Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropadan “mesaj”...

Avropadan “mesaj”...

22.12.2023 [11:10]

Makron Rusiyanı “köhnə qitə”yə “qaytarır”?  

2023-cü ilin son günləri olduqca maraqlı dinamizm yaşayır. Yeni dövr üçün qlobal münasibətlərin “Qordi düyünü” sayılan kollektiv Qərb - Rusiya münasibətləri yeni çalarlar qazanmaq imkanı əldə edir. Ukrayna cəbhəsi ilə bağlı Rusiya dövlətinin kilid mövqe nümayiş etdirməsi, prezident Putinin generalitetlə təması və bunun fonunda Kiyevi döyüşə “həvəsləndirənlərin” “U” dönüşü yeni baxış prizması formalaşdırır - 2024-cü il yeni nizam qaydalarına “yeni baxış” zərurəti yarada bilər.

Məsələn, kollektiv Qərb artıq aqressiya mərhələsini adlamış kimi görünür - əgər bir müddət öncəyədək Rusiya ilə bağlı ancaq “bitkin” fikirlər səsləndirirdisə, hətta bu dövlətin “yeni siyasi atlası” haqda iddialar irəli sürürdülərsə, bu gün başqa fikirdədirlər. Hətta mümkün “əməkdaşlıq” tezisləri belə eşidilməkdədir.

Qərbə “beyət” nə vəd edir - Şərq xilas yolu kimi...

Məsələnin daha açıq mahiyyətinə varsaq, Avropa “dünya hegemoniyası” ansamblında təmsilçilik məsələsində açıq şəkildə “axsayır”. Yolun çətinliyi isə başından bəri bəll idi. Britaniyanın Aİ-dən gedişi “mərkəzçi Avropa” qanadı üçün yeni geniş üfiqlər açsa da, imkanlar məhduddur. Artıq mərkəzçi Avropa klassik “anqlo-sakson” dəstəyinə əvvəlki qədər “bel bağlaya bilmir”. Məsələn, bir müddət öncə Britaniya müdafiə nazirinin Avropaya ünvanlanan “öz qayğınızı özünüz çəkməyi öyrənməlisiniz” mesajı yalnız hərbi mahiyyət daşımırdı - bu gün Aİ özünün üzvlərinə ən azından Rusiya enerjisinin alternativini təqdim edə bilmirsə, hansı açıq mübarizədən danışmaq mümkündür? Və ya bu mənzərə Mərkəzi Avropanın

Qərbdən çox Şərqə “bağlılığının” açıq sübutu deyilmi?

Bundan öncəki dövrdə də Avropanın daxili parçalanmaları haqda çox fikirlər səsləndirilib - hətta Rusiyaya sanksiya tətbiqi, enerjidən imtina kimi kritik məsələlərdə “konsensus əldə olunmadı” deyərək susmağa üstünlük verilmişdi. Ortada “bəhanə” var - Macarıstanın milli maraqları çərçivəsindəki davranışı əslində bütün “köhnə qitə” təmsilçilərinin arzu və istəkləridir. Sadəcə, indiki zamanda bunu ifadə etmək cəsarəti və ya iradəsi təəssüf ki, digər dövlətlərdə yoxdur...

Makronun dəvəti - maraq tələb etdikdə...

Amma ara-sıra müxtəlif fikirlərin altında “gizlənərək” arzular ifadə olunur - məsələn, Fransa prezidenti Emmanuel Makronun rusiyalı həmkarı Vladimir Putinin 2024-cü ildə ölkəyə dəvət oluna biləcəyini istisna etməməsi kimi... Bu barədə Makron “France 5” telekanalına müsahibəsində deyib. Düzdür, o bu dəvətin yalnız Ukrayna üzrə sülh danışıqları aparıldığı halda baş tutacağına eyham vursa da, mövqe açıq və birtərəflidir. Çünki bundan əvvəl də Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə dialoqu bərpa etməyə hazır olduğunu bildirmişdi və hətta bu barədə Avropa İttifaqı sammitindən sonra keçirilən mətbuat konfransında da fikir söyləmişdi.

Qarşı tərəf də bu “marağa” biganə deyil - Putin münasibətlərin bərpasını mümkün sayır. O, Fransa tərəfinin buna maraq göstərəcəyi təqdirdə Rusiyanın Fransa ilə ən yüksək səviyyədə təmasları bərpa etməyə hazır olduğunu vurğulayır. Demək ki, Rusiya prosesin inkişafını Qərbdən daha real dəyərləndirir.

Amma ortada Roma statutu məsələsi var - ilk növbədə, bu “əngəl” aradan qalxmalıdır. Əslində bu “dəvətin” özü bəzi məqamlarda beynəlxalq hüququ “dəyənəyə” çevirənlərin əsl simasını açıq şəkildə ortaya qoyur. Yəni, maraq tələb etdikdə Roma “ənənəsi” belə aktuallığını itirə bilər...

Ən ağır seçim - Qərb Şərqə “sığınmasa”...

Bir az geriyə nəzər salaq - bu ilin aprelində Fransa prezidenti Emmanuel Makronun və Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Çinə birgə səfəri baş tutmuşdu. Pekində əsas “müzakirə mövzusu” Ukrayna məsələsi sayılsa da, alt qatda nələrin baş verdiyi siyasi kluarlar üçün açıq idi. Siyasi mütəxəssislər daha çox özünü Mərkəzi Avropanın “söz sahibi” sayan Makronun üzərinə fokuslanmışdılar - o baxımdan ki, artıq əsrlərdir davam edən “Avropa çəkişməsi”nin tərəflərindən sayılan Fransa üçün avrosentristlərin maraqlarının qorunması həm də bir prinsipiallıq daşıyırdı. Mərkəzi Avropa anlayır ki, Qərb ilə Rusiya arasındakı gərginlik Kremllə yanaşı, onlar üçün də “ucuz başa gəlməyəcək”:

 - Bu qələbə demək olar ki, min ilə yaxındır uzanan (yüzillik müharibə ilə əsası qoyulmuş) avrosentrist-anqlosakson mübarizəsinin həlledici mərhələsinə çevrilə bilər və Mərkəzi Avropanın məğlubiyyətini, çöküşünü reallaşdırar;

- Fransa, Almaniya, İspaniya, kimi “köhnə qitə” təmsilçiləri Avropa siyasətinin yönləndirilməsindəki rollarını itirə bilərlər - ən azından bu gün Aİ-yə münasibətdə çatların daha da dərinləşməsi bunu deməyə əsas verir;

- İqtisadi cəhətdən bitkin hala düşmüş Avropa birmənalı şəkildə aqressiv Qərb qanad?nın nəzarətinə keçər - bütün resurslarını Rusiya ilə mübarizəyə səfərbər edəcək Avropa sabahını da düşünmək məcburiyyətindədir;

- Enerji mübadilələri fərqli dairələrin və ya dövlətlərin diktəsi və şərtləri altında formalaşdırılır - alternativ təqdim olunmadan Rusiyadan imtinanın tələbi faktiki olaraq “intihara” sürüklənməkdir.

- Və nəhayət, bütün regionlardan ard-arda “əli çıxan” Mərkəzi Avropa “nicatı harada tapmalı” sualına cavab axtarışındadır - Ukrayna müharibəsi “Şərqə genişlənmə”nin heç də uğurlu variant olmadığını sübuta yetirdi.

Avropanın son seçimi - Macarıstanı kim dəstəkləyəcək?

Beləliklə, Avropanın özünün gələcəyindən duyduğu “əndişə” başadüşülən olduğu qədər, təhlükənin real mənzərəsi də bəllidir. Dünyanı təhdid edən təbii soyuq, son 100 ilin ən kəskin qışına hazırlıq, ən əsası isə gələcək “iqtisadi şok”lar “köhnə qitə” üçün yeni formul müəyyənləşdirir - Avropa ya iki qarşı iqtisadi güc mərkəzindən birinə “stavka” etmək məcburiyyətində qalmalı, ya da hər iki tərəfin dil taparaq uzlaşmasını təmin etməlidir. Başqa sözlə, ya Qərbi seçərək bütövlükdə assimilyasiyaya məruz qalma təhlükəsini gözə almalı, ya da Macarıstanın mövqeyinin dəstəkçilərinin sayını artıraraq yeni anlaşma dönəmini başlatmaq üçün “düyməyə basmalıdır”. Aİ rəhbərliyinin, Aİ üzvü olan ölkələrin, konkret Fransanın “Şərq meyli” ikinci yol seçimini ortaya qoyur - amma indidən son qərar haqda danışmaq hələ tezdir. Hər bir halda Aİ yeni dönəmdə özünün iqtisadi-siyasi aktuallığını itirməmək uğrunda mübarizə aparacaq. Formalaşacaq yeni iqtisadi münasibətlər sistemi isə bir çox parametrlərinə görə əvvəlki dövrlərdən fərqlənəcək. Bu isə bütövlükdə siyasi ambisiozluğu və hərbi üstünlükləri istisna edir - ortada yalnız iqtisadi maraqlar, əməkdaşlıq çərçivəsi dayanır. Beləliklə, “yeni Avropa” xəritəsi “yeni iqtisadi münasibətlər” xəritəsi ilə paralellik daşıya bilər ki, bunun da ilkin şərti radikalizm və aqressiya kimi təhlükəli məqamların həm leksikondan, həm də davranışlardan çıxarılmasıdır...

P.SADAYOĞLU  

Paylaş:
Baxılıb: 524 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31