Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qalib Azərbaycanın yaratdığı yeni reallıqlar regionda təhlükəsizliyə və əməkdaşlığa xidmət edir

Qalib Azərbaycanın yaratdığı yeni reallıqlar regionda təhlükəsizliyə və əməkdaşlığa xidmət edir

03.07.2021 [10:05]

Prezident İlham Əliyev: Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək
Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı Qələbə qazanaraq işğalçı Ermənistanı diz çökdürdü və tam kapitulyasiyaya məruz qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün əməliyyatları uğurla yerinə yetirən rəşadətli Ordumuz 44 gün ərzində 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. Bundan sonra düşmən müharibəni davam etdirmək iqtidarında olmadığını başa düşərək onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Beləliklə, Azərbaycan hərbi-siyasi yolla işğal faktına son qoydu, tarixi ədaləti və özünün ərazi bütövlüyünü təmin etdi. Artıq üç onillik ərzində regionda sabitliyə və əməkdaşlığa ciddi təhdidlər yaradan Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb və regionun inkişafı üçün yeni perspektivlər açılıb. Qalib Azərbaycanın yaratdığı yeni reallıqlar regionda təhlükəsizliyə və əməkdaşlığa xidmət edir.
Postmüharibə dövründə sülh müqaviləsinə hazırlıq işləri görülməlidir
Azərbaycan sülhsevər ölkədir. Respublikamız heç vaxt müharibə çağırışları etməyib. Üç onillik ərzində artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda daim konstruktiv mövqe ortaya qoyması Azərbaycanın sülhə necə böyük önəm verdiyinin ifadəsidir. Hətta 44 günlük Vətən müharibəsi dövründə də Prezident İlham Əliyev müxtəlif auditoriyalarda çıxışlarında birmənalı şəkildə bəyan edirdi ki, əgər Ermənistan işğalçılıq siyasətinə son qoyarsa və zamanında zəbt etdiyi Azərbaycan ərazilərindən çıxmaqla bağlı qrafik təqdim edərsə, müharibəni dayandırmağa hazırdır. Lakin bu, baş vermədi və məkrli düşmən layiqli cəzasını aldı.
Üç onillik ərzində Ermənistanın apardığı işğalçılıq siyasətinin ölkəmizin həyatına gətirdiyi çətinliklərin, vurduğu iqtisadi və mənəvi ziyanın miqyası çox böyükdür. Ermənistanın işğalçılıq siyasətinə görə bir milyondan çox azərbaycanlı öz doğma yurd yerlərini tərk etmək məcburiyyətində qaldı. Ermənilər, eyni zamanda, işğal etdikləri ərazilərimizdə misli görünməmiş vandalizm əməlləri törədiblər. İşğala məruz qalan şəhər və kəndlərimizin 90 faizi dağıdılıb. Meşələrimiz, təbii sərvətlərimiz talan edilib. Ermənilər işğal dövründə ərazilərimizdə qanunsuz məskunlaşma aparıblar, tarixi və dini-mədəni abidələrimizi özününküləşdirməyə çalışıblar, bu mümkün olmadıqda isə onları dağıdıblar. Erməni işğalçılarının belə genişmiqyaslı dağıntıları törətməkdə məqsədi o idi ki, azərbaycanlılar bir daha öz dədə-baba torpaqlarına qayıtmaq barədə düşünməsinlər.
Əlbəttə, erməni işğalçılarının vandalizm əməlləri hər cür qınağa layiqdir. Ancaq Azərbaycan bütün olub-keçənlərə baxmayaraq, müharibə səhifəsini birdəfəlik bağlamaq istəyir. Azərbaycanın xoş niyyət nümayiş etdirməsinin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, respublikamız postmüharibə mərhələsində humanitar problemlərlə bağlı məsələlərə böyük həssaslıqla yanaşır. İndiyədək ölkəmiz bütün hərbi əsirləri, o cümlədən müharibə dövründə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçusunun cəsədini Ermənistana qaytarıb.
Lakin biz qarşı tərəfdən adekvat addımların atıldığını müşahidə etmirik. Postmüharibə dövründə Ermənistan rəhbərliyində, eləcə də müxalifət düşərgəsində təmsil olunan ayrı-ayrı şəxslərin sərsəmləmələri onu göstərir ki, forpost ölkə Azərbaycanafobiya siyasətindən əl çəkməyib və revanşist fikirlərlə yaşayır. Qarşı tərəf bunu müxtəlif məsələlərə münasibətdə açıq şəkildə büruzə verir. Məsələn, hər kəsə bəllidir ki, müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki ölkə arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb. Hazırda Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində sərhəd mühafizə sisteminin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər görür. Sərhədlərin delimitasiyası və demarkasiyası tam qanuni bir prosesdir və bütün qonşu dövlətlər arasında həyata keçirilir. Proses Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən xəritələr əsasında reallaşdırılır. Burada söhbət qəliz texniki prosesdən gedir. Ancaq Ermənistanın rəhbərliyi buna qeyri-adekvat münasibət sərgiləyərək məsələni siyasiləşdirir və heç bir məntiqi olmayan, absurd bəyanatlar səsləndirir. Və yaxud götürək işğalçı ölkədəki bəzi siyasi qüvvələrin revanşist bəyanatlarını. Bu gün hər kəsə bəllidir ki, işğalçı Ermənistanın revanşist fikirlərlə yaşamağa nə gücü, nə iradəsi, nə də hər hansı bir mənəvi haqqı var. Təbii ki, Azərbaycan üçün hər hansı bir təhlükə yaransa, revanşist cəhdlərlə çıxış edənlər dərhal məhv ediləcəklər. 44 günlük Vətən müharibəsində Azərbaycanın nəyə qadir olduğunu görən Ermənistan bütün bunlardan nəticə çıxarmalıdır. Postmüharibə mərhələsində bütün imkanlar iki ölkə arasında sülh müqaviləsinə hazırlıq işlərinin aparılmasına yönəldilməlidir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdə söylədiyi nitqində bildirib ki, Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. “Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ermənistan regionda əməkdaşlıq prosesinə qoşulmaq istəyirsə, bunu öz qonşularından xahiş etməlidir
Ermənistanın üç onillik ərzində davam etdirdiyi işğalçılıq siyasəti forpost dövlətin özünə də heç bir fayda gətirməyib. Əksinə, Azərbaycanın apardığı məqsədyönlü siyasət sayəsində Ermənistan bütün regional layihələrdən kənarda qalıb və dalan ölkəyə çevrilib. İşğalçı dövlətin iqtisadiyyatı hazırda olduqca ağır vəziyyətdədir. Məğlub ölkənin öz iqtisadiyyatın strateji sahələrinin belə funksionallığını təmin etməyə gücü yoxdur. Belə vəziyyətdə Ermənistanın yeganə çıxış yolu revanşist mövqedən imtina edərək regional əməkdaşlıq proseslərinə qoşulmaqdır. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “İndi Ermənistandan asılıdır. Onların davranışı və regional məsələlərə yanaşması necə olacaq. Hər halda, biz Ermənistansız da bölgədə istədiyimizə nail ola bilmişik. Bütün kommunikasiyaları çəkmişik, enerji xətlərimizi çəkmişik, dəmir yollarını, bütün nəqliyyat layihələrini bizim digər qonşularımızla icra etmişik. Əgər Ermənistan bu prosesə qoşulmaq istəyirsə, hələ xahiş etməlidir öz qonşularından”.
Hazırda Azərbaycanın yaratdığı müsbət reallıqlar fonunda meydana çıxan əsas çağırışlardan biri regionun nəqliyyat-logistika imkanlarından səmərəli isifadə etməkdən ibarətdir. Məlum olduğu kimi, Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən istifadə edərək tranzit imkanlarını ardıcıl şəkildə genişləndirməyi hədəfləyib. Bu strateji kursa uyğun olaraq son 18 ilə yaxın dövrdə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin ölkəmizin ərazisindən keçən hissələrində böyük həcmlərdə investisiya qoyuluşu hesabına əsaslı yenidənqurma işləri görülüb. Ölkəmiz qədim İpək Yolu marşrutunun bərpasında fəal iştirak edir. Azərbaycanın moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən ən qısa yoldur. Aparılan ardıcıl siyasət, öz növbəsində, Azərbaycanın regionun əvəzolunmaz nəqliyyat-logistika habına çevrilməsini təmin edib. Yuxarıda bəhs olunan üçtərəfli Bəyanata əsasən, Zəngəzur dəhlizinin yaradılması ilə ölkəmizin tranzit imkanları daha da artacaq. Ən mühüm məqamlardan biri də ondan ibarətdir ki, dəhliz işə düşdükdən sonra Azərbaycanın Naxçıvanla əlaqəsi bərpa olunacaq, qardaş Türkiyə ilə ikinci dəmir yolu bağlantısı yaranacaq.
Qədim Azərbaycan torpağı olan Zəngəzurdan keçməklə yaradılacaq nəqliyyat-kommunikasiya dəhlizi yalnız respublikamızın deyil, həm də bütün region dövlətlərinin maraqlarına cavab verir. Qeyd etdiyimiz kimi, praqmatik siyasət aparacağı təqdirdə, Ermənistanın özü də regionda yaranan yeni reallıqlardan faydalana bilər.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 668 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31