Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ukrayna seytnotda: ABŞ-ın növbəti addımı necə olacaq?

Ukrayna seytnotda: ABŞ-ın növbəti addımı necə olacaq?

14.12.2023 [11:20]

Dünya gündəmində müzakirə olunan əsas mövzulardan biri də Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ  prezidenti Co Baydenin dəvəti ilə Vaşinqtona səfəridir. Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, ilin yekunu Ukrayna üçün ağır sınaq günləri hesab oluna bilər.  Artıq nə vaxtdır ki, ABŞ Konqresi Ukraynaya əlavə yardımın verilməsi barədə qanun layihəsinin qəbulunu yubadır. Konqres növbəti dinləmələrdə də sənədi ratifikasiya etməsə, Ukrayna ABŞ-ın maddi-texniki dəstəyindən məhrum olacaq. Silaha, pula və humanitar yardıma ehtiyacı olan Ukraynanın bu vəziyyətdə Rusiyanın hücumları qarşısında nə qədər duruş gətirə biləcəyi sual altındadır.

Zelenski əliboş qayıdır? 

Analitiklərin fikrincə, Zelenskinin ABŞ-a dəvət edilməsi respublikaçıların Ukraynaya qarşı sərt mövqeyini yumşaltmaq məqsədi güdür. Yəni Ağ Evdə belə düşünürlər ki, Zelenski Konqresdə şəxsən çıxış edərsə, bəlkə də öz nitqi ilə “daşı ətəyindən tökmək istəməyən” respublikaçıları təsirləndirə bilər. Zelenskinin səfərinin uğurlu olub-olmayacağı ilə bağlı müxtəlif proqnozlar səslənib. Onlardan ən pisi belədir: ABŞ Konqresindəki demokratlar və respublikaçılar arasında gedən partizan çəkişmələri, eləcə də Qəzza zolağındakı münaqişə Ukrayna liderinin Vaşinqtondan əliboş qayıtmasına səbəb ola bilər.

Bəzi ekspertlərin fikrincə, Ukraynanın müharibəni uduzması Baydenin 2024-cü il seçkilərində qalib gəlmə şansına açıq şəkildə təsir göstərəcək. Respublikaçıların Konqresdə Ukraynaya son yardım paketini əngəlləmək istəmələrinin əsas səbəblərindən biri də budur.

Əgər proses bu gedişat üzrə davam edərsə, yəni, ABŞ yardımını kəskin şəkildə azaldarsa, bu, NATO və Avropa İttifaqı ölkələri üçün də nümunə olacaq, avropalılar da Ukraynanın maddi, hərbi təminatını öz öhdələrinə götürməkdən tədricən imtina edəcəklər. Hələlik bütün bu saydıqlarımız mümkün ehtimallardır, bəlkə də tezliklə vəziyyət dəyişəcək. Bu haqda siyasi təhlillər müxtəlif olsa da, ümumi düşüncə dəyişmir: Ukraynanın taleyi ABŞ-dakı prezident seçkilərinin nəticələrindən asılı olacaq.

CNN-ə yaxın mənbələr bildirib ki, ABŞ Konqresi Milad bayramı ilə əlaqədar tətilə çıxmazdan öncə immiqrasiya və sərhəd siyasətindəki dəyişikliklərlə bağlı qanun layihəsini ratifikasiya edəcək. Lakin qanunvericilər bu qanun layihəsini Ağ Evin tələb etdiyi kimi Ukrayna və İsrailə təcili yardım paketi ilə birləşdirmək niyyətində deyillər.

ABŞ-dan sonra Avropa da...

Görüş çərçivəsində Ukrayna prezidenti Zelenski Konqres liderləri ilə - demokratlardan ibarət çoxluğun lideri Çarlz Şumer, respublikaçı azlığın lideri Mitç Makkonnellə də görüşüb. Onun Nümayəndələr Palatasının spikeri Mayk Consonla da danışıqlar apardığı bildirilir.

Amerikaşünas politoloq Boris Mejuyevin fikrincə, sonda Konqres Kiyevə pul ayıra bilər, lakin bununla da Baydenin növbəti dəfə prezident seçilmə şansı itiriləcək. Ekspert: “Zelenskinin bu səfərinin məqsədi aydındır: ABŞ Senatının üzvlərini Ukraynaya 61 milyard dollarlıq yardım paketini qəbul etməyə razılaşdırmaq. Əgər Senat Zelenski ilə razılığa gələrsə, o zaman respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasını da qərarın qəbuluna razılaşdırmaq mümkün ola bilər. Məhz buna nail olmaq üçün Zelenski respublikaçıların rəhbəri Mitç Makkonnell ilə neytral platformada görüşməyi planlaşdırıb”, - deyə  fikrini tamamlayıb.

Lakin digər analitiklərin fikrincə, respublikaçılar ciddi-cəhdlə Bayden administrasiyasının, konkret olaraq demokratların 2024-cü il seçkilərində məğlub olmasına çalışırlar. Bir qrup ABŞ ekspertinin bildirdiyinə görə, bu cəbhə Ukrayna prezidentinin xahişinə baxmayaraq yardım məsələsində də öz mövqeyini dəyişməyə hazırlaşmır.

Çinli hərbi ekspert Sun Cunpin “Global Times”ə açıqlamasında ABŞ-ın dəstəyindən məhrum olmağı Ukrayna üçün “böyük fəlakət” hesab etdiyini deyir: “Bir çox Avropa dövləti Ukraynanı dəstəkləməyə davam edəcəyini vəd etsə də, onların cəmiyyətləri heç də eyni fikirdə deyil. Hər şey ABŞ Konqresinin son qərarından asılı olacaq. Əgər respublikaçılar Ukraynaya yardım verilməsini əngəlləməyə nail olsalar, Avropa Birliyindəki bir çox sağçı mühafizəkar qüvvələr də onların ardınca gedəcək”.

“Pew” Araşdırma Mərkəzinin məlumatına görə, noyabrın 27-dən dekabrın 3-dək keçirilmiş və 5203 amerikalının iştirak etdiyi yeni sorğuda respondentlərin 31 faizinin “ABŞ-ın Rusiya ilə mübarizədə Ukraynaya həddən artıq kömək etdiyinə” inandığı məlum olub. Respondentlərin 29 faizi “ABŞ-ın Ukraynaya lazımi miqdarda dəstəyi təmin etdiyini”, 18 faizi isə “yardımın  kifayət qədər olmadığını” iddia edib.

Mərkəzin araşdırmasına görə, amerikalıların təxminən 60 faizi hesab edir ki, Vaşinqton artıq Kiyev üçün kifayət qədər işlər görüb və bu qədəri bəsdir. Bu tip sorğuların nəticələri respublikaçıların inadını daha da möhkəmləndirir.

“Washington Post” qəzeti isə yazır ki, “Ukraynaya maliyyənin artırılmasına maneə olan əsasən respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasıdır və Zelenski çıxış üçün Konqresin bu palatasına dəvət edilməyib”.

Yardımlar mənimsənilir?

Qərbdə Ukrayna hökumətinə qarşı iradların əsası kimi  Zelenski hökumətinin korrupsiya ilə mübarizədə lazımi nailiyyətlər əldə edə bilməməsi göstərilir. Amerikalı siyasətçilər açıq şəkildə “Ukraynaya ayırdığımız maliyyə vəsaitlərinin şübhəli şəkildə yoxa çıxmasını  istəmirik” deyə şəffaflıq məsələsində narazılıqlarını gizlətmirlər.

ABŞ-da Ukraynanın əks-hücum əməliyyatları üçün ayrılan milyardlarla vəsaitin şəffaf xərclənməməsi barədə şübhələr getdikcə artır. Sən demə, amerikalılar Rusiya ilə müharibədə Ukraynanın indi əldə etdiyindən daha artığını gözləyirmiş. Eyni narazılıqlar Avropa İttifaqından da eşidilir. Aİ rəsmiləri Ukraynanı birliyə qəbul etmələri üçün Kiyevdən tam şəffaf, korrupsiyadan azad hakimiyyət strukturları yaratmağı tələb edirlər. Ukrayna hökuməti bu tövsiyələr əsasında dövlət strukturlarında ciddi kadr islahatları aparsa da, hələ ki, lazımi nəticə göstərə bilmir. Səslənən bu cür faktlar isə Aİ-nin əlində yeni-yeni bəhanələrə çevrilir.

Zelenskiyə qarşı çevriliş planı?

Zelenskinin ABŞ səfəri ərəfəsində Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin mətbuat nümayəndələri qarşısında qeyri-adi iddia ilə çıxış edib. Kəşfiyyat İdarəsinin direktoru bildirib ki, onlar Qərb dairələrinin Ukraynada hakimiyyət çevrilişi etmək və Zelenskini devirmək planı barədə məxfi məlumatlar əldə ediblər. Məlumatda deyilir ki, Zelenski devriləcəyi halda prezident postu üçün nəzərdə tutulan şəxslər arasında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnının, prezidentin keçmiş müşaviri, hazırda adı Ukrayna hökumətinin “terrorçular və ekstremistlər” siyahısında yer alan Aleksey Arestoviçin, Kiyevin meri Vitali Kliçkonun və Prezident Aparatının rəhbəri Andrey Yermakın namizədliyi gözdən keçirilir. Əslində, Rusiya tərəfinin bu iddiaları çox da ağlabatan görünmür. Aydındır ki, Ukraynanın hazırkı prezidenti Volodimir Zelenski Qərbin hakimiyyətə gətirdiyi və birbaşa dəstəklədiyi şəxsdir. Prezident seçildiyi vaxtdan ta indiyədək Zelenskinin Rusiyaya münasibəti, müharibə prosesində tutduğu mövqe Qərbin istəklərinə tamamilə uyğun gəlir və onları qane edir. Belə olan halda Ukraynada əlavə zəhmət və xərc çəkib dövlət çevrilişi etmək Qərbin nəyinə gərəkdir? Əksinə, indiki vəziyyətdə belə bir planın hazırlanması və həyata keçirilməsi Kremlin istəklərinə xidmət edə bilərdi. Ola bilsin, Rusiya kəşfiyyatı rəhbərinin bu açıqlaması Zelenski komandasında casus qalmaqalı, satqın axtarışları, bir sözlə, hakimiyyətə etimadsızlıq və daxili hərc-mərclik yaratmağa hesablanıb.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 486 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31