Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2019-cu ildə Azərbaycanda uğurla reallaşdırılan böyük sosial paket 4,2 milyon insanı əhatə edib

2019-cu ildə Azərbaycanda uğurla reallaşdırılan böyük sosial paket 4,2 milyon insanı əhatə edib

16.01.2020 [10:00]

Prezident İlham Əliyev: Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır
Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Dövlət başçısının siyasi iradəsi əsasında müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq respublikamızda ədalətli resurs bölgüsü həyata keçirilir, cəmiyyətin qayğıya ehtiyacı olan bütün təbəqələri dövlət tərəfindən dəstəklənirlər. Azərbaycanı fərqləndirən cəhət həm də ondan ibarətdir ki, ölkəmizdə iqtisadiyyatın davamlı şəkildə artmasına adekvat olaraq sosial sahədə bilavasitə insanların rifah halının yaxşılaşmasına, gəlir imkanlarının artmasına hesablanan tədbirlərin də əhatə dairəsi genişləndirilir. Ölkəmiz 2019-cu ildə də öz ənənəsinə sadiq qalaraq dərinməzmunlu sosial siyasətini davam etdirib.
Ötən il respublikamızda Azərbaycan tarixində və MDB məkanında ən böyük sosial paket reallaşdırılıb
Ölkəmizdə iqtisadi inkişaf baxımından kifayət qədər uğurlu olan 2019-cu ili həmçinin sosial islahatlar ili kimi səciyyələndirmək mümkündür. Məlumdur ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev hələ 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra sosial islahatların anonsunu vermişdi. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev Öz vədinə sadiq qalaraq 2019-cu ilin əvvəlindən əhatə dairəsi kifayət qədər geniş olan sosial islahatların həyata keçirilməsi ilə bağlı bir sıra hallarda inqilabi səciyyə daşıyan qərarlar qəbul etdi, çoxsaylı Fərman və sərəncamlar imzaladı. Yeri gəlmişkən, yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı reallaşdırılan sosial islahatları ötən ilin mühüm uğurları kimi səciyyələndirərək vurğulayıb: “Vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edilmişdir. Bu, öz növbəsində imkan verdi ki, biz çox geniş sosial paketi əhaliyə təqdim edək və bunu etdik. Hesab edirəm ki, həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmamışdır”.
Qeyd etdiyimiz kimi, ölkəmizin ardıcıllıqla reallaşdırdığı dərinməzmunlu sosial siyasətində əhalinin həssas qruplarının, aztəminatlı insanların, o cümlədən də müəyyən güzəşt hüquqlarına malik ailələrin və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərilir. Məsələn, dövlət başçısının 28 yanvar 2019-cu il tarixində imzaladığı müvafiq Fərmanla birdəfəlik ödəmə verilən şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib. Belə ki, sənədə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Bəhs olunan müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məlumat verib ki, artıq bu proqram 98 faiz icra olunub. Belə ki, on iki min şəhidimizin 18 min vərəsəsinə nəzərdə tutulan vəsaitlər tam şəkildə ödənilib. Nazirlik rəsmisinin bildirdiyinə görə, ötən il şəhid ailələri və müharibə veteranları üçün mənzil təminatı proqramı əhəmiyyətli dərəcədə genişlənib. 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 628 mənzil verilib. 2019-cu ildə isə bu qəbildən olan ailələrə və müharibə əlillərinə verilən mənzillərin sayı 934-ə çatdırılıb. Əlamətdar haldır ki, dövlət başçısı dekabrın 24-də - Öz ad günündə böyük bir binanın açılışını edib və Bakının Nizami rayonunda 96 mənzil şəhid ailələrinə və müharibə əlillərinə təqdim olunub. Müvafiq mənzil tikintisi proqramı 2020-ci ildə də davam etdiriləcək. Cari ildə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 1500 mənzilin tikilib onların istifadəsinə verilməsi planlaşdırılıb.
Eyni zamanda, 2019-cu ildə əlilliyi olan şəxslərə avtomobil təminatı proqramı davam etdirilib və onlara 600 avtomobil təqdim olunub. Ötən il dövlət başçısının tapşırıqlarına uyğun olaraq Naftalan, Yevlax, Mərdəkan Reabilitasiya mərkəzləri tam fəaliyyətə başlayıb, Protez-Ortopedik Mərkəzin istehsalat sexi istifadəyə verilib. Gəncədə pensiyaçılar üçün sosial xidmət müəssisəsi və Peşə Hazırlığı Mərkəzi açılıb. Ötən ildən icrasına başlanan işlərin davamı olaraq 2020-ci ildə daha 10 reabilitasiya mərkəzi və sosial xidmət müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulub.
Bütövlükdə, respublikamızda dərinməzmunlu sosial siyasətə uyğun olaraq sosial infrastruktur quruculuğu geniş vüsət alıb. Ötən il ölkə üzrə 60 tibb müəssisəsi, 84 məktəb tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub.
Ötən il iki mərhələdə reallaşdırılan sosial məzmunlu islahatların maliyyə yükü kifayət qədər böyükdür. Hər iki sosial paketin dəyəri ötən il üçün 2,3 milyard manat, 2020-ci il üçün isə 3 milyard manatdır. Bütövlükdə, 2019-cu ildən başlayan və perspektivdə də davam etdiriləcək sosial islahatların həyata keçirilməsinə 5,2 milyard manat vəsaitin sərf olunması nəzərdə tutulur.
Məmnunluq hissi ilə qeyd etmək yerinə düşər ki, respublikamızda aparılan sosial islahatlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Xəbər verildiyi kimi, ötən ilin may ayında Azərbaycanda Avropa Sosial Forumu keçirilib. Forumda Avropa İttifaqının bütün sosial təminat və pensiya fondlarının rəhbərləri iştirak ediblər. Bu forum çərçivəsində Azərbaycanın həyata keçirdiyi dörd layihə Avropa üçün ən yaxşı təcrübə mükafatlarını qazanıb. Bunlar özünüməşğulluq layihəsi, ünvanlı sosial yardım layihəsi, əlillik və qeyri-formal məşğulluqla mübarizə proqramlarıdır.
2019-cu ildə respublikamızda minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz artıb
Ölkəmizdə əməkhaqlarının və pensiyaların artırılması kimi gözəl ənənə 2019-cu ildə də davam etdirilib. Bu artımlar isə öz növbəsində ölkə vətəndaşlarının maddi təminatının möhkəmlənməsinə müsbət təsir göstərib. Bundan məmnunluğunu bildirən dövlətimizin başçısı “Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaşların maddi vəziyyəti yaxşılaşdı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılmışdır. Bir sözlə, keçən il aparılmış islahatlar nəticəsində biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, məhz sosial sahəyə yönəltdik. Mən keçən ilin əvvəlində bunu bəyan etmişdim. Demişdim ki, yığılacaq bütün əlavə vəsait sosial sahəyə yönəldiləcəkdir və bunu da etdik. Hər zaman olduğu kimi, sözümüzün üstündə dururuq. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır”, - deyə vurğulayıb.
Ümumiyyətlə, müşavirədə də bildirildiyi kimi, 2019-cu ildə reallaşdırılan sosial islahatların ən mühüm qolu məhz əmək münasibətləri ilə bağlı olub. İl ərzində dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında reallaşdırılan tədbirlər nəticəsində 1 milyon 350 min insanın əməkhaqqı ciddi şəkildə artıb. Bu artımlar Azərbaycanın minimum əməkhaqqına görə MDB məkanında alıcılıq qabiliyyəti üzrə ikinci yerə yüksəlməsini təmin edib. Respublikamızda cəmi bir il ərzində əməkhaqqı fondunun 42,3 faiz artması böyük uğurdur. Eyni zamanda, median əməkhaqqı cəmi bir il ərzində 52 faiz artıb ki, bu da sosial ədalətin geniş şəkildə tətbiqindən irəli gələn islahatların məhz aztəminatlı kəsimə yönəlməsini təsdiqləyən bir göstəricidir. Başqa bir mühüm məqam ondan ibarətdir ki, ötən il ölkə üzrə 153 min əmək müqaviləsi artıb. Bunun 99 mini, yəni böyük hissəsi özəl sektorun, 54 mini isə dövlət sektorunun payına düşür.
İslahatlar çərçivəsində 2019-cu ildə əmək pensiyalarının minimum məbləğinin iki dəfə artırılması da təqdirəlayiq haldır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılıb. Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması 660 min nəfər pensiyaçını əhatə edib. Müşavirədə bildirildiyi kimi, pensiya sahəsində aparılan islahatlar nəticəsində minimum pensiyanın artımı ölkəmizi MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci yerə yüksəldib. Eyni zamanda, xüsusi şərtlərlə pensiya təyinatı olan hərbçiləri əhatə edən böyük bir kontingentdə də 30 faizlik artım olub. Aparılan islahatların nəticəsində 2019-cu ildə ölkədə orta pensiya 15 faiz, yaşa görə pensiya 15 faiz, ən həssas kateqoriya olan əlilliyə görə pensiya isə 22 faiz artıb. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri S.Babayevin bildirdiyinə görə, pensiya təyinatının avtomatlaşdırılması nəticəsində 2019-cu ildə pensiya təyinatı alan insanların 80 faizi, təqribən 15 min şəxs üçün məhz proaktiv elektron qaydada - hər hansı bir ünvana getmədən pensiya təyinatı aparılıb.
Bəhs olunan müşavirədə həmçinin 2019-cu ildə respublikamızda sosial müavinətlər və təqaüdlərlə bağlı islahatlara da xüsusi diqqət çəkilib. Ötən il bu istiqamətdə 1,3 milyon insanı əhatə edən geniş paket icra olunub. Bu paketin böyük bir hissəsi məhz əlilliyi olan şəxsləri əhatə edib. Bu sahədə də dövlət başçısının tapşırıqları əsasında elektronlaşma tədbirləri görülüb və artıq 2019-cu ilin sonuna 19 növ sosial müavinət və təqaüdün elektron qaydada proaktiv şəkildə vətəndaşın hər hansı bir müraciəti olmadan təyin edilməsinə başlanıb. Ötən il artıq 20 min təyinat bu şəkildə həyata keçirilib. Bu avtomatlaşma tədbirləri 2020-ci ildə 200 min pensiya, müavinət və təqaüd təyinatının elektron qaydada proaktiv şəkildə aparılmasına imkan verəcək.
2019-cu ildə respublikamızda həmçinin ünvanlı sosial yardım proqramının əhatə dairəsi genişləndirilib. Hazırda ünvanlı sosial yardımın məbləği artırılaraq 209 manata çatdırılıb. Ölkə üzrə ümumilikdə 296 min üzvü olan 72 min ailə bu proqramla əhatə olunub. Dövlət başçısının tapşırıqları əsasında ünvanlı sosial yardımın təyin olunmasını şərtləndirən meyarlar yüngülləşdirilib. Eyni zamanda, ünvanlı sosial yardımın verilməsində şəffaflığın yüksək səviyyədə təmin edilməsi istiqamətində təkmilləşdirmə işləri davam etdirilir. 2020-ci ildə ünvanlı sosial yardım proqramının daha da genişləndirilməsi nəzərdə tutulub.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 605 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31