Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan 2019-cu ildə sabitlik şəraitində inamlı inkişafını davam etdirib

Azərbaycan 2019-cu ildə sabitlik şəraitində inamlı inkişafını davam etdirib

15.01.2020 [09:32]

Prezident İlham Əliyev: Artıq 26 ildir ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmişdir
2019-cu il Azərbaycanın bütün sahələrdə əldə etdiyi böyük nailiyyətlərlə yadda qalıb. Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə də dövlətimizin başçısı vurğulayıb ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır. Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. “Artıq 26 ildir ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmişdir. Deyə bilərəm ki, ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan mühüm nəqliyyat və enerji layihələrinin moderatoru rolunda çıxış edir
Artıq tarixə dönən 2019-cu ildə Azərbaycanın qazandığı mühüm uğurlardan biri ölkəmizin ardıcıllıqla həyata keçirdiyi və milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursu ilə bağlıdır. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, ötən il 40-dan çox dövlət və hökumət başçısı həm ikitərəfli formatda keçirilən görüşlərə, həm də Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərə qatılmaq üçün respublikamızda səfərdə olub. Dövlətimizin başçısı 2019-cu ildə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsindən məmnunluğunu bildirərək vurğulayıb: “Keçən il bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu tədbirlər ölkəmizin dünyadakı mövqeyini həm əks etdirir, həm də möhkəmləndirir. Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır”.
Ötən il Azərbaycan qonşularla xoş niyyətə əsaslanan ənənəvi siyasətini davam etdirib. İl ərzində Azərbaycan Prezidentinin qonşu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşləri baş tutub. Məlumdur ki, Azərbaycanın işğalçı Ermənistan istisna olmaqla, öz qonşuları ilə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri mövcuddur. Ölkəmiz Xəzəryanı dövlətlərlə, eləcə də qardaş Türkiyə və Gürcüstanla siyasi dialoqu, həmçinin iqtisadi-ticarət əlaqələrini getdikcə daha da möhkəmləndirir. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, həm qonşu dövlətlərin Azərbaycana, həm də respublikamızın region ölkələrinə investisiya qoyuluşunun həcmi ilbəil artır. Eyni zamanda, Azərbaycan regionda reallaşdırılan əksər meqa nəqliyyat və enerji layihələrinin moderatoru rolunda çıxış edir. Çox doğru olaraq respublikamızın siyasi iradəsi və böyük həcmlərdə investisiya qoyuluşu hesabına reallaşdırılan bu layihələr regional və qlobal əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə kimi dəyərləndirilir.
2019-cu il Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin möhkəmlənməsi baxımından da əlamətdar olub. Məlumdur ki, respublikamızla Avropa İttifaqına üzv olan 9 dövlət arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Eyni zamanda, Avropa İttifaqının özü ilə “Tərəfdaşlıq prioritetləri” sənədi paraflanıb. Bu sənəddə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunub. Keçən il Avropa İttifaqı Şurasının prezidentinin respublikamıza səfərə gəlməsi Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyəsini əks etdirir. Onu da vurğulamaq yerinə düşər ki, hazırda Azərbaycanla Avropa İttifaqı yeni saziş üzərində işləyirlər. Şübhə yoxdur ki, bu saziş münasibətlərə yeni impuls verəcək.
Qeyd edildiyi kimi, 2019-cu il həmçinin respublikamızda bir sıra beynəlxalq tədbirlərin keçirilməsi ilə əlamətdar olub. Ötən il Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlər sırasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünü xüsusi qeyd edə bilərik. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən ilin oktyabrında keçirilən Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Azərbaycana keçib. Ölkəmiz bu imkandan bəhrələnərək türkdilli ölkələr arasında əməkdaşlığın genişlənməsinə daha sanballı töhfələr vermək əzmindədir.
Ötən il paytaxtımız Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi edib. “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Zirvə Görüşü çərçivəsində 120 üzv ölkənin yekdil qərarı ilə Azərbaycan BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisata sədrliyi öz üzərinə götürüb. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Qoşulmama Hərəkatında birləşən bəzi ölkələr, belə demək mümkündürsə, bir-biri ilə yola getmirlər, ölkələr arasında münaqişələr, ixtilaflar var. Buna baxmayaraq, bütün ölkələr Azərbaycanın namizədliyini dəstəklədi. Bu, bir daha onu göstərir ki, beynəlxalq arenada bizə olan hörmət və etimad yüksək səviyyədədir.
Ötən il Azərbaycanda keçirilən Dünya dini liderlərinin II Zirvə Görüşünə 70 ölkənin dini liderləri təşrif gətirmişdilər. Onlar ölkəmizdə dinlərarası, mədəniyyətlərarası dialoq istiqamətində görülmüş işlərə yüksək qiymət veriblər.
Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra edib
Məlumdur ki, Azərbaycan son 16 ildə dünyada iqtisadi baxımdan ən dinamik inkişaf edən ölkələr sırasında yer alıb. Dövlət tərəfindən göstərilən güclü siyasi iradə, maddi dəstək tədbirlərinin gücləndirilməsi, müasir çağırışlarla səsləşən islahatların əhatə dairəsinin genişləndirilməsi, biznes mühitinin getdikcə daha da optimallaşdırılması milli iqtisadiyyatımızın ilbəil genişlənməsini təmin edir. Bəhs olunan dövrdə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,3 dəfə artıb ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biridir.
Respublikamız iqtisadi sahədə uğurlar seriyasını 2019-cu ildə də davam etdirib. “Keçən il iqtisadi sahədə böyük müsbət nəticələr əldə edilmişdir. Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra etmişdir. Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ötən il ölkəmizin inamlı iqtisadi inkişafını əks etdirən statistik rəqəmlər kifayət qədər zəngindir. Belə ki, 2019-cu ildə respublikamızda ümumi daxili məhsul 2,2 faiz artıb, qeyri-neft sektorunda bu artım 3,5 faiz təşkil edib. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı isə 14 faiz yüksəlib. Ötən il görülən işlərin nəticəsi olaraq kənd təsərrüfatı 7 faiz artıb, bitkiçilikdə bu artım 10 faizdən çox olub.
Ölkəmizin müsbət mənzərəsini səciyyələndirən mühüm məqamlardan biri inflyasiyanın aşağı səviyyədə saxlanılması ilə bağlıdır. Ötən il respublikamızda inflyasiya cəmi 2,6 faiz təşkil edib, əhalinin pul gəlirləri isə 7,4 faiz olub. Bu da onu göstərir ki, respublikamızda əhalinin pul gəlirləri inflyasiyanı üstələyib.
İl ərzində respublikamızdan qeyri-neft ixracının 14 faiz artması da çox gözəl göstəricidir. Məlumdur ki, son illərdə respublikamızda uğurlu şaxələndirmə siyasəti həyata keçirilir və postneft iqtisadiyyatının inkişaf etdirilməsi güclü şəkildə təşviq edilir. Ölkədə reallaşdırılan islahatların böyük bir qismi qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının artırılmasına hesablanıb. İl ərzində ölkəmizdən qeyri-neft məhsullarının ixracının böyük həcmdə artması da görülən işlərin nəticəsidir.
Azərbaycanın güclü maliyyə təminatına malik ölkəyə çevrilməsi də böyük uğurdur. 2019-cu ildə respublikamızın strateji valyuta ehtiyatları 6,4 milyard dollar çoxalaraq 51 milyard dollara çatıb ki, bu da kifayət qədər böyük məbləğdir. Hazırda adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir.
Hazırda dünyanın əksər ölkələrində xarici ticarət dövriyyəsində mənfi saldo müşahidə olunur. Azərbaycan bu sahədə də beynəlxalq birliyə müsbət nümunə təqdim edir. Respublikamız xarici ticarət dövriyyəsində 6 milyard dollar həcmdə müsbət saldo ilə dünyanın azsaylı ölkələri sırasında yer alır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31