Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropanın “İttifaq” çəmbəri...

Avropanın “İttifaq” çəmbəri...

21.12.2023 [10:45]

Qurum özünün cəlbediciliyini itirməkdə davam edir

27 dövləti özündə birləşdirən, dövlətlərüstü və eyni zamanda, dövlətlərarası iqtisadi və siyasi təşkilat sayılan Avropa İttifaqı yaranışının 31-ci ilini yaşasa da, həddən artıq “yorğun” görünür. Formal olaraq 1 noyabr 1992-ci ildə Maastrixt sazişi ilə təsis edilmiş, təməli isə 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Cəmiyyəti (AKPC) yaradılması ilə qoyulan İttifaq bu gün əvvəlki nüfuzunu bərpa etmək uğrunda “mübarizə” aparır. Ötən illər ərzində görməyi “hədəflədiyi” və görəcəyini vəd etdiyi işlər, verdiyi və əməl etmədiyi sözlər, bir çox hallarda ikili standarta söykənən mövqe və münasibətlər Aİ-nin işlərinin öz “yolunda” getmədiyinin göstəricisi sayıla bilər. Tez-tez qurumun yenilənməyə ehtiyac duyduğunun səsələndirilməsi də bu fakta söykənir - Aİ ilk növbədə cəlbediciliyini itirib. Kiçik bir düzəlişlə - müstəqil, milli maraqlara əsaslanan və ilk növbədə öz iradəsinə malik ölkələr ya bu quruma girməkdə bir çox bəhanələrlə ləngidilir, ya da həmin dövlətlər üçün ümumiyyətlə, Aİ maraqsızdır...

Üzvlüyə namizədlərin sayı artdıqca... BREXİT “yad olunur”...

Bəzi statistik məsələlərə nəzər salaq: mənzil qərargahı Brüsseldə yerləşən Aİ yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər İttifaqın ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir. Vurğulandığı kimi, formal olaraq 1957-ci ildə yaranan təşkilata qurucu üzvlərin ardınca 1973-cü ildə Danimarka, İrlandiya və İngiltərə, 1981-ci ildə Yunanıstan, 1986-cı ildə Portuqaliya və İspaniya qoşulub. Aİ platformasında isə ilk qəbul 1995-ci ildə Avstriya, Finlandiya və İsveçin qismətinə düşüb. Ən böyük üzvqəbuletmə prosesi isə 2004-cü ildə baş verib. Həmin il Estoniya, Litva, Latviya, Çex Respublikası, Polşa, Kipr, Slovakiya, Sloveniya, Malta və Macarıstan Aİ-nin tamhüquqlu üzvü hüququ əldə ediblər. 2007-ci ildə təşkilatın sıralarına  Rumıniya və Bolqarıstan, son olaraq 2013-cü ildə isə Xorvatiya qoşulub. 2020-ci ilin yanvarın 31-də isə hələlik yeganə hal olaraq Böyük Britaniya Avropa İttifaqını tərk edib.

Quruma üzvlüklə bağlı müraciətlər son dövrlərdə yenidən aktuallaşıb. Qərbi Balkan dövlətləri - Albaniya, Bosniya, Kosovo, Monteneqro, Şimali Makedoniya və Serbiya bloka qoşulma prosesinin müxtəlif mərhələlərində “yerində sayır” - bu sıraya Gürcüstan, Moldova və Ukrayna da “qoşulub”. Ən uzunmüddətli namizəd isə Turkiyədir. Türkiyə 1987-ci ildə Aİ-yə üzvlük üçün müraciət edərək 1999-cu ildə namizəd statusu alıb. 2005-ci ilə qədər tərəflər rəsmi olaraq Ankaranın statusu ilə bağlı danışıqlar aparıblar. Lakin fikir ayrılıqları səbəbindən proses bir neçə dəfə dayandırılıb. 2016-cı ildən danışıqlar prosesi, xüsusən də, Türkiyənin qaçqın axınını öz ərazisində saxlamaqla Avropanı miqrasiya böhranından çıxarmaqda göstərdiyi yardıma görə bərpa olunsa da, son 7 il ərzində Ankara danışıqlar prosesini başa çatdıra bilməyib. İsveçin NATO yolunu açmaqla isə Türkiyə yenidən Aİ üzvü olmağa ümidlənib.  Amma Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bir müddət öncə “İzvestiya” qəzetinə bildirmişdi ki, Türkiyə 2024-cü ildə Avropa İttifaqına üzv olmayacaq, birlik hələlik Ankaraya hətta vizasız rejim də verməyə hazır deyil...

Əsassız “arqumentlər” - həqiqi “bəhanələr”...

Bu məsələlərin görünən tərəfidir - qurumun maraqlara əsasən qərarlar qəbul etməsi, dünyaya ərəb baharı, qarşıdurmalar, çaxnaşmalar ixrac etməsi, rəngli inqilab mənzərələri formalaşdırması, bəzi hallarda hətta separatizmin açıq müdafiəsi halları kimi xoşagəlməz “hədiyyələr” təqdim etməsi ənənəvi hal almaqdadır. Məsələn, öz addımlarını əsaslandırmağa çalışan avropalı siyasətçilər tez-tez Türkiyənin Avropa hissəsinin ərazisinin 3 faizini təşkil etdiyini, əsas hissəsinin Asiyada yerləşməsini də üzvlüyünə mane olan arqument kimi önə sürürlər. Amma onlar unudur, yaxud görməzlikdən gəlirlər ki, 2004-cü ildə Aİ-yə üzv olan Kipr coğrafi baxımdan, ümumiyyətlə, Avropa qitəsində deyil, Asiyadadır. Bu da qərəzli yanaşmanın, ikili standartların bariz nümunəsidir.

Burada bəlkə də Türkiyənin müsəlman dövləti olması arqumenti işə düşə bilər - amma Aİ xristian ölkələrinə qarşı da analoji ikili standart münasibətini ortaya qoymaqdadır. Məsələn Serbiyanın timsalında 2012-ci ildən Avropa İttifaqına namizədlik statusu alan Serbiyanın Aİ üzvlüyü məsələsi hələ də həllini tapmayıb. Səbəb isə bəllidir: Brüssel Kosovo məsələsində Belqraddan güzəşt tələb edir, Kosovonın müstəqil ölkə kimi tanımasına çalışır. Təsadüfi deyil ki, Prezident Aleksandr Vuçiç 2027-ci ilə qədər Serbiyanın üzvlüyünün baş tutmayacağına əminlik ifadə edib.

Yəni, din faktoru da əsas olsa belə, həlledici deyil - söhbət maraqlardan, təəssüf ki, bəzən beynəlxalq hüquqa əsaslanmayan maraqlardan gedir. Bu mənada bəzi ingilis siyasətçiləri Britaniyanın Ai-ni tərk etməsini ən vacib addım kimi dəyərləndirirlər.

Azərbaycan əlaqələrini qarşılıqlı maraqlar müstəvisində müəyyənləşdirir

Azərbaycanın Aİ üzvlüyü ilə bağlı hər hansı bir hədəfi və ya marağı yoxdur - bu rəsmi şəkildə dəfələrlə dilə gətirilib. Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışında bildirdi ki, Azərbaycan xarici siyasət konsepsiyasında Avropa İttifaqının üzvü olmağı hədəfləmir. Bu, çox praqmatik yanaşmadır, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Bunun səbəbi də bəllidir: “Biz real dünyada yaşayırıq, virtual dünyada deyil. Yəni Azərbaycanı oraya qəbul etməyəcəklərsə, biz nədən o qapını döyək və ev yiyəsini nəyə görə narahat edək? Eyni zamanda, özümüzü niyə bir növ biabır edək? Biz bunu hədəfləmirik, biz əməkdaşlıq qurmağın, əlaqələr qurmağın yolunu tapmışıq”.

Bəli, ölkəmiz Aİ ilə müxtəlif proqramlar üzrə sıx əməkdaşlıq edir - Aİ-yə daxil olan ayrı-ayrı dövlətlərlə yüksəksəviyyəli münasibətlərə malikdir. Enerji sektoru Azərbaycan - Aİ əməkdaşlığının ən mühüm istiqamətini təşkil edir. Quruda və dənizdə zəngin resurslara malik olan Azərbaycanın Avropa İttifaqı məkanının enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artır. Əgər enerji əməkdaşlığının birinci mərhələsində respublikamız “qoca qitə”yə yalnız neft və neft məhsulları tədarük edirdisə, indiki mərhələdə Avropaya enerji məhsullarının ixracına  qaz seqmenti də əlavə olunub. Azərbaycanın Avropaya qaz ixracının tarixi qısa dövrü əhatə etsə də, ölkəmizin bu sahədə mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib. Perspektivdə isə Azərbaycanla Avropanın enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edəcək. Azərbaycanda bərpa olunan mənbələrdən alınan elektrik enerjisi Qara dənizin dibi ilə çəkiləcək kabel xətti ilə Avropaya ötürüləcək.

Bu kimi faktlar göstərir ki, Azərbaycan bərabərtərəfli əlaqələrin inkişaf etdirilməsi xətti üzrə düzgün mövqe müəyyənləşdirib. Aİ-yə üzv olaraq qoşulmaq istəyən ölkələr təbii ki, özünün qərarlarını bu istiqamətdə verə bilərlər. Amma hər bir halda nəzərə alınmalıdır ki, qarşıdakı dövr üçün proqnozlaşdırılan yeni iqtisadi nizamda Aİ-nin təşkilat kimi cəlbedicilik əmsalı əvvəlki dövrlərdə olduğu kimi parlaqlıq daşımayacaq...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 550 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31