Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / XİN başçıları ABŞ-da görüşəcək?

XİN başçıları ABŞ-da görüşəcək?

15.12.2023 [10:33]

Nardar BAYRAMLI

Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığın tərəfdarıdır. Ölkəmiz 44 günlük müharibədən sonra Ermənistanla münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu  bildirib, qarşı tərəfə sülh sazişi imzalamağı təklif edib.  Çünki müharibə dövrü tarixin arxivində qalmalı, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir.

Lakin Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri ciddi narahat edir. Həmin dairələr beynəlxalq müstəvidə ölkəmizin imicinə zərbə vurmaq üçün böhtan kampaniyasını davam etdirirlər. Məlumdur ki, ABŞ da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi layihəsinin müzakirəsi üzrə keçirilən altı görüşündən üçü məhz ABŞ-da baş tutub. Lakin Azərbaycanın 19-20 sentyabrda keçirdiyi antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi rəsmi Vaşinqtonu ciddi narahat etməyə başladı. Bundan sonra həm kon?resmenlər, həm də Dövlət Departamentinin bəzi rəsmiləri ölkəmizə qarşı açıq-aşkar qərəz nümayiş etdirməyə başladılar. Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya alt komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirilməsi və dinləmələrdə çıxış edənlərin Azərbaycana qarşı qərəzli mövqeyi bunu bir daha təsdiqlədi. Dinləmələrdə bir sıra konqresmenlərlə yanaşı, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn da ölkəmizin əleyhinə bəyanatlar səsləndirdi. Üstəlik, həmin gün ABŞ Senatı “2023-cü il erməniləri müdafiə aktı” adlı sənəd sənəd qəbul etdi.

Təbii ki, bu yanaşma rəsmi Bakının sərt etirazına səbəb oldu.  Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bəyan etdi ki, Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır: “Sentyabrın 19-20-də Azərbaycanın antiterror tədbirlərinə gətirib çıxaran son vəziyyət və hadisələrə münasibət bildirən Dövlət Departamentinin nümayəndəsi Azərbaycanın bu addımlarına səbəb olan əsas problemin, yəni, beynəlxalq hüququn norma və prinsiplərinə, habelə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq ərazilərimizdə erməni silahlı qüvvələrinin 10 mindən çox üzvünün qanunsuz mövcudluğu məsələsinə etinasız yanaşıb. Üstəlik, Azərbaycan tərəfi bütün, o cümlədən ABŞ-la keçirilmiş görüşlərdə sözügedən qüvvələrin bölgədə təhlükə mənbəyi olduğunu dəfələrlə vurğulayıb və onların dərhal çıxarılmasına çağırış edib”.

Vaşinqtonun Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatına gəlincə, qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməzdi. Eyni yanaşmanın Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacağı bildirildi. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edildi və Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda nəzərdə tutulan görüşündən imtina olundu.

Fakt budur ki, Azərbaycan bütün təzyiqlərə rəğmən torpaqlarını işğaldan azad etdi. Qarabağ münaqişəsi tarixə qovuşdu, Azərbaycan işğaldan azad edilmiş ərazilərində artıq quruculuq işlərinin bir hissəsini görüb. Keçmiş məcburi köçkünlər evlərinə qayıdırlar. Çox keçmədən də ABŞ anladı ki, Azərbaycanla təzyiq dilində danışmaq mümkün deyil. Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng edərək öz köməkçisi O’Braynın Azərbaycana səfər etməsinə icazə verməsini xahiş etməsi bunun göstəricisidir. O’Braynın səfərindən sonra ölkəmizə qarşı ABŞ rəsmiləri tərəfindən hər hansı qərəzli açıqlamalara rast gəlinmir. Hətta ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin brifinqdə “Biz heç vaxt Azərbaycanla təmasları dayandırırıq deməmişik” fikrini səsləndirməsi artıq rəsmi Vaşinqtonun geri çəkilməsinin göstəricisi sayıla bilər. Miller onu da  deyib ki, Azərbaycanla təmasların dayandırılması ABŞ-ın maraqlarına ziddir.

Yeri gəlmişkən, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan erməni mediasına açıqlamasında gələn ilin yanvar ayında iki ölkənin xarici işlər nazirlərinin görüşəcəyini deyib: “Hazırda bizdə imzalanmağa hazır olan yekun və razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Ümid edirik ki, yanvarda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdə biz bu mətni razılaşdıracağıq”. Bundan əlavə, Vaşinqtonun Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatının müəyyən razılaşmalara dair  birgə açıqlamasını alqışlaması da bu ölkənin mövqeyində müsbət dəyişikliyin göstəricisi sayıla bilər. Belə ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin bəyanatında deyilirdi: “Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın iki azərbaycanlı və otuz iki erməni məhbusunun azad edilməsi barədə açıqlamasını alqışlayır. Bu öhdəlik tərəflərin sülh müqaviləsi prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Azərbaycan Prezidenti Əliyevi və Ermənistanın baş naziri Paşinyanı Cənubi Qafqaz xalqlarına daha dinc və firavan gələcək naminə zəmin yaratmaq üçün birgə səylərinə görə alqışlayırıq. ABŞ davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcək”.

Beləliklə, ABŞ anlayır ki, Azərbaycan Cənubi Qafqaz regionunun lideri və  əsas siyasi-iqisadi oyunçusudur. Başqa sözlə, ABŞ-ın Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada siyasəti effektli nəticə verə bilməz. Ona görə də, rəsmi Vaşinqton ölkəmizlə təzyiq-təhdidlə deyil, tərəfdaş olaraq əməkdaşlıq etməlidir.

Paylaş:
Baxılıb: 479 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31