Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2019-cu ildə Azərbaycan mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib

2019-cu ildə Azərbaycan mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib

30.12.2019 [09:43]

Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır
Müasir dövrdə beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Hazırkı şəraitdə milli dövlətlərin dünya siyasətində yeri və rolu həyata keçirilən xarici siyasətin səmərəliliyindən asılıdır. Çoxvektorlu və praqmatik strateji kurs milli maraqları təmin etməklə yanaşı, ölkələrin qarşısında yeni perspektivlərin açılmasını da şərtləndirir. Bir sözlə, milli dövlətlərin inkişafını və beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin edən çoxsaylı strateji faktorlardan biri həyata keçirilən daxili və xarici siyasətin müasir çağırışlara, milli maraqlara uyğun olmasıdır. İstər daxili, istərsə də xarici siyasətdə müəyyənləşdirilən strateji kursun fonunda yeni trendlərin nəzərə alınması, milli mənafeyə aid məsələlərdə prinsipial mövqedən çıxış edərək dövlətçilik maraqlarının əsas götürülməsi bu baxımdan xüsusi vurğulanmalıdır.
Azərbaycanın müstəqil milli dövlət kimi dinamik inkişaf yolunda inamla və əmin addımlarla irəliləməsini təmin edən strateji faktorlardan biri milli maraqlara əsaslanan, çoxvektorlu və praqmatik xarici siyasətin həyata keçirilməsidir. Bu strateji kurs respublikamızın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edib. Hazırda Azərbaycan dünyada böyük etimad qazanan ölkə - etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var”.
Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir
Ümumiyyətlə, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır”.
Mühüm məqamlardan biri budur ki, Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir, ölkəmizdə baş tutan qlobal əhəmiyyətli tədbirlər bəşəriyyət üçün aktual olan məsələlərin müzakirəsi və həlli baxımından fundamental əhəmiyyət kəsb edir. Ölkəmiz regional və qlobal təhlükəsizlik, beynəlxalq əməkdaşlıq kontekstində çox mühüm əhəmiyyətə malik olan mötəbər tədbirlərə, mühüm görüşlərə uğurla ev sahibliyi edir. Bununla yanaşı, respublikamızın paytaxtı Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşlər keçirməsi Azərbaycanın strateji dialoq platforması kimi çıxış etdiyini göstərir, ölkəmizin yüksək nüfuza malik olmasından xəbər verir. Ümumiyyətlə, Rusiyanın və NATO-nun ali hərbi komandanlıqlarının Bakıda görüşlərinin keçirilməsi təsadüfi deyil. Bu fakt, ilk növbədə, Azərbaycanın həyata keçirdiyi praqmatik və çoxvektorlu xarici siyasət kursunun məntiqi nəticəsidir. Sirr deyil ki, ölkəmiz regionda, eləcə də beynəlxalq səviyyədə əməkdaşlığa və təhlükəsizliyə mühüm töhfələr verir. Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Digər tərəfdən, ölkəmiz güc mərkəzlərinin maraqlarının toqquşduğu deyil, uzlaşdığı məkandır, başqa sözlə, beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır.
Bütövlükdə, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmət qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır”.
Ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır
Qeyd etmək lazımdır ki, ölkəmiz 2019-cu ildə mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verən Prezident İlham Əliyev bu məqamlara toxunaraq “Bu il ölkəmizdə önəmli beynəlxalq tədbirlər keçirilib. Onların arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünü qeyd etmək olar. Bildiyiniz kimi, Azərbaycan bu təşkilatda çox fəal rol oynayır və təşkilata sədrlik Azərbaycana keçibdir. Biz bu təşkilata bir il ərzində sədrlik edəcəyik. Eyni zamanda, Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanda keçirilibdir. Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisata 120 ölkənin yekdil qərarı ilə 3 il ərzində sədrlik edəcəkdir. Qeyd etdiyim kimi, bizim sədrliyimiz yekdil qərarla qəbul olunub. Bunun çox böyük mənası var. Çünki Qoşulmama Hərəkatında birləşən ölkələrin arasında bəzi ixtilaflar var, qarşıdurma da var, anlaşılmazlıq da var. Bəzi ölkələr bir-biri ilə, sadə dildə desək, yola getmirlər. Belə olan halda, bütün dövlətlər tərəfindən bizə göstərilən dəstək əlbəttə ki, bizim siyasətimizi əks etdirir, onu göstərir ki, Azərbaycana çox böyük hörmət və böyük rəğbət var. Biz üç il ərzində bu təsisata sədrlik edəcəyik və bu sədrlik formal xarakter daşımayacaq. Biz istəyirik ki, bu təsisatın dünyadakı rolunu artıraq. Azərbaycan sədrliyi dövründə bir neçə önəmli təşəbbüslə çıxış edəcəkdir. Bu təşəbbüslərin əsas mahiyyəti ondan ibarətdir ki, dünyada beynəlxalq əməkdaşlıq yeni pilləyə qalxsın və ölkələr arasında, o cümlədən sivilizasiyalararası məsələlər sağlam təməl üzərində öz həllini tapsın. Bizim bu sahədə çox böyük təcrübəmiz vardır”, - deyə vurğulayıb.
Azərbaycanda cari il keçirilən mühüm tədbirlər sırasında Dünya dini liderlərinin II Bakı Sammiti xüsusi qeyd edilməlidir. Sammitdə bəşəriyyət üçün aktual olan qlobal əhəmiyyətli məsələlər müzakirəyə çıxarılıb, səmərəli fikir mübadilələri aparılıb. Tədbir dünya ictimaiyyətinin diqqətinə mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ənənələrinin təşviqi kimi məsələlərin çatdırılması baxımından xüsusi əhəmiyyətə malik olub. Bir daha dünya ictimaiyyətinin diqqətinə reallıqlar təqdim olunub, tədbir iştirakçıları tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycanın dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verdiyini qətiyyətlə ifadə ediblər. Sammitdə həmçinin Azərbaycanın əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı məkan, tolerantlıq nümunəsi olduğu xüsusilə nəzərə çatdırılıb. Sammitin əhəmiyyətini dəyərləndirən ekspertlər bildiriblər ki, Azərbaycan öz təklif və təşəbbüsləri ilə sivilizasiyalararası dialoqun inkişafına, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizmin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir. Xüsusi olaraq vurğulanıb ki, ölkəmizin ev sahibliyi etdiyi qlobal əhəmiyyətli nüfuzlu tədbirlər qarşılıqlı anlaşma və əməkdaşlığa xidmət edir, sivilizasiyalararası dialoqun təşviqi və inkişafında yeni yanaşmaların, ideyaların meydana çıxmasına əlverişli zəmin yaradır.
Bununla yanaşı, paytaxt Bakıda keçirilmiş V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və VII Qlobal Bakı Forumu beynəlxalq müstəvidə böyük maraqla izlənib. Forumlarda bir çox ölkələrin və beynəlxalq təşkilatlarının yüksəksəviyyəli rəsmiləri iştirak ediblər. Forumlarda səsləndirilən fikirlər Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu bir daha təsdiq edir.
Eyni zamanda, bu il Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi də beynəlxalq müstəvidə Azərbaycana olan yüksək inam və etimadın əyani ifadəsidir. Məlumdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunub ki, bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür.
Ölkəmizdə 2019-cu ildə həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilib. Bu, türkdilli ölkələr arasında çoxşaxəli əlaqələrin inkişafı, regional və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Beləliklə, bütün bu faktlar Azərbaycanın xarici siyasət kursunun səmərəliliyini, həm də ölkəmizin yüksək beynəlxalq nüfuzunu göstərir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 667 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31