Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirlər görülür

Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirlər görülür

20.03.2020 [10:02]

Mehriban xanım Əliyeva: İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək
Hüquqi və sosial dövlət olan Azərbaycanda vətəndaşlar hərtərəfli, yüksək diqqət və qayğı ilə əhatə olunublar. Əhalinin rifah halının daha da yaxşılaşdırılması, insanların layiqli şəraitinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, Fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur. Bir sözlə, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır.
Dövlət hər zaman öz vətəndaşının yanındadır
Prezident İlham Əliyev ölkəmizdə dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını dəfələrlə bəyan edib. Dövlətimizin başçısı hətta ən çətin, təhlükəli anlarda xalqın yanında, insanların arasında olub. Ölkəmizdə zəlzələ və daşqın olanda, cəbhə bölgəsində hərbi əməliyyatlar gedəndə dövlət başçısı hər hansı təhlükədən çəkinməyərək bilavasitə yerlərə səfər edib, vəziyyətlə şəxsən tanış olub, insanlarla görüşüb, bütün məsələlərin həlli ilə bağlı göstəriş və tövsiyələrini verib. Təsadüfi deyil ki, vətəndaşlar onlara göstərilən hərtərəfli diqqət və qayğını yüksək qiymətləndirirlər.
Mehriban xanım Əliyeva daim yüksək humanizm nümayiş etdirərək insanlara hərtərəfli qayğı göstərir
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da daim yüksək humanizm nümayiş etdirərək insanlara hərtərəfli qayğı göstərir, mühüm təşəbbüslərlə çıxış edir. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilir. Əlbəttə, əsas diqqətini sosial məsələlərin, xüsusilə də əhalinin həssas təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Bundan başqa, Mehriban xanım Əliyevanın 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabitləri ilə görüşü, döyüşlərdə yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi barədə tapşırıq verməsi də xüsusi qeyd edilməlidir. Digər tərəfdən, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ehtiyacı olanların müayinə və müalicəsinin təmin edilməsi, bu qəbildən digər çoxsaylı yardımların göstərilməsi də ayrıca vurğulanmalıdır. Əlbəttə, sadalananlar Birinci vitse-prezidentin rəhbərliyi və təşəbbüsü ilə görülən işlərin heç də tam siyahısı deyil, amma bütün bunlar Mehriban xanım Əliyevanın fəaliyyətinin humanizm və vətənpərvərlik prinsiplərinə söykəndiyini əks etdirir.
Dünyada koronavirusun yayılması ilə mübarizədə misilsiz tədbirlər görülür, sərhədlər bağlanır, dövlətlər təcrid olunur
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciətində ifadə olunmuş fikirlər də onun insanlara, bəşəriyyətin gələcəyinə həssas münasibətini əks etdirir.
Ümumiyyətlə, müraciətdə dünyanın qlobal çağırışla üz-üzə olduğu bildirilib. Qeyd edilib ki, “COVID-19” barədə kifayət qədər məlumat var. Yeni virus və ona yoluxmanın bütün fəsadları real zaman rejimində əsas dünya informasiya trendidir. Paradoksaldır, amma informasiya bolluğuna baxmayaraq, suallar cavablardan daha çoxdur. Müraciətdə, həmçinin dünyanın belə riskə hazır olmadığı vurğulanıb. Hətta səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələrin belə epidemiyanın yayılmasının qarşısını ala bilmədikləri qeyd edilib. Bildirilib ki, misilsiz tədbirlər görülür, sərhədlər bağlanır, dövlətlər təcrid olunur: “İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək. Həmçinin ümid edirəm ki, biz sadə həqiqətlər barədə düşünüb onları yenidən dərk etməyə çalışacağıq. Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır. Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. Biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır”.
Həqiqətən də, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qlobal pandemiya elan edilmiş koronavirus infeksiyası (COVİD-19) dünya miqyasında sürətlə yayılır, mövcud reallıqlar dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. ÜST-nin yeni növ koronavirusla bağlı martın 19-na olan vəziyyət barədə verdiyi məlumata əsasən, COVİD-19 artıq 176 ölkəyə yayılıb. Dünya üzrə koronavirusa 219 min 345 nəfər yoluxub, 8 min 969 nəfər ölüb, 85 min 745 nəfər isə sağalıb.
Ayrı-ayrı ölkələrin nümunəsində, bütövlükdə dünya miqyasında xüsusi məhdudiyyətlər və qadağalar tətbiq olunur, sosial izolyasiya tədbirləri gücləndirilir. Xəstəliyin müalicəsi olmadığına, hətta dünyanın inkişaf etmiş ölkələrinin belə virusun qarşısını ala bilmədiklərinə görə strateji əhəmiyyətə malik məsələ səmərəli qabaqlayıcı tədbirlərin görülməsidir. Məhz bu cür mübarizə mexanizmi formalaşdırılmış ölkələrdə vəziyət nisbətən daha qənaətbəxşdir.
Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilir
Öz növbəsində, Azərbaycanda da bütün mümkün önləyici və operativ tədbirlər həyata keçirilir, bu baxımdan, respublikamız hətta bir çox ölkələri qabaqlayır. ÜST-nin tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alan, əhalinin sağlamlığının etibarlı qorunmasını daim diqqətdə saxlayan Azərbaycan hökuməti sözügedən təhdidlə mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Ölkəmizdə bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqinin qərara alınması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, ölkəmizdə həyata keçirilən tədbirlərin başlıca məqsədlərindən biri də hökumətin infeksiyanın miqyasının genişlənəcəyi ehtimalına daha hazırlıqlı olmasını təmin etməkdir. Bunlarla yanaşı, əhalinin məlumatlandırılması ilə bağlı müvafiq işlər davam etdirilir, Nazirlər Kabineti yanında Operativ Qərargah gündə bir neçə dəfə mövcud vəziyyət və görülən işlərlə bağlı ictimaiyyətə məlumat verir. Mehriban xanım Əliyeva bəhs olunan müraciətində bu məqamlara toxunaraq “Ölkəmizdə bütün qüvvələr hadisələrin ən pis yöndə inkişafının qarşısının alınmasına səfərbər olunub. Bütün dövlət strukturları mobilizasiya olunub və birgə fəaliyyət göstərir. Biz ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və bu qurumun tövsiyələrinə çox ciddi yanaşırıq”, - deyə diqqətə çatdırıb.
Hər bir fərd məsuliyyətli olmalı, laqeydliyə yol verməməlidir
Əlbəttə, koronavirusun yayılmasına qarşı mübarizə milli təhlükəsizlik məsələsidir, hər bir fərdin və bütövlükdə cəmiyyətin sağlamlığının qorunmasına xidmət edir. Ona görə də sosial izolyasiya qaydaları və digər tədbirlər bütövlükdə təqdirlə qarşılanır. Mehriban xanım Əliyeva sözügedən müraciətdə qeyd edib: “Bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram”.
Bütövlükdə, fərd və cəmiyyət olaraq məsələyə rasional yanaşmalı, “təlaşa ehtiyac yoxdur, ehtiyatlı davranmaq lazımdır” düşüncəsi ilə hərəkət etməliyik. Bir sözlə, əhalinin sağlamlığını diqqət mərkəzində saxlayan hökumətin müəyyənləşdirdiyi qaydalara ciddi riayət etməklə mövcud tələb, tövsiyə və çağırışları mütləq surətdə nəzərə almalıyıq. Çünki bu prosesdə toplumun fərdlərinin müəyyən olunmuş qaydalara nə qədər və necə əməl etməsi çox önəmlidir. Bu, məhz sosial immunitetin gücləndirilməsi və bəhs olunan qlobal sınaqdan ciddi itkilərə məruz qalmadan çıxmaq baxımından olduqca əhəmiyyətlidir. Yəni fərdi məsuliyyət ictimai immuniteti gücləndirəcək, vətəndaş dəstəyi amili dövlətin mübarizəsinin effektivliyini artıracaq.
Yaşlı nəslin nümayəndələrinə, xroniki xəstəliklərdən əziyyət çəkənlərə xüsusi diqqət və qayğı ilə yanaşmaq lazımdır
Mehriban xanım Əliyeva bəhs olunan müraciətində, eyni zamanda, virusa yoluxma və xəstəliyi ağır formada keçirmə riskinə görə yaşlı nəsilin sağlamlığına xüsusi həssaslıqla, qayğı və diqqətlə yanaşmağın zəruriliyindən bəhs edir: “Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir”.
“Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir”, - deyə Mehriban xanım Əliyeva qeyd edib. Əlbəttə, gənclərin virusdan sağalması ehtimalı yüksək olsa da, yaşlıların, xüsusilə xroniki xəstəlikləri olan böyüklərin ciddi fəsadlara məruz qalması daha çox gözləniləndir. Ona görə də hər bir fərd xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, laqeydliyə yol verməməlidir.
Azərbaycan xalqı bu ciddi çağırışın öhdəsindən gələcək
Şübhəsiz ki, Azərbaycan xalqı yüksək həmrəylik şəraitində və dövlətin diqqəti, dəstəyi, həyata keçirilən zəruri, təxirəsalınmaz tədbirlər sayəsində bu qlobal çağırışın öhdəsindən gələcək. Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi: “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri - ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 506 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31