“ASAN xidmət” yeniləşən Azərbaycanın yeni simasıdır
14.02.2020 [09:36]
Prezident İlham Əliyev: Xalqımıza xas olan bütün müsbət əlamətlər, eyni zamanda, müasirlik, texnologiyalar, innovasiyalar “ASAN xidmət”də özünü büruzə verir
Həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanın dinamik inkişafı, iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin baş verməsi, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə öz növbəsində dövlət idarəçiliyi sisteminin adekvat şəkildə təkmilləşdirilməsini, bu sahədə səmərəliliyin yüksəldilməsini, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılmasını zərurətə çevirib. Təsadüfi deyil ki, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında aparılan kompleks islahatların mühüm bir qolu məhz institusional sferanı əhatə edir. Həyata keçirilən islahatlar çərçivəsində ölkədə keyfiyyətcə yeni idarəetmə strukturunun formalaşdırılması, ələlxüsus da vətəndaşlara ictimai xidmətlərin göstərilməsində inklüzivliyin təmin olunması böyük aktuallıq daşıyır.
“ASAN xidmət” vətəndaşlara ictimai xidmətlər göstərilməsində inqilabi yenilikdir
Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan dövlət xidmətlərinin zamanın dəyişən çağırışlarına uyğun təkmilləşdirilməsi və bu sahədə əlçatanlığın, rahatlığın artırılması siyasətini yeni innovativ həllərin, o cümlədən də informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqini özündə ehtiva edən platformalar üzərindən reallaşdırmağa üstünlük verir. Qarşıya qoyulan hədəf odur ki, ölkədə həm qanunçuluq, nizam-intizam, şəffaflıq yüksək səviyyədə təmin edilsin, həm də vətəndaş məmnunluğu, dövlətə inam artsın. Bu baxımdan “ASAN xidmət” nümunəsi təqdirəlayiqdir. Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışından sonra ASAN könüllüləri ilə görüşdəki çıxışında bildirib ki, xalqımıza xas olan bütün müsbət əlamətlər, eyni zamanda, müasirlik, texnologiyalar, innovasiyalar “ASAN xidmət”də özünü büruzə verir. Respublikamızda “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini ictimai xidmətlər sahəsində inqilabi yenilik kimi səciyyələndirən dövlət başçımız vurğulayıb: “Əslində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və bu mərkəzlərdə hökm sürən nizam-intizam, mədəniyyət, dürüstlük həm Azərbaycan cəmiyyətində böyük yenilik və ictimai xidmətlər sahəsində bir inqilab idi, eyni zamanda, bu, mərkəzlərə müraciət edən vətəndaşlar üçün də gözlənilməz bir hal idi. Çünki ictimai xidmətlər əfsuslar olsun ki, ölkəmizdə həmişə problemli bir sahə idi. İnsanlar məcbur olub günləri, həftələri itirərkən, bu və ya digər dövlət qurumuna müraciət edərkən öz haqlı tələbini təmin etmək üçün əziyyət çəkirdilər. Süründürməçilik, rüşvətxorluq, korrupsiya, mədəniyyətsizlik əfsuslar ki, ictimai xidmətlər sektoruna xas olan əlamətlər idi. İndi isə “ASAN xidmət” mərkəzlərində bunların biri də yoxdur. Eyni zamanda, “ASAN xidmət” mərkəzlərində yaranmış bu gözəl ab-hava ölkəmizin digər sahələrinə də müsbət təsir göstərir. Ona görə mən həm Könüllülər hərəkatının, həm də “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini xüsusilə qiymətləndirirəm. Bu, sadəcə olaraq bir binada yüzlərlə xidmətin göstərilməsi deyil, bu, əslində, yeniləşən Azərbaycanın yeni simasıdır. Bu, müasir dövlətin növbəti uğurudur”.
Bəhs olunan görüşdə də bildirildiyi kimi, “ASAN xidmət” mərkəzləri qısa zaman kəsiyində ölkəmizdə çox ciddi müsbət dəyişikliklərə yol açıb. Qeyd edək ki, respublikamızda dövlət başçısının müvafiq Fərmanı əsasında 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Dövlət idarəçiliyi sahəsində islahatların tərkib hissəsi kimi yaradılan “ASAN xidmət”in respublikamızda yüksək populyarlıq qazanması üçün böyük zaman kəsiyi lazım gəlmədi. Bakıda pilot layihə kimi əsası qoyulan “ASAN xidmət” mərkəzləri çox qısa bir müddətdə özünü doğrultdu və ölkəmizdə bu şəbəkənin coğrafiyası genişlənməyə başladı. Kürdəmirdə Prezident İlham Əiyevin iştirakı ilə istifadəyə verilən “ASAN xidmət” ölkəmizdə yaradılan sayca 17-ci mərkəzdir. Regionlarda daha bir neçə mərkəzin də yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir. Perspektivdə Bakıda “ASAN xidmət” mərkəzlərinin sayı artırılacaq. İndiyədək paytaxtımızda 5 belə mərkəz istifadəyə verilib. Son vaxtlarda həmin mərkəzlərdə növbələrin yarandığı nəzərə alınaraq yeni iki mərkəzin açılması qərara alınıb. Eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərinin hər birində ikinci mərkəzlər açılacaq. Bundan başqa, artıq xeyli vaxtdır ki, respublikamızda vətəndaşlara səyyar xidmətlər də göstərilir. Belə ki, 10-dan çox avtobus, eləcə də “ASAN qatar” daim ölkəmizin regionlarını dolaşır. Beləliklə, demək olar ki, respublikamızın hər bir yeri nümunəvi xidmətlə əhatə olunub. “ASAN xidmət” fəaliyyətə başladığı dövrə nisbətən xidmətlərin sayı 12 dəfə genişləndirilib. Artıq bu mərkəzlərdə 320-dən çox xidmət göstərilir. “ASAN xidmət”in coğrafiyasının genişlənməsi və burada göstərilən xidmətlərin sayının artması onu göstərir ki, bu mərkəzlərə ölkəmizdə böyük tələbat var. Yeri gəlmişkən, açılış mərasimində də bildirildiyi kimi, fəaliyyətə başladığı vaxtdan bəri “ASAN xidmət” mərkəzlərinə müraciətlər çoxalıb və onun vətəndaşlar tərəfindən bəyənilmə əmsalı daha da yüksəlir. Bu, 2019-cu ildə 99.3 faiz təşkil edib.
Ölkəmizin vətəndaşlara ictimai xidmətlər göstərilməsində qazandığı təcrübə beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
Azərbaycanın nümunəsi, ölkəmizin vətəndaşlara ictimai xidmətlər göstərilməsində qazandığı təcrübə beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. 2019-cu ilin iyun ayında Bakıda Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da iştirak etdiyi Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsi idi. Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi belə bir mötəbər forumun Bakıda keçirilməsi Azərbaycanın təcrübəsinin bütün dünyada yüksək dəyərləndirildiyini təsdiqləyir.
Öz növbəsində Azərbaycan brendi olan “ASAN xidmət”ə də beynəlxalq miqyasda böyük maraq var. Bu gün qurumun fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya parlamenti tərəfindən, həmçinin Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq əməkdaşlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Prezident İlham Əliyev Azərbaycan brendi olan “ASAN xidmət”in fəaliyyətinin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyinə diqqət çəkərək bildirib: “Təsadüfi deyil ki, dünyanın mötəbər beynəlxalq təşkilatları, o cümlədən BMT və digər təşkilatlar həm “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirir, həm də Azərbaycanda yaranmış və inkişaf edən Könüllülər hərəkatına yüksək qiymət verirlər”.
Qeyd edək ki, artıq Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. 2014-cü ildə “ASAN xidmət” İSO 9001:2008 və OHSAS 18001:2007 standartları üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidmət” həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. “ASAN xidmət” 2015-ci il BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bundan başqa, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə dövlət idarəçiliyi sahəsində Azərbaycanın “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

