/ / Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür
29.04.2021 [09:00]
Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bütün şəhərləri, kəndləri bərpa edəcəyik
Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Respublikamız müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, bəhs olunan ərazilərdə bərpa və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür. Diqqətəlayiq haldır ki, Prezident İlham Əliyev vaxtaşırı işğaldan azad olunmuş ərazilərə gəlir və burada görülən işlərlə yerindəcə tanış olur. Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar. Dövlət başçımız səfər çərçivəsində bir sıra infrastruktur obyektlərinin, həmçinin Zəngilan rayonunun Ağalı kəndində icra olunacaq “Ağıllı kənd” pilot layihəsinin təməlqoyma mərasimlərinə qatılıb. Dövlətimizin başçısı, birinci xanım və qızları Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhənin qarşısına gəliblər. Keçmiş Sovet hakimiyyəti illərində qoyulan bu lövhə işğal dövründə sökülüb. Müharibədən sonra lövhə əvvəlki yerində və eyni dizaynla bərpa edilib. Cəbrayıl rayonunun girişində yerləşən “Xoş gəlmişsiniz!” lövhəsinin bərpa edilməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bütün şəhərləri, kəndləri bərpa edəcəyik.
İşğaldan azad edilmiş ərazilərdə yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastrukturlar sürətlə bərpa edilir
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Hazırda bu ərazilərdə yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastrukturlar sürətlə bərpa edilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir. Zəngilan rayonunun Ağalı kəndində birinci “Ağıllı kənd” pilot layihəsinin icrasına başlanılması deyilənlərə misaldır. Pilot layihə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Bu kəndlər ötən il oktyabrın 28-də işğaldan azad edilib və cəmi altı aydan sonra burada bərpa işlərinə start verilib. Layihənin icrası əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Kənddə quraşdırılacaq “Arximed” bərpaedilən enerji qurğusu “Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək və artıq qalan enerjini xaricə satmaq mümkün olacaq. Ağalıda “Ağıllı kənd” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasından istifadə olunacaq. Bu texnologiya fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısalda bilər. Ağalıda bu və digər texnoloji yeniliklər dost ölkələrin, o cümlədən Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssislərinin iştirakı ilə tətbiq ediləcək. Kənddə Zəfər meydanının yaradılması nəzərdə tutulub. Prezident İlham Əliyev Zəngilanda Beynəlxalq Hava Limanının təməlqoyma mərasimindəki çıxışında Ağalı kəndində ilk pilot layihənin icrasına başlanılmasını yüksək dəyərləndirərək vurğulayıb ki, həm tikiləcək evlər, ictimai binalar, sosial obyektlər, həm də iş yerləri, əkin sahələri müəyyən edilibdir. “Zəngilanda bu gün birinci kənd layihəsi artıq icra edilməyə başlamışdır. Ağalı kəndinin təməl daşı qoyulmuşdur. Bu, böyük qayıdışın birinci addımıdır”, - deyə dövlətimizin başçısı bildirib.
Qeyd edək ki, birinci “Ağıllı kənd” layihəsinin təməlqoyma mərasimindən sonra Prezident İlham Əliyevlə Zəngilan sakinlərinin səmimi görüşü olub. Sakinlər göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər və doğma torpaqlarına köçməyə hazır olduqlarını bildiriblər.
İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur quruculuğu proqramı çərçivəsində Zəngilanda yeni hava limanının təməlinin qoyulması böyük önəm daşıyır. Məlum olduğu kimi, artıq Füzuli Beynəlxalq Hava Limanının tikintisi uğurla davam etdirilir. Bundan başqa, daha bir hava limanının Laçın rayonunun ərazisində inşası nəzərdə tutulub. Prezident İlham Əliyev Zəngilan Hava Limanının təməlqoyma mərasimindəki çıxışında işğaldan azad olunan ərazilərdə beynəlxalq səviyyəli nəqliyyat infrastrukturunun da yaradılmasının önəminə diqqət çəkərək vurğulayıb: “Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq”.
Azərbaycan Prezidenti İlham Əliyev bəhs olunan səfəri çərçivəsində, həmçinin Zəngilan-Horadiz avtomobil yolunun təməlinin qoyulması mərasiminə qatılıb. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu baxımdan Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.
Mənfur düşmən üç onillik ərzində Zəngilan məscidi də daxil olmaqla işğal etdikləri ərazilərdə bütün mədəni, dini obyektləri dağıdıb və yaxud təhqir edib. Azad edilmiş torpaqlara gələn xarici qonaqlar erməni vəhşiliyini öz gözləri ilə görürlər. Bu yaxınlarda Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Baş katibi dağıdılmış Ağdam məscidini görüb və erməni vəhşiliyi haqqında artıq bütün müsəlman ölkələrini məlumatlandırır. İşğaldan azad edilmiş ərazilərdəki bütün dağıdılmış məscidlər, o cümlədən də Zəngilan məscidi bərpa olunacaq. Məscidlərin bərpasında Heydər Əliyev Fondu da yaxından iştirak edir.
Azərbaycan işğaldan azad olunmuş ərazilərdə dövlət sərhədlərinə tam nəzarət edir
Azərbaycan bütün ölkə miqyasında sərhəd xidmətinin müasir tələblər səviyyəsində təşkil edilməsinə, nəzarət tədbirlərinin gücləndirilməsinə və xidmətin keyfiyyətinin yüksəldilməsi üçün zəruri infrastrukturun yaradılmasına böyük önəm verir. Bəhs olunan səfər çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı bunu bir daha təsdiqləyir. Burada xidməti yüksək səviyyədə aparmaq üçün bütün şərait var. Yeni hərbi hissə ən müasir texnika ilə təchiz edilib.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə yanaşı, eyni zamanda, dövlət sərhədinin bərpası kimi çox mühüm bir missiyanı da icra edib. Açılış mərasimində də bildirildiyi kimi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq Vətən müharibəsinin ən itisürətli hücumu məhz bu ərazidən başlayıb. Düşmən Horadiz kəndi istiqamətində əks-hücum etmək niyyətində olub. Ermənistan hərbi birləşmələrinin əks-hücum əməliyyatının qarşısı qətiyyətlə alınıb. Ordumuz Füzuli-Cəbrayıl istiqamətinin bir çox müdafiə xətlərini keçərək torpaqlarımızın işğaldan azad edilməsinə yol açıb. Xudafərin körpüsü hərbçilərimizin, sərhədçilərimizin şücaəti, qəhrəmanlığı sayəsində oktyabrın 18-də işğaldan azad edilib. Müharibədə qazanılan şanlı qələbə sayəsində 132 kilometr uzunluğunda Azərbaycan-İran sərhədi tam bərpa edilib və qısa müddətdə sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülüb. Yeri gəlmişkən, hərbi hissənin açılış mərasimindəki çıxışında Azərbaycan-İran sərhədini dostluq sərhədi kimi səciyyələndirən Prezident İlham Əliyev “Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır”, - deyə vurğulayıb.
Qısa müddətdə, həmçinin işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədinin bərpa edilməsi, qorunması, sərhəd boyunca bütün lazımi infrastruktur işlərinin aparılması, texnikanın səfərbər edilməsi istiqamətində zəruri tədbirlər görülüb. Hazırda respublikamız işğaldan azad olunmuş ərazilərdə dövlət sərhədlərinə tam nəzarət edir. Yeri gəlmişkən, bəhs olunan tədbirdəki çıxışında Prezident İlham Əliyev Ermənistanda baş qaldıran revanşist qüvvələrə sərt xəbərdarlıq edib. “Əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq”, - deyə dövlətimizin başçısı qətiyyətlə bildirib.
Qeyd edək ki, bir qədər bundan əvvəl düşmən tərəfdən Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində sərhədçilərimizə qarşı hərbi təxribat törədilib. Azərbaycan təmkin göstərərək bu təxribata cavab verməyib. Ancaq bu, sonuncu belə cəhd olmalıdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

