Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Bizim əlavə və çox kreativ əmək ehtiyatlarımız var

Prezident İlham Əliyev: Bizim əlavə və çox kreativ əmək ehtiyatlarımız var

31.01.2020 [09:31]

Azərbaycanda insanların, o cümlədən də gənclərin əmək bazarına inteqrasiyasının genişləndirilməsi üçün yeni imkanlar yaradılır
Son illərdə nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycanın insan inkişafı indeksi üzrə öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırması məmnunluq doğurur. Buna müsbət təsir göstərən amillər sırasında isə əhalinin, o cümlədən də gənclərin əmək bazarına inteqrasiyasının genişlənməsinin rolunu xüsusi vurğulaya bilərik. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq yeni iş yerlərinin yaradılması dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirilib. Öz növbəsində Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə güclü siyasi iradə nümayiş etdirməsi yaxşı nəticələr verir. 2003-2019-cu illər ərzində respublikamızda təxminən 2 milyon yeni iş yeri açılıb, işsizlik səviyyəsi 5 faizədək aşağı endirilib ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir. İşsizliyin aşağı səviyyədə olması həmçinin respublikamızda yoxsulluğun da azalmasını - 49 faizdən 5,4 faizə enməsini şərtləndirib. Eyni zamanda, BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamız işsizliyin və yoxsulluğun azaldılması tendensiyasını bundan sonra da davam etdirmək niyyətindədir.
Hüquqi bazanın möhkəmləndirilməsi və praktiki müstəvidə reallaşdırılan tədbirlər əhalinin əmək bazarına çıxışını asanlaşdırıb
Azərbaycan əmək ehtiyatları ilə zəngin olan ölkədir. Qeyd edək ki, hazırda respublikamızda əmək qabiliyyətli yaşda olan əhalinin sayı 6814,0 min nəfərdir. Bunun 5168,0 min nəfərini iqtisadi fəal əhali təşkil edir.
Əhalinin daha çox hissəsinin gənclərdən ibarət olması respublikamızda əmək ehtiyatlarının formalaşmasında mühüm rol oynayır. Məlumdur ki, respublikamızda məqsədyönlü gənclər siyasəti həyata keçirilir. Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev gənclərə münasibətdə xüsusi yanaşma nümayiş etdirir. Dövlət başçısının mövqeyi belədir ki, Azərbaycan gəncləri bilikli, savadlı yetişməlidirlər, müasir dövrdə daha çox tələbat duyulan ixtisaslara yiyələnməlidirlər. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq respublikamıza gələn neft gəlirlərinin müəyyən hissəsi insan kapitalının formalaşdırılmasına yönəldilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev bir qədər bundan əvvəl Davos İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında Azərbaycan gənclərinin fəal və kreativ əmək ehtiyatları kimi formalaşdığına diqqət çəkərək bildirib ki, bizim nəsil çox gəncdir. Bizim əlavə və çox kreativ əmək ehtiyatlarımız var. “Fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Əlbəttə, əmək ehtiyatlarının zənginliyi, gənclərin yüksəkixtisaslı kadrlar kimi formalaşmaları ölkəmizin böyük üstünlüyüdür. Azərbaycanı fərqləndirən həm də o məqamdır ki, respublikamızda insanların əmək bazarına inteqrasiyasının genişləndirilməsi üçün yeni imkanlar yaradılır. Hüquqi bazanın möhkəmləndirilməsi və praktiki müstəvidə reallaşdırılan tədbirlər əhalinin, o cümlədən də gənclərin əmək bazarına çıxışını asanlaşdırır. Belə tədbirlərin əhatə dairəsi isə kifayət qədər genişdir. Yeni iqtisadi şəraitdə Prezident İlham Əliyevin islahatların ardıcıllığının təmin edilməsi məqsədilə imzaladığı ayrı-ayrı sənədlər respublikamızda insanların əmək bazarına inteqrasiyasına möhkəm hüquqi əsaslar yaradır. Azərbaycan Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nda əmək bazarının inkişafına xidmət edən tədbirlər də yer alıb. Bu tədbirlər sırasına əmək bazarında çevikliyin təmin edilməsi, peşələr üzrə monitorinq aparılması, formal (akademik) təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması, peşə təlimi, ixtisasartırma və yenidən hazırlıq vasitəsilə əmək bazarında baş verən sürətli dəyişikliklərin qarşılanması üçün peşə standartlarının hazırlanması prosesinin davam etdirilməsi və digər məsələlər daxildir.
Respublikamızda insanların məşğulluq imkanlarının genişləndirilməsi baxımından əmək münasibətlərinin elektron qeydiyyatı sisteminin tətbiqinin önəmini xüsusi qeyd etmək lazımdır. Bu sistem əmək bazarı iştirakçılarının hüquq və mənafelərinin dolğun şəkildə təminatında, əmək bazarının tənzimlənməsi prosesində innovativ yanaşmaları özündə ehtiva edən çox səmərəli vasitədir. Ölkəmizdə sosial dialoqun gücləndirilməsi, bu istiqamətdə mühüm addım kimi Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması, peşə standartlarının hazırlanaraq istifadəyə verilməsi əmək bazarının inkişafına güclü stimul yaradan tədbirlərdəndir. Bu tədbirlər, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan müvafiq strateji hədəflərin icrası, insan kapitalının inkişaf etdirilməsi, işçi qüvvəsinin bilik və bacarıq səviyyəsinin artırılması və digər istiqamətlərdə aparılan məqsədəuyğun işlər ölkəmizin əmək bazarında inkişaf meyillərinin davam etdirilməsinə, onun səmərəliliyinin artırılmasına geniş imkanlar açıb.
Ölkəmizdə insanların əmək bazarına daha asan çıxışını təmin etmək üçün hüquqi bazanın təkmilləşdirilməsi praktiki müstəvidə reallaşdırılan tədbirlərlə tamamlanır. Respublikamızda yeni şəraitdə iqtisadiyyatın genişlənməsini hədəfləyən islahatlar uğurla reallaşdırılır. Təkcə son illərdə ölkəmizdə daxili və xarici investisiyaları cəlb etməklə bir neçə sənaye parkı yaradılıb, nəhəng sənaye müəssisələri işə salınıb. Eyni zamanda, bölgələrdə sənaye məhəllələrinin yaradılması geniş vüsət alıb. Son illərdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsi, pambıqçılıq, baramaçılıq, tütünçülük kimi gəlir imkanları geniş, əmək tutumu böyük olan sahələrin dirçəldilməsi respublikamızda əmək bazarının genişlənməsinə öz müsbət təsirini göstərib.
Azərbaycanın yeni hökuməti əsas diqqətini artan əhalidən ibarət böyük çağırış üzərinə yönəldəcək
Hər bir ölkə əmək bazarının tənzimlənməsi yollarını öz reallıqlarından çıxış edərək müəyyənləşdirir. Bu sahədə Azərbaycanın strateji hədəfi ondan ibarətdir ki, ölkədə yeni iş yerlərinin yaradılması davamlı prosesə çevrilməlidir. Bu strateji xəttə uyğun olaraq respublikamızda yeni iş yerlərinin yaradılmasına və mövcud olanların qorunmasına çox həssas münasibət bəslənilir. Prezident İlham Əliyev Öz çıxışlarında dəfələrlə dövlət şirkətlərinə, özəl qurumlara üz tutaraq onları iş yerlərini ixtisar etməməyə, əksinə, fəaliyyətlərini genişləndirməyə çağırıb.
Respublikamızda iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilərkən əhalinin artım tendensiyası əsas götürülüb. Prezident İlham Əliyev diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Bu, dünyanın ayrı-ayrı ölkələri ilə müqayisədə respublikamızın böyük üstünlüyüdür. Ancaq eyni zamanda, ölkəmizdə əhali sayının artması qarşıya yeni çağırışlar qoyur. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev “Beləliklə, yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. Buna görə də bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir. Müstəqillik illərində əhalimizin sayı 7 milyondan 10 milyona qədər artdı. Beləliklə, əhaliyə əlavə infrastruktur, əlavə ərzaq təminatı tələb olunur. Bizim əhalimiz hər il 100 mindən çox artır. Bu isə o deməkdir ki, bizə ən azından ildə 100 min iş yeri lazımdır. Bu, asan deyil. Buna görə də hökumət bu məsələ ilə məşğul olacaq”, - deyə vurğulayıb.
Əhalinin həssas qruplarının məşğulluğunun təmin olunması üçün yeni proqramlar reallaşdırılır
Ölkəmizdə əhalinin həssas qruplarının məşğulluğunun təmin olunması davamlı olaraq diqqət mərkəzində saxlanılır və bu məqsədlə yeni proqramlar reallaşdırılır. Məlum olduğu kimi, respublikamızda Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən işsizliyin və yoxsulluğun azaldılmasını hədəfləyən səmərəli özünüməşğulluq proqramı həyata keçirilir. Bütün respublika miqyasında insanlar bəhs olunan proqrama böyük maraq göstərirlər və onun əhatə dairəsi getdikcə genişlənir. Proqram çərçivəsində aztəminatlı insanlar layiqli əmək fəaliyyətinə cəlb edilirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin məlumatına əsasən, dövlət başçısının tapşırığına uyğun olaraq özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilir. 2019-cu ildə 10 min 354 vətəndaş bu proqrama cəlb edilib. BMT İnkişaf Proqramının, həmçinin Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin bu proqrama qoşulması nəticəsində əlavə 500 nəfərin aktivlərlə təmin olunmasına imkan yaranıb. Qeyd edək ki, özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edən vətəndaşlar arasında əlilliyi olan şəxslərə üstünlük verilir. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2400-ə yaxın əlilliyi olan şəxs kiçik ailə təsərrüfatlarını qurmaq üçün potensialları nəzərə alınmaqla həmin proqrama cəlb edilib. Bundan başqa, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində 305 gənc peşə hazırlığı kursu keçib.
Ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan haqqı ödənilən ictimai iş yerləri də həssas qruplardan olan insanların məşğulluğunun təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. 2019-cu ildə “İşsizin DOSTu” proqramının reallaşdırılması sayəsində ölkə üzrə 38 min ödənişli ictimai iş yeri açılıb və bu istiqamətdə işlər 2020-ci ildə də davam etdiriləcək.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31