Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan təklif edir...

Azərbaycan təklif edir...

17.11.2023 [10:33]

Dünyada minasızlaşdırma strategiyası qəbul olunsun

Mina qurbanlarının 85 faizi mülki insanlardır, onların da 49 faizini uşaqlar təşkil edir

Təcəvüzkarlıq məqsədilə aparılan ədalətsiz müharibələr insanlıq əleyhinə bəşəri cinayətdir. Öz arxasınca fəlakətli izlər buraxan - qurulu şəhərlərin və kəndlərin dağıdılması, insan faciələri, uşaq ölümləri ilə nəticələnən belə müharibələrin yaraları uzun illər boyunca sağalmır. Qanlı müharibələrin ən faciəvi üzü isə mina terrorudur. Tanklar, təyyarələr, toplar, PUA-lar, döyüş gəmiləri gözlə görünən təhlükə mənbələridir. Bunlardan açılan atəşlərlə daha çox hərbiçilər hədəfə alınırlar, eyni zamanda, onlardan hansısa bir formada qorunmaq ehtimalı var. Minalara gəldikdə isə... Bax bu gözəgörünməz terrorla ən ağlagəməz yerlərdə - gəzinti zolaqlarında, çay qırağında, yollarda, avtomobillərdə, hətta uşaq oyuncaqlarında belə yaxalana bilərsən.

Dünyadakı kədərli mənzərə

Cari il noyabrın 20-dən 24-dəkdək Cenevrədə “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında BMT Konvensiyasına üzv dövlətlərin 21-ci İllik Konfransı keçiriləcək. Bununla əlaqədar olaraq Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya “Landmine Monitor Report 2023” hesabatını ictimaiyyətə təqdim edib.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyindən KİV-ə verilən məlumata görə, hesabat dünyada minalar əleyhinə fəaliyyətin bütün aspektlərini əhatə etməklə sayca 25-ci illik hesabatdır. Hesabatda bildirilir ki, Konvensiya qəbul olunduqdan sonra ona üzv olan və üzv olmayan ölkələr minalarla mübarizə fəaliyyətlərinə əhəmiyyətli töhfə veriblər. Bu, humanitar tərk-silah müqaviləsinin təcəssüm etdirdiyi tərəfdaşlığın güclü transformasiyasını nümayiş etdirir. Eyni zamanda, qlobal böhranların sayının getdikcə artması və digər xərclərə tələbatın artması vəziyyəti daha da təhlükəli edir.

Konvensiyanın imzalanmasından keçən 25 il ərzində 164 dövlət bura üzv olub. 33 dövlət o, cümlədən də Cənubi Qafqaz ölkələri Konvensiyaya qoşulmayıb. Hesabata əsasən, dünyanın ən azı 60 ölkəsində minalarla çirklənmə qeydə alınıb. Son il ərzində üzv dövlətlər tərəfindən 219.31 kvadratkilometr ərazi təmizlənib və 169 min 276 piyada əleyhinə mina tapılaraq məhv edilib. Konvensiyaya üzv olan 94 ölkə ehtiyatında olan 55 milyon minanı məhv etdiyini rəsmi şəkildə bildirib.

Son hesabatda dünyada 4 min 710 nəfərin minaların və müharibənin partlayıcı qalıqlarının qurbanı olduğu qeydə alınıb. Bunların 1661 nəfəri həlak olub, 3 min 15 nəfər yaralanıb, 34 nəfərin statusu məlum deyil. Mina qurbanlarının 85 faizi mülki insanlardır, onların da 49 faizini uşaqlar təşkil edir. Ən çox qurbanlar isə Suriya və Ukraynada qeydə alınıb. Mina qurbanlarının böyük əksəriyyəti kişilər və oğlan uşaqlarıdır. Hesabat dövründə bir çox üzv dövlətlərdə səhiyyə və reabilitasiya xidmətləri kifayət qədər maliyyələşdirilməyib və əlçatanlıq, təcrübə və materialların tədarükü daxil olmaqla çoxsaylı problemlər yaranıb.

Son hesabat dövründə minalarla mübarizə proqramlarına milli və beynəlxalq səviyyədə 913.5 milyon ABŞ dolları ayrılıb. Bu əvvəlki məbləğdən təxminən 52 faiz çoxdur və böyük hissəsi Ukraynaya ayrılıb.

Ermənistanın bitib tükənməyən müharibə cinayətləri

Ermənistanın silahlı birləşmələri həm Birinci, həm də İkinci Qarabağ müharibəsini, necə deyərlər, özlərisayağı aparıblar. Onlar döyüşlərdəki məğlubiyyətlərinin əvəzini, bir qayda olaraq, silahları mülki şəxslərə, yaşayış məntəqələrinə tuşlamaqla çıxmağa çalışıblar. Bu yolla onlar hələ Birinci Qarabağ müharibəsi zamanı Ağdaban, Qaradağlı, Başlıbel kimi faciələr törədiblər.  1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmiş və burada soyqırımı törətmişlər.

İkinci Qarabağ müharibəsində eyni ssenari təkrarlandı. 44 günlük müharibənin əvvəlindən Müzəffər Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyəcəklərini başa düşən erməni hərbi birləşmələri keçmiş təmas xəttindən uzaqda yerləşən ərazilərimizə, o cümlədən Gəncəyə, Bərdəyə, Tərtərə və digər yaşayış məntəqələrimizə qadağan olunmuş mərmilər atdılar. Yenə də heç bir günahı olmayan uşaqlar, qadınlar, yaşlı insanlar həyatlarını itirdilər və yaxud yaralandılar.

Ərazilərin minalanması Ermənistanın müharibə cinayətlərinin növbəti səhifəsidir. Təxminən 30 ili əhatə edən işğal dövründə Ermənistan hərbi birləşmələri ərazilərimizdə şəhər və kəndlərimizi, tarixi mədəni-dini irs nümunələrini dağıtmaqla kifayətlənməyərək torpaqlarımıza çoxlu sayda müxtəlif təyinatlı minalar basdırıblar. Yuxarıda bəhs etdiyimiz hesabatda qeyd olunub ki, əvvəlki illərdə mina istehsal edən ölkələrin sayı 55-dən 11-ə enib. İşğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistan isə qlobal çağırışlara məhəl qoymayaraq, mina istehsalını davam etdirir.

Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr sırasındadır

Ötən əsrin doxsanıncı illərinin əvvəllərindən etibarən Ermənistanın təcavüzünə məruz qalan Azərbaycan dünya üzrə minalarla ən çox çirklənmiş ölkələr sırasında yer alır. Azərbaycan Prezidenti İlham Əliyev cari ilin mayında “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçlarına ünvanladığı məktubunda ölkəmizin üzləşdiyi mina terrorunun fəsadlarına diqqət çəki. Ermənistanın işğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırdığını bildirən dövlətimizin başçısı vurğulayıb: “İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 302 nəfər vətəndaşımız mina qurbanı olmuş, onlardan 57-si həlak olmuş, 245-i isə ağır yaralanmışdır. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın vətəndaşımız minalardan zərər çəkmiş, onlardan 587-si həyatını itirmişdir. Mina qurbanlarının 358-ni uşaq, 38-ni isə qadınlar təşkil edir. Həmçinin Ermənistan keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirmişdir ki, bu da mina qurbanlarının gündən-günə artmasına səbəb olur. Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər”.

Təəssüf doğuran haldır ki, məğlub  Ermənistan 44 günlük müharibə bitdikdən sonra belə mina terrorundan əl şəkməyib. Üçtərəfli Bəyanat imzalandıqdan sonra bu ölkənin təxminən 10 minlik hərbi kontingenti uzun müddət ərazilərimizdən çıxarılmayıb. Erməni hərbiçiləri Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar daşıyıb və onları yerlərdə basdırıblar. İndiyədək müxtəlif ünvanlarda 2021-ci ildə Ermənistanda istehsal olunan 2700-dən çox piyada əleyhinə mina aşkar edilib. Torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi hazırda burada aparılan bərpa və yenidənqurma işlərini ləngitməklə yanaşı, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır, uzun illər doğma torpaqlarına dönmək arzusu ilə yaşayan yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşdırılmasına əngəl törədir.

Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistan minalanmış ərazilərin səhih xəritələrini ölkəmizə təqdim etmir. Buna görə də hərbiçilərimiz və mülki insanlar indinin özündə də mina terrorunun günahsız qurbanlarına çevrilirlər. Təkcə noyabr ayının əvvəlindən iki soydaşımız mina terroruna tuş gəlib. Onlardan biri Tərtər rayonunun Borsunlu kənd sakini, 1999-cu il təvəllüdlü Əli Ağalarovdur. O, noyabrın 3-də kənd ərazisində örüş yerinin yaxınlığında fərdi təsərrüfatına aid heyvanlarını axtararkən mina partlayışı baş verib. Hadisə nəticəsində Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Noyabrın 5-də saat 12 radələrində isə Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışının baş verməsi ilə bağlı polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, rayonun Seyidimli kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb. Belə faktların sayı həddindən artıq çoxdur...

107 min hektara yaxın ərazi minalardan azaddır

Postmüharibə dövründə Azərbaycan həm öz gücünə, həm də ayrı-ayrı ölkələrin və beynəxalq təşkilatların dəstəyi ilə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi istiqamətində fəal iş aparır. Prezident İlham Əliyev yuxarıda xatırlatdığımız məktubunda bildirib ki, humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. “Bu siyasətin əsası 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuşdur. Ulu Öndərin strateji baxışı, uzaqgörənliyi və müdrik siyasəti nəticəsində 25 il əvvəl Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik - ANAMA yaradılmışdır. ANAMA hazırda ölkəmizdə humanitar minatəmizləmə fəaliyyətini həyata keçirən əsas qurumdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Hazırda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları uğurla davam etdirilir. Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun verdiyi məlumata görə,  44 günlük müharibədən sonrakı dövr ərzində ANAMA və digər qurumlar tərəfindən 106 min 938.1 hektar ərazinin təmizlənməsi təmin edilib. Bu günədək ekoloji qiymətləndirmə və elmi-tədqiqatlar üçün nəzərdə tutulmuş 12 min 514.7 hektar, həmçinin enerji layihələri üçün nəzərdə tutulmuş 6 261.4 hektar, kənd təsərrüfatı üçün 53 min 078.4 hektar, meliorasiya və su təsərrüfatı fəaliyyətləri üçün 3421 hektar, nəqliyyat infrastrukturu üçün 5759 hektar, yenidənqurma və yaşayış infrastrukturun inkişafı üçün 20 min 118 hektar, digər məqsədlər üçün 5784.8 hektar ərazi partlayıcı sursatlardan təmizlənib. Nəticədə təmizlənmiş 106 min 938.1 hektar ərazidən ümumilikdə 105 488 ədəd olmaqla, piyada əleyhinə 30 min 539 mina, tank əleyhinə 18 min 303 mina və 56 min 646 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Azərbaycanın humanist təşəbbüsü

Mina terrorunun fəsadlarıından əziyyət çəkən respublikamız humanist təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan özünün minatəmizləmə probleminin həlli ilə yanaşı, qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir. Fikirlərinə davam edən dövlətimizin başçısı vurğulayıb: “Dünyada münaqişələrin və mina fəsadlarının artmasını nəzərə alaraq biz humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci DİM-i kimi təsis edilməsi təşəbbüsü ilə çıxış etmişik. Hazırda sədrlik etdiyimiz Qoşulmama Hərəkatında da Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası üzərində iş gedir”.

Yeri gəlmişkən, Prezident İlham Əliyev tərəfindən irəli sürülən humanist təşəbbüslər “Dayanıqlı maliyyə və investisiya” mövzusunda noyabrın 15-də keçirilən II Bakı Forumunda da gündəmə gətirilib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 629 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31