Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: İyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz

Prezident İlham Əliyev: İyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz

30.01.2020 [09:26]

Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanların dəvət olunması, Prezident Administrasiyası, Nazirlər Kabineti və digər strukturlarda həyata keçirilən islahatlar yaxşı nəticə verir
Azərbaycanın müstəqil dövlət kimi uğurlu inkişafını şərtləndirən əsas amillərdən biri ondan ibarətdir ki, ölkəmiz özünün məqsədyönlü siyasətini bir qayda olaraq zamanın dəyişən çağırışlarına, dünyada müşahidə edilən pozitiv trendlərə uyğun qurur. Belə praqmatik siyasətin nəticəsi ondan ibarətdir ki, respublikamız iqtisadi müstəqilliyini tam təmin edib, infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib, insanların həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Azərbaycan həmçinin öz inkişafının indiki mərhələsində köhnə idarəçilik metodlarından uzaqlaşmaqla, mühafizəkar kadrlarla vidalaşmaqla daha genişmiqyaslı inkişafa açılım etməyi hədəfləyib. Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında respublikamızda yeni yanaşmanın reallaşdırılmasına güclü siyasi iradə olduğunu nəzərə çatdıraraq vurğulayıb: “Bizdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma tələb olunur. Hesab edirəm ki, bu, mümkündür. Buna nail olmaq olar, çünki bizim güclü siyasi dəstəyimiz var”.
Azərbaycan Prezidentinin həyata keçirdiyi struktur və kadr islahatları səmərəli, işlək idarəçilik mexanizminin daha da inkişaf etdirilməsini nəzərdə tutur
Dünya təcrübəsindən də bəlli olduğu kimi, inkişafın ardıcıllığının təmin olunması böyük dərəcədə idarəetmə mexanizminin optimal qurulmasından, kadrların düzgün seçilib yerləşdirilməsindən asılıdır. Prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, bəhs olunan istiqamətlərdə müvafiq tədbirlərin görülməsi labüddür, çünki dayanıqlı inkişafı təmin etmək üçün həm struktur çevik olmalıdır, həm də kadrlar müasir çağırışlara cavab verməlidirlər. Dövlət başçısı tərəfindən müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq respublikamızda cari ilin əvvəlindən daha aktiv fazaya daxil olan institusional islahatlar idarəetmədə səmərəliliyi və çevikliyi artırmağa hesablanıb. Azərbaycanın dövlət başçısının həyata keçirdiyi struktur və kadr islahatları səmərəli, işlək idarəçilik mexanizminin daha da inkişaf etdirilməsini və müasir dövrün tələblərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Qeyd etmək yerinə düşər ki, 2019-cu ilin əvvəlindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən struktur islahatları ilə bağlı mühüm qərarlar qəbul edilib. Ardıcıllıqla aparılan struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Zamanın dəyişən tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında çox ciddi struktur islalahatları aparılıb, Nazirlər Kabineti əslində yenidən formalaşdırılıb.
Respublikamızda yeni mərhələdə institusional islahatların davamı olaraq kadr siyasəti də keyfiyyətcə yeni mərhələyə qaldırılıb. Ölkə Prezidenti dövlət orqanlarında, icra strukturlarında islahatları dərinləşdirmək istəyir. Kadrlar da məhz qarşıya qoyulan tələblərə uyğun işləməlidirlər, islahatların dərinləşməsinə öz töhfələrini verməlidirlər. Dövlət başçısı vəzifəyə yeni təyin olunan kadrların qarşısına mühüm tələblər qoyur. Onlar çalışdıqları sahələrdə vətənpərvərlik, dövlətçiliyə sədaqət və peşəkarlıq nümayiş etdirməlidirlər, heç bir halda kabinet məmuru olmamalıdırlar. Şəffaflığın təmin olunması, insanlara qayğı göstərilməsi yeni kadrların fəaliyyətinin əsas qayəsini təşkil etməlidir. Azərbaycan məmurları üçün yaxşı nümunə də var. Onlar Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyətini, dövlətə və xalqa bağlılığını özləri üçün deviz müəyyənləşdirə bilərlər. Prezident İlham Əliyevi fərqləndirən, Ona olan inamı artıran amillər məhz Öz işinə peşəkar yanaşmasıdır, Öz missiyasını xalqa xidmət etməkdə görməsidir. Vəzifəyə təyin olunan kadrlar da dövlət başçısının iş üslubunu mənimsəməlidirlər. Prezident İlham Əliyev ölkəmizdə aparılan kadr islahatlarının idarəetmə strukturunun müxtəlif pillələrini əhatə etdiyinə diqqət çəkərək “Hökumət dəyişdi. Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunmuşdur. Çünki dəfələrlə ictimaiyyətə açıqlamalarımda dediyim kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda, çox böyük dəyişikliklərə məruz qalmış Prezident Administrasiyasına da gətirilmişdir”, - deyə bildirib.
Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanların dəvət olunması, Prezident Administrasiyası, Nazirlər Kabineti və digər strukturlarda həyata keçirilən islahatlar yaxşı nəticə verir. Əlamətdar haldır ki, son illərdə Azərbaycanın həyata keçirdiyi struktur və kadr islahatları, ölkədə idarəetmə mexanizminin daha da təkmilləşdirilməsi cəmiyyətdə və dünyanın aparıcı ekspertləri, iqtisadi-maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Davos İqtisadi Forumunun müvafiq hesabatında Azərbaycan hökumətinin strateji baxışının dünya üzrə 10-cu yerə layiq görülməsi bunu əyani şəkildə təsdiqləyir. Başqa bir fakta da diqqət çəkmək yerinə düşər. Xəbər verildiyi kimi, 2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu keçirilib. Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi belə bir mötəbər forumun Bakıda keçirilməsi Azərbaycanın təcrübəsinin dünyada böyük maraqla izlənildiyini bir daha təsdiqləyir. Azərbaycanda dövlət xidmətlərinin çox təkmil və yüksək səviyyədə həyata keçirildiyi BMT-nin Bakıda baş tutan Dövlət Xidmətləri Forumunda da xüsusi vurğulanıb. Forum çərçivəsində ölkəmiz BMT-nin xüsusi mükafatına layiq görülüb. BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təqdim edib.
Ölkəmizdə gələn ay keçiriləcək parlament seçkiləri insanlara etimad göstərdikləri namizədləri seçmək imkanı verəcək
Ölkəmizdə aparılan islahatlardan söhbət açarkən siyasi məzmunlu islahatların önəmini ayrıca qeyd etmək lazımdır. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən də bəlli olduğu kimi, siyasi sistemi təkmilləşdirmədən digər istiqamətlərdə mütərəqqi dəyişiklikləri reallaşdırmaq əsla mümkün deyil. Siyasi sistem dəyişən çağırışlarla daim ayaqlaşmalıdır, əks halda o, digər sahələrdə inkişafı əngəlləyə bilər. Bu baxımdan ötən il Azərbaycanın Milli Məclisinə seçkilərin təyin olunması vaxtında verilmiş bir qərardır. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Milli Məclisində çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri Milli Məclisin Sədrinə müraciət edərək yaranmış vəziyyətdə parlament fəaliyyətinin həyata keçirilməsinin mümkün olmayacağı qənaətinə gəldiklərini və növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bildiriblər. Eyni zamanda, parlamentin plenar iclaslarında digər partiyaları təmsil edən deputatlar da hakim partiyadan olan həmkarlarının mövqeyini dəstəkləyiblər. Bundan sonra Milli Məclis 2 dekabr 2019-cu il tarixində “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” müvafiq Qərar qəbul edib. Qərarda vurğulanır ki, Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqdadır.
Eyni zamanda, bu islahatların daha da sürətləndirilməsi və bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin də fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yenilənməsinə, ölkənin dinamik inkişafı və hərtərəfli dərin islahatlar strategiyasına uyğunlaşdırılmasına ehtiyac duyulur.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər təyin olunarkən qanunvericiliyin bütün tələbləri gözlənilib. Belə ki, dekabrın 4-də Konstitusiya Məhkəməsinin iclasında Azərbaycan Prezidentinin Milli Məclisin yuxarıda bəhs olunan Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair sorğusuna baxılıb. Konstitusiya Məhkəməsi çıxartdığı Qərarda Milli Məclisin Azərbaycan Prezidenti tərəfindən buraxılmasını Konstitusiyaya uyğun hesab edib. Bundan sonra Prezident İlham Əliyev 5 dekabr 2019-cu il tarixində “Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamla beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi qərara alınıb. Şübhə yoxdur ki, ölkəmizdə gələn ay keçiriləcək parlament seçkiləri insanlara etimad göstərdikləri namizədləri seçmək imkanı verəcək. “Gələn ay bizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır”, - deyə Prezident İlham Əliyev bildirib.
Qeyd edək ki, respublikamızda parlament seçkilərinə hazırlıq qanunvericiliyin tələblərinə yüksək səviyyədə əməl olunmaqla həyata keçirilir. Hazırda seçki kampaniyasının təbliğat-təşviqat mərhələsi uğurla davam etdirilir. Siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün namizədlərə qeydə alındıqları dairələrdə seçicilərlə görüşmək, təbliğat-təşviqat kampaniyası aparmaq üçün bərabər şərait yaradılıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 533 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31