Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Üçtərəfli formatda görüşlər keçiriləcək...

Üçtərəfli formatda görüşlər keçiriləcək...

15.12.2023 [10:10]

Nazirlər nədən danışdılar?

Ötən gün Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla ölkəmizin xarici işlər naziri Ceyhun Bayramov arasında görüş olub. Görüşdə tərəflər iki qardaş dövlət arasında əlaqələr, regionda vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Azərbaycan-Türkiyə münasibətləri tarixi zirvədədir

Görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər. Ceyhun Bayramov bildirib ki, bu gün biz əməkdaşlığın bütün sahələrindən danışarkən Azərbaycan-Türkiyə münasibətlərinin tarixi zirvədə olduğunu qeyd etsək yanılmarıq. Nazir deyib ki, bu münasibətləri inkişaf etdirmək üçün ölkələrimiz arasında müxtəlif formatlar mövcuddur: “Bu gün keçirilən görüşdə ikitərəfli münasibətlərə paralel olaraq, çoxtərəfli platformalarda, BMT və onun təsisatları, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər formatlarda əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Qonşu ölkələrin iştirakı ilə üçtərəfli və dördtərəfli formatlar da regionda layihələrin həyata keçirilməsində böyük önəm kəsb edir. Hesab edirik yaxın aylar ərzində üçtərəfli formatda bir neçə görüş keçiriləcək”.

Onun sözlərinə görə, 2023-cü ilin ilk on ayı ərzində Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 7 milyard dollara yaxınlaşaraq 2022-ci ilin 12 ayındakı rəqəmi 15 faiz üstələyib: “Hazırda 4 minə yaxın Türkiyə investisiyalı şirkət Azərbaycanda fəaliyyət göstərir. Ötən illər ərzində Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 20 milyard, Türkiyə tərəfindən isə Azərbaycan iqtisadiyyatına 15 milyard ABŞ dolları dəyərində investisiya qoyulub. 330-dan çox Türkiyə şirkəti tərəfindən ümumi dəyəri 17 milyard dollara yaxın olan layihələr icra edilib”.

Ceyhun Bayramov: Türkiyənin masada olması Ermənistan üçün də əlverişli olardı

C.Bayramov onu da qeyd edib ki, Ermənistan tərəfindən aldığımız sülh sazişi şərhləri üzrə hazırda Azərbaycan öz mövqeyini formalaşdırır və yaxın zamanlarda onlar qarşı tərəfə təqdim olunacaq. O bildirib ki, Azərbaycanın və Türkiyənin regionda sülh və sabitliyin təmin olunması ilə bağlı mövqeləri eynidir. Düşünürük ki, Ermənistan tərəfi də eyni fikirlə addımlar atacaq. Belə olan təqdirdə, müsbət nəticələr əldə etmək olar. “Türkiyə Ermənistanın qonşusudur və prosesə bilavasitə aidiyyəti olmayan, çoxsaylı təşəbbüslər irəli sürən bəzi üçüncü ölkələrdən fərqli olaraq bilavasitə region ölkəsidir və burada dayanıqlı sülhün, inkişafın, iqtisadi əməkdaşlığın bərpa olunmasında maraqlıdır. Azərbaycan hər zaman postmünaqişənin normallaşması istiqamətində addımların atılması üçün öz açıq niyyətini ortaya qoyub və bizim üçün hər zaman prosesin həyata keçirilməsi önəmli olub. Biz hər zaman Ermənistana dəfələrlə qarşılıqlı olaraq ikitərəfli əsasda danışıqların aparılması və yaxud da ki, qərəzsiz üçüncü ölkələrin iştirakı ilə prosesə qatılmağa hazır olduğumuzu qeyd etmişik. Türkiyənin roluna gəldikdə isə, Türkiyə bölgənin ən önəmli ölkələrindən biridir, Türkiyə Azərbaycan üçün dost və qardaş ölkə olmaqla yanaşı Ermənistanın qonşusudur. Zatən Azərbaycan masada varsa, Türkiyə də masada var. Eyni praqmatik düşüncə ilə Ermənistan tərəfi də hərəkət etsə, Türkiyənin masada olması Ermənistanın özü üçün də əlverişli olardı”, - deyə Azərbaycanın XİN başçısı vurğulayıb.

Hakan Fidan: Prezident İlham Əliyev Türk dünyası üçün etdikləri ilə adını tarixə yazdırıb

Qonaqpərvərliyə görə təşəkkür edən Türkiyənin xarici işlər naziri Hakan Fidan isə deyib ki, Prezident İlham Əliyev Qarabağ Zəfəri başda olmaqla, Türk Dünyası üçün etdikləri ilə adını tarixə yazdırıb. O bildirib ki, Azərbaycanla əlaqələri hər sahədə inkişaf etdirmək tarixi vəzifəmizdir. Hakan Fidan deyib ki, Şuşa Bəyannaməsinin müddəaları yerinə yetirilir: “Hər şeydən əvvəl kommunikasiya və enerji xətləri baxımından təhlükəsizlik çox önəmlidir. Qars-Naxçıvan dəmir yolu ilə bağlı niyyət protokolu Türkiyə Prezidentinin Naxçıvana səfəri zamanı imzalanıb. TAP-ın genişləndirilməsi önəmlidir. Təməli atılan İğdır-Naxçıvan qaz kəməri ilə enerji sahəsində əməkdaşlığımızı yeni səviyyəyə çatdırdıq”.

Türkiyə-Ermənistan münasibətləri nə vaxt normallaşacaq?

Azərbaycanın antiterror tədbirləri ilə əraziləri üzərində tam suverenliyini təmin etdiiyi deyən H.Fidan diqqətə çatdırıb ki, sülhün olduğu Cənubi Qafqaz hər kəs üçün vacibdir: “Buna görə də bütün tərəflər buna səy göstərməlidir. Təəssüf ki, Qərbdəki erməni lobbisi bəzi şəbəkələri Azərbaycanın üzərinə qaldırmağa çalışır. Bu ölkələrin Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq istiqamətində çalışsa, daha yaxşı olar. Azərbaycan-Ermənistan arasındakı son razılaşmanı da yüksək qiymətləndiririk. Biz bölgədə sülh və sabitliyə çox yaxınıq. Bu istiqamətdə Azərbaycanla əlaqələrimizi yaxından davam etdirəcəyik. Biz Azərbaycanla Ermənistan arasında normallaşma yönündə müzakirələri dəstəkləyirik və bu sahədə üzərimizə düşən hansı vəzifələr varsa, yerinə yetirməyə hazırıq. Bəzi ölkələrin yanlış yanaşmalarına qarşı da mövqeyimizi ortaya qoyuruq”.

Türkiyənin XİN başçısı söyləyib ki, indi bir sülh sazişi ilə bölgədə rifah və inkişaf başlamalıdır: “Biz artıq bölgədə savaşa, qarşıdurmaya yer olmadığını düşünürük. Türkiyə iki ölkə arasında sülh danışıqlarını hər zaman dəstəkləyir. Azərbaycanla Ermənistanın münasibətləri normallaşarsa, Türkiyənin də Ermənistanla münasibətləri dərhal normallaşacaq. Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını hər zaman dəstəkləyir”.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 510 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31