Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fransa prezidentinin gülüş doğuran bəyanatı

Fransa prezidentinin gülüş doğuran bəyanatı

13.10.2023 [10:29]

Azərbaycan Prezidenti yüksək diplomatik fəallıq göstərərək ölkəmizin həqiqətlərini, beynəlxalq hüquq prinsiplərinə əsaslanan haqlı mövqeyimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ötrü müxtəlif platformaların tribunalarından məharətlə istifadə edir. Xəbər verildiyi kimi, oktyabrın 11-də dövlətimizin başçısı MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib. Görüşdə çıxış edən dövlətimizin başçısı Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində və sülhyaratma prosesində tutduğu qeyri-konstruktiv mövqeni, həmçinin bu ölkənin hazırda da davam etdirdiyi kolonializm siyasətini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Əsassız təhdidlər və şantaj nəticəsiz qalır

Postmüharibə dövründə Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesini açıq və gizli səylərlə məqsədli şəkildə ləngidən bir sıra dövlətlərin və beynəlxalq təşkilatların adını çəkə bilərik. Bu qəbildən olan ölkələr və beynəlxalq təşkilat adını daşımağa layiq olmayan qurumlar sülh prosesinə hansı yollarlasa pəl vurmaq, hazırda məğlub durumda olan işğalçı Ermənistana dəstək vermək uğrunda sanki bir rəqabət marafonuna çıxıblar. Bu marafonda “liderlik “ Ermənistanı “kiçik bacı” adlandıran Fransaya məxsusdur.

Fransa Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində fəal yer almaq niyyətindədir. Ancaq bu ölkənin özünü münaqişə tərəflərindən birinin - Ermənistanın himayəçisi kimi aparması bunu mümkünsüz edir. Vasitəçi gərək tərəf saxlamasın və ədalətli yanaşma ortaya qoysun. Biz bunu Fransanın timsalında müşahidə etmirik. Fransadan Ermənistana davamlı şəkildə təhrikedici siqnallar gəlir və bu da məğlub ölkəni revanşizmə ruhlandırır. Beləliklə də, sülh prosesi dalana sürüklənir.

Fransada 700 minədək erməni yaşayır. Buqələmun xüsusiyyətləri və hiyləgərlikləri ilə bütün dünyada məşhurlaşan, yazıq obraz yaratmaqla istədiklərini almağı yaxşı bacaran ermənilər özlərinə xas olan strategiyalarını bu ölkədə də işə salmaqla hakimiyyət, biznes strukturlarında, mediada yer tutmağı və təşkilatlanmağı bacarıblar. Hazırda Fransada erməni lobbisi o dərəcədə güclənib ki, hətta bu ölkənin hakimiyyətinin müxtəlif qollarında qərarların qəbul edilməsinə də bu və ya digər formada təsir göstərə bilirlər. Belə görünür ki, Emmanuel Makron başda olmaqla  Fransanın siyasi hakimiyyəti, o cümlədən xarici işlər nazirliyi, Paris meriyası, parlamentin hər iki palatası - Senat və Milli Assambleya erməni lobbisinin qərəzli sifarişlərini can-başla yerinə yetirmək üçün dəridən qabıqdan çıxırlar. Biz  Fransanın Ermənistanı daim himayə etdiyinin şahidi oluruq. Prezident Emmanuel Makron həmişə “kiçik bacı” Ermənistanın arxasında və yanında dayanacağını bəyan edib. Bu ölkənin parlamentində 44 günlük müharibə dövründə və postmüharibə mərhələsində bir necə dəfə Azərbaycan əleyhinə qərəzli qətnamələr qəbul olunub. Emmanuel Makronun BMT Təhlükəsizlik Şurası rəzaləti hər kəsə bəllidir. Fransa indiyədək Ermənistanın Azərbaycana qarşı əsassız iddialarını BMT TŞ-də müzakirələrə çıxarıb. Ancaq xüsusilə E.Makronun uğursuz prezidentliyi dönəmində öz tarixi keçmişindən və ənənələrindən tamamilə üz çevirən Fransanın beynəlxalq hüquqla bir araya sığmayan belə səyləri əbəsdir və bu ölkəyə heç bir halda başucalığı gətirmir. Prezident İlham Əliyev bəhs olunan görüşdəki çıxışında bu siyasətin iflasa uğradığına diqqət çəkərək bildirib: “Fransadan danışanda, bu ölkənin rəhbərliyinin 2020-ci ilin bütün dövründən başlayan və indi də davam edən qeyri-konstruktiv və təxribatçı rolunu da qeyd etmək istərdim. Azərbaycanın ünvanına çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi”.

Biz separatizmi aradan qaldırmışıq

Üçtərəfli Bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri də silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaqla bağlı idi. Ancaq havadarlarına arxalanan və revanşizm mövqeyindən çıxış edən məğlub ölkə bu öhdəliyini də yerinə yetirməyərək silahlı birləşmələrinin təxminən 10 min kontingentə malik hissəsini ərazilərimizdə saxlamaqda davam edirdi. Həmin hərbi birləşmələr tez-tez mövqelərimizi atəşə tutur və digər təxribatlara əl atırdılar. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələri sentyabrın 19-da növbəti dəfə mina terroruna əl atdılar. Nəticədə polis əməkdaşları və mülki şəxslər həlak oldular. Buna cavab olaraq Azərbaycan lokal xarakterli antiterror tədbirləri görmək məcburiyyətində qaldı.

Sentyabrın 19-da başlayan antiterror tədbirləri də Azərbaycan Ordusunun gücünün və hərbçilərimizin peşəkarlığının növbəti təzahürü oldu. Qısa müddət ərzində qanunsuz hərbi birləşmələrin  böyük hissəsi tamamilə məhv edildi. Cəmi 23 saat davam edən antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Azərbaycanın şərtlərinə uyğun olaraq qəbul edilən razılaşmaya əsasən hazırda qanunsuz hərbi birləşmələrin tərkisilah edilməsi prosesi davam edir. O cümlədən separatçı rejim özünün buraxıb.

Azərbaycan Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrə qarşı antiterror tədbirlərini öz suveren hüquqları çərçivəsində reallaşdırıb. Hansı dövlət ərazisində belə birləşmələrin mövcudluğuna seyirçi qala bilər? Heç bir dövlət buna dözümlü yanaşmaz. Azərbaycan öz ərazisində separatizmin kökünü kəsməli idi və buna nail oldu. Antiterror tədbirlərini reallaşdırarkən ölkəmiz heç bir halda etnik təmizləmə niyyəti güdməyib. Bunu hətta Qarabağdan Ermənistana gedən ermənilərin özləri də təsdiqləyiblər. Belə isə bəs nə üçün Fransada hansısa etnik təmizləmədən bəhs edilir? E.Makronun lokal xarakterli antiterror tədbirləri ilə bağlı verdiyi bəyanat hansı məqsədi güdür? Həmin bəyanata münasibət bildirən Prezident İlham Əliyev bunun sadəcə gülüş doğurduğunu bildirib: “Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub”.

Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır

Fransa rəsmilərinin  Azərbaycana qarşı hansısa iddialar səsləndirməyə mənəvi haqları yoxdur. Bu ölkənin özü XXI əsrdə də kolonializm siyasətini yeni formada davam etdirir. “Necə deyərlər, öz gözündə tiri görməyib başqasının gözündə tük axtarmaq lazım deyil. Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır. Hələ Fransanın Afrikada, Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlərini demirəm. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır. Azərbaycan və şəxsən mənim tərəfimdən bu məsələ Qoşulmama Hərəkatının sədri kimi dəfələrlə Qoşulmama Hərəkatının sammitlərində qaldırılıb və qanlı müstəmləkə keçmişi olan və hətta bu gün bəzi Afrika ölkələrinin nə qədər səy göstərsələr də, xilas ola bilmədikləri bu ölkə bizi beynəlxalq hüququ pozmaqda ittiham edir. Bu, absurddur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Fransanın müstəmləkəçilik tarixinin 1524-cü ildən  başladığı bildirilir. Fransa Afrikanın qərbində və şimalında 20-dən çox ölkədə hökmranlıq qurmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində Fransanın nəzarətində qalıb.

Lakin demokratik dəyərləri ilə öyünən Fransa özünün ağır şərtləri ilə fərqlənən müstəmləkə şəbəkəsinə daxil etdiyi Afrika ölkələrinə yaxşı heç nə gətirməyib. Əksinə ən qəddar vasitələrlə ram edilən ölkələr sivilizasiya ilə bir araya sığmayan mühafizəkar qanunlarla idarə olunub, təbii sərvətlər talanıb, baş qaldıran etirazlar ən sərt və qəddar müdaxilələrlə yatırılıb.  Fransa, Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırım üçün məsuliyyət daşıyır.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31