Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan qəhrəman övladları ilə fəxr edir

Azərbaycan qəhrəman övladları ilə fəxr edir

28.10.2017 [00:15]

1995-ci ildə Bakı metrosunda baş vermiş faciə zamanı onlarla insanı öz həyatı bahasına xilas edən baş leytenant Çingiz Babayevin xatirəsi əbədi yaşayacaq
“Mərd oğullar - mərdliyilə öyünməzlər, torpaq altda ölümlüyə gömülməzlər”. Xalq şairi Məmməd Arazın müəllifi olduğu bu sətirlər Azərbaycanın hünərli oğullarının şəninə deyilib. O oğullar ki, torpağın bağrına azadlıq toxumlarını öz cəsədləriylə əkiblər. Qundaqdakı körpədən tutmuş, ahıl-yaşlılara qədər insanların azadlığını, müstəqilliyini canı, qanı bahasına əldə ediblər. Qəhrəmanlıq yalnız səngərlərdə, döyüş meydanlarında göstərilmir. Əgər ürəkdə Vətən, xalq sevgisi varsa, qəhrəmanlar onu hüdud tanımadan nümayiş etdirirlər. Öz növbəsində xalqımız da şücaət göstərmiş qəhrəman övladlarını heç vaxt unutmur, onların xatirələrini daim əziz tutur. Elə 1995-ci ilin 28 oktyabrında metronun “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında baş vermiş qəza zamanı neçə-neçə insanı öz həyatı bahasına xilas edən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Babayev də bu cür övladlardan biridir.
Qısa arayış
Çingiz Babayev 1964-cü il oktyabrın 2-də ziyalı ailəsində anadan olub. Orta təhsil aldığı Bakı şəhəri 20 saylı məktəbi bitirdikdən sonra sənədlərini ovaxtkı Azərbaycan Politexnik İnstitutuna verib. O, 1992-ci ilin iyununda könüllü olaraq Milli Ordunun sıralarına yazılıb. Qısa müddətdə hərbi hissədə özünün bacarıqlı zabit olduğunu, işinə məsuliyyətlə yanaşdığını, qərargahda yüksək nizam-intizam yaratdığını, əsgərlərin hörmət və məhəbbətini qazandığını nəzərə alaraq Çingizə baş leytenant rütbəsi verilib. 1994-cü ildə isə Azərbaycan Respublikasının müdafiə nazirinin sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyə göndərilib. Əvvəlcə taqım komandiri, daha sonra isə bölük komandirinin siyasi işlər üzrə müavini vəzifəsinə təyin olunub.
300 nəfərə yaxın insan xilas edildi...
Baş leytenant Çingiz Babayev 1995-ci il oktyabrın 28-də kursant yoldaşları ilə işdən evə qayıdan zaman dəhşətli bir faciə baş verib. Deyilənlərə görə, həmin gün yaman tələsirmiş. Sanki qarşıda onu gözləyənləri duyubmuş kimi, bütün işlərini o gün bitirərək sabaha heç nə saxlamaq istəməyib. Ona görə də işlədiyi C.Naxçıvanski adına hərbi liseydə işi qurtarandan sonra evə getmək məqsədi ilə metronun “Neftçilər” stansiyasına gəlib. Əcəl burada da onu tələsdirib. Çingiz Babayev “Memar Əcəmi” xətti ilə hərəkət edən qatar əvəzinə, ovaxtkı “Bakı Soveti” qatarına minib. Lakin mənzil başına çatmaq qisməti olmayıb...
Qəhrəmanlıq onun alın yazısıdır
Həmin hadisənin canlı şahidlərindən biri, C.Naxçıvanski adına hərbi liseyin kursantı olmuş Elşən Təhməzov faciəvi hadisəni belə xatırlayır: “Sürətlə hərəkət edən qatar “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında qəfil dayandı. İşıqların söndüyü andan etibarən qatarda yanğın başladı. Ətrafı qatı tüstü öz ağuşuna almışdı. Həmin çətin anlarda özünü itirməyən Çingiz Babayev yanında olan biz kursantlara - Samirə, Ruslana, Nicata, Rüfətə, Adilə, Əflana, Musaya, Cəfərə, Raminə, Vyaçeslava və mənə hərəkətə keçməyimiz üçün əmr verdi. Ağlaşma və qışqırıq səsləri qatarı bürümüşdü. Baş leytenant var gücü ilə qapını açıb bizə tunelə düşməyimizi söylədi. Biz çətinliklə də olsa, pəncərələri sındırıb oradan uşaqları və qadınları vaqondan çıxarmağa başladıq”.
Beləliklə, bütün çətinliklərə baxmayaraq, Çingiz bir neçə dəfə körpələri, qocaları tunel boyunca daşıyıb stansiyaya qoyaraq geri qayıdıb. Həmin vaxt vaqonda olan əksər insanlar ondan yardım istəyiblər. İnsanların köməyinə gələnlərin arasında hərbi məktəbin başqa kursantları da olub. Bu dəhşətli hadisə Çingizi nə qədər sarsıtsa da, o, insanlara yardım etmək üçün bütün gücü ilə yenə vaqonlara qaçıb. Bir qadın ondan övladına kömək etməyini istəyib. Komandir kursantlara tuneldə yerdə sürünən bir qocaya kömək etmələrini tapşıraraq özü isə həmin uşağı qoynuna basıb və tuneli bürüyən tüstüdən cəld uzaqlaşdırıb. Bu, Milli Qəhrəmanımızın sonuncu qəhrəmanlığı olub. Qəzada zərər çəkənlərin növbəti hissəsi çıxışa tərəf addımlayıblar. O isə...
Elə anadan olduğu ayda da əbədiyyətə qovuşdu...
Əfsuslar olsun ki, neçə-neçə insanın həyatını qəhrəmanlıqla xilas edən Çingiz Babayev dünyasını dəyişib. Hər şeydən xəbərsiz olan ailəsi isə bütün gecəni Çingizi gözləməklə keçiriblər. Oğullarından xəbər tuta bilməyən valideynlər bu faciə barədə radioda gedən xəbər buraxılışı vasitəsilə məlumat alıblar: “Çingiz bütün gecəni evə gəlməmişdi. Heç vaxt evdən xəbərsiz gecikməzdi. Anası Səadət xanımla həmin gecəni yata bilmədik. İşlədiyi yerə, dostlarına zəng etdim. Balamdan bir xəbər çıxmadı. Ta ki radiodakı xəbər buraxılışını dinləyənə qədər. O anda anladım ki, Çingiz də orada olub. Bilirdim ki, oğlum bu faciəyə biganə qalmaz. Bəlkə balam sağdır deyə sabahı gün tezdən bütün xəstəxanaları ələk-vələk elədim. Ümidli idim. Yüzlərlə yaralının, meyitlərin içərisində balamı axtardım. Bəlkə, dedim... Sonda xəstəxanada dünyasını dəyişənlərin siyahısında ən birinci sırada oğlum Çingiz Babayevin adını gördüm...Çingiz çarpayıda uzanmışdı. Yaxınlaşıb alnına tökülmüş saçlarını sığalladım. Hər sabah işə getməsi üçün oyadardım, amma bu dəfə bacarmadım”.
Atası Adil oğlu haqqında çıxan qəzet və jurnalları, fəxri fərmanları göz bəbəyi kimi qoruyub saxlayır. Hər oktyabrın 28-də qəzet köşklərinə yollanaraq oğlu haqqında yazılmış xəbərlərlə maraqlanır.
Anası Səadət xanım qətiyyən nikbinliyini itirmir, oğlunun fədakarlığı ilə qürur duyduğunu və oğlunun xatirəsinə göstərilən diqqətə görə təşəkkürünü bildirib: “Hadisənin üzərindən 22 il keçsə də, övlad yarası sinəmdədir. Çingiz ölümdən qorxmurdu. Həmişə deyirdi ki, müharibəyə getmək, döyüşmək istəyirəm. Yeganə oğul övladımız idi. Bizi gözüyaşlı qoydu. Çingiz az yaşadı, amma mənalı ömür sürdü. Balamı doyunca bağrıma basa bilmədim, amma baxıram ki, məndən də dərdli analar var. Hər bir övlad Vətənin sipəridir. Çingiz kimi qəhrəmanın anası olduğuma görə fəxr edirəm. O, mənə milyonların sevgisini və qürur hissini bəxş etdi. Vətən yolunda həlak oldu. Yüzlərlə insanı xilas edərək özünü qurban verdi. Düşünürəm ki, belə qəhrəmanlıq əsl Azərbaycan oğluna xas olan cəhətdir. Mən oğlumla fəxr edirəm”.
Xatırladaq ki, 1996-cı il noyabrın 3-də Ulu öndər Heydər Əliyevin Fərmanı ilə Bakı metrosunda baş vermiş faciə zamanı öz həyat və sağlamlığı üçün mövcud olan təhlükəyə məhəl qoymadan zərərçəkmişlərin xilas olunmasında xüsusi şücaət və qəhrəmanlıq göstərərək həlak olmuş Azərbaycan Respublikası C.Naxçıvanski adına hərbi məktəbin zabiti baş leytenant Babayev Çingiz Adil oğlu (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Onu da qeyd edək ki, şərəfinə “Ulduz” stansiyasında abidə kompleksi ucaldılıb, C.Naxçıvanski adına hərbi liseydə büstü qoyulub, yaşadığı binanın önünə isə xatirə lövhəsi vurulub.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 488 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31