Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət başçısının tövsiyə və tapşırıqlarının icrası istiqamətində zəruri tədbirlər həyata keçirilir

Dövlət başçısının tövsiyə və tapşırıqlarının icrası istiqamətində zəruri tədbirlər həyata keçirilir

15.02.2020 [10:44]

Baş Prokurorluqda 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib
Fevralın 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətlərinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov müstəqil inkişaf tarixinin müasir məzmunlu yüksəliş mərhələsini yaşayan ölkəmizin həyatında 2019-cu ilin müstəsna əhəmiyyəti olduğunu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, yüksək idarəetmə məharətinə və çevik idarəçilik üslubuna malik Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən hərtərəfli islahatların, möhtəşəm sosial-iqtisadi layihələrin, qarşıya qoyulmuş strateji məqsədlərə çatmaq yolunda atılan inamlı addımların yüksək inkişaf göstəricilərinə nail olunmasını, ölkəmizdə sabit və dayanıqlı hüquqi-siyasi sistemin və güclü iqtisadi potensialın yaradılmasını, bütövlükdə Azərbaycanı və ayrılıqda hər bir bölgəni əhatə edən dinamik inkişafı, əhalinin həyat şəraitinin layiqli səviyyəyə qaldırılmasını, dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiyanı təmin etdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, ölkəmizdə sosialyönümlü dövlət siyasətinin həyata keçirilməsində, əhalinin rifahının yüksəlməsində, sosial həssas əhali qruplarının problemlərinin aradan qaldırılmasında, dinlərarası və mədəniyyətlərarası münasibətlərin qurulmasında, idmanın və multikultural dəyərlərin, mərhəmətliliyin və humanistliyin təbliğində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri xüsusi əhəmiyyətə malikdir.
Kollegiya iclasında bildirilib ki, 2019-cu il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub, digər hüquq-mühafizə orqanları, ilk növbədə, daxili işlər, dövlət təhlükəsizlik, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub. Prokurorluq orqanlarının səyləri dövlətimizin başçısı İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldilib. Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə həyata keçirilən peşəkar istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq, ictimai əks-səda doğurmaqla cəmiyyətin maraq dairəsində olan, keçmiş illərdə törədilməklə uzun müddət bağlı qalan bir sıra xüsusilə ağır və ağır cinayətlərin açılması və cəzanın labüdlüyünün təmin olunduğu konkret misallarla diqqətə çatdırılıb.
Hesabat dövründə kriminogen durumun nəzarətdə saxlanıldığını qeyd edən Baş prokuror Zakir Qaralov əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının sabit qalaraq 265 fakt təşkil etdiyini və ölkəmizin ötən il də MDB və Avropa məkanında ən təhlükəsiz və sabit dövlətlərdən biri kimi öncül mövqeyini saxladığını xüsusi vurğulayıb.
Bildirilib ki, Baş Prokurorluqda Fərmanın icrası istiqamətində görülən işlərin davamı kimi dövlət ittihamının daha effektiv həyata keçirilməsi, dövlət ittihamının müdafiəsi sahəsində vahid təcrübənin formalaşdırılması, məhkəmələrlə dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorlar arasında qarşılıqlı əlaqələrin səmərəli təşkil edilməsi məqsədilə dövlət ittihamının müdafiəsi üzrə idarənin strukturunun yenidən formalaşdırılması istiqamətində zəruri işlər intensivliklə davam etdirilir.
Kollegiya iclasında qeyd edilib ki, 2019-cu ildə prokurorluq orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilib, kadrların şəffaf və obyektiv meyarlar əsasında seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, kadr korpusunun müsabiqə yolu ilə dərin biliyə malik yüksək ixtisaslı gənc hüquqşünaslar hesabına mütəmadi komplektləşdirilməsi üçün zəruri tədbirlər görülüb. Hesabat dövründə dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq gənc kadrların qulluğa qəbulu istiqamətində tədbirlərin davam etdirilməsi, sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla 2002-ci ildən başlayaraq qulluğa qəbul edilmiş 902 gənc hüquqşünasın hazırda prokurorluğun kadr korpusunun 70 faizini təşkil etməsi prokurorluq orqanlarında həyata keçirilən kadr islahatlarının uğurlu nəticələri kimi dəyərləndirilib.
Könüllülər hərəkatının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində aparılan islahatların prokurorluqda davamlılığının təmin olunması məqsədilə “Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” Təlimata uyğun olaraq, gənclərin institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili məqsədilə hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan 162 tələbənin prokurorluğun müvafiq struktur qurumlarına ictimai köməkçi qismində qəbul olunması xüsusi vurğulanıb. 2020-ci ilin Respublikamızda “Könüllülər ili” elan olunması münasibətilə prokurorluq orqanlarında ictimai köməkçi qismində fəaliyyət göstərən könüllü gənclərlə Baş Prokurorluqda görüş keçirilib, onlara təcrübə toplamaları, milli və vətənpərvərlik ruhunda tərbiyə almaları, xalqa və dövlətə sədaqətlə xidmət göstərmələri, eləcə də ictimai nəzarətin həyata keçirilməsində yaxından iştirak etmələri barədə zəruri tövsiyələr verilib.
Hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yüksək göstəricilərə nail olunmaqla rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və sair faktlar üzrə 497 vəzifəli şəxs barəsində 310 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, həmin işlər üzrə 83,1 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21,8 milyon manatın ödətdirilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 40,3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 74.7 faizinin ödətdirilməsi təmin edilib.
Hesabat dövründə ölkəmizdə həyata keçirilən anti-korrupsiya islahatlarının nəticələrinin “Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) tərtib etdiyi illik hesabatlarda əksini tapmaqla təşkilatın 2019-cu ilin nəticələri üzrə dərc etdiyi Korrupsiya Qavrama İndeksində Azərbaycanın 2018-ci illə müqayisədə 26 pillə irəliləməsi xüsusi vurğulanıb.
Xüsusilə qeyd edilib ki, müasir dünya təcrübəsinin ölkəmizdə geniş tətbiqi nəticəsində idarəçilik sistemində, o cümlədən vergi və gömrük sahələrində aparılan islahatların dövlət büdcəsinə daxilolmaları böyük həcmdə artırması, həmçinin dövlət və özəl xidmətlərin vahid məkanda operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət prinsiplərinə uyğun göstərilməsi yönündə formalaşdırılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 17 mərkəzə çatdırılması, yarandığı gündən keçən qısa müddətdə 35 milyondan çox müraciətin daxil olması, habelə əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən nadir layihə kimi “DOST” mərkəzlərinin fəaliyyətə başlaması ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətlərin bariz nümunəsidir.
Kollegiya iclasında görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.
Kollegiya iclasında sahibkarlıq subyektlərinin fəaliyyətinə əsassız müdaxilələrə yol verilməməsi diqqətə çatdırılmaqla, sahibkarlar arasında yaranmış mülki xarakterli mübahisələrə dair prokurorluq orqanlarına daxil olmuş şikayətlər üzrə mülki qaydada məhkəmə orqanlarına müraciət etmələri barədə izahların verilməsi prokurorluq əməkdaşlarından ciddi tələb edilib.
Kollegiya iclasında Baş prokurorun müavini - Respublika hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru İlqar Abbasov, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov və Cəbrayıl rayon prokuroru Ramiz Əliyev çıxışlarında 2019-cu ildə cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabeli struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verib, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, işin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürüblər.
Kollegiya iclasına yekun vuran Baş prokuror Zakir Qaralov əmin olduğunu bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, xalqımızın mütləq əksəriyyətinin etdiyi seçimi dəstəkləməklə bundan sonra da mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmət göstərməklə dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi yolunda öz səylərini əsirgəməyəcək.

Paylaş:
Baxılıb: 408 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31