Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan gəncliyi dövlətin hərtərəfli qayğısı ilə tam əhatə olunub

Azərbaycan gəncliyi dövlətin hərtərəfli qayğısı ilə tam əhatə olunub

10.12.2019 [09:36]

Gənclər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir, ölkəmizin inkişafı prosesinə öz töhfələrini verirlər
Məlum olduğu kimi, Azərbaycanda dövlət tərəfindən uğurlu gənclər siyasəti həyata keçirilir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin nəticəsidir ki, ölkəmizdə bütün sahələr kimi gənclərlə iş sahəsi də uğurla inkişaf edir. Ümumiyyətlə, gələcəyini düşünən hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini də məhz rasional gənclər siyasəti təşkil edir. Və bu baxımdan Azərbaycan öncül yerdə dayanır desək, heç də yanılmarıq. Təbii ki, gənclərimiz də dövlətin onlar üçün yaratdığı müsbət şəraitdən yararlanmaqla yanaşı, öz üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışmalıdırlar. İlk növbədə isə gənclər dərin biliklərə yiyələnməli, vətənpərvər olmalı və adət-ənənələrimizə sadiq qalaraq onları qorumalıdırlar.
Yeri gəlmişkən, noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş mərasimdəki nitqində bu məqama toxunan Prezident İlham Əliyev gənclərə tariximizi dərindən öyrənməyi, yüksək biliklər qazanmağı, vətənpərvər olmağı, adət-ənənələrimizə sadiq qalmağı tövsiyə edib.
Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclik formalaşıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclik formalaşıb. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.
Məlum olduğu kimi, Azərbaycanda gəncliyin inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir. Eləcə də gənclər daim irəli çəkilir, mühüm dövlət postlarına təyin olunurlar. Yəni, dövlət idarəçiliyində, eləcə də seçkili orqanlarda gənclərin təmsilçiliyi artır. Həmçinin müxtəlif sahələrdə uğurlar qazanan, Azərbaycanın adını yüksəldən gənclərimiz dövlət rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilirlər.
Gəncliyin qarşısında dayanan əsas vəzifə bundan ibarətdir ki, bilikli, yüksək təhsilli, vətənpərvər olmalı, dövlətimizin inkişafına və daha da güclənməsinə, müstəqilliyimizin qorunmasına böyük töhfələr verməlidirlər. Bu baxımdan, Azərbaycan gəncliyi dövlətin göstərdiyi etimadı layiqincə doğrultmalıdır. Gənclərimiz bu yolda inamla irəliləyir və gələcəkdə daha yüksək nəticələr əldə olunacaq.
Öz növbəsində qəzetimizə açıqlama verən Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Sevinc Hüseynova deyib ki, Azərbaycanda gənclər cəmiyyət həyatında aktiv iştirak edirlər. Millət vəkili bildirib ki, Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş mərasimdəki nitqində Azərbaycan Prezidenti İlham Əliyev gənclərə çox dəyərli tövsiyələr verdi. Azərbaycan gəncliyi bu tövsiyələri fəaliyyətlərində daim öndə tutmalıdır.
Ölkəmizin inkişafı prosesində gənclər aparıcı rol oynamalıdır
S.Hüseynovanın sözlərinə görə, dövlətimizin başçısının sözügedən nitqində ana xətt ondan ibarətdir ki, Azərbaycan bundan sonrakı inkişafında da yalnız özünə güvənməlidir və bu prosesdə gənclərimiz aparıcı rol oynamalıdır. Bir sözlə, gənclərimiz tariximizə sahib çıxmalı, milli adət-ənənələrimizə sadiq olmalıdırlar: “Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxundu, onların cəmiyyətin fəal üzvləri olduğunu dedi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan gəncləri tariximizi dərindən bilməli, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. “Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin” - deyən dövlətimizin başçısı gənclərin qarşısında duran vəzifələrdən geniş bəhs etdi”.
S.Hüseynovanın sözlərinə görə, sözügedən nitqində Prezident İlham Əliyev Azərbaycanın son illərdə qazandığı uğurlardan və sosial-iqtisadi inkişafdan danışdı, ölkəmizin beynəlxalq nüfuzunun artdığını vurğuladı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hüquqi, siyasi və digər cəhətlərdən mövqelərimizin möhkəmləndiyini qeyd etdi: “Xüsusilə, dünyada baş verən proseslərə, ikili standartlara toxunan Prezident İlham Əliyev qeyd etdi ki, müəyyən xarici dairələr Azərbaycanın inkişafını istəmir. Ona görə də biz həmrəylik nümayiş etdirməli, yalnız öz birliyimizə, öz gücümüzə güvənməliyik. Azərbaycan vətəndaşları, o cümlədən gənclər bundan sonra da Prezidentimizin ətrafında sıx birləşməli, milli mənəvi dəyərlərimizi qorumalı, gələcək inkişafımız naminə bütün imkanlarını səfərbər etməlidir”.
“Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş mərasimdə tarixi çıxış etdi. Xüsusilə dövlətimizin başçısının gənclərə verdiyi tövsiyələr biz gənclərın qarşısında mühüm vəzifələr qoyur”. Bu fikirləri isə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov deyib. S.Orucov bildirib ki, bu gün dövlətimizin gənclər siyasəti konkret nəticələr verməkdədir. Onun sözlərinə görə, görülən işlərin ifadəsi olaraq ölkəmizdə Gənclər Fondunun yaradılması, gənclərin və gənclər təşkilatlarının bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi uğur və tərəqqinin bariz göstəriciləridir. Eyni zamanda, bu gün gənclər dövlət idarəçiliyində irəli çəkilir, seçkili orqanlarda geniş təmsil olunurlar. “Bir sözlə, bu gün Azərbaycan gəncliyi dövlətin qayğısı ilə tam əhatə olunub. Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunan çoxminli gənclər ordusu da Prezidentimizin ətrafında sıx birləşməklə yanaşı dövlətimizin uğurlu siyasətini insanlar arasında fəal şəkildə təbliğ edir” - deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.
Gənclər tariximizi dərindən öyrənməlidir
S.Orucov söyləyib ki, bu gün Azərbaycan gəncliyi xoşbəxtdir ki, Azərbaycanın lideri gənclərimizə daha güclü, daha zəngin bir Azərbaycan bəxş edib: “Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan öz tarixində bu qədər güclü olmayıb. Bəli, bu gücün mənbəyi Heydər Əliyev yoludur, bu gücün mənbəyi xalqla iqtidarın birliyidir, bu gücün mənbəyi Azərbaycan xalqının Prezident İlham Əliyevə inamıdır. Azərbaycan gəncləri dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşib”.
S.Orucov onu da əlavə edib ki, bu gün antimilli qüvvələrdən ibarət olan radikal müxalifət apardığı qarayaxma kampaniyası ilə gəncləri aldatmağa, öz tərəflərinə çəkməyə çalışırlar: “Hansı ki, radikal müxalifət 1992-93-cü illərdə hakimiyyətdə olarkən Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üz qoymuşdu. Belələrinin yenidən hakimiyyətə gəlmək istəyi, gəncləri aldatmağa çalışması yolverilməzdir. Cənab Prezident çıxışında bu məsələlərə geniş şəkildə toxundu və qeyd etdi ki, gənclərimiz bu tariximizi bilməlidir. Dövlətimizin başçısı gənclərə çox dəyərli tövsiyələr verərək vurğuladı ki, “Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa, ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa, nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin”. Biz gənclər olaraq dövlətimizin başçısının tövsiyələrinə hər zaman əməl etməyi özümüzün başlıca vəzifəmiz hesab edirik. Bütövlükdə isə, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir və ölkəmizin inkişafı prosesinə öz töhfələrini verməyə çalışırlar”.
Nardar BAYRAMLI
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31