Paytaxt Bakı qədimliklə müasirliyin unikal vəhdətində inkişaf etdirilir
10.01.2020 [09:07]
Prezident İlham Əliyev: Şəhərsalma qaydaları, nəqliyyat infrastrukturu, digər kommunikasiyalar, memarlıq prinsipləri, Bakı şəhərinə uyğun memarlıq üslubunun qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və digər amillər daim diqqət mərkəzində olmalıdır
Azərbaycanda digər sahələr kimi, Bakının perspektiv inkişafı, paytaxtımızda, həmçinin ölkənin digər iri şəhərlərində memarlıq və şəhərsalma normalarının gözlənilməsi Prezident İlham Əliyevin davamlı olaraq diqqət mərkəzində saxladığı məsələlər sırasında yer alır. Təsadüfi deyil ki, dövlətimizin başçısı Bakıda həyata keçirilən əksər irimiqyaslı abadlıq və infrastruktur layihələrinin təməlqoyma və istifadəyə verilməsi mərasimlərində şəxsən iştirak edərək Özünün dəyərli tövsiyələrini verir. Elə bu günlərdə Prezident İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib. Qəbulda dövlət başçısı yüksək səviyyədə icra olunan yeni layihələrin sayəsində paytaxtımızın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsindən məmnunluğunu bildirərək perspektiv inkişafla bağlı tapşırıq və tövsiyyələrini verib. “Şəhərsalma qaydaları, nəqliyyat infrastrukturu, digər kommunikasiyalar, memarlıq prinsipləri, Bakı şəhərinə uyğun memarlıq üslubunun qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və digər amillər daim diqqət mərkəzində olmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Son illərdə icra edilən yeni layihələr sayəsində Bakı parklar və bağlar şəhərinə çevrilib
Məlum olduğu kimi, Bakı həm çar Rusiyası dövründə, həm də sovet dönəmində sənaye şəhəri kimi formalaşıb. Sənayenin genişlənməsi, ələlxüsus da Abşeronda neft hasilatının artması, təbii ki, şəhərin ekoloji vəziyyətinə öz mənfi təsirini göstərib.
Qeyd edək ki, bu vəziyyət Prezident İlham Əliyevin müdaxiləsi sayəsində yaxşılığa doğru dəyişməyə başladı. Bir neçə il bundan əvvəl dövlət başçısının tapşırığı əsasında paytaxtımızda genişmiqyaslı yenidənqurma və abadlıq işlərinə start verildi. Dövlət başçısının bildirdiyi kimi, vəzifə ondan ibarət idi ki, biz Bakını parklar və bağlar şəhərinə çevirək və buna nail oluruq. Bu gün həm Bakı sakinləri bunu görür, həm də xarici qonaqlar bunu qeyd edirlər.
Paytaxtımızda reallaşdırılan yeni layihələr sayəsində Bakının ekologiyasını böyük dərəcədə çirkləndirən yerlər və müəssisələr artıq ləğv olunur. Onların yerində müasir, şəhərsalma qaydalarına uyğun yeni ictimai zonalar yaradılır. Bibiheybət buxtasının yaşıllaşdırılması, neft gölməçələrinin qurudulması və təmizlənməsi buna gözəl nümunədir. Vaxtilə ekoloji fəlakət yaşanan Bibiheybət buxtası indi yaşıllıq, park zonasıdır. Orada Su İdmanı Sarayı, digər idman və istirahət infrastrukturu yaradılıb.
Yaxın keçmişədək Balaxanı zibilxanası digər istiqamətdən şəhərimizin havasını çirkləndirirdi. Orada yandırılan zibilin tüstüsü şəhərimizin səmasını büsbütün bürüyürdü. İndi bu acınacaqlı mənzərəyə son qoyulduğunu söyləmək mümkündür. Balaxanıda müasir müəssisə yaradılıb. Hazırda yüksək standartlar səviyyəsində yaradılan həmin poliqonda məişət tullantılarının çeşidlənməsi və zərərsizləşdirilməsi həyata keçirilir.
Son illərdə Böyükşor gölünün təmizlənməsi layihəsi də paytaxtımızın ekoloji mühitinin yaxşılaşdırılması baxımından böyük önəm daşıyır. Böyükşor da zamanında ekoloji fəlakət zonası idi. Bura həm kanalizasiya, həm də lay suları axıdılırdı. Eyni zamanda, göldən açıq səma altında neft anbarı kimi istifadə olunurdu. Prezident İlham Əliyevin tapşırığı ilə göldə zəruri təmizləmə işləri həyata keçirilib. Qısa müddətdə gölün təmizlənməsinin birinci mərhələsi uğurla tamamlanıb. Böyükşor gölünün ortasından çəkilən beton bənd üzərində müasir avtomobil yolu inşa olunub, həmçinin müvafiq layihə əsasında gölün kənarında bir kilometr uzunluğunda bulvar salınıb. Hazırda gölün digər hissəsinin təmizlənməsi istiqamətində intensiv iş aparılır.
Son illərdə paytaxtımızda irimiqyaslı layihələrdən biri də “Sovetski” deyilən ərazidə həyata keçirilib. Açıq demək lazımdır ki, “Sovetski” paytaxtımızın müasir siması ilə kəskin təzad təşkil edirdi. Ərazidəki bir-birinin içində olan köhnə daxma tipli tikililər həm ekoloji vəziyyətə çox mənfi təsir göstərirdi, həm də orada yaşayan insanlar və nəqliyyat üçün böyük problem yaradırdı. Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında ərazidə böyük işlər həyata keçirilib. Beləliklə, “Sovetski”dəki köhnə tikililər sökülərək onların yerində müasir nəqliyyat infrastrukturu və park yaradılıb.
Eyni zamanda, bakılıların və şəhərimizin qonaqlarının sevimli istirahət yeri olan bulvarın ərazisi genişləndirilib. Vaxtilə bulvarın uzunluğu cəmi 3 kilometr idi. İndi isə Bakı bulvarı 15 kilometr uzunluğunda gözəl bir milli parka çevrilib. Həyata keçirilən bu kimi layihələr onu təsdiqləyir ki, Bakı şəhərinin inkişafına, ekologiyasının təmizlənməsinə və nəticə etibarilə, vətəndaşların rahat yaşamasına çox böyük diqqət göstərilir.
Qara şəhərin yerində Ağ şəhər salınması növbəti tarixi nailiyyətdir
Paytaxtımızın abadlaşdırılmasından və burada ekoloji vəziyyətin yaxşılaşdırılmasından söhbət açarkən vaxtilə Qara şəhər kimi tanınan ərazidə müasir şəhərsalma standartları əsasında Ağ şəhərin yaradılmasının önəmini xüsusi qeyd edə bilərik. Zamanında şəhərimizin ekologiyasına ciddi ziyan vuran mənbələrdən biri paytaxtımızın şərqində, Bakı buxtasının mərkəzində 221 hektar sahəni əhatə edən Qara şəhər idi. Qara şəhərlə bağlı uzun illər ərzində müzakirələr aparılırdı. Onun sənaye zonası kimi saxlanılması iqtisadi baxımdan səmərəli deyildi. Eyni zamanda, ekoloji xəstə zonanın qalması Bakının müasir simasına qətiyyən yaraşmırdı. Beləliklə, Qara şəhərin rəmzi Ağ şəhərlə əvəzlənməsi ideyasının aktuallığı getdikcə daha da artırdı. İdeyanın gerçəkləşdirilməsi ilə bağlı suallar isə kifayət qədər çox idi. Skeptiklər Qara şəhərin abadlaşdırılması ideyasını utopiya kimi səciyyələndirirdilər. Belələri Qara şəhərın milyardlarla investisiyanı udacağını, ancaq heç bir səmərə verməyəcəyini əsaslandırmağa çalışırdılar. Həm də belə bir suala da cavab tapmaq lazım idi: Qara şəhərın yenilənməsi üçün tələb olunan böyük maliyyə vəsaitini haradan əldə etməli? Bu kimi müzakirələrin və sualların qarşılığında Qara şəhərın üzünə nə vaxtsa gün doğacağına ümid bəsləyənlərin sayı çox az idi. Nəhayət, Prezident İlham Əliyevin qətiyyəti, güclü siyasi iradəsi sayəsində bütün skeptik yanaşmalara və tərəddüdlərə son qoyuldu. 2011-ci il dekabrın 24-də Azərbaycanın dövlət başçısının iştirakı ilə Qara şəhərin ərazisində yaradılacaq Ağ şəhərin təməlqoyma mərasimi keçirildi. Bununla da onilliklər ərzində neftlə çirklənmiş, insanların təsəvvüründə ölü zona kimi qalmış Qara şəhərin yeni siması formalaşmağa başladı. Bu gün bəhs olunan ərazidə salınan Ağ şəhəri yüksək infrastruktura malik şəhər içində şəhər kimi səciyyələndirmək mümkündür. Prezident İlham Əliyev müasir şəhərsalma normalarına yüksək səviyyədə cavab verən Ağ şəhərin yaradılmasını növbəti tarixi uğur kimi səciyyələndirərək vurğulayib: “Biz Qara şəhəri Ağ şəhərə çevirdik. Hesab edirəm ki, bu da dünya miqyasında ən böyük və ən müasir standartlara cavab verən şəhərsalma layihələrindən biridir. Artıq orada çoxmənzilli evlər tikilir, ictimai zonalar yaradılır. Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir”.
Paytaxtımızın və digər iri şəhərlərin inkişafında memarlıq və şəhərsalma normalarının gözlənilməsi əsas tələblərdən biri kimi qarşıya qoyulub
Bəhs olunan qəbulda Prezident İlham Əliyev Bakının perspektiv inkişafı ilə bağlı fikirlərini də diqqətə çatdırıb. Bakı müstəqil Azərbaycanın paytaxtıdır. Ölkəmizin dinamik inkişafını, gücünü özündə əks etdirən paytaxtımızda heç bir halda xaotik tikintilərin aparılmasına yol verilməməlidir, əksinə, hər bir layihə Baş Plana uyğun şəkildə reallaşdırılmalıdır. “Bütün evlər, binalar şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğun şəkildə tikilməlidir”, - deyə dövlət başçısı Özünün prinsipial mövqeyini ifadə edib.
Eyni zamanda, bu tələblər respublikanın digər şəhərlərinin inkişafında da ciddi şəkildə gözlənilməlidir. Prezident İlham Əliyev deyib ki, digər böyük şəhərlərimizdə də buna oxşar proseslər getməlidir, o cümlədən Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərinin və digər şəhərlərimizin Baş Planı tərtib edilməlidir.
Məmnunluq hissi ilə vurğulamaq yerinə düşər ki, Bakının yeni inkişaf strategiyasında Prezident İlham Əliyevin tapşırıqlarına yüksək səviyyədə əməl olunur. Bu gün biz paytaxtımızın qədimliklə müasirliyin unikal vəhdətində inkişafından sonsuz qürur hissi keçiririk. İçərişəhər, Qız Qalası, Şirvanşahlar Sarayı, digər belə daş abidələr zəngin tariximizi yaşadır, xalqımızın şəhərsalma mədəniyyətinin hələ bir neçə əsr bundan əvvəl də yüksək səviyyədə olduğunu təsdiqləyir. Əlamətdar haldır ki, son illərdə Prezident İlham Əliyevin tapşırığı əsasında paytaxtımızın bir sıra qədim tikililərində, o cümlədən də İçərişəhərdə yüksək zövqlə təmir-bərpa işləri həyata keçirilib, onlara, necə deyərlər, ikinci həyat bəxş edilib.
Bakının qədim simasının qorunması tarixi irsimizə verilən böyük dəyər olaraq çox vacib məqamdır. Eyni zamanda, bu gün göz önündə əzəmətli tikililəri, yeni memarlıq abidələri ilə diqqəti çəkən müasir Bakının formalaşması da hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi yaradır. “Biz bütün təmir işlərini çox böyük ustalıqla, binaların tarixi görünüşünə xələl gətirmədən aparmışıq. Bu, birinci amildir ki, biz Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirmişik və tarixi abidələrimizi bərpa etmişik. İkinci amil müasir binalardır. Bunlar da memarlıq abidələridir. Məsələn, Heydər Əliyev Mərkəzi ən mötəbər mətbu orqanların birində dərc edilən hesabatda dünyanın ən gözəl 10 binasının arasında yer alıb. Mənim fikrimcə, bu, dünyanın ən gözəl binasıdır. Biz təkcə Heydər Əliyev Mərkəzinin timsalında nəinki müasir Bakımızın, Azərbaycanımızın rəmzini görürük. “Alov qüllələri”, “Crystall Hall”, Xalça Muzeyi, ofis binaları - bütün bunlar Bakının müasir memarlığını təcəssüm etdirir. Əsas vəzifəmiz, - mən bu vəzifəni çox ciddi qoymuşdum, - ondan ibarət idi ki, biz keçmişlə müasirliyin vəhdətini təşkil etməliyik”, - deyə Prezident İlham Əliyev bildirib.
Beləliklə, bir tərəfdə tarixin daş yadigarları, digər tərəfdə isə son dərəcə əzəmətli müasir tikililər, yeni gözəllik rəmzləri ucalır. Bunlar ilk baxışda təzadlı görünsə də, xalqımızın öz keçmişinə sıx tellərlə bağlılığını, ənənələri yaşatmasını, eyni zamanda, daim müasirliyə can atmasını, inkişafın ardıcıllığını təmin etməyə çalışdığını təsdiqləyir. Qədimliklə müasirliyin unikal vəhdəti Bakının özünəməxsus simasını formalaşdırır və paytaxtımızı onu görənlərin yaddaşında unudulmaz şəhərə çevirir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27

