Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb

Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb

14.12.2019 [09:48]

Bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir, dövlətə xeyir gətirir
Məlum olduğu kimi, bu gün Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir. Təbii ki, ölkəmizin sürətli inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Yəni uğurlu daxili siyasətin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir, başqa sözlə, dünyada nümunə kimi çıxış edir.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında bildirib ki, bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır: “Gənclər biliklərlə yanaşı, Vətənə bağlı olmalıdırlar, Vətəni və dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar”.
Dövlətimizin başçısı həmçinin son illərdə ölkəmizdə könüllülər hərəkatının genişləndiyini də vurğulayaraq bundan məmnunluğunu ifadə edib: “Artıq minlərlə ASAN könüllü müxtəlif önəmli vəzifələrdə çalışır. “ASAN xidmət”lərdə təlim keçmiş, yaxud da ki, işləmiş gənclərimiz artıq həyata da vəsiqə alırlar, bilikli kadrlar kimi onlara inam artır və onları işə götürənlər əmin olurlar ki, dürüstlük, keyfiyyət, biliklər və mədəni xidmət olacaq. Onu da bildirməliyəm ki, könüllülər hərəkatı bizdə “ASAN xidmət”dən başlayıb. O vaxta qədər könüllülər hərəkatı yox idi. Bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində çalışır, işləyir, dövlətə xeyir gətirir. Bizim gənclərimiz məhz belə olmalıdır”.
Prezident İlham Əliyev həmçinin deyib ki, xalqımıza xas olan xüsusiyyətlər könüllülər hərəkatı ilə üst-üstə düşür: “Artıq minlərlə, bəlkə də on minlərlə könüllümüz var. Mən onu da bildirməliyəm, nisbətən bu yaxınlarda göstəriş vermişdim ki, dövlət orqanlarında da könüllülər fəaliyyətə başlasın, oraya cəlb olunsunlar. Artıq nazirliklərdə, dövlət şirkətlərində könüllülər qrupları vardır. Özəl şirkətlər könüllüləri işə cəlb etməlidirlər. Çünki bu, həm onlara xeyir gətirəcək, həm ümumi işimizə töhfə verəcəkdir. Ona görə könüllülər qarşısında hesab edirəm ki, bütün imkanlar açıqdır”.
Məsələ ilə bağlı Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov bildirib ki, Azərbaycanda gəncliyin inkişafı ilə bağlı dövlət tərəfindən müvafiq addımlar atılır. Onun sözlərinə görə, son illər gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi, gənclərin bilik və bacarıqlarının üzə çıxarılması yönündə layihələrin həyata keçirilməsi vacib amillərdən biridir: “Əlbəttə ki, ölkəmizdə gəncliyin inkişafı istiqamətində atılan addımlarla bağlı kifayət qədər faktlar sadalamaq mümkündür. Gənclər Fondunun yaradılması, gənclərin bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi uğurlu gənclər siyasətinin səmərəliliyini daha da artıran əhəmiyyətli faktorlardır. Eyni zamanda, dövlət başçısı tərəfindən ötən illər ərzində gənclərin hərtərəfli inkişafı ilə əlaqədar dövlət proqramları imzalanıb ki, həmin sənədlərdə gənclərin sosial məsələlərinin həllindən başlamış onların cəmiyyət həyatında fəallığının təmin edilməsi yönündə bütün məsələlər əksini tapıb”.
Ş.İsmayılov onu da qeyd edib ki, gənclər könüllülər hərəkatının önündə gedir: “Dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində çalışır, işləyir, dövlətə xeyir gətirir. Bütövlükdə, ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülər də mühüm rol oynayırlar. Xüsusilə son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında vacib töhfələr verir”.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə bildirib ki, Prezident İlham Əliyev gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə ardıcıl olaraq tədbirlər həyata keçirir. Onun sözlərinə görə, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, eləcə də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında vacib məsələlər əksini tapıb: “Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədlərin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu məqsədə xidmət edir. Buna paralel olaraq gənclərin intellektual potensialının artırılması, onların bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində vacib tədbirlər həyata keçirilir. Həmçinin gənclərin keyfiyyətli təhsil alması da diqqət mərkəzindədir. Çünki qloballaşma şəraitində ölkələrin inkişafını təmin edən mühüm faktorlardan biri biliyə əsaslanan iqtisadiyyatın inkişafı, eləcə də cəmiyyətin intellektual səviyyəsinin mütəmadi olaraq artırılmasıdır. Bu məsələdə, şübhəsiz ki, proqressiv və dinamik qüvvə olan gənclərin üzərinə böyük öhdəlik və məsuliyyət düşür. Azərbaycanda gənclərin intellektual inkişafı üçün bütün şərait yaradılıb və dövlət tərəfindən bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir.
Artıq görülən işlər öz bəhrəsini verir. Son zamanlar aparılan kadr islahatlarında gənclərə daha çox üstünlük verilməsi Prezident İlham Əliyevin gənclərə olan yüksək etimadının əyani nümunəsidir. Hesab edirəm ki, Azərbaycan gəncliyi bundan sonra da dövlət rəhbərliyinin etimadını layiqincə doğrultmalıdır”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 418 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31