Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Zakir Qaralov: Bu gün Azərbaycan Prokurorluğunun kollektivi peşə bayramını yüksək əhval-ruhiyyə ilə qeyd edir

Zakir Qaralov: Bu gün Azərbaycan Prokurorluğunun kollektivi peşə bayramını yüksək əhval-ruhiyyə ilə qeyd edir

02.10.2019 [09:35]

Bu gün Azərbaycan Prokurorluğunun kollektivi peşə bayramını və milli prokurorluq orqanlarının yaradılmasının 101-ci ildönümünü yüksək əhval-ruhiyyə ilə qeyd edir.
AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov jurnalistlərə müsahibəsində deyib.
Zakir Qaralov bildirib ki, prokurorluğun yaranması Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlıdır. Sonralar prokurorluq sovet sisteminin qorunmasına xidmət edən bir qurum kimi fəaliyyət göstərib. Yalnız ölkəmizin müstəqilliyinin bərpasından sonra prokurorluq milliləşdi və bu gün Azərbaycan dövlətinin, xalqının mənafeyinə xidmət edən bir qurumdur.
Prokurorluq orqanları hesabat dövründə digər hüquq-mühafizə orqanları, ilk növbədə, Daxili İşlər, Ədliyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və digər qurumlar ilə birlikdə ölkədə ictimai-siyasi sabitliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə ciddi nailiyyətlər qazanıblar. Dövlət maraqlarının müdafiəsi təmin edilib, kriminogen duruma tam nəzarət olunub. Bu dövrdə bir sıra aktual və böyük ictimai rezonans doğurmuş cinayət işlərinin açılması təmin edilib, bir çoxunun istintaqları yekunlaşdırılaraq məhkəmələrə göndərilib.
Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin Azərbaycan Prezidentinin siyasi iradəsinə uyğun olaraq daim nəzarətdə saxlanıldığını vurğulayan Baş prokuror qeyd edib: “Korrupsiya cinayətləri törətdiklərinə görə bu ilin doqquz ayı ərzində 397 vəzifəli şəxs haqqında 250 cinayət işi prokurorluq orqanları tərəfindən məhkəmə məsuliyyətinə verilib. Bu prosesdə dövlətə dəymiş 18 milyon manata yaxın ziyan ödənilib. Hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatında 127 cinayət işi istintaq olunur”.
Zakir Qaralov diqqətə çatdırıb ki, bu il Azərbaycanın məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ili kimi yadda qalacaq. Belə ki, 2019-cu il aprelin 3-də Prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” mühüm Fərman imzalayıb. Fərmana əsasən, məhkəmə-hüquq sistemində dərin islahatların həyata keçirilməsi nəzərdə tutulur. Onun birinci mərhələsi həyata keçirilib, yeni kommersiya və inzibati məhkəmələr yaranıb.
“Hazırda növbəti mərhələdə qarşıya cəza siyasətinin humanistləşdirilməsi və bəzi cinayətlərin dekriminallaşması ilə əlaqədar vəzifə qoyulub. Bununla əlaqədar Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun əməkdaşlarından ibarət tərkibdə yaradılmış birgə işçi qrup fəaliyyət göstərir. Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrinə 400-ə yaxın dəyişikliyin edilməsi haqqında qanun layihələri hazırlanıb. Bu qanun layihələri qəbul ediləndən sonra artıq cəza siyasətində ciddi humanistləşdirmə baş verəcək. Bundan sonra bir çox cinayətlər artıq cinayət hesab olunmayacaq və onlarla əlaqədar inzibati qaydada məsuliyyət nəzərdə tutulacaq”, - deyə Baş prokuror vurğulayıb.
Gəncə hadisələrində təqsirli bilinən şəxslərlə bağlı məhkəmə prosesinə dair suala cavabında Baş prokuror deyib: “Gəncədə baş vermiş hadisəyə hüquq-mühafizə orqanları və cəmiyyətimiz qiymət verib. Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə qarşı törədilən terror aktını dəstəkləyənlər, şəhərdə kütləvi iğtişaşlar törətmək istəyənlər dini-radikal qüvvələrdir. Prokurorluq orqanları bununla bağlı hərtərəfli istintaq aparıb, kifayət qədər sübut əldə edib. Hazırda təqsirləndirilən şəxslərin məhkəmə prosesi yekunlaşdığına görə qeyd edə bilərəm ki, onların cinayətləri tam sübuta yetirilib. Məhkəmə təqsirləndirilənlərin şəxsiyyətini, bundan əvvəlki fəaliyyətini, ailə vəziyyətini nəzərə alaraq qərar qəbul edir. Qəbul edilmiş humanist qərarlar onların günahsız olması demək deyil”.
Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovla bağlı hüquq-mühafizə orqanlarına müraciətin edilib-edilməməsi barədə sualı cavablandıran Baş prokuror deyib: “İlk növbədə Mərkəzi Seçki Komissiyasının (MSK) qərarını gözləməliyik. MSK Rafael Cəbrayılovun deputat mandatına xitam verdikdən sonra bu məsələ müzakirə ediləcək. Bildiyiniz kimi, onun aldığı borcla bağlı vətəndaşların məhkəmələrə müraciətləri olub. Bu iddia ərizələrinə mülki qaydada baxılır. Əgər məhkəmə baxışında onun tərəfindən dələduzluq və ya digər cinayət faktı müəyyənləşərsə, məhkəmələr xüsusi qərardad qəbul edərək prokurorluğa göndərəcək. Bundan sonra prokurorluq həmin araşdırmaları aparacaq”.
Qadın və uşaq hüquqlarını müdafiə edən bəzi qeyri-hökumət təşkilatlarının AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlının öz ailə üzvlərinə verdiyi işgəncələr, onlara ağır xəsarətlər yetirməsi ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb olunması üçün Baş Prokurorluğa müraciət etdiklərini vurğulayan Zakir Qaralov bildirib ki, hazırda həmin müraciət Baş Prokurorluqda baxılmaq ərəfəsindədir. Biz, ilk növbədə, zərərçəkənlərin - həm F.Qəhrəmanlının həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənməliyik. Bundan sonra qanun çərçivəsində qərar qəbul olunacaq.
“Xüsusi vurğulamaq istərdim ki, bu gün özünü müxalifət adlandıran, daim özlərini vətəndaşların hüquqlarının müdafiəçisi kimi təqdim etməyə çalışan şəxslər ailələrində bu cür qanundan kənar, zorakılıq hərəkətləri etdiklərinə görə cəza almalıdırlar. Bizdə olan məlumata görə, həmin partiyanın rəhbərliyinin də bundan xəbəri olub. Təəssüf ki, onlar da vaxtında heç bir tədbir görməyib, məlumat verməyiblər”, - deyə Baş prokuror qeyd edib.

Paylaş:
Baxılıb: 425 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31