Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Erməniəsilli şəxslər qayıtmaq istəyirsə...

Erməniəsilli şəxslər qayıtmaq istəyirsə...

12.12.2023 [10:55]

Reinteqrasiya proqramı hüquqi prosedurların ən real təcəssümüdür

Bu ilin sentyabrında baş vermiş lokal antiterror əməliyyatları zamanı könüllü şəkildə Ermənistana köçən Qarabağın erməniəsilli sakinlərinin geri dönüşü məsələsi rəsmi İrəvan tərəfindən spekulyasiya edilməkdədir. Bəzi hallarda onların üzərindən hətta çirkin siyasi oyunlara belə əl atılır - bu şəxslər “qaçqın” kimi təqdim edilir, onların “ehtiyacları” bəhanə edilərək ianələr yığılır. Ötən dövr ərzində bəzi anti-Azərbaycan dairələrin, hətta Fransanın timsalında ölkələrin belə Qarabağdan könüllü şəkildə köçən ermənilər üzərindən “təzyiq kampaniyası” təşkil etmək cəhdlərinin şahidi olmuşuq.

Bunun qarşılığında isə Azərbaycan dəfələrlə bəyan edib ki, dövlətimiz Qarabağın erməniəsilli sakinlərini qovmayıb və ya onların getməyə məcbur etməyib. Bu onların şəxsi qərarıdır. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib ki, bu, onların öz qərarı idi. “Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Biz açıq şəkildə elan etdik və mən antiterror əməliyyatı başa çatdıqdan sonra Azərbaycan xalqına müraciətimdə bildirdim ki, onlar qala bilər. Biz elektron qeydiyyat portalını açdıq. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur”, - deyə dövlət başçımız bildirib.

Ya vətəndaşlıq, ya iş icazəsi, ya da yaşayış icazəsi...

Geri qayıtmaq üçün isə həmin şəxslər Azərbaycan vətəndaşlığı ilə bağlı müraciət etməlidirlər. Bu şəxlərlə bağlı reinteqrasiya proqramı təqdim edilib. Antiterror tədbirlərindən sonrakı mərhələdə bu proqramla bağlı detallar açıqlanıb - Reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir. Etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir. Prezident İlham Əliyev müsahibəsində vurğulayıb ki, mən antiterror əməliyyatının keçirilməsindən bir neçə ay əvvəl demişdim ki, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər: “Çünki insanlar başqa ölkənin vətəndaşı olmaqla Azərbaycanda necə yaşaya bilərlər? Ya vətəndaşlıq, ya iş icazəsi, ya da yaşayış icazəsi olmalıdır. Onlar dırnaqarası “dağlıq qarabağ respublikasında” yaşadıqlarını deyərək Azərbaycanda yaşaya bilməzlər. Çünki dırnaqarası “dağlıq qarabağ respublikası” mövcud deyil. Onlar bunu öz xəyallarında, mifologiyasında uydurublar. Onlar Azərbaycan vətəndaşları olaraq Azərbaycanda yaşamaq istəyirlərsə, əlbəttə ki, bunu edə bilərlər”.

Reinteqrasiyada əksini tapan məsələlər...

Müasir dövrdə ictimai həyatın demokratikləşdirilməsi, vətəndaş cəmiyyətinin və bütövlükdə cəmiyyətin harmonik, sabit inkişafının təmin edilməsi hüquqi dövlət quruculuğunun əsas istiqamətləri sayılır. Bu gün Azərbaycanda baş verən tərəqqi proseslərinin, novatorluğun, islahatların lokomotivi qismində çıxış edən hüquqi dövlət anlayışı bütövlükdə sabit inkişafın əsas təməl prinsipidir. Yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin uğurları saysızdır. Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox böyük addımlar atıb. Çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün vətəndaşların hüquqları Konstitusiya ilə təmin olunur ki, ölkəmizdə yaşamaq üçün müraciət edəcək ermənilər də eyni hüquqlardan yararlana biləcəklər. Prezident İlham Əliyev qeyd edib ki, bizim Qarabağ ermənilərinə etdiyimiz təklifdə hansı ki, yeri gəlmişkən ictimai şəkildə açıqlanmışdır, biz, həmçinin onların hüquqlarını da nəzərə almışdıq: “Onların dil, tədris, din, bələdiyyə hüquqlarını nəzərə almışdıq. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər. Tərk etmək qərarı onların öz qərarı idi və bizim indi əldə etdiyimiz məlumata əsasən bu dırnaqarası “dağlıq qarabağ respublikası”nın dırnaqarası “sabiq rəhbərləri”nin qəsdən etdiyi hərəkət idi. Onlara oranı tərk etməyə ehtiyac yox idi, lakin onlar tərk etmək qərarını verdikdə biz onları dayandıra bilməzdik. Biz onlar oranı sülh şəraitində tərk etsinlər deyə, onlara maksimum dərəcədə rahat şərait yaratdıq”.

Eyni hüquq, eyni reallıq...

Dövlətimiz hələ II Qarabağ müharibəsindən sonra, sülhyaratma missiyaları vasitəsilə Ermənistanla münasibətlərin normallaşması istiqamətində davam edən danışıqlar zamanı bəyan etmişdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəyi halda konstitusion hüquqlara malik olacaqlar. Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə bütün vətəndaşlar qanun qarşısında eyni hüquqa, bərabər imtiyazlara malikdir. Azərbaycan vətəndaşlığını qəbul edərək Azərbaycanın qanunlarına tabe olacaq erməni vətəndaşları da konstitusiya ilə tanına? bütün hüquqlardan sərbəst şəkildə istifadə etmək haqqı qazanırlar. Bunun üçün isə onların yaradılan mövcud texniki imkanlardan yararlanması - elektron portalda qeydiyyatdan keçərək geri qayıtması, Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildirməsi vacibdir. Vurğulanmalıdır ki, portal yaradılan dövrdə Qarabağın erməniəsilli vətəndaşlarının bəziləri yaranan bu imkanlandan istifadə edərək Azərbaycanda yaşamaq istəklərini dilə gətirdilər.

Bunun analogiyası isə Ermənistandan qovulmuş azərbaycanlılara tətbiq edilməlidir. Çünki Qarabağ əsilli ermənilərin Azərbaycanda yaşamaq hüququ olduğu kimi eyni hüquq həm də 300 min azərbaycanlının doğulduğu torpaqlarda  - Ermənistanda yaşamaq hüququnu təsbit edir. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib ki, əgər Ermənistandan qovulmuş azərbaycanlı məcburi köçkün ora geri qayıtmaq istəyərsə o, necə qayıda bilər? O geri qayıdıb və Qərbi Azərbaycan Respublikasının sakini olduğunu deməyəcək: “Xeyr. O, gəlib vətəndaşlıq və ya iş icazəsi üçün müraciət edəcək. Nəyə görə bu proses burada fərqli olmalıdır? Bu, yalnız belə olacaqdır. Bələdiyyə seçkiləri vasitəsilə onlar öz nümayəndələrini seçə bilərlər və bu nümayəndələr bələdiyyələrə görə məsul şəxslər olacaq. Bütün bu məlumatlar Qarabağ ermənilərinin nümayəndələrinə antiterror əməliyyatından sonra çatdırılmışdır və biz bu məlumatın onlar tərəfindən Qarabağ əhalisinə açıqlanmadığından agah olduqdan sonra biz onu açıqladıq, dərc etdik”.

Birgəyaşayış - tolerantlığımızın ən mühüm detalı...

Sabitliyi, sülhü və təhlükəsizliyi təhdid edən ən mühüm amillərdən biri kimi meydana çıxmış diskriminasiyanın, ayrı-seçkiliyin dünya üçün əsl baş bəlasına çevrildiyi bir zamanda Azərbaycanda hökm sürən tolerant mühit, multikultural həyat tərzi nümunəvi model kimi çıxış edir. Azərbaycanın tolerantlıq ənənəsi heç də yaxın bir və ya iki əsrə söykənmir - bu, tarixin özü ilə birgə inkişaf edən həyat tərzidir. Azərbaycanın millətlərarası münasibətlər sahəsində siyasəti xalqımızın xoş niyyəti, tarix boyu formalaşan ənənələri və ölkəmizin bugünkü müsbət mənzərəsi nəzərə alınmaqla müəyyənləşdirilib. Ölkəmizin mənzərəsi bu gün də milli-dini zəmində rəngarəngliyi ilə fərqlənir. Eyni zamanda, hüquqi dövlət olan Azərbaycanda qanun bu bərabərliyin əsas təminatçısı və qarantıdır. Xüsusi qeyd edilməlidir ki, Qarabağı öz xoşu, öz arzusu ilə tərk edən erməni əhalisi də vaxtilə bu mühitin tərkib hissəsi kimi çıxış edib. Bizim bununla bağlı hər hansı bir narahatlığımız yoxdur - birgəyaşayış bizim üçün narahatlıq yaradan detal kimi çıxış etmir. Prezident öz müsahibəsində qeyd edib ki, Azərbaycan çoxmillətli ölkədir və Azərbaycandakı heç bir etnik qrupun dini və etnik zəmində heç vaxt heç bir problemi və ya narahatlığı olmamışdır. Azərbaycanı tanıyan istənilən kəs bunu təsdiqləyə bilər: “Yeri gəlmişkən, bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır. Ermənilər və azərbaycanlılar Rusiyada bir yerdə yaşayırlar, Ukraynada bir yerdə yaşayırlar və Gürcüstanda hətta eyni kəndlərdə yaşayırlar. Nəyə görə onlar Azərbaycanda və yaxud Ermənistanda bir yerdə yaşaya bilməsinlər? Hesab edirəm ki, onlar bir yerdə yaşaya bilərlər”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 559 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31