Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sülh Tbilisidə imzalansa...

Sülh Tbilisidə imzalansa...

02.11.2023 [10:13]

Yeni dövrün iqtisadi nəbzi Cənubi Qafqazda döyünəcək

Yeni dövrün yeni çağırışları Cənubi Qafqazın gələcəyi üçün də mühüm perspektivlər formalaşdırır. Tarixi ənənəyə malik olan bölgəmiz artıq özünün qlobal dünyaya tranformasiyasına “hazırlaşır” desək, yanılmarıq. Təsadüfi deyil ki, Şərq-Qərb tranzitinin üzərində mühüm geosiyasi və geostrateji əhəmiyyətə malik Cənubi Qafqazın yeni iqtisadi münasibətlər sistemində əhəmiyyətli mövqe tutacağına dair proqnozlar səsləndirilir. Artıq region ölkələri arasında ikitərəfli əlaqələr genişlənərək daha böyük əməkdaşlıq platformalarına keçid mərhələsini yaşadır. Bunun üçün isə...

Qafqaz necə “qloballaşa” bilər?

Məsələnin mahiyyəti Azərbaycanın son 3 illik fəaliyyət trayektoriyasına əsaslanır. O baxımdan ki, məhz Azərbaycanın yürütdüyü uğurlu, əməkdaşlığı hədəfləyən və təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə töhfələr verən siyasi kurs nəinki ölkəmizin, bütövlükdə yerləşdiyimiz regionun inkişafına zəmin formalaşdırdı. Bu gün ölkəmizin Cənubi Qafqazın ümumi inkişaf tempinin daha da sürətlənməsi, əməkdaşlıq platformalarının genişləndirilməsi işində oynadığı rol əvəzsizdir. Xüsusi qeyd edilməlidir ki, 2020-ci ildə baş vermiş Vətən müharibəsi və onun nəticələri bölgənin gələcək inkişafının yeni mərhələsini başlatdı - ölkəmizin Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi yönündə fəaliyyəti birmənalı şəkildə yeni dövr üçün mühüm perspektivlər formalaşdırdı ki buraya:

- Əvvəlki əməkdaşlıqların miqyasının və coğrafiyasının genişləndirilməsi;

- Əməkdaşlıq sahələrinin şaxələndirilməsi;

- Bölgədə yeni qarşılıqlı etimad mühitinin formalaşdırılması;

- Cənubi Qafqazın bütöv (istisnasız) inkişafının təmin olunması kimi faktor daxil idi.

İndiki mərhələdə bu məsələnin həlli günün reallıqları çərçivəsində bir az çətin görünə bilər - amma əbədi düşmənliklərin olmadığı kimi, əbədi maraqların da yaxınlaşmalar üçün zəmin yaratdığını hər birimiz dərk edirik...

Üçlü müzakirələr “altılı” formatı daha uğurlu edəcək...

Azərbaycan və Türkiyənin birgə təşəbbüsü olan “altılıq” formatında işbirliyi platforması, başqa sözlə “3+3” uzun müddət müzakirə predmeti kimi çıxış etdi. 2021-ci ildən ideya olaraq irəli sürülən bu format artıq özünü tam şəkildə təsdiq etmək üzrədir. Hətta bununla əlaqədar müəyyən təmaslar - danışıqlar və görüşlər baş tutur. Platforma çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistan arasında iqtisadi, kommunikasiya əlaqələrinin qurulması nəzərdə tutulur ki, bu da bütövlükdə regionun mənzərəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Əvvəl keçirilən görüşlərdə Gürcüstanın iştirakı bir sıra obyektiv səbəblərdən istisna olunurdusa, deyəsən bu mərhələ də aşılmaq üzrədir. Azərbaycanın yeni ideyası - üçlü format ideyasının reallaşacağı təqdirdə Gürcüstanın “altılıq” formatda da fəal iştirakı təmin edilə bilər. Yeri gəlmişkən, rəsmi Tbilisi Azərbaycanın ideya müəllifi olduğu, Türkiyənin ilk gündən dəstəklədiyi “3+3” əməkdaşlıq formatında dolayısı ilə iştirak etmək niyyətini açıqlayıb. KİV-in yaydığı məlumata görə, Gürcüstan bəyan edib ki, “3+3” danışıqlarında iştirakdan imtina regional problemlərdən geri çəkilmək demək deyil. Nəzərə alaq ki, Gürcüstan Azərbaycan üçün, bütövlükdə Cənubi Qafqaz üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. İki ölkə arasında tarixi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz kimi mühüm layihələr icra edilir. Ölkəmizin yaratdığı yeni mərhələ isə bu inkişafı daha da irəliyə daşımaq əzmindədir. Bu mənada, Gürcustanın bu və ya digər şəkildə regional əməkdaşlığın tərkib hissəsinə çevrilməsi üçün nisbi razılığı böyük önəm kəsb edir. Yeni mərhələdə əməkdaşlıqların, strateji münasibətlərin daha da yaxınlaşması digər problemlərin də həllində əsaslı rol oynaya bilər.

Gürcüstandan çağırış - sülh Tbilisidə imzalansın...

Bu məsələdə Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “üçlü format” - başqa sözlə, “Qafqaz evi” layihəsi böyük əhəmiyyət daşıyır. Bir ildən artıqdır ki, Prezident İlham Əliyev regionun inkişafı ilə bağlı yeni proqram, yeni inkişaf xəritəsi təqdim edir - Ermənistan ilə münasibətlərin normallaşması prosesinin Tbilisi “xəttini” işə salmağı təklif edən Bakı bu formatın uğurlu nəticələrə yol açağı haqda da pozitiv düşüncədədir. Belə ki, bunun ideoloji və iqtisadi əsaslandırması mövcuddur. Üçlü formatın uğur qazanacağı təqdirdə, proses avtomotik olaraq “altılıq” formata da sirayət edəcək və bu əməkdaşlığın daha yüksək inkişaf tempi qazanmasına yol açacaq. Yeri gəlmişkən, Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Nikoloz Samxaradze OTG telekanalının efirində qeyd edib ki, hakimiyyət Tiflisdə sülh müqaviləsinin imzalanmasına da ümid edir. Qeyd edək ki, Gürcüstan baş nazirinin Azərbaycan və Ermənistan arasında danışıqlarda Tiflisin evsahibliyi etməsi barədə təşəbbüsünə Bakıdan müsbət cavab verilsə də, İrəvan hələlik bu təklifə konkret mövqe sərgiləməyib.

Qafqaz evi” yeni inteqrasiya modeli kimi

Prezident İlham Əliyev hələ ötən il oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masadakı çıxışında Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü formatda vahid müzakirə platformasının yaradılması təklifi ilə çıxış etmişdi. Dövlət başçısı bildirmişdi ki, burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilə bilər. “Ümumi Qafqaz evi” ideyası məzmun və mahiyyət baxımından yeni tarixi bir mərhələ təşkil edə bilər. Bu, bütövlükdə, Qafqazda sülhün, sabitliyin qorunmasını şərtləndirən amilləri, iqtisadi, mədəni inteqrasiyanı özündə birləşdirir. Eyni zamanda, regionun təhlükəsizliyinin, sülhün və sabitliyin təminatının qarantı kimi çıxış edir. Bu mənada, irəli sürülən təklif regionun gələcəyinin yeni inkişaf strategiyasıdır. Azərbaycanla yaxın əlaqələrə malik Gürcüstan da bu məsələdə maraqlıdır - bu həm ictimaiyyət, həm də dövlət rəsmiləri tərəfindən səsləndirilir.

Ermənistan da bu inkişaf dinamikasında yer almaq istəyirsə, Gürcüstanın səsləndirdiyi “Tbilisi formatı” istiqamətində danışıqlar prosesinə başlamalı və nəticənin əldə olunması üçün bütün gücünü səfərbər etməlidir. Azərbaycanın irəli sürdüyü və ədalətə söykənən sülh təklifi Cənubi Qafqaz üçün ən mühüm prioritet olan sabitlik və təhlükəsizlik indeksinin yaradılmasına xidmət göstərir. Ermənistan özünün qeyri-konstruktiv mövqeyindən əl çəkərək Tbilisidə üçlü müzakirələrin başlamasına razı olarsa və sülh müqaviləsini imzalayarsa, həm də bu böyük inkişaf tendensiyasının həlqəsinə çevrilə bilər. Bu isə ümumi problemlərin aradan qalxması ilə yanaşı, iqtisadi-sosial inkişafın yeni dövr üçün şərtlərini ortaya çıxaracaq. Ermənistan Cənubi Qafqazın bir hissəsi olaraq ümumi inkişaf tempinə qoşulacaq. Bunun üçün isə yalnız bir addım var - sülhə doğru inamlı bir addım...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 571 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31