HEYDƏR ƏLİYEV VƏ DİL SİYASƏTİNİN UĞURLARI
14.12.2016 [10:18]
“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm...”. Bu müdrik sözlər Azərbaycan xalqının Ümummilli lideri, dahi rəhbərimiz Heydər Əliyevə məxsusdur. Bütün həyatını doğma xalqının, Vətəninin inkişafına, intibahına həsr edən, bu yolda misilsiz tarixi uğurlar qazanan Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirib, tükənməz övlad məhəbbəti, rəhbər uzaqgörənliyi ilə xüsusi qayğı göstərib. Hələ sovet dövründə, imperiya qadağalarına baxmayaraq, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatlarına layiq görülərək daha böyük tədqiqat işlərinə ruhlandırılması, nəticədə Azərbaycan dilçiliyinin sürətli inkişafı, eləcə də dahiyanə nitq mədəniyyəti ilə hamıya nümunə göstərməsi Heydər Əliyevin şərəfli xidməti idi. Azərbaycan dilinə o tarixi xidmət bu gün, müstəqillik dövründə daha böyük miqyasda davam etdirilir. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanı, dahi şairimiz Məhəmməd Füzulinin 500, Azərbaycan varlığının ensiklopediyası sayılan “Dədə Qorqud” eposunun 1300 illiyinin dünya miqyasında təntənə ilə qeyd edilməsi, respublikamızda Azərbaycan dili haqqında qanunun ciddi elmi-praktik müzakirələri bunu bir daha təsdiq etdi. Ulu öndər Heydər Əliyevin doğma Azərbaycan dili uğrunda on illər boyu necə şərəflə, cəsarətlə, elmi-nəzəri əsaslara söykənən prinsipiallıqla mübarizə aparması, obyektiv, real nəticələrə nail olması dünyada yaşayan bütün azərbaycanlılara, 50 milyonluq Azərbaycan xalqına ən gözəl nümunədir. Onun dil siyasətinin uğurları bütün incə, “görünməz” məqamları ilə öyrənilməli, ciddi elmi-analitik təhlil, tədqiq yolu ilə xalqımıza, xüsusilə gənc nəslə çatdırılmalıdır.
Ulu öndər Heydər Əliyevin bitkin elmi-nəzəri əsaslara, praktik tətbiqə əsaslanan Azərbaycan dili siyasəti böyük uğurlar qazanıb desək, yanılmarıq. Vaxtı ilə öz doğma dilində danışa bilməyən, yaxud danışmaq istəməyən bir sıra yüksəkvəzifəli dövlət məmurları Heydər Əliyevin ciddi tələbkarlığı nəticəsində indi Azərbaycan dilində sərbəst danışırlar; ümumiyyətlə, dövlət dilimizə kompaniyaçılıqdan uzaq olan daimi diqqət və qayğı cəmiyyətimizin milli dil mühitinin - dövlət dili mühitinin əsaslı şəkildə genişlənməsinə, əsl ümumdövlət xarakteri almasına gətirib çıxarmışdır. Bu həm də Heydər Əliyevin dil siyasətini həyata keçirən Yeni Azərbaycan Partiyasının uğurudur.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanını Heydər Əliyevin uğurlu dil siyasətinin fundamental yekun sənədi adlandırmaq olar. Dilimizin ən qədim tarixinə obyektiv elmi-tarixi qiymət verən, Azərbaycan dilinin türk köklü müstəqil dil olmasını bir daha təsdiqləyən, onun əsas təkamül mərhələlərini, inkişaf yollarını dahiyanə bir müdrikliklə, elmi-nəzəri əsaslarla izləyərək son söz deyən, rəsmi dövlət münasibəti bildirən bu fundamental tarixi sənəd Ulu öndər Heydər Əliyevin dil siyasətinin uğurlar miqyasını daha da genişləndirdi.
Müstəqilliyini təzəcə qazanmış Azərbaycan 1992-ci ildə faciəli günlər yaşayır, sosial-siyasi burulğanlar, dərəbəylik və anarxiya məngənəsində sıxılırdı. Cəmiyyətin həqiqi milli liderə, əsl rəhbərə, müdrik yolgöstərənə ehtiyacı vardı. Azərbaycanın 91 nəfər görkəmli ziyalısı, alimi, sənətkarı bir araya gələrək dünya miqyaslı liderə - xalqın yeganə ümidi, pənahı, xilaskarı Heydər Əliyevə üz tutdu. Bu təkcə 91 nəfər ziyalının yox, əslində, bütün xalqın dar ayaqda ümidi, tələbi, xahişi, təkidli çağırışı idi.
Heydər Əliyev xalqın səsinə səs verdi, Azərbaycanın xilası, dirçəlişi, böyük intibahı, əbədi azadlığı naminə zamanın sözünü dedi, Yeni Azərbaycan Partiyasını yaratdı. Qısa bir tarixi dövrdə çox böyük uğurlar, ümumxalq, ümumdövlət miqyaslı qələbələr qazanan bu partiya zəmanəmizin Atatürkü Heydər Əliyevin Azərbaycan xalqına misilsiz töhfəsidir, tarixi xidmətidir.
Məmnuniyyətlə bildirirəm ki, dahi dövlət xadimi Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası müasir dövrdə Azərbaycanın ən böyük, ən kütləvi partiyası, əsas, həlledici siyasi qüvvəsidir. O, cəmiyyətimizin bütün təbəqələrini əhatə edən, xalqımızın arzu və istəklərinin ifadəçisi olan partiyadır, bu günün və sabahın partiyasıdır. Bu məqamda möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin sözlərini xatırlayıram: “Əminik ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə uzun illər Azərbaycan xalqına xidmət edəcək. Bizim məqsədimiz budur. Biz ümumxalq partiyasıyıq. Çünki xalqla birik, xalqa arxalanırıq və xalq üçün də xidmət edirik”.
Bu, bütün həyatını xalqına, onun əbədi azadlığına, milli müstəqilliyinə həsr edən fədakar bir insanın, artıq dünya miqyasında tanınan, etiraf və qəbul olunan regional-praqmatik bir siyasətçinin mövqeyi, missiyasıdır. İstər ABŞ-da nüfuzlu siyasət, politologiya dairələrindəki çoxsaylı görüşləri, istər Avropa Şurasındakı gərgin, cəsarətli, qalib fəaliyyəti Onu dünya miqyasında yeni, çox böyük perspektivləri olan siyasət və dövlət adamı, milli lider kimi tanıtmışdır. Dahi xilaskar Heydər Əliyevin həyat, hakimiyyət, siyasət, diplomatiya universitetlərini uğurla bitirən, Heydər Əliyev ideyalarının xilaskarlıq qüdrəti ilə, tükənməz Azərbaycan sevgisilə silahlanan İlham Əliyev sabahlarımızın ən ümidverici, ən real, əsl ümumxalq sevgisi qazanan lideridir.
* * *
Azərbaycan dili zaman-zaman tənə və təhqirlərlə, planlı assimilyasiya hücumları ilə, qəsd və repressiyalarla da üzləşdi. Ədəbiyyatımız, mədəniyyətimiz bu bədnam basqılara, mənəvi repressiyalara, assimilyasiya hücumlarına qarşı həmişə etiraz səsini qaldırdı. Bu yerdə dahi Səməd Vurğunun “Yandırılan kitablar” şeirindən misralar yada düşür:
Sənmi türkə xər deyirsən, mənim şeir dilimə?!
Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli!
Dahilərə süd vermişdir Azərbaycan gözəli!
Tarix boyu Azərbaycanın dahi oğulları Azərbaycan dilinin keşiyində, müdafiəsində mətanətlə dayandı, onun təəssübünü çəkdi, şərəfini, şöhrətini, halal haqqını, hüquqlarını hünərlə qorudu. Bu baxımdan, Azərbaycan dilinə Heydər Əliyev sevgisi bütün dövrlərə, bütün zamanlara örnək ola bilər.
Azərbaycan dilinə yüz illərin, min illərin Qorqud və Füzulilər sevgisini, qayğısını Heydər Əliyev şərəflə, müdrik uzaqgörənliklə davam və inkişaf etdirdi.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanı Azərbaycan dilinə dövlət qayğısının, Heydər Əliyev sevgisinin bariz nümunəsi, daha bir təsdiqidir. Bu, doğma ana dilinin qədim tarixinə, çətin və şərəfli inkişaf yollarına, misilsiz uğurlarına dərindən bələd olan dahi dövlət xadiminin bütün dünya azərbaycanlılarına örnək, nümunə ola biləcək dəyişməz mövqeyidir.
Bütün bunlara, çoxsaylı uğurlarımıza görədir ki, dövlətimiz getdikcə öz böyük tarixinə, güclü mədəniyyətinə, doğma dilinə daha çox qovuşur, bu özünəqayıdışla ruhən daha da ucalır, mətinləşir, məğlubedilməz olur. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanında deyilir: “... Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
Bu vətəndaşlıq borcunun necə, hansı miqyasda həyata keçirilməsinin ən gözəl nümunəsini Ümummilli liderimiz Heydər Əliyev göstərib və bu gün də göstərməkdədir.
* * *
Bu gün də Yeni Azərbaycan Partiyası Heydər Əliyev kimi banisi, dahi öndəri ilə güclüdür, qalib və qüdrətlidir. Heydər Əliyevin böyük Azərbaycan sevgisi ilə, saf, sağlam tarixi köklərə əsaslanan azərbaycançılıq ideyaları ilə silahlanan Yeni Azərbaycan Partiyası milli-mənəvi dəyərlərimizə, tarix və mədəniyyətimizə, xüsusilə dilimizə elmi-praktik münasibəti ilə də digər kiçik partiyalardan seçilir, yüksəkdə durur. Respublikamızın dövlət dilinə, doğma Azərbaycan dilinə həqiqi övlad, əsl vətəndaş münasibəti, dilimizin tarixi və çağdaş maraqlarını layiqincə qorumaq, onu daim inkişaf etdirmək xətti Yeni Azərbaycan Partiyasının strateji hədəflərindən biridir. Hamıya çox yaxşı məlumdur ki, bu strateji xəttin istiqamətvericisi, elmi-nəzəri və praktik nizamlayıcısı dahi dövlət xadimi Heydər Əliyevdir. Yeni əlifbaya - latın qrafikalı yeni Azərbaycan əlifbasına keçidi özünəməxsus elmi-nəzəri təmkinlə, cəsarətli prinsipiallıqla reallaşdıran, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi işi ilə bağlı xüsusi Fərman imzalayan və bunu daim nəzarətdə saxlayan Heydər Əliyev bütün ömrü boyu Azərbaycan dilinin ən böyük müdafiəçisi olub.
Bu məqamda qısaca da olsa tarixi ekskursa ehtiyac var.
Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumunda respublikanın rəhbəri seçilən Heydər Əliyevin gündəlik fəaliyyətində, ümummilli siyasi xəttində Azərbaycan dilinə qayğı mühüm yer tuturdu. Heydər Əliyev dünyaya gəldiyi torpağa, ana dilinə, xalq danışıq dilinin incəliklərinə, özünəməxsus mülayimliyinə, səmimiyyətinə, eyni zamanda, sərt məntiqinə məhəbbətlə böyümüş bir azərbaycanlı kimi həmin dilin daşıdığı psixoloji gücü, mənəvi enerjini mənimsəmişdi. Rus dilini nə qədər gözəl öyrənib, həmin dildə ölkənin tanınmış ictimai-siyasi xadimlərinin belə qibtə etdikləri bir səviyyədə danışsa, nitqlər söyləsə, məruzələr etsə də, doğma Azərbaycan dilinin cazibəsindən heç zaman qopmamışdı.
1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibətilə keçirilən təntənəli toplantıda Azərbaycan dilində çıxış edən Heydər Əliyev incə siyasətlə respublikanın elmi, ədəbi ictimaiyyətinin, bütöv ziyalı ordusunun diqqətini doğma ana dilinə yönəltdi. “Kitabi-Dədə Qorqud” dastanlarını ittiham edən, “kimin arvadı rusdur, onun işi dürüstdür” tipli qondarma, gülünc zərb-məsəllər yaratmaqla ruslaşdırma siyasətinə sosial dayaqlar axtaran əvvəlki manqurt rəhbərlərdən fərqli olaraq, Heydər Əliyev ümumrespublika tədbirlərində azərbaycanca danışmaqdan çəkinmədi, cəsarətli, qeyrətli şəxsi nümunəsi ilə milyonlarla ürəkdə öləziyən Azərbaycan dili sevgisini, milli ruh çırağını yenidən yandırdı.
70-ci illərdən etibarən Azərbaycanın müxtəlif ali məktəblərində “Ana dili və ədəbiyyat” ixtisası üzrə tələbə qəbulunun həcmi artırıldı; qəbulda ana dilində yazılı imtahan ən müxtəlif ixtisaslar üzrə məcburi hesab edildi. Təəssüf ki, o vaxt Azərbaycan rəhbərinin “millətçi mövqeyi barədə” Moskvaya “donos” yazan ziyalılar da vardı. Bəzi elm, ədəbiyyat və mədəniyyət xadimləri isə hadisələrin axarından qıraqda, gözləmə mövqeyində dayanmağı üstün tuturdular. Məhz buna görə 70-ci illərin ikinci yarısında Azərbaycan SSR-in Konstitusiyası (Əsas Qanunu) hazırlanarkən respublika rəhbəri Heydər Əliyev Özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Yalnız bu xəbər-işarədən sonra yaradıcılıq ittifaqları hərəkətə gəlmiş və Moskvanın, imperiya strukturlarının ciddi, ardıcıl müqavimətini qırmaq mümkün olmuşdur. “Pərdə arxasında” gedən, cəmiyyətdən gizlədilən bu mübarizədə ovaxtkı SSRİ rəhbərliyi dəfələrlə Heydər Əliyevi Öz sərt mövqeyindən çəkindirməyə çalışsa da, nəticədə Heydər Əliyev iradəsi, Heydər Əliyev cəsarəti qalib gəldi: Konstitusiyada 73-cü maddə - “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi təsdiq olundu, tarixi fakta çevrildi. Təxminən 20 il sonra - 1995-ci il oktyabrın 31-də Azərbaycan Elmlər Akademiyasında keçirilən ümumrespublika müzakirəsində Prezident Heydər Əliyev o gərgin mübarizəni və qələbəni bir daha yada saldı.
70-ci illər Azərbaycan dili və milli dilçilik elmimizlə bağlı itirilənlərin bərpası, səhvlərin, saxtakarlıqların düzəlişi dövrü oldu. Milli-mənəvi mühitin, elmi, ədəbi, mədəni iqlimin dərin zəkalı, ideoloq, analitik qüdrəti ilə, Heydər Əliyevə məxsus müdrik uzaqgörənliklə proqnozlaşdırılması, əsas inkişaf meyillərinin müəyyənləşdirilib səfərbər edilməsi ciddi yüksəlişə təkan verdi. Əslində, 30-cu illərdə Azərbaycanda qadağan edilən, arzu olunmaz “qara sahə” adlandırılan türkologiya 70-ci illərdə əsaslı inkişaf dövrünə qədəm qoydu. Əsrin əvvəllərində olduğu kimi, Bakı yenidən dünya türkologiya elminin mərkəzinə çevrildi. Heydər Əliyev bunu sonralar yüksək qiymətləndirərək deyəcəkdi: “Azərbaycanda türkologiya da çox inkişaf edibdir... Təsadüfi deyildir ki, Sovetlər İttifaqında buraxılan yeganə “Türkologiya” jurnalı Azərbaycanda nəşr edilirdi”.
70-ci illərin sonlarında Heydər Əliyevin təşəbbüsü ilə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət mükafatı verilməsi Azərbaycan dilinə böyük qayğının, əsl rəhbər diqqətinin, övlad məhəbbətinin nəticəsi idi. Bu yolda qazanılan uğurlar həm dövlət səviyyəsində qiymətləndirilir, həm də Azərbaycan dilçilik elminin bütün potensial imkanları səfərbər edilir, daha sanballı, fundamental tədqiqatlara istiqamətləndirilir, ruhlandırılırdı. Heydər Əliyevin dil siyasəti 70-ci illərin sonlarına doğru Azərbaycanda milli dil təfəkkürünün yüksəlməsinə o qədər böyük təsir göstərdi ki, bunu ancaq XVI əsrin əvvəllərindəki - Şah İsmayıl Xətainin hakimiyyəti dövründəki, yaxud XX əsrin əvvəllərindəki vəziyyətlə müqayisə etmək mümkün idi.
Heydər Əliyevin Azərbaycana, onun sosial-mədəni, elmi intellektual, iqtisadi, siyasi inkişafına, milli-mənəvi intibahına həsr olunan, xalqımızın tarixində bütöv mərhələ təşkil edən fenomenal fəaliyyətində milli dil siyasəti həmişə həlledici mövqe, aparıcı yer tutur. Təkcə yaşanılan dövrü, müasir mərhələni yox, Azərbaycan ədəbiyyat və mədəniyyətinin bütöv milli mühitini əhatə edən dil siyasəti xalqın tarixi uğurlarına əsaslanaraq, söykənərək, böyük perspektivlərə istiqamətlənib. Müəyyən qədər unudulan, tarixin gizlinində xalqdan ayrı salınan milli ədəbiyyat və mədəniyyət nəhənglərinin üzə çıxarılması, bu yolla Azərbaycan dilinin böyük ədəbi yaddaşının, qanunauyğun bədii şüur hərəkətinin bərpası, nəticədə dilin daxili enerjisinin min illər boyu yığılan etnogenetik, ruhi-mənəvi potensialının oyadılması, hərəkətə gətirilməsi Heydər Əliyevin misilsiz xidmətlərindən biridir. Bakıda, respublikanın digər şəhərlərində xalqın ədəbiyyat və mədəniyyət xadimlərinə ucaldılan çoxsaylı heykəllər həm də Azərbaycan dilinin halal haqqını, uca şərəfini təsdiqləyən abidələr idi. Yubileylər vasitəsilə xalqa yenidən bütün böyüklüyü, əzəməti ilə, olduğu kimi qaytarılan İmadəddin Nəsimilər, Molla Pənah Vaqiflər, Həsən bəy Zərdabilər... Onların heykəlləri Azərbaycan dilinin tarixi uğurlarını, sənət zirvələrini milli mühitin daimi, əbədi enerji mənbəyinə çevirir, ümummilli intibahda “gizli” iş görürdü. Beləliklə, Heydər Əliyevin Azərbaycan dili siyasəti çox geniş mənası, elmi-konseptual əsasları ilə, əslində, Azərbaycanı xilasetmə yolunun mühüm tərkib hissəsi idi.
“Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tariximiz bizim üçün dərs olmalıdır”. Dahi dövlət xadimi Heydər Əliyev bu müdrik sözləri ilə xalqımızı, müasir cəmiyyətimizi ayıq-sayıq olmağa, dünən, bu gün və sabah miqyasında düşünməyə, keçmişin ibrət dərslərini tam öyrənməklə gələcəyin qapılarını açmağa, böyük, dönməz, əbədi intibah, inkişaf yollarına çıxmağa çağırır. O, bütün görüşlərdə, toplantılarda, eləcə də xarici səfərlərdə Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz olduğunu vurğulayır, diqqəti bu əsas, taleyüklü məsələyə cəlb edir, bunu Azərbaycan varlığının, Azərbaycan perspektivlərinin ən mühüm amili, dayaq nöqtəsi, xilas yolu kimi qiymətləndirir, milli-mənəvi dəyərlərimizin əsas xəzinəsi, canlı daşıyıcısı olan Azərbaycan dilinin bu baxımdan misilsiz örnək olduğunu, qlobal mənəvi iş gördüyünü aşkarlayır. Azərbaycançılıq istiqamətində bütövləşən, konseptual milli-mənəvi xilas yollarını ehtiva edən Heydər Əliyev ideyaları bütünlükdə Azərbaycanın azadlığına, milli istiqlalına, dövlət müstəqilliyinə və bu azadlığın, istiqlalın, müstəqilliyin, suverenliyin əbədi və dönməzliyinə əsaslanır. Heydər Əliyev ideyalarının əsas, bütöv, son məqsədi, məramı Azərbaycanın əbədi azadlığıdır.
* * *
Artıq Yeni Azərbaycan Partiyası - Heydər Əliyev partiyası fəaliyyətdədir. 25 ildən artıqdır ki, Azərbaycan müstəqildir; keçid dövrünün bütün çətinliklərinə, ağrı-acılarına, müharibənin vurduğu sarsıdıcı yaralara, işğal və qaçqınlıq faciələrinə baxmayaraq, xalqımız müstəqillik, azadlıq yolları ilə əzmlə, inadla, inamla irəliləyir. Müstəqilliyimizin təhlükə altında olduğu vaxtda - 1993-cü ilin iyununda xalqın çağırışı ilə Heydər Əliyevin hakimiyyətə xilaskar qayıdışı, əslində, əsl müstəqillik dövrünün başlanğıcı oldu. “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib Azərbaycanın xilası, əbədi qurtuluşu naminə mübarizə meydanına atılan Heydər Əliyev tarixdə misli görünməyən fədakarlıq, siyasi müdriklik nümunəsi göstərdi. Bir daha vurğulamaq istəyirəm ki, 18 oktyabrda bünövrəsi qoyulan, 15 iyunla məhvolmadan xilas edilən Milli Qurtuluş yolu günbəgün, aybaay, ilbəil möhkəmləndi, davam və inkişaf etdirildi. 1994-cü ilin mayında atəşkəsə nail olunması, həmin ilin sentyabrında dünyanın aparıcı neft şirkətləri ilə böyük beynəlxalq iqtisadi sazişin - “Əsrin müqaviləsi”nin imzalanması, milli ordunun yenidən qurulması, ölkə daxilində dağıdıcı anarxiyaya, hərc-mərcliyə son qoyulması, sosial-siyasi, iqtisadi sabitliyin bərqərar edilməsi, xüsusilə iqtisadi dirçəlişin başlanması, Lissabon sammitində 53 aparıcı dövlətin dəstəyinə nail olunması, böyük İpək yolunun bərpası istiqamətində həlledici addımlar atılması, dünya miqyaslı nəhəng bir layihənin - Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru xəttinin təməl daşının qoyulması, qlobal tikinti işlərinə start verilməsi, praktik başlanılması - bütün bunlar Milli Qurtuluş Günü ilə başlayan tarixi uğurların bir hissəsidir. Bəli, indi tam cəsarətlə deyə bilərik ki, Heydər Əliyevin xilaskarlıq missiyası, böyük perspektivlərə hesablanan uzaqgörən, müdrik siyasəti nəticəsində müstəqilliyimiz qorundu, Milli Qurtuluş yolumuz davam etdi, əbədi və dönməz xarakter aldı. Onu da məmnuniyyətlə vurğulamaq, səmimiyyətlə bildirmək istəyirəm ki, azad, müstəqil Azərbaycan dövlətini yeni XXI əsrə Prezident Heydər Əliyev apardı. XXI əsrin ilk günlərindən başlayan bu yolun öndəri, dahi yol göstərəni də Heydər Əliyev oldu. - Bu yolun böyük uğurlara, əbədi xoşbəxtliyə qovuşacağına inanırıq. Buna Azərbaycan xalqı, dünyanın 50 milyonluq bütün azərbaycanlıları inanır. Buna zamanın sınaqlarından şərəflə çıxan Yeni Azərbaycan Partiyası bütün varlığı ilə inanır, bu inam və ümidlə, qalib və qüdrətli Heydər Əliyev ideyaları ilə silahlanaraq, səfərbər olaraq azad, müstəqil, daha xoşbəxt Azərbaycan naminə mübarizə aparır. İnanırıq ki, Yeni Azərbaycan Partiyası əbədi qalib partiya olacaq.
Azad, müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının yeganə Ümummilli lideri Heydər Əliyevin şah əsəridir desək, yanılmarıq. O, Azərbaycanı yenidən yaradan, quran, yaxın-uzaq, gizli-aşkar imperiya maraqlarına cəsarətlə, mərdanəliklə sinə gərərək sosial-siyasi sabitlik, iqtisadi dirçəliş, tarixi intibah yollarına çıxaran dövlət xadimidir. Və mən bu sözləri yaza-yaza Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi ən böyük töhfə, ən layiqli davamçı haqqında da düşünürəm. Bu, İlham Əliyevdir.
Heydər Əliyev evində, ocağında dünyaya gələn, Onun həyat, siyasət, diplomatiya universitetlərində dərs alıb yetişən, kamilləşən cənab İlham Əliyev müasir Azərbaycan siyasi reallığının ən perspektivli, ümummilli sevgi, ümid, inam qazanan ən nüfuzlu lideridir. O, artıq dünyanın ən məşhur siyasətçiləri, siyasi-analitik təfəkkür mərkəzləri tərəfindən qəbul olunan, etiraf edilən, layiqincə qiymətləndirilən, dünya diplomatiya meydanında özünəməxsus yeri, mövqeyi olan nüfuz sahibidir. O, istedadı ilə intellekti, elmi-nəzəri dünyagörüşü ilə praktik-praqmatik fəaliyyəti bütöv vəhdət yaradan fenomenal siyasətçi, ləyaqətli dövlət xadimidir.
İnsanın böyüklüyü, dühası hər şeydən əvvəl onun mənsub olduğu xalqa xidmətinin miqyası, əhatə dairəsi, praktik nəticələri, tarixi perspektivləri ilə ölçülür. Xalqının, millətinin tarixi yolunda müstəsna rol oynayan, taleyüklü vəzifələr, epoxal missiyalar həyata keçirən, beləliklə, ümumxalq, ümummilli dayağa, xilaskara dönən insanlar dünyanın ən böyük, əbədi xoşbəxtləridirlər. Bu baxımdan, “yola saldığımız və hazırda yaşadığımız əsrlərin ən xoşbəxti kimdir?” sualına tam cəsarətlə və məsuliyyətlə belə cavab verə bilərəm: HEYDƏR ƏLİYEV!
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi dövlət xadimi, müdrik Prezidenti olub. Yeni Azərbaycan Partiyası xoşbəxtdir ki, onun Heydər Əliyev kimi banisi, yaradıcısı, Sədri, öndəri olub. Bu, hər bir YAP üzvünün qəlbini qürur hissi ilə döyündürür, bizi daim mətin, mübariz, səfərbər olmağa səsləyir. Biz dahi xilaskarımız, Ulu öndər Heydər Əliyevdən doğma xalqa, Vətənə, Azərbaycana yorulmadan xidmət etməyi, milli-mənəvi dəyərlərimizin keşiyində dayanmağı, müqəddəs sərvətimiz olan Azərbaycan dilini sevməyi, bu dildə danışmaqdan qürur duymağı öyrənməliyik. Biz Heydər Əliyevdən əsl Azərbaycançılığı, vətənçiliyi, milliliklə dünyəviliyin ahəngdar vəhdətini, bir sözlə, Heydər Əliyevçiliyi öyrənməliyik. Mən bu yolda möhtərəm Prezidentimiz, istedadı və intellekti, elmi-nəzəri dünyagörüşü və praktik-praqmatik fəaliyyəti bütöv vəhdət yaradan fenomenal siyasətçi, layiqli dövlət xadimi İlham Əliyevə, xalqımıza, dünyada yaşayan bütün azərbaycanlılara, eləcə də Yeni Azərbaycan Partiyasına böyük uğurlar, yeni-yeni qələbələr arzulayıram.
Nizami Xudiyev
Yeni Azərbaycan Partiyasının
İdarə Heyətinin üzvü, filologiya
üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi
Xəbər lenti
Hamısına baxAnalitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58

