Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda 12 regional toxum sertifikatlaşma mərkəzi fəaliyyət göstərir

Azərbaycanda 12 regional toxum sertifikatlaşma mərkəzi fəaliyyət göstərir

26.07.2018 [10:31]

Azərbaycanda 12 regional toxum sertifikatlaşma mərkəzi fəaliyyət göstərir. Sözügedən mərkəzlər Kənd Təsərrüfatı Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin tabeliyində olmaqla müasir avadanlıqlarla təchiz edilərək fermerlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 25-də Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov “Azərbaycanda strateji sahə sayılan toxumçuluğun mövcud vəziyyəti, yeni yaradılmış toxum sortları, ölkəyə xaricdən gətirilən toxum növlərinin qeydiyyat proseduru, toxum bazarında vəziyyət” mövzusuna həsr edilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, toxum sertifikatlaşma mərkəzləri dünyanın aparıcı dövlətlərinin istehsal etdikləri ən müasir cihazlarla təmin olunub: “Bizim ölkəmizdə istehsal olunan toxumların keyfiyyət analizləri bu mərkəzlərdə həyata keçirilir. Toxumların keyfiyyət göstəriciləri beynəlxalq tələblərə uyğun gəldikdə sertifikatlaşır və məhsul istehsalçılarına keyfiyyətli toxum kimi təqdim edilir. Həmin laboratoriyalar fermerlərimizin xidmətindədir. Bununla da, onların bazarlardan mənşəyi və keyfiyyəti bəlli olmayan toxum məhsullarını almasının qarşısını almış oluruq”.
Dövlət xidmətinin rəisi nəzərə çatdırıb ki, Kənd Təsərrüfatı Nazirliyində bu istiqamətdə mühüm tədbirlər görülür. Belə ki, toxumçuluq elmi, innovativ əsaslarla inkişaf etdirilməli və respublikamızda toxumçuluğa olan tələbat yerli istehsal hesabına ödənilməlidir.
İ.Cümşüdov vurğulayıb ki, Prezident İlham Əliyevin 2015-ci il martın 2-də Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Toxum Fondunun yaradılması ilə bağlı Sərəncamı, həmçinin toxumçuluğun maddi-texniki bazasının daim gücləndirilməsi ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədini daşıyır. Hazırda isə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 5 bölgədə toxum emalı müəssisələri tikilir. Bu müəssisələrin əsas fəaliyyəti toxumların tədarükü, eyni zamanda onların təmizlənmə, qablaşdırma və sertifikatlaşdırılma prosesini standartlara uyğun həyata keçirməkdir.
Respublikamızda istehsal olunan tinglərin digər ölkələrə də göndərildiyini deyən dövlət xidmətinin rəisi qeyd edib ki, cari ildə 8000 ədəd yüksək keyfiyyətli nar tingi Kolumbiyaya ixrac olunub və yeni texnologiya əsasında əkini aparılıb.
Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov rəhbərlik etdiyi qurumun ölkədə fitosanitar sabitliyin əldə olunması sahəsində ardıcıl və məqsədyönlü tədbirlərin apardığını söyləyib. Ə.Eyvazov əlavə edib ki, toxum saxlanılan anbarların fitosanitar tələblərə cavab verməsi üçün müvafiq işlər görülür, bunun üçün xidmət kifayət qədər maddi texniki bazaya malikdir.
Vurğulanıb ki, bu gün ölkədə toxum saxlanılan anbarlarda Dövlət Fitosanitar Xidməti tərəfindən reydlər keçirilir, məhsulların saxlanma şəraiti yoxlanılır, lazımi təlimatlar və məlumatlar verilir.

Paylaş:
Baxılıb: 533 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31