Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi

Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi

19.02.2020 [10:11]

Prezident İlham Əliyev: Sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir
Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında həll olunmasıdır. Ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır. Azərbaycan ötən müddət ərzində nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Respublikamızın qətiyyətli mövqeyinin fonunda beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyi bəyan edilir. Yəni münaqişənin həlli ilə bağlı Azərbaycanın ədalətli və haqlı mövqeyi dəstəklənir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər də bunu bir daha sübut edir.
Yeri gəlmişkən, dünyanın diqqətində olan 56-cı Münxen Təhlükəsizlik Konfransında da bu məsələlər, bütövlükdə Azərbaycanın prinsipial mövqeyi, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar reallıqlar bilavasitə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Söhbət konfrans çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə ifadə olunan fikirlərdən gedir. Daha dəqiq desək, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Paşinyana tarix dərsi keçdi. Dövlətimizin başçısı Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, o cümlədən Xocalı soyqırımını törətdiyini, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, ölkəmizin ərazi bütövlüyünün bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını, ermənilərin işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyduqlarını, onların işğal altındakı torpaqlarda mədəni irsimizi məhv etdiklərini, Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi olmadığını bir daha qətiyyətlə ifadə etdi. “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir”, - deyən dövlətimizin başçısı mühüm tarixi faktlara nəzər saldı. Ümumiyyətlə, Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar reallıqları bütün kürsülərdə, beynəlxalq tribunalarda dünya ictimaiyyətinin diqqətinə çatdırır, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir. Paşinyan isə bəhs olunan panel müzakirələri zamanı Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında aciz durumda qaldı. Dövlətimizin başçısının Dağlıq Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi hüquqi bazanın qarşısında Paşinyan tutarlı heç bir arqument nümayiş etdirə bilmədi, hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoymadı. Beləliklə, Dağlıq Qarabağın hüquqi cəhətdən Azərbaycana məxsus olması reallığı bütün dünyaya bir daha nümayiş etdirildi. Digər tərəfdən, Ermənistanın baş naziri BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin mahiyyətini təhrif etməyə çalışsa da, buna nail ola bilmədi.
BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən işğalçı Ermənistana qarşı təzyiq göstərilməlidir
Bu, bir həqiqətdir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin nəticələri aradan qaldırılmayıb, yəni Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu işğal altındadır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin bütün dünya tərəfindən qəbul edilən həll modeli də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalarını təsdiqləyir. Yəni münaqişənin həlli bütün dünya tərəfindən qəbul edilmiş BMT nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Ermənistanın məqsədli şəkildə ərazi bütövlüyünün toxunulmazlığı məsələsini gözardı edərək “xalqların öz müqəddəratını təyin etməsi” prinsipini irəli sürməsi isə qəbuledilməzdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”.
İşğalçı siyasətini davam etdirən Ermənistan tərəfindən isə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə məhəl qoyulmur. Ona görə də həm ATƏT-in Minsk qrupu, həm də digər beynəlxalq təşkilatlar tərəfindən bu ölkəyə qarşı təsir və təzyiqlər göstərilməli, işğalçı siyasətə son qoyulmalıdır. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, o cümlədən ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə əlaqədar, əlbəttə ki, bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev bəhs olunan müzakirələr zamanı bu məqamlara toxunaraq “Beynəlxalq ictimaiyyətin nə etməli olduğu məsələsinə gəlincə, düşünürəm ki, ən vacib olan odur ki, beynəlxalq ictimaiyyət, - biz beynəlxalq ictimaiyyətdən danışan zaman əsasən ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini nəzərdə tuturuq, - onlar, nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil! Heç kim bu qeyri-qanuni qurumu tanımır”, - deyə vurğulayıb.
Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin zəruriliyindən bəhs edərək Ermənistana beynəlxalq təzyiqin göstərilməli olmasından danışıb. Prezident İlham Əliyev deyib ki, Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməklə bağlı beynəlxalq təzyiq daha çox Ermənistana göstərilməlidir: “Çünki BMT Təhlükəsizlik Şurasından daha yuxarı olan beynəlxalq orqan yoxdur. Onlar 4 qətnamə qəbul ediblər. Onları yoxlamaq çox asandır. Mütəxəssislərə onların nömrələri məlumdur. Onlar nə deyir: Erməni qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Təkcə Dağlıq Qarabağ işğal edilməyib. Həmçinin onun ətrafındakı 7 rayon da işğal olunub. Ermənistan bunu gizlətmək istəyir. Bu, o 7 rayondur ki, ermənilər heç vaxt orada yaşamayıb. 1989-cu ilin son sovet əhali siyahıyaalınmasında Dağlıq Qarabağın əhalisi 189 min nəfər olaraq qeydə alınıb. Onlardan 139 mini ermənilər, 48 mini azərbaycanlılar və digər xalqların nümayəndələri idi. Beləliklə, Dağlıq Qarabağ və qədim şəhərimiz olan Şuşadan bütün azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Sonra bütün azərbaycanlılar 7 rayonda etnik təmizləməyə məruz qalıb. Ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər. Onlar hazırda bütün işğal edilmiş ərazilərdən ibarət olan Dağlıq Qarabağın xəritəsini çap ediblər. Sonra onlar deyirlər ki, biz bu reallıqlarla razılaşmalıyıq. Ona görə də beynəlxalq ictimaiyyət izah etməlidir ki, Dağlıq Qarabağ Azərbaycandır. İkincisi, təcavüzkara ciddi təzyiq göstərməlidir ki, dayansın. Baş nazir... bir dəqiqə gözləyin... Baş nazir indicə sülhdən danışdı. Yaxşı mən razılaşıram. Lakin onda bu, bu gün baş verənlə, təmas xəttində azərbaycanlı əsgərin erməni snayperi ilə öldürülməsi ilə necə uzlaşır?”.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!
O da xüsusi olaraq vurğulanmalıdır ki, Ermənistanın qeyri-konstruktiv mövqe ilə danışıqlar prosesini pozmağa hesablanmış addımlar atması qəbuledilməz və yolverilməzdir. İşğalçı ölkənin rəhbərliyi tərəfindən zaman-zaman gah danışıqların formatının dəyişdirilməsi ilə bağlı absurd iddiaların ortaya atılması, gah reallıqlara uyğun olmayan müxtəlif cəfəng fikirlərin səsləndirilməsi məhz bu məqsədə xidmət edir. Ermənistanın yeni rəhbərliyi indiyə qədər müxtəlif formalarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirib, bu məsələ ilə əlaqədar beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olmayan çıxışlar edib. Bu çıxışlarda daha çox tarixi faktlar təhrif olunub, beynəlxalq hüquq normalarının aliliyini şübhə altına almaq cəhdləri müşahidə edilib. Yəni Ermənistan tərəfi sülh danışıqlarını pozmaq, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ərazi bütövlüyünün toxunulmazlığı prinsipi çərçivəsində həllinə mane olmaq üçün müxtəlif manipulyasiyalar edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev sözügedən panel müzakirələri çərçivəsində qeyd edib ki, erməni təcavüzündən əziyyət çəkmiş Azərbaycan vətəndaşları öz evlərinə qayıtmaq istəyirlər: “Bu, onların fundamental hüququdur. Onlar Ermənistan rəhbərliyinə görə demək olar ki, otuz ildir bu hüquqdan məhrum ediliblər. Söhbət Dağlıq Qarabağdan getmir. Baş nazir Dağlıq Qarabağın dırnaqarası özünümüdafiə qüvvələrindən danışanda, o, bir daha həqiqətə uyğun olmayan sözlər söyləyir. O, çox yaxşı bilir və mən də bilirəm ki, dırnaqarası Dağlıq Qarabağ ordusunun 80 faizini Ermənistan vətəndaşları təşkil edir. Bu, həqiqətdir. Bəlkə, 80 faizdən də artıqdır. Buna görə, “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. ATƏT-in Minsk qrupunun həmsədrlərindən soruşun: münaqişə tərəfləri kimlərdir? Onlar da eyni sözləri söyləyəcəklər: Ermənistan və Azərbaycan. Dağlıq Qarabağ deyil. Nəyə görə yox? Bu, başqa sualdır. Lakin o, tərəf deyil və biz onlarla danışmayacağıq. Biz təcavüzkarla danışıqlar aparırıq. Biz Dağlıq Qarabağla danışmağa hazır olarıq ki, Ermənistan həmin qeyri-qanuni rejimi maliyyələşdirməsini dayandırsın, bütün hərbi qoşunları Dağlıq Qarabağdan çıxarsın və bizim əraziləri tamamilə tərk etsin. Sonra isə bizim həmin insanlarla danışıq aparmağa arqumentimiz olacaq. Lakin nə qədər ki, onlar oradadır, bu, baş verməyəcək. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya bilərlər. Əminəm ki, bu, belə qalmayacaq. Ərazi bütövlüyümüz bərpa edilməlidir”.
Bütövlükdə, Azərbaycan prinsipial siyasətini davam etdirir, ölkəmizin mövqeyi qəti və birmənalıdır. Bu gün Ermənistan da yaxşı bilir ki, Azərbaycan işğalçı ölkənin status-kvonu legitimləşdirmək cəhdlərinə heç vaxt imkan verməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir. Ermənistanın isə yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir. Bu ölkənin rəhbərliyi dərk etməlidir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, Azərbaycan bütün hallarda öz ərazi bütövlüyünü bərpa edəcək!
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 581 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31