntiqi, dünya təcrübəsi, beynəlxalq öhdəliklər bunu belə tələb edir”.
Komitə sədri söyləyib ki, məhz buna görə təmsilçi rolunu yüksək səviyyədə yenidən təsdiq etmək üçün bu qərarı dəstəkləməliyik: “Biz xalqın müasirlik səviyyəsinə uyğun, müxtəlif dilləri bilən, vətənpərvər, peşəkar insanlara daha geniş yol açmalıyıq. Biz xarici siyasətimizi ən yüksək səviyyədə təmsil etməliyik. Biz xalqımızın və Prezidentimizin yüksək tələblərinə uyğun yeni parlament formalaşdırmalıyıq”.
“Noyabrın 28-də ölkəmizin aparıcı siyasi qüvvəsi olan və Milli Məclisdə 69 deputatla təmsil olunan Yeni Azərbaycan Partiyasının Siyasi Şurası cənab Prezidentin həyata keçirdiyi düşünülmüş siyasətə parlamentin töhfəsini artırmaq məqsədilə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Əlbəttə, bu təşəbbüs heç də təsadüfi olmayıb. Belə ki, Milli Məclisin üzvləri olan deputatlar qanunvericilik fəaliyyəti ilə yanaşı, həm də çox nüfuzlu müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir, ölkəmizin siyasi və sosial-iqtisadi sahədə, beynəlxalq əlaqələrdə qazandığı uğurların təbliği və təşviqi ilə də məşğul olurlar. Digər tərəfdən, Dağlıq Qarabağ məsələsində hörmətli Prezidentimizin irəli sürdüyü informasiya müharibəsində hücum taktikasından məharətlə istifadə olunmasının vacibliyi də beynəlxalq təşkilatlarla və sosial şəbəkə ilə ən çox əlaqədə olan Milli Məclis üzvlərinin üzərinə böyük öhdəliklər qoyur”. Bu fikirləri isə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, bu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün Milli Məclisin daha yüksək intellektə malik, mükəmməl biliyi və bacarığı, çox aktiv fəaliyyəti ilə seçilən, müəyyən təcrübə toplamış gənc nəslin nümayəndələri ilə formalaşması zərurəti yaranıb. Onun sözlərinə görə, təhsil sahəsində ölkəmizdə uğurla həyata keçirilən siyasət nəticəsində həm ölkədaxili və həm də xarici ölkələrin nüfuzlu universitetlərini bitirmiş yüksəkixtisaslı kadrlar yetişib. Bu kadrların müasir bilik və bacarığından, intellektindən son vaxtlar icra və məhkəmə hakimiyyətində uğurla istifadə olunur, xalqımız və dövlətimiz üçün uğurlu nəticələr əldə edilir. Dövlət başçısının deputatların arasından bacarıqlı və səriştəli mütəxəssisləri icra orqanlarında yüksək vəzifələrə təyin etməsi də bu siyasətin tərkib hissəsidir. Eyni zamanda, bu və digər səbəblərdən Milli Məclis deputatlarının sayının 125-dən 117-yə düşməsi bəzi məsələlərin həllində parlamentin işinin təşkilində müəyyən çətinliklər yaradır.
“Bütün bunları nəzərə alaraq hesab edirəm ki, ölkəmizdə yaradılmış yüksək intellektə malik kadr potensialından vaxtında və daha səmərəli istifadə etmək üçün icra və məhkəmə hakimiyyəti orqanlarında son vaxtlar həyata keçirilən dərin islahatlara adekvat olaraq qanunverici orqan olan Milli Məclisdə də müvafiq dəyişikliyin aparılmasına zərurət var və məsələni bir il gözləməklə yubatmağa ehtiyac yoxdur. Ona görə də mən YAP Siyasi Şurasının müvafiq qərarını dəstəkləyirəm və düşünürəm ki, parlamentin yenilənməsində təcrübəli, nüfuzlu insanların və yüksəkixtisaslı gənc kadrların deputatlığa namizədliklərinin irəli sürülməsi məqsədəmüvafiqdir”, - deyə komitə sədri vurğulayıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova çıxışında deyib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıb, təşəbbüslər irəli sürüb. Azərbaycanın inkişafı baxımından öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarlarla dövlətimizin inkişafına mühüm töhfələr verib. Partiyamızın fəaliyyəti Azərbaycan xalqının milli mənafeyinə və dövlət maraqlarına söykənməklə Yeni Azərbaycan Partiyasına ümumxalq sevgisi və dəstəyi qazandırıb. S.Qafarova bildirib ki, son dövrlərdə Azərbaycanda bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu islahatlar hər bir sahədə möhtəşəm uğurlara və yeniliklərə meydan verib. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın dünyada nümunə kimi dəyərləndirilən inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri də məhz ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən islahatlarla bağlıdır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda dövlət başçısının imzaladığı çoxsaylı Fərman və sərəncamlarla təsdiqlənən islahat xarakterli qərarlar inqilabi səciyyə daşıyır. Bu islahatlar xalqımız tərəfindən təqdir edilir, dəstəklənir. İslahatların biz möhtəşəm nəticələrini həyatımızın ən müxtəlif sahələrində aydın şəkildə görə bilərik.
“Təbii ki, bu genişmiqyaslı islahatlardan qanunverici hakimiyyət olaraq Milli Məclis də kənarda qala bilməz. Partiyamız da haqlı olaraq belə bir təşəbbüs irəli sürüb. Bu təşəbbüs ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara dəstək məqsədi daşıyır. Bununla partiyamız bir daha bütün məsələlərdə dövlətçilik maraqlarından çıxış etdiyini göstərir. Partiyamız hər zaman olduğu kimi, yenə də Sədrimizin, dövlət başçımızın həyata keçirdiyi siyasəti açıq şəkildə dəstəklədiyini, bu siyasətin daha böyük və uğurlu nəticələr verməsi üçün üzərinə düşən qərarları almaqda qətiyyən tərəddüd etmədiyini sübuta yetirir.
Digər tərəfdən Yeni Azərbaycan Partiyası öz təşəbbüsü ilə bir siyasi mədəniyyət, davranış nümunəsi ortaya qoydu. Bununla da həm siyasi sistemimiz üçün, həm də parlamentin fəaliyyətində yeni bir ənənə meydana gəlir. Öz fəaliyyətində hər zaman yeniliklərə, müasirliyə açıq olan Yeni Azərbaycan Partiyası bu gün daha bir ilkə imza atır. Bunun Azərbaycan dövlətçiliyi və xalqımız üçün xeyirli, uğurlu olacağına inanıram”, - deyə deputat qeyd edib.
İclasda həmçinin millət vəkilləri Fəzail İbrahimli, Azay Quliyev, Aqiyə Naxçıvanlı, Elşən Musayev, Azər Badamov, Şəmsəddin Hacıyev, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Musa Quliyev, Fazil Mustafa, Asim Mollazadə, Jalə Əliyeva, Rasim Musabəyov və Nəsib Məhəməliyev çıxış ediblər.
Müzakirələrdən sonra Milli Məclis Sədrinin müavini Bahar Muradova parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsini oxuyub.
Layihə səsə qoyularaq qəbul edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 424 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31