Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

03.06.2020 [08:57]

Millət vəkilləri iclasda ölkə gündəmindəki bir sıra məsələlər haqqında fikirlərini bildirib, gündəlikdə olan 3 qanun layihəsini qəbul ediblər
İyunun 2-də Milli Məclisin növbəti iclası keçirilib. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyi təqdim edib. Bildirilib ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib.
Gündəliyin təsdiqindən sonra deputatlar cari məsələləri müzakirə ediblər. Milli Məclisin deputatı Soltan Məmmədov çıxış edərək bildirib ki, COVİD-19 pandemiyası ilə mübarizədə dövlət tərəfindən həyata keçirilmiş qabaqlayıcı tədbirlər, əldə olunmuş nəticələr sevindiricidir. Millət vəkili deyib ki, pandemiya dövründə sərt karantin rejimində bir sıra elektiv əməliyyatların təxirə salınması və xüsusi ehtiyac olmadıqda müxtəlif müayinə və əməliyyatların gecikdirilməsi ilə bağlı əhaliyə müraciət olunmasına baxmayaraq, təcili-təxirəsalımaz tibbi xidmətlərin təmin olunması üçün xüsusi profilli tibb müəssisələri tam gücü ilə fəaliyyətlərini davam etdirirlər. “Mən bu kürsüdən əhaliyə müraciət edərək bildirmək istərdim ki, bir sıra xroniki xəstəliklərin davamlı müalicəsi, lazımi müayinələrin aparılması, ölkədə immunoprofilaktik tədbirlərin həyata keçirilməsində heç bir məhdudiyyət yoxdur. Bakıda və paytaxtdan kənarda yaradılmış regional tibbi ərazi bölmələri tərəfindən multidisiplinar səhiyyə müəssisələrinin maddi texniki bazasının gücləndirilməsi, tibbi personalın hazırlığı, tibb müəssisələrində infeksion nəzarətin gücləndirilməsi ilə bağlı işlər davam edir ki, bu da təcili-təxirəsalınmaz tibbi xidmətlərin əlçatanlığının təmin olunmasına xidmət edir”, - deyən S.Məmmədov qeyd edib ki, bunları bildirməkdə məqsədi ölkəmizdə bütün səhiyyə sisteminin yalnız koronavirusla mübarizə tədbirlərinə cəlb olunduğuna dair səsləndirilən iddialara aydınlıq gətirməkdir.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev Kanada Parlamentinin üzvü Reyçl Harderin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin nümayəndəsinə “təbrik məktubu” göndərməsini tənqid edib. T.Gəncəliyev Kanada parlamentinin üzvlərinə etiraz məktubu göndərdiyini deyib. Onun sözlərinə görə, Reyçl Harderin köməkçisi erməni mənşəli Kanada vətəndaşıdır: “Çox böyük ehtimalla həmin köməkçi deputat Reyçl Harderi saxta məlumatlarla təmin edib. Yaxşı olardı ki, deputat belə məlumatları əldə etdikdən sonra onu dəqiqləşdirər, münaqişə ilə bağlı məsələni obyektiv şəkildə öyrəndikdən sonra addım atardı. Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.
Millət vəkili Ramil Həsən bu məsələdə Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının aktiv fəaliyyət göstərməsini təklif edib: “Azərbaycan Prezidenti İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı millət vəkilləri üçün yol xəritəsini müəyyən etdi. Dövlət başçısı millət vəkillərinə Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə qorunması işində fəal olmağı tövsiyə edib. Hazırda Milli Məclisdə 82 parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Əgər Ermənistan tərəfi hər hansı təxribata cəhd göstərərsə, işçi qrupları qabaqlayıcı addım atmalı, müvafiq ölkələrə əvvəlcədən müraciət etməlidirlər”.
Millət vəkili Məlahət İbrahimqızı isə çıxışında Bakı şəhərində yaşıllaşdrma işlərinin gücləndirilməsini təklif edib. O bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakıda bir çox yerlərdə “Abad həyət” layihəsi reallaşdırılıb. Bu layihə vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır. “Amma müəyyən qurumlar tərəfindən Bakı şəhərində yaşayış məhəllələrinin həyətlərindəki ağacların suvarılmasına diqqət yetirilməlidir. Millət vəkili kimi təmsil etdiyim ərazidə belə problemlər mövcuddur”, - deyə deputat qeyd edib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, millət vəkili Vüqar Bayramov çıxışlarında respublikamızda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilmiş torpaq islahatlarının əhəmiyyətindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, Azərbaycan MDB məkanında torpaq islahatları aparılan ilk dövlətdir.
Milli Məclisin Sədr müavini Adil Əliyev isə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə Nərimanov rayon İcra Hakimiyyətinin məişət tullantılarının toplanması və daşınması ilə bağlı vacib layihə həyata keçirdiyini bildirib. Onun sözlərinə görə, pandemiya şəraitində digər bölgələrin də bu layihəni tətbiq etməsi yaxşı olardı.
Vitse-spiker qeyd edib ki, son günlər sosial şəbəkələrdə şəhid ailələri və qazilərimizin müəyyən təhqirlərə məruz qaldığının şahidi oluruq. Onun sözlərinə görə, Azərbaycanda şəhid və qazi ailələrinə dövlətin və Prezidentin xüsusi qayğısı var: “Bu gün şəhid ailələrinin sadəcə xüsusi diqqətə ehtiyacı var. O insanların hər biri bizim diqqət mərkəzimizdə olmalıdır”.
Milli Məclisin deputatı Cavanşir Paşazadə isə təmsil etdiyi bölgədə torpaq və su problemi ilə bağlı məsələni diqqətə çatdırıb: “Biz 3 il öncə pay torpaqları ilə bağlı qanun qəbul etmişik, lakin qanun indiyə qədər işləmir”, - deyən deputat bildirib ki, qanunun işlək hala gətirilməsinə ehtiyac var: “Lənkəran sitrusçuluq və çayçılıqla məşğul olan bölgədir. Xalq Cəbhəsinin hakimiyyəti dövründə çayçılıqla bağlı olan torpaq sahələri məhv edildi. Prezidentimizin qayğısı ilə bu sahə yenidən dirçəlib. Amma suvarma problemi isə bu gün də həmin bölgədə qalmaqdadır. Su problemi çayçılığın inkişafına bu gün də mane olur. Su anbarları 60 il əvvəl tikilib, artıq lillə dolub. Ona görə də bu məsələlər həllini tapmalıdır”.
İclasda, həmçinin Milli Məclisin komitə sədrləri Səməd Seyidov, Sadiq Qurbanov, Qənirə Paşayeva, deputatlardan Jalə Əliyeva və Sahib Alıyev təmsil etdiyi bölgələrdə əkin sahələrinin suvarılması ilə bağlı problemləri diqqətə çatdırıblar. Məsələyə münasibət bildirən spiker Sahibə Qafarova da bu problemin millət vəkili kimi təmsil etdiyi Şəmkir rayonunda da mövcud olduğunu söyləyib. O, problemin həlli ilə bağlı müvafiq qurumlara müraciət edilməsi üçün addımların atılacağını deyib.
Parlamentin komitə sədri Hicran Hüseynova, deputatlardan Fazil Mustafa, Elman Nəsirov, Şahin İsmayılov, Eldar Quliyev, Nəsib Məhəməliyev və Aqiyə Naxçıvanlı da çıxış edərək ölkə gündəmindəki məsələlərdən bəhs ediblər.
Sonra gündəliyə daxil edilən İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (üçüncü oxunuş) müzakirəsinə başlanılıb. Sənədi təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bildirib ki, ölkəmizdə karantin rejiminin bir qədər yumşaldılması cəmiyyətdə bəzi vətəndaşların məsuliyyətsiz davranışına yol açıb. Parklarda, küçələrdə, ictimai yerlərdə sosial məsafənin qorunmaması, tibbi maskalardan istifadə edilməməsi ciddi narahatlıq doğurur. Bununla əlaqədar Nazirlər Kabineti “Karantin rejimində tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə qaydalarının tətbiqi ilə əlaqədar” qərar verib. Məcəlləyə edilən dəyişikliklər həmin hüquqi addımların davamıdır. Sənəd pandemiya dövründə sanitar-gigiyena qaydalarının tələblərinin pozulmasına görə inzibati tənbeh hallarını müəyyən edir və bu dövrdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələri müəyyənləşdirir.
Fəzail Ağamalı sənədin parlamentdə əvvəlki oxunuşlarda müzakirəsi zamanı deputat həmkarları tərəfindən səsləndirilən təkliflərə münasibətini bildirib, işçi qrupu tərəfindən dəyərləndirilən təkliflər barədə danışıb. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) məlumat verib. Bildirilib ki, qanun layihəsinin ikinci oxunuşda Milli Məclisdə müzakirəsi zamanı deputatların verdikləri dəyərli təkliflərə işçi qrupu tərəfindən baxılıb. Komitə sədri vurğulayıb ki, dəyişikliklərin hamısı humanist məqsədlərə xidmət edir, dövlətimizin başçısının ünvanlı sosial yardımın çevrəsini daha da genişləndirmək, əlçatanlığı asanlaşdırmaq, şərtləri yumşaltmaq barədə tövsiyələri əsasında hazırlanıb. Qanun layihəsi səsvermə yolu ilə qəbul olunub.
İclasda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə də (üçüncü oxunuş) baxılıb. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib ki, sənəd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Deputat bildirib ki, sənədin əvvəlki oxunuşlarda parlamentdə müzakirələri zamanı deputat tərəfindən heç bir yeni təklif qeydə alınmayıb. Bu sənəd də səsvermə yolu ilə qəbul edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 324 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31