Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü həyata keçirilir

Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü həyata keçirilir

27.12.2019 [10:22]

Respublikamızda 2019-cu ildə iki mərhələdə reallaşdırılan sosial paket çərçivəsində əməkhaqları, pensiyalar, müavinətlər əhəmiyyətli dərəcədə artırılıb, həmçinin məcburi köçkünlər, şəhid ailələri, müharibə veteranları, əlillər üçün böyük sosial evlər paketi təqdim edilib
Azərbaycan sosial dövlətdir. Respublikamızda getdikcə artan iqtisadi-maliyyə imkanlarına adekvat olan davamlı və dərinməzmunlu sosial siyasət həyata keçirilir. Hətta dünya üçün çətin keçən böhranlı illərdə belə respublikamız özünün əhatə dairəsi kifayət qədər geniş olan sosial siyasətinə sadiq qalıb və bu sahəyə ayrılan vəsaitlərin ixtisarına yol verməyib. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu günlərdə yerli jurnalistlərə ilin yekunları ilə bağlı verdiyi geniş müsahibəsində respublikamızda sosial sferanın prioritetliyinə bir daha diqqət çəkərək vurğulayıb: “Bizim bütün işimizin məqsədində Azərbaycan vətəndaşının maraqları dayanır və ildən-ilə Azərbaycan vətəndaşı daha yaxşı yaşamalıdır. Bunun üçün həm sosial infrastrukturla bağlı olan layihələr icra edilməlidir, eyni zamanda, vətəndaşların sosial təminatı yaxşılaşdırılmalıdır”.
Azərbaycanda 2019-cu ildə sosial sahədə çox ciddi addımlar atılıb
Qeyd etdiyimiz kimi, Azərbaycanın dərinməzmunlu sosial siyasəti davamlı səciyyə daşıyır. O cümlədən respublikamızda 2019-cu ilin əvvəlindən bilavasitə insanların rifah halının daha da yaxşılaşmasına, gəlir imkanlarının artmasına hesablanan islahatların əhatə dairəsi daha da genişlənib və bu sahədə çox ciddi addımlar atılıb. Belə ki, hələ ötən il keçirilən prezident seçkiləri ərəfəsində anonsu verilən və cari ildə iki mərhələdə reallaşdırılan sosial islahatlar bütövlükdə 4,2 milyon insanı əhatə edir. Uğurla reallaşdırılan sosial islahatların maliyyə yükü də kifayət qədər böyükdür. Hər iki sosial paketin dəyəri cari il üçün 2,3 milyard manat, növbəti il üçün isə 3 milyard manatdır. Bütövlükdə, cari ildə və perspektivdə reallaşdırılacaq sosial islahatların həyata keçirilməsinə 5,2 milyard manat vəsaitin sərf olunması nəzərdə tutulur.
Ölkəmizdə reallaşdırılan belə dərinməzmunlu sosial siyasət bir tərəfdən Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, yüksək praktiki nəticələr verdiyini təsdiqləyirsə, digər tərəfdən də dövlətimizin gücünü nümayiş etdirir. Azərbaycan bütün istiqamətlərdə olduğu kimi, sosial sferada həyata keçirdiyi siyasətdə də ölkəmizin reallıqlarına, konseptual əsaslandırmalara və praqmatik yanaşmalara istinad edir. Cari ilin əvvəlindən iki mərhələdə elan olunan sosial paketlər də məhz respublikamızın getdikcə artan iqtisadi potensialı və maliyyə imkanları nəzərə alınmaqla hazırlanıb. Məlum olduğu kimi, son 16 ildə milli iqtisadiyyatımız 3 dəfədən çox olmaqla genişlənib ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur.
O da xarakterik haldır ki, respublikamızda iqtisadi potensialın artırılmasına hədəflənən islahatlar davamlı səciyyə daşıyır. Bu proses ölkəmizdə 2019-cu ilin əvvəlindən daha aktiv fazaya daxil olub. Respublikamızda son dövrlərin ən yaxşı iqtisadi inkişaf göstəriciləri məhz cari ilin arxada qalan aylarında əldə olunub. Belə ki, cari ildə ölkəmizdə aqrar sektor 7 faiz, qeyri-neft sənayesi 14 faiz artıb. Eyni zamanda, vergi və gömrük orqanlarında islahatların dərinləşdirilməsinin, şəffaflığın təmin edilməsinin məntiqi nəticəsi olaraq büdcəyə 1 milyard manatdan çox əlavə vəsait cəlb olunub.
Bütün bunlar da ölkəmizdə sosial islahatların əhatə dairəsinin genişləndirilməsinə real əsaslar yaradır. Qazanılan əlavə vəsaitlər Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq bütünlüklə sosial sferaya yönəldilir.
İrəli sürülən sosial təşəbbüslər ilk növbədə əhalinin həssas qruplarını əhatə edir
Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü həyata keçirilir. İrəli sürülən sosial təşəbbüslər ilk növbədə əhalinin həssas qruplarını əhatə edir. Dövlət başçısının imzaladığı sənədlər bunu bir daha təsdiqləyir. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev ötən il keçirilən prezident seçkilərindən sonra - 2018-ci il 19 aprel tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Bəhs olunan sənədə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Ölkəmizdə bəhs olunan Fərmanın icrasına ötən il noyabrın 14-dən başlanılıb. Dövlət başçısının 28 yanvar 2019-cu il tarixində imzaladığı digər Fərmanla isə birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib. Belə ki, sənədə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2019-cu il fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla nəzərdə tutulan güzəştlərdən sənəddə göstərilən dövrlərdə xarici valyutada kredit götürmüş fiziki şəxslər faydalanıblar.
Cari ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən bir sıra kateqoriyalardan olan vətəndaşlara verilən sosial müavinətlər və Prezident təqaüdləri aprelin 1-dən orta hesabla 100 faiz artırılıb, həmçinin yeni təqaüd növləri təsis olunub. Beləliklə, aprelin əvvəlindən qüvvəyə minən qərara əsasən sosial müavinətlər iki dəfə artırılıb və 600 minə yaxın insan bu proqramla əhatə olunub. Qeyd olunan məqsədlər üçün əlavə olaraq illik 400 milyon manat ayrılmaqla, sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsait 2 dəfə artırılıb. Müavinət və təqaüdlərin artırılması sahəsində görülən işlər ümumilikdə 1,3 milyon insanı əhatə edib. Bunlardan 300 mindən artığı əlilliyi olan şəxslər, 500 minə qədəri məcburi köçkün, 100 mindən çoxu isə tələbə və gənclərdir.
Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərmanı mənzil idarəçiliyi baxımından problemlərin həllinə gətirib çıxaracaq, vətəndaşların mənzil və yaşayış şəraitinin yaxşılaşmasına, o cümlədən sosial rifahının daha da yüksəlməsinə müsbət təsir göstərəcək.
Ölkəmizdə sentyabrın 1-dən ciddi önəm daşıyan daha bir sosial təşəbbüsün icrasına başlanılıb. Söhbət minimum əməkhaqqının cari ildə növbəti dəfə artırılmasından gedir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib.
Respublikamızda pensiyaların artırılması kimi gözəl ənənə 2019-cu ilin əvvəlindən reallaşdırılan sosial islahatlar çərçivəsində də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılıb. Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması 660 min nəfər pensiyaçını əhatə edib.
Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, dövlət vəsaiti hesabına mənzillər tikərək onları aztəminatlı təbəqələrdən olan ailələrə təqdim edir. Bu baxımdan 2019-cu il də istisna təşkil etməyib. Bu məqama toxunan Prezident İlham Əliyev deyib: “Biz məcburi köçkünlər üçün, şəhid ailələri, müharibə veteranları, əlillər üçün böyük sosial evlər paketi təqdim etmişik. Təkcə məcburi köçkünlər üçün bu il 5 mindən çox ev və mənzil inşa edildi. Təsəvvür edin, orta hesabla indi ailədə 4-5 nəfər olur, yəni, biz bir şəhər boyda layihə icra etdik. Təqribən 25-30 min nəfər bundan bəhrələnir, 800-ə yaxın şəhid ailəsi, müharibə əlili evlərlə təmin edilir. Heç bir ölkədə bu, yoxdur. İndi müharibədən çıxmış bir çox ölkələr var. Hansı ölkədə müharibədə həlak olmuş şəhidlərin ailələrinə dövlət tərəfindən evlər verilir, mənzillər verilir? Özü də bir yox, iki yox, artıq 7 mindən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər verildi. Minlərlə, təqribən 6 mindən çox müharibə əlilinə maşınlar verildi. Yəni, bu, bizim siyasətimizdir, biz heç kimdən bunu götürüb tətbiq etmirik. Biz bu təşəbbüsləri özümüz göstəririk. Çünki mən hesab edirəm ki, bu, ədalətlidir və ədalət hər yerdə olmalıdır, o cümlədən sosial ədalət. Ona görə hesab edirəm ki, sosial sahədə bu il yaddaqalan olub və gələn il imkan daxilində bu müsbət meyillər davam etdiriləcəkdir”.
Azərbaycan dövləti bu günlərdə ölkədə əhalinin rifah halının yaxşılaşmasına hesablanan daha bir addım atıb. Belə ki, Prezident İlham Əliyev 23 dekabr 2019-cu il tarixində “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” müvafiq Sərəncam imzalayıb. Sənədə əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (bir yüz) manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulub.
Bu, bir daha əhalinin bütün təbəqələrinin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu göstərir.
Mübariz

Paylaş:
Baxılıb: 458 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31