Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin mühüm prioritetlərindəndir

Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin mühüm prioritetlərindəndir

14.03.2020 [11:05]

Dövlət tərəfindən milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət yetirilir, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
Müasir dövrdə qloballaşma şəraitində milli-mənəvi dəyərlərin qorunması hər bir xalqın və dövlətin qarşısında duran mühüm strateji vəzifələrdəndir. Milli-mənəvi dəyərlər dedikdə, əsas etibarilə, milli ideologiya, mədəni yaddaş, milli tarix, milli dil, ənənəvi dini dəyərlər, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə institutu, milli musiqi və s. nəzərdə tutulur. Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən silinmək təhlükəsi ilə üzləşiblər.
Milli-mənəvi dəyərlərin qorunması mühüm strateji vəzifələrdəndir
Bu kontekstdə Azərbaycan xalqının nümunəsi isə müsbət və mütərəqqi örnək kimi diqqəti cəlb edir. Ölkəmizdə xalqımıza məxsus zəngin milli-mənəvi dəyərlərin qorunmasına xüsusi həssaslıqla yanaşılır. Bu yanaşma dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi özünü göstərir. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə xüsusi əhəmiyyət verən Ümummilli Lider Heydər Əliyev deyib: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə işlərin həyata keçirilməsi davamlı xarakter daşıyır. Paytaxt Bakıda, regionlarda və ölkə hüdudlarından kənarda milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirilməsi, maarifləndirmə işinin aparılması, müvafiq proqramların hazırlanması və həyata keçirilməsi, habelə bu sahədə sosial layihələrin reallaşdırılması, mənəvi dəyərlərin təbliğinə yönəlmiş ədəbiyyatların çapı, qısametrajlı filmlərin çəkilməsi və digər işlərin ardıcıl surətdə davam etdirilməsi milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Digər tərəfdən, dövlətimizin başçısı son 16 ildə qloballaşma şəraitində milli dilimizin inkişafına və yad təsirlərdən qorunmasına, Azərbaycan ədəbiyyatının latın qrafikası ilə nəşrinə, zəngin mədəniyyətimizin təbliğinə, tariximizin araşdırılmasına dair çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə olunması diqqət mərkəzində saxlanılır. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə böyük bağlılıq yaranıb. Ölkəmizdə bütün milli və dini bayramlar dövlət səviyyəsində qeyd edilir. Eyni zamanda, tarixdən gələn ənənələrimiz müasir dövrün tələbləri və çağırışları nəzərə alınmaqla daha da zənginləşdirilir. Prezident İlham Əliyev əlamətdar tarixi günlərdə, milli və dini bayramlarda bir qayda olaraq ictimaiyyət nümayəndələri ilə görüşür. Dövlət başçısının insanlarla sıx ünsiyyət qurması, daim onların yanında olması vətəndaşların dövlətə inamını daha da gücləndirir. Prezident İlham Əliyev, həmçinin tarixi irsimizin qorunmasına xüsusi diqqət yetirir. Yeri gəlmişkən, bu günlərdə Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi və Tarix-Diyarşünaslıq Muzeyinin yeni binalarının açılışı zamanı Prezident İlham Əliyev nümayiş olunan xəritələrlə bağlı haqlı iradlar səsləndirib. Dövlətimizin başçısı tərəfindən həmin xəritələrdə coğrafi adların düzgün verilməsi və tarixi dövrlərin göstərilməsinin zəruriliyinin ifadə edilməsi bunun bariz nümunəsidir.
Bunlarla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da milli-mənəvi dəyərlərimizin qorunmasını daim diqqətdə saxlayır. Mehriban xanım Əliyeva həm də mədəniyyətimizin, incəsənətimizin, tarixi irsimizin böyük hamisi və təbliğatçısıdır. Təsadüfi deyil ki, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu, eyni zamanda, milli mədəniyyətimizin, mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində genişmiqyaslı fəaliyyət göstərir, eləcə də Azərbaycanın zəngin tarixi və mədəni irsi dünya ictimaiyyətinə dolğun surətdə çatdırılır.
Gənclər milli ruhda tərbiyə almalıdırlar
Ölkəmizdə gənclərin milli ruhda tərbiyə almalarına da xüsusi diqqət yetirilir, bu istiqamətdə mühüm tədbirlər reallaşdırılır. Bunun üçün ilk növbədə səmərəli və məqsədyönlü gənclər siyasəti həyata keçirilir, proqressiv və dinamik qüvvə olan gənclərə xüsusi qayğı göstərilir.
Sirr deyil ki, Azərbaycanda gənclərin intellektual inkişafı üçün bütün şərait yaradılıb və dövlət tərəfindən bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Öz növbəsində Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Onlar ölkəmizin milli maraqlarının keşiyində durublar, öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bu gün Azərbaycan gənclər təşkilatları yalnız ölkə səviyyəsində deyil, regional və beynəlxalq arenada mühüm layihələr həyata keçirir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar. Başqa sözlə, ölkəmizi beynəlxalq miqyasda uğurla təmsil edən, eyni zamanda, respublikamızın ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayan Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər. Beləliklə, dövlətçiliyə və milli maraqlara sadiq fəal gənclər Azərbaycanın inkişafına mühüm töhfələr verirlər.
Yeri gəlmişkən, martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edən Prezident İlham Əliyev bu məqamlara toxunaraq Azərbaycan əhalisinin mütləq əksəriyyətinin gənclər olduğunu, Azərbaycanda demoqrafik mənzərənin çox müsbət olduğunu bildirib. Dövlət başçısı “Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, - misal üçün, könüllülər hərəkatı çərçivəsində, - vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər, xüsusilə indiki internet dövründə ki, istənilən yalan tezliklə yayılır və sonra elə bil həqiqət kimi təqdim olunur...”, - deyə vurğulayıb. Təbii ki, gənclər dövlətimizin müstəqil siyasətinə sadiq və vətənpərvər ruhda yetişməlidir.
Bütövlükdə, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin mühüm prioritetlərindəndir. Xalqımızın zəngin milli-mənəvi dəyərlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət yetirilir, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 562 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31