Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Serbiya reallığı: milli gücün manipulyativ arzular üzərindəki qələbəsi

Serbiya reallığı: milli gücün manipulyativ arzular üzərindəki qələbəsi

27.12.2023 [11:20]

Qərbin “kont-inqilab” həqiqəti qarışısındakı “buz heykəli”...

XXI əsrin ilk illərindən başlayaraq daha açıq kontekstə qədəm qoyan “dünya hegemoniyası” uğrunda mübarizə son 3 ildə bütün konturlarını bəlli edib. “Bizimlə  olmayan bizdən deyil” şüarına əsaslanan güclərin məxməri inqilablardan “güllü (qızılgül, qərənfil) çevrilişlərə”, “Ərəb baharı”ndan “əfqan payızı”na qədər uzanan bütün layihə və planları ən xırda predmetlərinə qədər üzə çıxmaqdadır. Regional baxımdan kiçik, milli yanaşma baxımından isə böyük sayılan milli subyektlərin - dövlətlərin öz-maraqlarını “zəncirə vuraraq” yalnız özlərinin “hegemonik arzularını” açıq kart kimi önə sürmək son nəticədə uğur vəd etmir. Bu faktı bütün çılpaqlığı ilə müşahidə etmişik:

- Gürcüstanda baş verənlər 8 günlük müharibə ilə ağır fəsada və nəticəyə yol açdı;

- Ukraynada XXI əsrin ilk illərindən başlayan proses nəticədə müharibə ilə müşayiət olunur;

- Yaxın Orta Şərqin bəzi regionlarında “milli dövlət”, “milli maraq” anlayışı artıq “qırmızı kitaba” düşməyə “hazırlaşır...

... Və son nəticədə kollektiv Qərbin həqiqət qarşısındakı boz silueti - bu daha çox “buz heykəli” xatırladır...

“Kiçiklərin” inqilabı...

Və nəticədə bu proses 2022-ci ildə daha açıq tələblər fonunda meydana “sürüldü” - gözübağlı Avropanı hər şey “cəbhə üçün” psixologiyasına formatlayaraq özünün iqtisadi-siyasi maraqlarından üz döndərməyə məcbur edənlər yeni siyasi kontentlər yaratmaqla məşğuldurlar. Artıq iki ildir ki, “qoca qitə”ni sanksiyalaşdırma funksionallığı ətrafında “birləşdirməyə” çalışan Qərb əslində, nəticəni öncədən müəyyənləşdirib:

- “Hədəf Rusiyadırmı?” sualı gündəmə gəlməməlidir;

- Ukrayna mövzusunda fərqli fikir, iddia və ya rəy “demokratiya düşməni” damğası ilə qarşılanacaq;

- Milli marağını düşünən dövlətləri “qitə marağı” çərçivəsinə almaq üçün bütün yollara baş vurulmalıdır.

İlkin mənzərə əsl reallığı fərqli donda təqdim etsə də... Az keçmir ki, kollektiv Qərbin arzuları fiaskoya tərəf yol alır - Macarıstanın timsalında etiraz səsini cəsarətlə ucaldan ölkə və ölkələr Avropa İttifaqının hansısa kölgələrə sığınaraq özünün maraqlarını təhlükə qarşısına qoyduğunu hər kəsə izah etməyə çalışırlar. Bu səs bəzən eşidilsə də, bəzən İttifaq rəhbərliyi qulaqlarını tıxarayaraq özünün tamhüquqlu üzvünü belə eşitmək istəmir - hətta Macarıstanı səsvermələrdən kənarlaşdırmaq haqqında “düşüncələri” gizli şəkildə mətbuata sızdırır, bunu təşviq edir...

Kim, harada, hansı əsaslarla?

Fərqli baxışı - başqa sözlə, milli maraqalara söykənən davranışın hədəfə alınmasının ən bariz nümunəsi isə Serbiya reallığıdır. Qısa informativ xatırlatma: Serbiyada dekabrın 17-də keçirilən parlament və yerli özünüidarə orqanlarına seçkilərindən sonra ölkədə siyasi gərginlik artıb. Müxalifət seçkilərdə 46,72 faiz səs toplayaraq hakimiyyətdə qalmağı təmin edən hakim Serbiya Proqressiv Partiyasını və onun lideri Aleksandar Vuçiçi saxta bülleten və seçicilərin pulla ələ alınması yolu ilə seçkilərdə qələbə qazanmaqda ittiham edib. Onlar seçkilərin yenidən keçirilməsini tələb ediblər. Seçkilərdə 23,56 faiz səs toplayaraq 2-ci olan “qərbyönlü” (Serbiya özü də Qərb sayılsa da acı reallıq budur) “Serbiya Zorakılığa Qarşı” blokunun tərəfdarları seçkilərin nəticələrinin ləğvini tələb edərək şəhərin mərkəzi küçələrində dağıntılara yol veriblər. Hətta etirazçılar parlament binasına basqın etməyə cəhd göstəriblər, lakin təhlükəsizlik qüvvələri onlara mane olub. Baş verən hadisələrdən sonra Serbiya lideri Təhlükəsizlik Şurasının iclasını keçirib və dünən Rusiya səfiri ilə görüşüb. Baş nazir Ana Brnabiç isə Rusiya xüsusi xidmət orqanlarına planlaşdırılan iğtişaşlar barədə xəbərdarlıq etdiyinə görə təşəkkür edib.

Milli düşüncəyə təzyiq - Serbiyanı nələrdə “günahlandırırlar”?

Bu, “medalyonun görünən tərəfi”, bəs görəsən məsələnin mahiyyətində dayanan əsil xətt nədən ibarətdir? Yuxarıda qeyd etdiyimiz fərqli baxış nümunəsinin “acı nəticəsi” gec olmadan Serbiyada da özünü biruzə verdi - koordinat və prosedur qaydaları dəyişməyib. Yenə də kollektiv Qərbin “maraq”larına qarşı öz milli maraqlarını müdafiə etmək istəyənlər hədəfə alınır, yenə də “seçki saxtakarlığı” iddiası ilə rəngli devrimlər həyata keçirilməsinə cəhdlər göstərilir. Bunu Prezident Vuçiç də öz nitqində açıq şəkildə bəyan edir. Sitat: “Bir çoxları Belqradın anti-Rusiya sanksiyalarına qoşulmasında israr edərək Serbiyaya öz iradələrini yeritməyə çalışır, lakin Serbiya müstəqil və müstəqil siyasət yürütməyə davam edəcək...”,

Və ya: “...onlar Serbiyanı zəif görmək istəyirlər ki, əvvəllər olduğu kimi iplə idarə olunacaq oyuncaq kimi idarə etsinlər - hökuməti və nazirləri seçə bilsinlər, hansı siyasətin həyata keçiriləcəyinə qərar versinlər, faksla və ya telefonla əmrlər versinlər ki Rusiyaya qarşı sanksiyalar tətbiq edin. Amma biz öz siyasətimizi aparmaq istəyirik”...

Bəli, məsələnin əsl mahiyyəti ortadadır. Kollektiv Qərbin bir dövləti öz milli maraqlarından imtina etməsi üçün “məcburetmə oyunu” yenə də seçkiyə “köklənib”. Əsasında dayanan tələb isə dəyişməzdir - “bizimlə olmayan bizimlə deyil”. Görəsən Qərb açıqfikirliliyi və dözümlüyü, fərqli mövqelərə hörmət, fərqli davranışları təftiş etməmək kimi “təlqin olunan” “Qərb dəyərləri” niyə işləmir? Niyə Serbiyaya münasibətdə böyük güclər öz oyunlarını çirkin modefaktura üzərində formalaşdırır və irəlilətməyə çalışır - müxalifət qiyafəsində irəli sürülmüş “Zorakılığa Qarşı” blok” adlanan idarəedilən tərəf zorakılığa əsaslanır. Demək ki, proses, “tələb” və iddialar nə səmimi, nə də real deyil. Ortada olan əsas səbəb Serbiyanın hazırki hakimiyyətinin milli maraqlara əsaslanan siyasət yürütməsidir.

“Kosovo” tələbinin kodlaşmış şifrəsi - Ukrayna xoşbəxt oldumu?

Qərbin bu kimi “zorakı davranışları”nın altındakı maraqlar kompleks mahiyyət daşıyır. Onlar üçün iddia və nəticə fərqli motivlərdir - məsələn, iddia edilə bilər ki, g?ya seçkilərin nəticələri “saxtalaşdırılıb”. Amma sonda əldə olunacaq nəticə tamamilə seçikdən uzaq tələb və maraqlardır. Məsələn, Serbiyaya münasibətdə Qrəbin tələb etdiyi “nəticə” bu dövlətin özünün arzu və istəklərinə, mənafeyinə uyğun prosedurlara açıq şəkildə xəyanət etməsidir - Qərb Serbiyanı Kosovonun müstəqilliyini tanımağa məcbur etmək istəyir. Təsadüfi deyildi ki, hələ oktyabr ayında Fransa, Almaniya liderləri açıq şəkildə Belqradı Kosovonu tanımağa çağırmışdılar. Demək ki, əgər Serbiya özünün maraqlarını bir kənara qoyaraq Aİ-nin marağını “üstün tutsaydı” və gözübağlı şəkildə bu qərara getsəydi, seçkilər “xalqın iradəsini təmsil edəcəkdi”. Əks təqdirdə isə...

Bu prosedur tanış bir mənzərədir - illərdir ki, bu “priyomdan” istifadə edən dövlətlərə və adının qarşısını “beynəlxalq” frazası ilə bəzəyən maraq qruplarına rast gəlirik. Hətta bunun nəticələnməsi üçün “USAİD” kimi əlaltılardan istifadə edənlər belə tapılır. Bu “təşkilatın” Azərbaycan da daxil olmaqla hansı ölkələrdə daxili proseslərdə çaxnaşma yaratmaq üçün nələr etdiyi kimsəyə sirr deyil. Nəticə nədir? Nəticə acı “Ukrayna təcrübəsidir” ki, bu da heç kimə, heç Ukraynanın özünə belə xoşbəxtlik vermədi...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 483 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31