Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Makron 3-cü “dərsə” hazırlaşır...

Makron 3-cü “dərsə” hazırlaşır...

29.08.2023 [10:40]

Fransa prezidentinin beynəlxalq hüquqa zidd fikirləri

Paris növbəti dəfə özünü biabır etməyə hazırlaşır

Avqustun 16-da keçirilmiş BMT TŞ-nin məlum toplantısı deyəsən rəsmi Parisə “dərs” olmayıb. Bunun nəticəsidir ki, Fransa özünün təxribatxarakterli addımlarını davam etdirir, bu ölkənin başçısı yenidən beynəlxalq hüquqa zidd mövqe sərgiləyir. Belə ki, “Le Figaro” qəzeti bir müddət öncə Fransanın BMT Təhlükəsizlik Şurasına “Azərbaycanın blokadası səbəbindən aclıqdan ölmək ərəfəsində olan Dağlıq Qarabağın 120 min sakininə yardım haqqında” qətnamə təqdim etməyə hazırlaşdığı haqda yazmışdı. Fransa prezidenti Emmanuel Makron isə “Le Point” qəzetinə müsahibəsində bu xəbəri şərh edərək, Parisin bu məsələ ilə bağlı “xarici siyasət mövqeyinin kifayət qədər aydın olduğunu” vurğulayıb. KİV-də yayılan məlumatda bildirilir ki, Fransa prezidenti Laçın yolunun “blokadaya alınmasını” təəssüf etdiyini, hətta pislədiyini deyib: “Biz həmişə demişik ki, xalqların suverenliyini dəstəkləyirik. Dağlıq Qarabağ məsələsi mürəkkəbdir. Bu məsələ ilə bağlı deyilən ən sərt mövqeləri təkrarlaya bilmərəm. Fransa 2020-ci il müharibəsini birmənalı olaraq pislədi və bir çox humanitar aksiyalar təşkil etdi. Bu gün biz Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olmasına, xalqların və mədəniyyətlərin qorunmasına xidmət edən saziş tapmaq üçün əlimizdən gələni edirik. Bu sülh müqaviləsi zəruridir, lakin bu, beynəlxalq hüquqa uyğun olmalıdır”.

Makron Qarabağda “qəbuledilməz humanitar vəziyyət”in yarandığında “israr edir” - onun fikrincə Fransanın bu məsələdəki rolu Azərbaycana “təzyiq göstərməkdir”. “Biz bu istiqamətdə əlimizdən gələni edirik” deyən, Makron fikirlərinə belə davam edib: “Xüsusilə, biz Qarabağa ərzaq, dərman çatdırmaq və bu bölgəyə sərbəst girişi təmin etmək üçün təşəbbüslərlə çıxış etməyə davam edirik. Bundan başqa, bu gün Ermənistanın öz sərhədləri də təhlükə altındadır”. Makron hansı təşəbbüslərdən danışdığını dəqiqləşdirməsə də, güman ki, prezident Fransanın BMT Təhlükəsizlik Şurasına müzakirəyə təqdim etməyə hazırlaşdığı qətnamə layihəsini nəzərdə tutur. Fransanın Ermənistandakı səfirliyi BMT-dəki mümkün müzakrələr haqda yazılanlara şərh verməkdən imtina edib. Ermənistan Xarici İşlər Nazirliyi də “Le Figaro”da dərc olunan yazıya münasibət bildirməyib.

Fransa Cənubi Qafqazda sülhə mane olur

Göründüyü kimi, Azərbaycana qarşı çirkin kampaniyalardan əl çəkməyən, beynəlxalq hüququ saymayan, demokratik prinsipləri ayaqlar altına almağa adət etmiş Fransa yenidən öz ampluasındadır. Rəsmi Parisin bir ovuc erməni lobbisinin əlində oyuncağa çevrilməsi faktı növbəti dəfə öz təsdiqini tapır - Fransa Cənubi Qafqaz regionunda gərginliyi artırmaq, onu geosiyasi rəqabət məkanına çevirmək istəyindən geri durmur. Cənubi Qafqazda da yürütdüyü neokolonizm siyasətinin fərqli bir mənzərəsini formalaşdırmağa çalışan Fransanın bütün kartları açılıb - aparılan ermənipərəst siyasətin ardı-arası kəsilmir. Frankofoniya məğlubiyyəti, BMT TŞ-də ard-arda düşdüyü rəzil durumlar, Laçın sərhəd buraxılış məntəqəsi ilə bağlı boşa çıxan bütün çabaları Fransa üçün dərs olmur. Prezident Makronun Qarabağla bağlı cəfəng fikirləri heç bir işə yaramır. Bu bir reallıqdır ki, Fransa Ermənistanın timsalında özünün regiondakı əlaltısını müəyyənləşdirib və onun əli ilə regiona nüfuz edəcəyini düşünür. Təbii ki, rəsmi Parisin bu kimi “blokada” və ya “yardım oyunlarında” iştirak etməyə can atması özünün korporativ maraqlarını həyata keçirməyə hədəflənib. Makron Ermənistanın, eləcə də Qarabağda yaşayan ermənilərin “əli ilə” regiona girmək istəyir. Bir müddət öncəyə qədər fərqli beynəlxalq təşkilatların adı və missiyası altında regionun nəzarətini ələ alacağını düşünən Fransa buna nail ola bilmədi - Azərbaycanın qəti mövqeyi buna imkan vermədi. Ardından Laçın dövlət sərhəd buraxılış məntəqəsi ilə bağlı cəhdləri də boşa çıxdı. Demək ki, əlac Parisin separtizmi dəstəkləmə cəhdlərinə qalır - bu da boş xəyalıdır. Fransa unutmamalıdır ki, başlatdığı kampaniya Azərbaycanın suveren əraziləri ilə bağlıdır. Laçın postundan içəri Azərbaycan əraziləridir və orada Azərbaycan qanunları hakimdir.

Emmanuelin cəhdləri...

Makron cidd-cəhdlə Laçın dövlət sərhəd buraxılış məntəqəsi ilə bağlı “beynəlxalq rəy” almağa çalışır. Bu postdan istifadə ilə bağlı Qarabağda yaşayan ermənilərin hər hansı bir problemi olmayıb - onlara heç kim problem yaratmayıb. Hətta ən rahat və təhlükəsiz şəkildə Ermənistana gedib-gəlmələri təşkil edilib - indiki halda Azərbaycanın irəli sürdüyü alternativ yol da eyni funksionallığa və təhlükəsizliyə malikdir. Azərbaycan bundan artıq nə etməlidir? Bütün humanitar məqsədli yüklərin Ağdam-Xankəndi yolu ilə daşınması təklif olunur. Məlumdur ki, Fransa Ermənistan vasitəsilə Qarabağdakı silahlı tör-töküntünü silahlandırmaq istəyir və Azərbaycanın haqlı iradı bunun qarşısını alıb. Fransa regionda sülhün formalaşmasına qarşı olduğunu hər addımbaşı biruzə verir - bu ölkənin prezidentinin “narahatlığı” da məhz buradan qaynaqlanır.  

Aydın mövqe” separatizmi dəstəkləməkdirsə...

Bir dövlətin başçsının bu qədər məntiqsiz və rabitəsiz fikirlər səsləndirməsi onun ilk baxışdaca haqsız olduğunu meydana çıxarır. Makron müsahibəsində Fransanın “xarici siyasət mövqeyinin kifayət qədər aydın olduğunu” iddia edir -  və anlamaq istəmir ki,  bu iddia beynəlxalq hüquqa ziddir. Paris BMT TŞ-n?n məsələ ilə bağlı müzakirələrinə hörmət qoymur. “Aydın mövqe” separatizmi dəstəkləməkdirsə, Fransa bunu etiraf etməlidir. Makron bu fikirləri ilə özlərini də ifşa edir. Axı, o yaxşı bilir ki, Azərbaycan bütün mənalarda və məqamlarda haqlıdır - Azərbaycan heç bir “blokada” yaratmayıb. Ermənilər Laçın dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə hərəkət edir - 2 minə yaxın erməninin bu xidmətdən istifadəsi də buna sübutdur. Tam əksinə, Üçtərəfli Bəyanatla Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri danır, onlara riayət etmir. İrəvan bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarmalıdır - amma Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə imkan vermir.

BMT platformasında iki Fransa “nokautu”...

Fransanın növbəti dəfə BMT-yə müraciət etməyə hazırlaşması isə heç bir əhəmiyyət daşımır - bu iddia da özündən əvvəlkilərin taleyini yaşayacaq. Necə ki, ötən ilin dekabrında, bu ilin avqustunda BMT platformasında Fransanın “səsi” batmışdı. Azərbaycana qarşı apardığı anti-milli kampaniya seriyasında iki dəfə acı məğlubiyyətə uğrayan Parisin başı önünə əyilmişdi. Xatırladaq ki, bundan aylar öncə - ötən ilin dekabrında da Fransa Azərbaycana qarşı apardığı ədalətsiz mübarizədən məğlub ayrılmışdı. Fransanı matəmə bürüyən qələbəmiz ötən ilin dekabrında BMT-də Fransanın ermənipərəst bəyanatının qəbulunun qarşısının alınması ilə baş vermişdi. Məlum olduğu kimi, 2022-ci ilin dekabrın 20-21-dəki müzakirələrdən dərhal sonra Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü və fəaliyyətdə olan sədri kimi tamamilə ermənipərəst bəyanat hazırlamışdı ki, orada Laçın-Xankəndi yolundakı vəziyyət humanitar fəlakət kimi təqdim olunurdu. Fransa tərəfindən prosesə birbaşa Fransa Prezident Administrasiyası və Emmanuel Makronun xarici siyasət üzrə müşavirləri rəhbərlik edirdi. Amma BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Təhlükəsizlik Şurasının fəaliyyətdə olan sədri sayılan Fransa 10 gün içində Laçın yolunda vəziyyətlə bağlı bəyanat qəbul etdirə bilmədi. Azərbaycan fransız diplomatları uzun müddət və metodik şəkildə sıxışdırdı. Əvvəlcə ermənipərəst bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı. Sonra qeyd olundu ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında gerçəkləşdirilə bilər. Daha sonra sənədə Azərbaycanın ərazi bütövlüyünə dəstək kimi ifadələr əlavə edildi. Rəsmi Bakı tərəfdaşlarının köməyi ilə bəyanatın mətnini o qədər yumşaltmağa nail oldu ki, 6-7-ci redaktəsindən sonra faktiki olaraq azərbaycanpərəstə çevrilib, rəsmi Paris ondan tamamilə imtina etdi. Hətta Fransanın diplomatik uğursuzluğu o yerə gəlib çatdı ki, söhbət artıq bu ölkənin BMT-dəki daimi nümayəndəsi və müavininin Parisə çağırılmasından gedirdi.

Avqustun 16-da isə Fransa yenidən özünün qeyri-demokratik tələbləri ilə gündəmə gəlməyə çalışsa da, mümkün olmadı. Dünya ictimaiyyətinin qarşısında utanmadan beynəlxalq hüquqa qarşı mövqe sərgiləyən Paris BMT platformasında növbəti məğlubiyyətini yaşadı. Parisin beynəlxalq hüquq çərçivəsində davranış sərgiləməməsi, ona hörmət göstərməməsi isə Fransa kimi özünü “demokratiyanın beşiyi” sayan bir dövlətin hüquqa qarşı münasibətinin bariz sübutudur. Makron unutmamalıdır ki, Qarabağ tarixi Azərbaycan torpağıdır və Azərbaycanın suveren ərazisi kimi bütün dünya tərəfindən qəbul edilir. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə həm də detallı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Beləliklə, erməni baş nazir Azərbaycanın Xankəndi üzərindəki suveren hüquqlarını da tanımış olur. Bu isə onu göstərir ki, Makron Paşinyandan daha artıq “erməniliyə” cəhd etməməlidir.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 565 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31