Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan yolayrıcında: Qərb, yoxsa Rusiya?

Ermənistan yolayrıcında: Qərb, yoxsa Rusiya?

06.02.2024 [10:40]

“Ermənistan əvvəlki illərdə olduğu kimi hərbi-texniki əməkdaşlığı və müdafiə əlaqələrini təkcə Rusiya Federasiyası ilə inkişaf etdirə bilməz. Əvvəllər bizim bu sahədə problemlərimiz yox idi, indi isə var”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda NATO nümayəndəsi Xavyer Kolomina ilə görüşdə deyib. O, alyans rəsmisi ilə ölkəsinin bu qurumla hərbi əməkdaşlığının artırılması imkanlarını müzakirə edərkən Rusiya əleyhinə bu qəbildən bir sıra açıqlamalar verib. Ötən ayın 19-da İrəvanda səfərdə olan Kolomina isə öz növbəsində Ermənistanın Moskvadan uzaqlaşdığını və İrəvanla əməkdaşlıqda maraqlı olan NATO-ya yaxınlaşdığını xüsusi vurğulayıb.

Rusiya standartlarından imtina

Ermənistanın NATO ilə yaxınlığa can atması, Rusiya haqqında isə ittihamedici şəkildə danışması Kremldə qıcıq doğurub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın bu addımlarını “onu fəlakətə aparan sürüşkən yol” adlandırıb. Lavrovun fikrincə, “İrəvan Qərbin vədlərinə uyaraq, xarici siyasət xəttini yenidən format etməyə çalışır”.

Rusiyalı nazir əlavə edib ki, Ermənistanın üzləşdiyi çətinliklərin öhdəsindən Qərbin köməyi ilə gəlməsi  mümkün olmayacaq, çünki NATO-nun Cənubi Qafqazda yeganə marağı Moskvanı bölgədən sıxışdırıb çıxarmaq və burada yeni gərginlik mənbəyi yaratmaqdır: “Ümid edirəm ki, İrəvan Qərblə qarşılıqlı əlaqələri  dərinləşdirməyin müdafiə və təhlükəsizlik sahəsində suverenliyinin itirilməsinə səbəb olduğunu başa düşür”.

NATO məsələsində Türkiyə faktoruna göz yummağın özü də İrəvanın bu proseslərdə nə qədər naşı olduğunun göstəricisidir. Beləliklə, Ermənistan Rusiyadan gələn hələlik yüngül hədələrə baxmayaraq Qərblə əməkdaşlıqdan geri çəkilmək niyyətində deyil. Ermənistanın siyasi dairələri də İrəvanın öz xarici siyasətinə yenidən baxmalı olduğu fikrindədir.

Paşinyan NATO nümayəndəsi ilə görüşdən sonra bildirib ki, Ermənistan konkret olaraq ordu quruculuğu ilə bağlı konsepsiyanı kökündən dəyişməlidir. Onun sözlərinə görə, belə bir sənəd ilin sonuna qədər qəbul edilə bilər. Paşinyan deyib ki, Ermənistanın müdafiə-təhlükəsizlik sistemi 97 faiz Rusiya Federasiyasından asılı olub. Lakin indi vəziyyət dəyişib. “Bir sıra obyektiv və subyektiv səbəblərə görə bu asılılıq daha təkrarlana bilməz”, - deyə Paşinyan bildirib.

Məşhur konfliktoloq: “Paris İrəvana kömək edə bilməz”

Ermənistan rəhbərliyinin Rusiyadan narazılığını açıq büruzə verməsi, KTMT-dən çıxma istəyi, Fransanı öz sərhədlərindən içəri buraxması Rusiyanın səbrini sınağa çəkməkdədir. Rusiya Federasiyası Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü, politoloq Boqdan Bezpalkonun fikrincə, İrəvan çox təhlükəli yolla gedir: “Ermənistanın seçdiyi kursun ən uzağagedən nəticəsi Qərb ölkələri, əsasən də Fransa ilə hərbi əməkdaşlığı genişləndirmək ola bilər. Burada silah tədarükü, fransız banklarından maliyyə kreditləri, o cümlədən NATO ölkələri ilə hərbi təlimlər və fransız mütəxəssislərin erməni hərbçilərinə təlim keçməsi kimi variantlar nəzərdə tutula bilər”, - deyə ekspert şərh edib.

Politoloq Ermənistanla Fransanın qoşalaşmasından yaranacaq geosiyasi vəziyyət barədə də proqnozlar verib: “Ermənistanın bu hərəkətləri yaxın gələcəkdə Rusiya ilə Azərbaycan arasında münasibətlərin istiləşməsinə səbəb ola bilər. Üstəlik, Tehran da Rusiyanın Cənubi Qafqazı tərk etməsində maraqlı deyil. O da mümkündür ki, Fransa Ermənistan Silahlı Qüvvələrini gücləndirib öz silahlarını işə salmaqla İrəvanı Azərbaycanla yeni hərbi münaqişəyə təhrik etsin. Qərbə Cənubi Qafqazda yeni münaqişə sərfəlidir. Burada Qərbin bir məqsədi də Rusiya ilə İran yaxınlığında qeyri-sabit, münaqişəli vəziyyət yaratmaqdır”.

Ekspert hesab edir ki, Ermənistanın bütün bunlardan fayda götürəcəyi inandırıcı görünmür. Paşinyanın tərəddüdləri, qeyri-müəyyən fikirləri sıxıntıda olan Ermənistanı daha da dalana dirəyir. İrəvan, nəhayət, Rusiya və Fransa arasında seçim etməlidir: “Ermənistan KTMT-dən çıxacaq, yoxsa bir müddət orada qalacaq? Bəs iqtisadi sahədə əməkdaşlığın gələcəyi necə olacaq? Rusiya bu yaxınlarda Ermənistandan gələn bütün yük maşınlarına xırdaca jest edərək gömrük baxışı keçirib. Bu da Rusiya sərhədində tıxacın yaranmasına və ticarət axınının ləngiməsinə səbəb olub. Təkcə bu ləngimə İrəvanın iqtisadi cəhətdən Rusiya Federasiyasından nə  dərəcədə asılı olduğunu büruzə verdi”.

“Erməni brendi” anlayışı yoxdur

Ermənilərin Rusiya bazarlarında “brend” adı ilə təqdim etdikləri, əsasən Azərbaycan mətbəxi və məişətindən oğurladıqları yerli məhsullara gəlincə, Boqdan Bezpalko bildirib ki, ümumiyyətlə, dünyada “erməni brendi” anlayışı mövcud deyil. Bu, sadəcə, növbəti erməni fantaziyasıdır. Ekspert deyib: “Doğrudur, Ermənistan məhsulları Rusiyada pis satılmır, ancaq fakt budur ki, həmin mallar Fransada heç kimə lazım deyil. Məsələn, dünyada “erməni konyakı” adlı brendi heç kim tanımır, amma Rusiya bazarında bu məhsulun alıcısı var. Əgər Moskva iqtisadi rıçaqlarını işə salsa, bu, Ermənistana çox baha başa gələcək”. 

Ermənistanı Ukraynanın taleyi gözləyir

Ümumiyyətlə, Rusiya mediasında Ermənistanın son addımlarını onun “Ukrayna yolu” getmək istəyi kimi şərh edənlər çoxdur. İrəvanın Rusiyanı Qərbə satdığını düşünən şərhçilərin fikrincə, hazırkı siyasi rəhbərlik Ermənistanı məhvə aparır. Boqdan Bezpalko Ermənistanı “özünü Ukraynaya oxşatmaq” istəməkdə qınayır: “Ukrayna hələ müharibədən öncə Rusiya ilə münasibətləri soyuqlaşdırdığına görə on milyardlarla dollar itirdi, buna baxmayaraq yenə də inadla “Avropa yolu”nu getməyə davam etdi. Daha sonra vəziyyət kəskinləşdi və bu addımları onu qaçılmaz müharibəyə aparıb çıxardı. 1999-cu ildən üzübəri Rusiya Federasiyasından təxminən 150 milyard kubmetr qaz Ukrayna vasitəsilə nəql edilirdi və bu layihə Kiyevə böyük gəlir gətirirdi. İndi isə Ukrayna nəinki xaricə təbii qaz ixrac etmir, hətta özündə belə təbii qaz böhranı yaranıb. Aİ-yə qaz tranziti heç də əvvəlki səviyyədə deyil. Bəs bu vəziyyətdən kim faydalandı? Əlbəttə, yalnız ABŞ!”

Ekspertin fikrincə, İrəvanın Moskvadan total iqtisadi asılılığı və siyasətçilərdən fərqli olaraq erməni cəmiyyətinin rusiyapərəst əhval-ruhiyyəsi fonunda Qərb Ermənistanı yavaş-yavaş Ukrayna yolu ilə aparır.

“Bəs erməni cəmiyyəti necə düşünür?”- sualına cavabında rusiyalı politoloq bildirib ki, insanlara aşılanan ideologiyanın, verilən informasiyanın çoxlu sayda manipulyativ və texniki təsir mexanizmləri var. Onun fikrincə, sadə xalq siyasi qruplardan fərqli olaraq ümumilikdə Rusiyaya antipatiya bəsləmir, lakin Azərbaycanla müharibədə uduzduqlarına görə hər bir erməninin şüuraltında Rusiyaya qarşı yersiz narazılıq var. Təxminən bu formada: “Rusiya bizim müttəfiqimizdir, bizim əvəzimizə Azərbaycanla vuruşmalı idi”.

Paşinyan dilemma qarşısında

Beləliklə, hazırkı qlobal qarşıdurmada İrəvan açıq seçim qarşısındadır. Paşinyan hansı tərəfə yıxılacaq? Rusiyaya, yoxsa Qərbə? Bu dilemmadan çıxış yolu hələlik ermənilərin özlərinə də məlum deyil. Paşinyanın xarici siyasətdə nala-mıxa vurması, Fransaya qucaq açıb, paralel olaraq KTMT-dən çıxmaması, Azərbaycanla bağlanası  sülh müqaviləsini bəhanələrlə uzatması, bununla da acınacaqlı durumda olan ölkəsini hələ də regional təcrid rejimində saxlaması onu göstərir ki, Ermənistan rəhbərliyi qərarsız və skeptik vəziyyətdədir. Moskva isə böyük ehtimalla ermənilərin ərköyünlüyünə və Qərblə “nikahdankənar” münasibətlərinə uzun müddət dözməyəcək.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 607 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31