Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Erməni fitnəkarlığının növbəti ifşası, yaxud Ermənistanın nazir müavininə diplomatiya dərsi

Erməni fitnəkarlığının növbəti ifşası, yaxud Ermənistanın nazir müavininə diplomatiya dərsi

10.12.2019 [09:55]

Mikayıl Cabbarov: Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm, gəlin yaşadığınız şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin
Azərbaycanın paytaxtı Bakı şəhəri daha bir beynəlxalq tədbirə uğurla ev sahibliyi edib. Dekabrın 6-da Bakıda “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans ölkəmizin təşkilatçılığı ilə yüksək səviyyədə keçirilib. Təsadüfi deyil ki, TRASEKA-ya 13 üzv və 2 müşahidəçi ölkənin, beynəlxalq təşkilatların 70-dək nümayəndəsinin qatıldığı konfransın iştirakçıları yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıqlarını ifadə ediblər.
Azərbaycan beynəlxalq nəqliyyat qovşaqlarının yaradılması və iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır
Konfransda Azərbaycanın beynəlxalq nəqliyyat qovşaqlarının yaradılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regionda tərəqqinin təmin olunmasında əhəmiyyətli fəaliyyəti xüsusi vurğulanıb. Çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, ölkəmizin strateji baxımdan mühüm geosiyasi mövqedə, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, nəqliyyat sahəsinə böyükhəcmli investisiyaların yatırılması ölkəmizdə irimiqyaslı nəqliyyat - infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradıb. Belə ki, avtomobil və dəmir yolu xətlərinin beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsi Azərbaycanın nəqliyyat potensialını daha da gücləndirib. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Lapis-Lazuli, Qara Dəniz-Xəzər Dənizi marşrutları TRASEKA ölkələrinin tranzit regionu kimi rəqabət qabiliyyətini artırır. Şərq-Qərb istiqamətində reallaşdırılan Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi vasitəsilə TRASEKA dəhlizinin enerji komponenti təmin edilib.
TRASEKA çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edən İqtisadiyyat naziri üzv ölkələrin nəqliyyat potensialının reallaşdırılmasının regionun tranzit cəlbediciliyini daha da artıracağını vurğulayıb. Həmçinin tədbir iştirakçıları da Azərbaycanın bu sahədəki fəaliyyətini təqdir edərək ölkəmizin uğurlarını yüksək qiymətləndiriblər. Konfrans Azərbaycanın qazandığı nailiyyətlərin təqdim olunması və ölkəmizin beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konstruktiv mövqeyinin ifadə olunması baxımından mühüm bir platformaya çevrilib.
Ermənistanın faşizm siyasətinin ifşasına yönəlmiş uğurlu gediş
Onu da qeyd edək ki, bu konfransın ölkəmiz və Azərbaycan ictimaiyyəti üçün xüsusilə yaddaqalan olmasını şərtləndirən mühüm amillərdən biri də İqtisadiyyat naziri Mikayıl Cabbarovun tədbirdə iştirak edən Ermənistan nümayəndəsinin səsləndirdiyi təxribat xarakterli fikrə çox tutarlı cavab verməsi olub. Sirr deyil ki, müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanın ünvanına şər-böhtan danışmaq, absurd fikir və ittihamlarla ölkəmizin dünyadakı pozitiv imicinə xələl gətirmək cəhdləri Ermənistanın hökumət təmsilçiləri və siyasətçiləri üçün xarakterik davranış formasına, bir növ vərdişə çevrilib. Hər dəfə onlar layiqli şəkildə yerlərində otuzdurulsalar da, bundan nəticə çıxarmır, əməllərini davam etdirirlər. Bu dəfə isə erməni rəsmiləri Bakıda “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransı öz təxribatları, fitnəkarlıqları üçün hədəf seçiblər. Lakin yenə də ermənilərin oxları daşa dəyib. Belə ki, beynəlxalq tədbirin tribunasından təxribat törətmək üçün yararlanmaq istəyən erməni hökumət təmsilçisi Azərbaycanın İqtisadiyyat nazirindən yerində və məntiqli cavabını alıb. Tədbirin mədəni proqramının təşkilinə etiraz edən, TRASEKA-nın guya effektiv olmamasını iddia edən erməni nazir müavininə cavabında Mikayıl Cabbarovun ciddi arqumentlərə və faktlara söykənən fikirləri qarşı tərəf üçün əsl “soyuq duş” effekti yaradıb.
Ermənistan nümayəndə heyətinin reaksiyasını yaxşı anladığını qeyd edən nazir bildirib ki, hər halda onlar İrəvandan Bakıya gəliblər və Bakını öz gözləri ilə görürlər: “Bilirəm, anlamaq və qəbul etmək onlar üçün asan deyil. Biz destruktiv deyil, konstruktiv yanaşmadan istifadə etməliyik. Destruktiv yanaşmanın nəticələri özünü, ilk növbədə, qonşu ölkədə göstərir. Onlar nəqliyyat sahəsində bir sıra beynəlxalq layihələrdən kənar qalıblar. Burada TRASEKA-nın mövcudluğu nümayiş olundu. Tədbirin proqramı hazırlanan zaman Çoxtərəfli Sazişi imzalayan insanların xatirəsinə hörmət diqqətdən kənar qala bilməzdi”.
Çıxışının davamında nazir M.Cabbarov Ermənistan hakimiyyətinin faşizmi təbliğ edən fəaliyyətini ifşa edərək erməni nazir müavininə xitabən belə bir sual ünvanlayıb: “Faşizm üzərində Qələbənin 75 illiyi yaxınlaşır və siz öz paytaxtınızda kimə abidə qoymusunuz?”
Əlbəttə ki, Ermənistan hakimiyyəti üçün böyük utanc mənbəyi olan faşizmin təbliği və faşist Njdeyə abidə ucaldılması faktına münasibətdə bu ölkəni təmsil edən rəsmi bir şəxsin deyəcəyi söz yoxdur. Çünki beynəlxalq ictimaiyyət, o cümlədən konfransın auditoriyası da bununla bağlı kifayət qədər məlumatlıdır və Ermənistan hakimiyyətinin bu qəbulolunmaz addımı, sadəcə, qınaqla qarşılanır. Mikayıl Cabbarovun bu beynəlxalq tədbirdə yenidən məsələni diqqətə çatdırması kifayət qədər məntiqli olmaqla Ermənistanın rəsmi dövlət siyasətinin ifşasına yönəlmiş növbəti uğurlu diplomatik gediş idi. Amma bu, hələ son deyildi.
Azərbaycanın İqtisadiyyat nazirinin “Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm, gəlin yaşadığınız şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin” cümləsi isə bir təklif, yaxud çağırış mahiyyəti daşımırdı. Bu, qədim İrəvan şəhərinin Azərbaycan xalqına məxsus olması, ermənilərin Azərbaycanın digər tarixi əraziləri kimi İrəvanı da işğal etməsi tarixi həqiqətinin bu mötəbər tribunadan ifadə olunması anlamına gəlirdi ki, M.Cabbarovun bu gedişi erməni nazir müavini üçün artıq mat demək idi...
Bu məğlubiyyətlər Ermənistanın dövlət təmsilçiləri və siyasətçiləri üçün normaya çevrilib
Ümumiyyətlə, son dövrlər bu qəbildən olan məğlubiyyətlər Ermənistanın dövlət təmsilçiləri və siyasətçilərinin həftəlik, aylıq fəaliyyətlərinin əsas elementlərindən birinə çevrilib. Ölkənin baş naziri Nikol Paşinyandan tutmuş digər kiçik çinli məmurlarına qədər hər bir erməni siyasətçi bu cür situasiyaları ən azı bir və ya bir neçə dəfə yaşamaq məcburiyyətində qalıb. Bunun ən parlaq örnəyi, təbii ki, Ermənistan baş naziri Nikol Paşinyanın əvvəlcə “Valday” diskussiya klubunda, az sonra isə Aşqabadda Prezident İlham Əliyevin əsaslı fikirləri və ifadə etdiyi faktlar qarşısında çıxılmaz vəziyyətə düşməsidir. Heç də təsadüfi deyil ki, elə işğalçı ölkənin mediası da bu diplomatik məğlubiyyətləri baş nazirə bağışlamayaraq uzun müddət onu tənqid hədəfinə qoydu.
Bununla yanaşı, Azərbaycanla işğalçı Ermənistan arasında diplomatik cəbhədə baş vermiş belə çoxsaylı hallar mövcuddur ki, bunlar həm erməni siyasətçilərin naşı və qeyri-peşəkarlığını təsdiqləyir, həm də Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə hücum diplomatiyasının uğurlu nəticələrini əks etdirir. Şübhə yoxdur ki, Azərbaycan Ermənistan təmsilçilərinin təxribatlarını bundan sonra da ifşa etməyə davam edəcək. Çünki işğalçı bir dövlətin mötəbər beynəlxalq ictimaiyyət qarşısında deməyə sözü yoxdur. Azərbaycan Ermənistandan fərqli olaraq, beynəlxalq hüquqa, tarixi həqiqətlərə istinad edir. Həqiqət isə hər zaman güclü olur.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 430 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31