Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

11.12.2019 [10:19]

Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən müasir Azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarıdır. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.
Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur
Əvvəla qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdi. Əgər o zamanadək Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda respublikamız sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı. Bununla yanaşı, 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsinin daxil edilməsi mühüm strateji əhəmiyyətə malik idi. Bütövlükdə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu.
Şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Məlum olduğu kimi, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə İttifaq miqyasında baş alan hərc-mərclik milli respublikaların daxili həyatına da sirayət etmişdi və İttifaqın idarəetmə potensialı və qabiliyyəti aşağı olan subyektlərdə çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, mərkəzi hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi. Mövcud durum 1991-ci ilin sentyabr ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin Sədri seçilməsinədək olan mərhələdə daha da kəskinləşdi. Ali Sovetin Sədri seçilən Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində sabitlik təmin edildi və muxtar qurumun sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskinləşdiyi şəraitdə Ali Məclisin Sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail oldu. Beləliklə, ilk növbədə milli dövlətçilik ənənələri bərpa edildi: Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı. Bununla yanaşı, “1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi barədə də tarixi qərar qəbul edildi. Bütün bunlarla yanaşı, Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqi meyillərinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Sosial-iqtisadi və aqrar islahatlar reallaşdırıldı, özəlləşdirmə prosesinə start verildi və infrastruktur sahələrinin inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Beləliklə, siyasi fəaliyyətinin Naxçıvan dövründə Ümummilli Lider Heydər Əliyev gördüyü işlər, atdığı səmərəli addımlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
Eyni zamanda, ölkədə gərgin və böhranlı vəziyyətdə xalq ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağlamış, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası (YAP) təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Digər tərəfdən, ölkədə 1993-cü ilin iyun hadisələri zamanı hətta ozamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olmuş, xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə Ulu Öndər Heydər Əliyev Bakıya qayıtmışdı. Beləliklə, 1993-cü il iyunun 9-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya qayıtdı, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməklə tarixi missiyasını həyata keçirməyə başladı. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi düşdü. Heç şübhəsiz, Qurtuluş xalqımızın Ümummilli Lider Heydər Əliyevin tarixi missiyasına verdiyi düzgün, ədalətli, obyektiv qiyməti əks etdirir. Ümumiyyətlə, Ulu Öndərin tarixi missiyasının həyata keçirilməsi üç güclü faktor üzərində qurulub: birincisi, xalqın Ümummilli Liderə olan möhkəm və sarsılmaz inamı, dəstəyi, ikincisi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti, üçüncüsü isə, Ulu Öndərin xalqına, millətinə, Vətəninə olan sonsuz, təmənnasız, əzəmətli sevgisi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Və Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.
1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa zamanda Özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin formalaşdırılması, neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi, Azərbaycanın qarşısında aydın perspektivlər açıldı. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsinin qarşısını aldı, ölkəmizi tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizdə sabitlik və inkişaf dövrü kimi tarixə düşüb.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünya miqyasında qüdrətli və nüfuzlu dövlətə çevrilib. Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar müvəffəqiyyətlə davam etdirilib. İqtisadiyyatın şaxələndirilməsinə nail olmaq üçün reallaşdırılan islahat xarakterli tədbirlər, eyni zamanda, yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan, məqsədyönlü və prinsipial siyasət həyata keçirilir, bunun nəticəsində Azərbaycan qüdrətli dövlət kimi tərəqqi yolunda əmin addımlarla irəliləyir. Uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycan beynəlxalq müstəvidə güclü, nüfuzlu və dinamik inkişaf edən dövlət kimi tanınır. Digər tərəfdən, Azərbaycan Cənubi Qafqaz regionunun lider ölkəsinə çevrilib, dünyada böyük etimad qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasətin məntiqi nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq güclənir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə çox mühüm transmilli layihələr reallaşdırılır, Azərbaycanın beynəlxalq əlaqələri uğurla inkişaf edir. Şübhəsiz ki, bütün bu müsbət reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti tam dəstəkləyir.
Heydər Əliyev Fondu Ulu Öndərin irsinin təbliğində mühüm rol oynayır
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin irsinin təbliğində mühüm rol oynayır. Yaradılarkən Ümummilli Lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə dəstək verməyi qarşısına məqsəd qoyan Fond ötən müddət ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Ulu Öndərin zəngin mənəvi irsini, Onun Azərbaycançılıq ideyasını gənc nəsillərə aşılamaq, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Təsadüfi deyil ki, yarandığı vaxtdan bu günə kimi təhsil, səhiyyə, mədəniyyət, idman, ekologiya sahələrində, xalqımızın mənəvi irsinin qorunması və təbliği, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə düzgün şəkildə çatdırılması işində və digər istiqamətlərdə Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyət həyata keçirərək mühüm nailiyyətlərə imza atıb.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 589 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31