Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dini müxtəlifliyimizlə fəxr edirik

Dini müxtəlifliyimizlə fəxr edirik

28.02.2024 [10:20]

Elçin Əmirbəyov: Bu, bizim genofondumuzun bir hissəsidir

Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə, o cümlədən, müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə sözün əsl mənasında, tolerantlıq nümunəsi kimi çıxış edib. Bü gün də dünyanın ən sabit, tolerantlıq indeksinə görə aparıcı ölkəsi sayılan Azərbaycanda bu məsələ ilə bağlı hər hansı problem yaşanmır. Azərbaycanın regiondakı siyasi nüfuzunun artması, yeni münasibətlər sistemi formalaşdırması fonunda bu və ya digər məsələlərlə bağlı fərqli mövqelərin ortaya qoyulması isə təəssüfləndirici haldır - tolerantlıq və dini etiqad azadlığı ilə bağlı heç bir problemin yaşanmadığı Azərbaycana məhz bu xüsuslarla “yanaşılması” doğru sayıla bilməz.

Məsələn, son dövrlərdə ABŞ-ın tolerantlıq və ya dini azadlıqlar məsələsi üzərindən Azərbaycana münastbətdə düzgün olmayan siyasi xəttinin şahidiyik. Xatırladaq ki, Dövlət Departamentinin 2023-cü il dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı hesabatında da Azərbaycanla bağlı qeyri-real bir yanaşma sərgilənmişdi. Bunun ardından isə Azərbaycanın din azadlığına görə xüsusi nəzarət siyahısına daxil edilməsi qəbuledilməzdir.

Azərbaycan dini tolerantlıq modeli kimi...

Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun bu istiqamətdə olan fikirləri ABŞ-ın “Zenger” portalında dərc olunan məqalədə vurğulanır. Qeyd olunur ki, biz heç bir siyasi konyunkturadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik.  Azərbaycanın ABŞ-ın din azadlığına görə xüsusi nəzarət siyahısına daxil edilməsinə münasibət bildirən E.Əmirbəyov ölkəmizin bu qərardan təəssüfləndiyini öz fikirlərində əks etdirib. O bildirib: “Biz bu qərəzli və əsassız fikirləri rədd edirik. Roma Papası Fransisk

2016-cı ildə ölkəmizə səfəri zamanı Azərbaycanı dini tolerantlıq modeli kimi qiymətləndirib. Biz heç bir siyasi konyunkturadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik. Müsəlman, yəhudi və ya xristian olmasından asılı olmayaraq, hamımız bir ailəyik. Bu, bizim genofondumuzun bir hissəsidir”.

Azərbaycanı “ittiham” edənlər Ermənistanı “unudub”...

Qeyd edək ki, 2024-cü il yanvarın 4-də ABŞ Dövlət Departamenti Azərbaycanın dini etiqad azadlığı ilə bağlı problemləri yoxlanılan ölkələr siyahısına əlavə edildiyini bildirən bəyanat yayıb. Dövlət katibi Entoni Blinkenin adından yayılan bəyanatda bildirilir ki, dini etiqad və ya etiqad azadlığının təşviqi 1998-ci ildən Beynəlxalq Dini Etiqad Azadlığı Aktının Konqres tərəfindən qəbul edilməsi və həyata keçirilməsi ilə ABŞ-ın xarici siyasətinin əsas məqsədlərindən birinə çevrilib. Bu “davamlı öhdəliyə” uyğun olaraq isə Birma, Çin Xalq Respublikası, Kuba, KXDR, Eritreya, İran, Nikaraqua, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistan kimi ölkələr “dini etiqadların ciddi şəkildə pozulduğu xüsusi narahatlıq doğuran ölkələr” kimi ortaya çıxıb. Bu dəfəki cəhddə isə Əlcəzair, Azərbaycan, Mərkəzi Afrika Respublikası, Komor adaları və Vyetnam “dini etiqad azadlığının ciddi şəkildə pozulması və ya dözümsüzlüklə bağlı ciddi narahatlıqlara görə xüsusi nəzərdən keçirilməsi” üçün təyin edilib.

Əslində bu məqam özlüyündə məsələyə yanaşmanın qeyri-adekvat olduğunun göstəricisidir. Göründüyü kimi, Blinkenin “şəxsi istəyi”nə əsaslanan bu “siyahıya” salınan ölkələr arasında nə sirrdirsə, işğalçı, vandal, tarixi və dini abidələrə qarşı törətdikləri vəhşiliklər sənədli şəkildə sübuta yetirilən Ermənistana rast gəlinmir. Halbuki 30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır - bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Antiterror tədbirlərindən sonrakı dövrdə isə Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilib. Bu fakt bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir. Statistik rəqəmlər hər şeyi ortaay qoyur. İşğaldan azad edilmiş bölgələrdə təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır - 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-i isə qismən dağıdılaraq yararsız hala salınıb.

Ölkəmizdə dini tolerantlıq statistik rəqəmlərdə...

Azərbaycanda hökm sürən multikultural, tolerant mühitin təsdiqi ilə bağlı isə minlərlə, bəlkə də milyonlarla faktlar mövcuddur. Olduqca strateji geocoğrafi mövqeyə malik Azərbaycanda bu mühitin formalaşması və inkişafı tarixi proses keçib. Bu gün də tolerantlığı özünün həyat tərzi kimi mənimsəyən Azərbaycan xalqı etnik müxtəlifliyi birləşdirici faktor kimi qəbul edir. Məsələnin daha aydın və qabarıq şəkildə mənimsənilməsi üçün isə bir sıra statistik rəqəmləri göz önünə gətirmək kifayət edir:

- Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 995 dini qurum dövlət qeydiyyatına alınıb;

- Konfessional baxımdan onlardan 958-i İslam, 37-si isə qeyri-islam (xristian - 26; yəhudi - 8; krişna - 1; bəhai - 2) təmayüllüdür;

- Hazırda respublikamızda Azərbaycan İlahiyyat İnstitutu və 5 dini təhsil müəssisəsi (İslam kolleci) fəalliyyət göstərir;

- “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb;

- Ölkə ərazisində 2258 məscid mövcuddur;

- Respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalara qarşı münasibət də hər zaman ən yüksək səviyyədə təmin edilib. Məsələn, Azərbaycan Prezidenti hər zaman milli bayramlarda ölkəmizdəki digər dini icmaları təbrik edir - yəhudi icmasını ötən ilin sentyabr ayında Roş ha-Şana münasibətilə təbrik etmişdi. Prezidentin ünvanladığı təbrik məktubunda yəhudi əsilli vətəndaşlarımızın respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak etməsi, ümumi evimiz olan Azərbaycanın inkişafı və tərəqqisi naminə səylərini əsirgəməməsi xüsusi əlamətdar hal kimi vurğulanmışdı. Eynilə, bu il yanvarın 5-də Prezident İlham Əliyev ənənəvi olaraq pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb. Məktubda təqdirəlayiq hal kimi xristian həmvətənlərimizin nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşatmaları, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak etmələri qeyd olunur. Eyni zamanda, dünən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milad bayramı münasibətilə ölkəmizdəki xristian icmasını təbrik edib. Bütün bu hallar Azərbaycanda dini-etnik tolerantlığın ən yüksək səviyyəsinin göstəricisidir.

Azərbaycan ABŞ üçün də nümunədir...

Bu faktlar, rəqəmlər, statistik göstəricilər Azərbaycanın ABŞ-ın din azadlığına görə xüsusi nəzarət siyahısına daxil edilməsini istisna edən ən real arqumentlərdir. Azərbaycan nəinki yerləşdiyi regionda, hətta daha qlobal miqyasda tolerantlığın təmin edildiyi əsas ünvanlardan biri kimi təsdiqlənir. Hətta ara-sıra Azərbaycana münasibətdə “din faktorundan yararlanmağa” çalışan bəzi ölkələr və ya mərkəzlər dini azadlıqların təmin edilməsi məsələsində ölkəmizə açıq fərqlə uduzur. Bir nəticəni ümumiləşdirirək qeyd etmək olar ki, Azərbaycanda heç bir zaman dini, irqi və ya etnik fərqləndirmə kimi ayrı-seçkilik müşahidə olunmayıb. Azərbaycan dünyada insan hüquq və azadlıqlarının tanınması, qanunvericiliyində bu kim bəşəri dəyərlərə ən geniş yerin ayrılması, ən müasir sivilizasiyalararası münasibətlərin yaradılması istiqamətində ön sıralarda yer tutub...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 561 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31